Mədət Quliyevi susduran suallar
Penitensiar
Xidmət “burda mənəm, Bağdadda kor xəlifə”
prinsipi ilə idarə edilir
Hazırda Azərbaycan
keçmiş MDB ölkələri içində adam başına həbsxanada olan insanların sayına görə
lider ölkələrdən biridir. Bu göstərici ölkədə mövcud olan avtoritar rejimin
dinc, günahsız insanlara tətbiq etdiyi cəazaların statistik nəticəsindən doğur.
Həbsxanaya atılan insanlar bayırda işlətdiyi “cinayətlər”- lə bərabər həbs həyatı
yaşadığı həbsxananın yazılmamış qanunları ilə də cəzalanır. Bu gün Azərbaycandakı
həbs yerləri ölüm düşərgələrini- konslagerləri xatırladır. Məhkum edilən
insanların əksəriyyəti həbsxanalardan cəza çəkib, islah olunub cəmiyyətə normal
insan kimi deyil, əksinə əzilib, bezikdirilmiş, dustaq dili ilə desək
“sındırılmış” şəkildə çıxırlar. Hazırkı Penitesniar Xidmətin mahiyyəti, iş
rejimi, dustaqlara münasibəti Sovet dövründə olduğu kimi qalır. Bir çoxları Mədət
Quliyevin quruma rəhbər təyin olunması ilə vəziyyətin düzələcəyini ümid etsələr
də əksinə durum daha da pisləşməyə doğru getdi. Digər tərəfdən ölkədəki
avtoritar rejimin mahiyyətindən doğan qisasçılıq, repressiyalar, insanlarda
qorxu xofu yaratmaq barmaqlılar arxasında daha amansız şəkildə həyata
keçirilir.
Penitensiar Xidmət- cəmiyyətə qapalı rejim…
Aparılan
araşdırmalar göstərir ki, Mədət Quliyev Penitensiar Xidməti cəmiyyət üçün
qapalı səhmdar cəmiyyətinə çevirib. İstintaq Təcridxanalarına və Cəza Çəkmə Müəsisələrinə
ictimai nəzarət yox səviyyəsindədir. Ədliyyə nazirliyi yanında fəaliyyət göstərən
İctimai Komitə bilavasitə nazir Fikrət Məmmədovun iradəsi ilə formalaşır ki, bu
qurumun həbsxanalara nəzarəti, məhbus hüquqlarını qoruması formal xarakter
daşıyır və daha çox inzibatı müdaxilələri, məhbuslara qarşı həyata keçirilən
repressiyaları pərdələmək və bu prosesə immitasiya görüntüsü yaratmağa xidmət
edir. Mədət Quliyev müstəqil QHT- ləri, vətəndaş cəmiyyəti fəallarını həbxanalarda
ictimai monitorinqlər aparmaq, düstaqlarla görüşməyə imkan vermir. O eyni
zamanda həbs yerlərində olan vəziyyət, dustaqların durumu və bu istiqamətdə
dövlət büdcəsindən ayrılan vəsaitlərlə bağlı vətəndaş cəmiyyəti institutlarının
sorğularını da cavablandırmaqdan imtina edir. Mədət Quliyev bu hərəkətləri ilə
nəinki Avropa Penitensiar Qaydaları haqqında beynəlxalq Konvensiyanın tələblərini
pozur, həmçinin “İnformasiya əldə etmək haqqında” və “Məlumat azadlığı
haqqında” Qanunları, həmçinin Azərbaycan respublikasının Konstitusiyasını ayaqlar
altına atır. O özünü “burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə aparır. Məsələn, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı
tərəfindən Penitensiar Xidmətin rəisi Mədət Quliyevə ünvanlanan informasiya
sorğusunda “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun şəkildə
aşağıdakı suallları cavablandırılması istənilib;
– Azərbaycan Respublikası ərazisində olan İstintaq Təcridxanaları
və CÇM- lərin sayı;
–
İstintaq Təcridxanaları və Cəza Çəkmə Müəssisələrinin hazırkı texniki vəziyyəti
və dustaqların saxlanma şəraiti;
–
Regionlarda inşa olunan yeni həbsxanalar;
–
İstintaq Təcridxanası və CÇM- lərdə cəza çəkən dustaqların sayı;
–
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi
haqqında” Qanunun həbs yerlərində tətbiq olunması istiqamətində son zamanlar
atılan addımlar;
– Penitensiar Xidmətin əməkdaşları tərəfindən
bir çox hüquq müdafiəçilərinə və məhbusların yaxınlarına həbsdə saxlanılan şəxslərlə
görüşünə icazələrin verilməməsi səbəbi;
–
Məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması üçün son illər görülən tədbirlər;
– Məhbusların qida təminatının yaxşılaşdırılması, tibbi
xidmət, geyim, ərzaq və digər sosial problemlərin həlli ilə bağlı 2011- ci və
2012- ci illərdə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi və bir məhbusun
saxlanması üçün büdcədən ayrılan vəsaitin miqdarı;
–
2012- cü ildə həbs yerlərində dünyasını dəyişən məhbusların sayı;
–
2012- ci ildə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilən və müalicə
alan məhbusların sayı;
–
Məhbusları daha çox narahat edən xəstəliklərlər və s.
Təəssüflə
qeyd etmək lazımdır ki, Azərbaycandakı Penitensiar Xidmət sahəsində olan məlumatları
nöqtəsinə, vegülünə qədər beynəlxalq təşkilatlara təqdim edən Mədət Quliyev bu
məlumatları Azərbaycanın vətəndaş cəmiyyəti institutları ilə bölüşmək istəmir.
Hazırda adı çəkilən Alyans Mədət Quliyevi yuxarıdakı soğrunu cavablandırmadığı
üçün məhkəməyə verib. Bu da Penitensiar Xidmətin sözdə ağız dolusu dediyi şəffaflığın,
cəmiyyətə açıqlığın və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın bariz nümunəsi…
Mədət
Quliyev və idarəsi məhkəmə qarşısında
Penitensiar Xidmət informasiya
sorğusunu cavablandırmadığına görə, adı çəkilən qurum 1 saylı Bakı İnzibati
Iqtisad Məhkəməsində Mədət Quliyevə və onun rəhbəri olduğu idarəyə qarşı iddia
qaldırıb.. Lakin məhkəmə birtərəfli qaydada Penitensiar Xidmətin nümayəndəsinin
verdiyi izahat əsasında qanunvericiliyə zidd olaraq İnformasiya sorğusunun
cavablandırılmasına dair iddianın təmin olunmasını rədd etmişdir. Penitensiar
Xidmətin məhkəməyə təqdim etdiyi arayışda bildirilib ki, “İstintaq təcridxanalarının
və həbsxanaların xüsusi hissələrinin işi haqqında” Təlimatın təsdiq edilməsi
barədə Azərbaycan respublikası Ədliyyə nazirinin 06.05.2004- cü il tarixli 16-T
nömrəli Əmrinə əsasən məhkumların sayı, yerdəyişməsi və onlar barədə digər məlumatlar
məxfi hesab edilir. Bu səbəbdən iddiaçının sorğularına cavab verilməsi
qeyri-qanunudur. Belə məlumatlar yalnız xidməti xarakter daşıyır. Bundan başqa
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 2.4-1-ci maddəsinə əsasən İnformasiyanın əldə edilməsinə
o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi,
maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai
qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və
azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin
nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın”.
Göründüyü kimi, məhkəmənin
İnformasiya sorğusunun cavablandırılmasına dair iddianın rədd edilməsi haqqında
qərarı qüsurlu və qeyri-qanunidir.
Keçmiş dustaqların Mədət Quliyevlə
bitməyən davası
Keçmiş siyasi və
vicdan məhbusları tərəfindən yaradılan “Siyasi Məhbuslarsız Azərbaycan”
İctimai Alyansı məhkəmənin qərarı ilə barışmayaraq Mədət Quliyevə qarşı olan
iddianı davam etdirirlər. Qurumun məhkəmə qərarından verdiyi Apelliyasiya şikayətində
qeyd olunur ki, hər hansı bir məmurun və ya nazirin qərarı qanundan,
Konstitusiya tələbindən üstün ola bilməz.
Digər tərəfdən İnformasiya sorğusunun cavablandırılmasından imtina olunması
“İnformasiya əldə etmə haqqında” Qanunun 2.4-1-ci maddəsində göstərilən
hallarla ziddiyyət təşkil etmir. Əksinə sorğuda qoyulan suallar Penitensiar
Xidmət sahəsində şəffaflığın, aşkarlığın artırılmasına, qurumun idarə olunmasında ictimai nəzarətin
təmin olunmasına kömək edir. Eyni zamanda
sorğuda qoyulan bir çox suallar Cəza Çəkmə
Müəssisələrinə, orda saxlanan dustaqlara dövlət büdcəsindən ayrılan vəsaitlərlə
bağlıdır. Dövlət büdcəsi ictimai vəsait olduğundan həmin vəsaitlərin xərclənməsi
ilə bağlı suallar dövlət sirri və ya xidməti məlumat sayılmır.
Digər tərəfdən qeyd
etmək lazımdır ki, Penitensiar Xidmət ona ünvanlanan İnformasiya sorğusunda
qoyulan bir çox suallarla bağlı məlumatları vaxtaşırı olaraq bəzi beynəlxalq təşkilatlara-
Avropa
Şurasına, ATƏT- ə, Qırmızı Xaç Cəmiyyətinə və s. təqdim
edir. Həmin məlumatların bir qısmi Nazirlər Kabinetinin illik hesabatında dərc
olunur. Belə olan təqdirdə həmin məlumatların Penitensiar Xidmətin
“İnformasiya Əldə etmək haqqında” Qanunun tələblərinə uyğun olaraq ümumiləşdirilmiş
şəkildə cavablandırmaması sadəcə adı çəkilən qurumun səhlənkarlığından, vətəndaş
cəmiyyəti institutlarına sayğısız münasibətindən və qanunlara hörmətsizliyindən
irəli gəlir. Təəssüf ki, məhkəmə qanunların tələb
etdiyi qaydada İnformasiya sorğusunun cavablandırılması vəzifəsinin cavabdeh
Penitensiar Xidmətin üzərinə qoyulmasına dair qərar qəbul etmək əvəzinə
iddianın təmin olunmamasına dair absurd qərar çıxarıb.
Mədət Quliyevdən insanlığa və qanunlara növbəti
sayğısızlıq
Penitensiar Xidmət
və onun başında dayanan, 20% torpaqları işğal olunan bir ölkənin GENERALI adını
daşıyan Mədət Quliyevin fəaliyyəti təkcə qanunsuz əməllərlə, işgəncə,
korrupsiya faktları ilə deyil, eyni zamanda insanlığa sığmayan hərəkətləri ilə
də özünü göstərir. Bəzən Penitensiar Xidmət əməkdaşları həbs yerlərinə narkotik
və uyuşdurucu maddələr keçirir, dustaqlara öz ailələri ilə görüşünə icazə verilmir,
bunun üçün onlardan rüşvət alınır. Hətta bəzən yaxınları, ailə üzvü rəhmətə gedən
məhbusları onların dəfnində və yas məclisində iştirak etməyə imkan vermirlər.
Keçən il siyasi məhbus Nemət Pənahlının anası rəhmətə gedərkən insanlığa
sığmayan anoloji hərəkət ona qarşı edilmişdi. Bir neçə gün öncə isə 12 saylı Cəza Çəkmə Müəssisəsində saxlanılan
məhbus jurnalist Fuad Hüseynovun atası rəhmətə gedib. Bu barədə Penitensiar
Xidmətin rəhbərliyinə onun ailə üzvləri tərəfindən müraciət edilsə də onun
atasının yas məclisində iştirakına imkan verilməyib.
Göründüyü kimi
Penitensiar Xidmət hər hansı cəza və cəzasızlıq ucundan həbs olunmuş məhkumların
yenidən islah olunaraq azadlığa çıxmasına deyil, onların həbs yerlərində
haqsızlıq, qanunsuzluq, işgəncə və s. hallarla üzləşərək cəmiyyətə daha qəddar
və qisasçı ruhda dönməsinə təkan verir. Eyni zamanda Penitensiar Xidmət məhbusların
saxlandığı cəza çəkmə yerlərini faşist Almaniyasının 1941- 45- ci illərdə
yaratdığı gestapo rejiminə çevirib. Dustaqlara qul kimi, lazımsız və dəyərsiz əşya
kimi baxan bu qurum və onun rəhbərliyi ölkəyə sahiblik edən rejimin mahiyyətindən
irəli gələn qəddarlıq və acgözlüyü eynən dustaqlara da tətbir edir.
Amma unudulan bir
şey var ki, həyatda daimi heç nə yoxdur. Bu gün taxtda olanların sabah dar
ağacında olacağına və ya əskinə dair tarixdə yüzlərlə, minlərlə həm danılmaz
faktlar var, həm də ənənəvi dəmir məntiq var. Bu gün qul kimi baxdığınız
dustaqların sabah sizə də eyni münasibəti göstərməməsi üçün ayılın. Qəddarlığın,
zülmün, harınlığın və acgözlüyün sonu yoxdur. Elə faşist Almaniyası və onun
dustaqlar, əsirlər üçün yaratdığı gestapo rejimi kimi…
Penitensiar
Xidmətin fəaliyyəti, məhbusların saxlanma şəraiti, onların hüquqları və s.
Istiqamətdə araşdırmalarımızı davam etdircəyəik. Bizi izləyin.
“Yeni Cumhuriyyət” qəzetinin Araşdırma Qrupu
Short URL: http://www.cumhuriyyet.net/?p=5333