Soyuq müharibə dövrü Azərbaycanı oda salıb

25.03.2014 - 10:13

Soyuq müharibə dövrü Azərbaycanı oda salıb

Şok iddia: “Ermənistan “DQR”i tanımağa hazırlaşır”; Putin bu variantı rəsmi Bakıya təzyiq kimi planlaşdırıb və istənilən gün İrəvanda reallaşdırması mümkündür; Azərbaycan ermənilərin əli ilə “Ya Qərb, ya Rusiya” seçimi qarşısında şantaj edilir…
Krımın ilhaqından sonra dünya yenidən iki qütbə bölünərək soyuq müharibə dövrünə qədəm qoyub. Rusiya televiziyaları səhərdən-axşama anti-Qərb ideologiyası formalaşdırır. Sanki dünya solğun Brejnev dövrünə qayıdıb…
Aydındır ki, Ukraynanın bir parçasının qoparılması ilə heç nə bitməyəcək, əksinə, Qərb-Rusiya qarşıdurması getdikcə daha da dərinləşəcək. Bu qarşıdurmalarda isə tərəfsiz qalmaq daha da mümkünsüz olacaq. Çünki hər iki qütb özünə daha çox müttəfiq toplamağa çalışacaq ki, bu proses də artıq başlayıb. 
Dünyanın bütün sərt üzlərini görmüş təcrübəli Nursultan Nazarbayev Rusiyanın yanında yer aldı. Tülkü kimi Kremlin qan izi ilə gedən Ermənistan prezidenti Serj Sərkisyan da rəsmi Moskvanın Krımın ilhaqı ilə bağlı mövqeyini dəstəklədi. Belarus lideri Aleksandr Lukaşenko da “haça-paça” mövqe ortaya qoydu – Krımın ilhaqına haqq qazandırıb(?), Ukraynanın parçalanmasına qarşı çıxdı(?!) Sonra da bu ziddiyyətli mövqeyinə aydınlıq gətirərək o da tərəzinin ağırlığını Rusiyaya tərəf verdi. 
Orta Asiya liderlərinin başı hələ Novruz şənliklərinə qarışıb. Böyük ehtimalla Özbəkistan, Qırğızıstan və Tacikistan da Qərbin tərəfini tutmayacaq. Dnestryanın başı üzərində qara buludlar olduğu üçün Avropa Birliyi ilə assosiativ saziş imzalayan Moldovanın Rusiyanın yanında yer almayacağı dəqiqdir. Sıraladığımız MDB ölkələrindən qalır Azərbaycan… 
MDB ölkələrinin Ukrayna məsələsində Azərbaycan da daxil, mövqeyi əslində Krımın ilhaqı başlayandan məlum idi. MDB-yə sədrlik edən Ukrayna Krımda referendum elan edildikdən sonra quruma üzv ölkələrə təcili toplantı keçirmək üçün çağırış göndərmişdi. Özü də söhbət liderlər səviyyəsində deyil, ya xarici işlər, ya da onların müavinləri səviyyəsində toplantıdan gedirdi. Ukrayna istəyirdi ki, MDB səviyyəsində heç olmaza, onun ərazi bütövlüyünü dəstəkləyən bir bəyanat qəbul edilsin. Amma bu təklif yumşaq desək, iqnor edildi. Ukrayna XİN-in MDB-dən çıxmaqla bağlı prosedura başlaması ilə bağlı bəyanatında da bu məsələ  xüsusilə qabardılıb və heç bir dəstək ifadə edilməməsi təəssüflə qeyd edilib. O ölkələr sırasında Azərbaycan da var və bu artıq mövqe kimi də qəbul edilə bilər. 
Amma indi situasiya daha da qəlizdir və həm Rusiya, həm də Qərb öz dostlarından açıq mövqe istəyir. Azərbaycan hamı ilə dost ola bilər, dost olmadıqları ilə yola da getməsi, anlaşması mümkündür. NATO, KTMT-yə üzv olmamaq hüququnu da özündə saxlayır. Amma bu gün olmasa da sabah elə zaman yetişəcək ki, ya gərək Ukraynanın ərazi bütövlüyünü dəstəkləyəsən (yəni Rusiyaya qarşı çıxasan), ya da Kremlin etdiklərinə haqq qazandırasan. Rusiya Krımın ilhaqı ilə “nə şiş yansın, nə kabab” mövqeyinə yer qoymayıb. Necə deyərlər, yıxılan da, vuran da ortadadır. Ya yıxılanı baltalamalı, ya əlindən tutmalısan. Görünən bu…
Azərbaycanın Ukrayna hadisələrində tutduğu mövqeyi bəzi ekspertlər bəyənirlər. Bu mövqenin, doğrusu, tam mənada nə olduğunu dəqiq bilən də yoxdur. Spiker Oqtay Əsədov və XİN rəhbəri yalnız ümumi sözlərlə Ukrayna məsələsinə mövqe bildirib. Bu mövqe isə konfliktin ərazi bütövlüyü və sülh yolu ilə həll edilməsi kimi ümumi ifadələrdən ibarət olub. Halbuki rəsmi Bakı əgər deyildiyi kimi, dünyada müstəqil siyasət sərgiləməyə üstünlük verirsə, Azərbaycanın mövqeyi birmənalı və daha qətiyyətli olmalı idi. 
Əlbəttə, heç kim demir ki, Krıma görə Rusiya ilə münasibətləri korlamaq lazımdır. Neçə illərdir Azərbaycanın torpaqlarını işğal etdiyi üçün Ermənistana elə indi eyni haqsızlıqdan əziyyət çəkən Ukrayna da ciddi bir təzyiq etməyib. Amma yenə təkrar edək ki, bu dəfə vəziyyət kifayət qədər qəliz görünür. Seyrçi mövqedə qalmaq isə həm də təklənmək deməkdir.
Rusiya Krım məsələsinə Azərbaycan prezidenti səviyyəsində mövqe bildirilməsini yəqin ki, çox arzulayır. Çünki bu gün Putinin buna heç olmadığı qədər ehtiyacı var. Daxili dəstək və imperiya ambisiyalarının yaratdığı eyforiya tədricən keçdikdən sonra Rusiya bu dəstəklərə daha çox və daha ciddi ehtiyac duyacaq. O zaman bəlkə daha da aqressivləşəcək və Venesuela liderindən tutmuş Abxaziyayadək olan arealda zənglər edib qəti mövqe qoymaq istəyəcək. 
Bütün bədbin proqnozlara baxmayaraq, Rusiyanın indilikdə Azərbaycanın üzərinə getməyəcəyi proqnozlaşdırılır. “Yeni Müsavat” da son saylarının birində bu mövzuya toxunub. Xatırladaq ki, həmin yazıda ABŞ-ın Azərbaycana məxfi bir missiya göndərdiyi və rəsmi Bakını gözləyən Rusiya təhlükəsinin araşdırıldığı bildirilirdi. Məqalədə qeyd olunurdu ki, Bakıdakı təmaslarda Vaşinqton təmsilçilərinə hakimiyyətin Rusiya təhlükəsi ilə bağlı heç bir təlaşının olmadığı deyilib. “Qərbin ciddi narahatlığına rəğmən rəsmi Bakının indiki soyuqqanlılığının izahını tapmaq çətindir. Bəzi ekspertlərə görə, rəsmi Bakı Rusiya ilə, konkret olaraq Putinlə anlaşıb və bu anlaşmaya güvənərək özünü toxtaq tutur. Lakin gələn məlumatlar bunun tamamilə əksini göstərir. “Yeni Müsavat”ın məlumatına görə, lap yaxın zamanlarda Kremllə rəsmi Bakı arasında hansısa məsələyə görə soyuqluq yaranıb və proses davam edir. Mümkündür ki, bu “məsələ” Ukraynadakı proseslərə rəsmi Bakının sərgilədiyi açıq və bəzi hallarda gözlə görünməyən münasibətlərə bağlıdır” deyə, məqalədə bildirilirdi.
Hakimiyyətin tavrından belə görünür ki, bu məlumatın ilk hissəsi həqiqətə daha yaxındır. Azərbaycanın indi prezident səviyyəsində açıq mövqe bildirməsinə Kremlin çox da ciddi ehtiyacı yoxdur. Azərbaycanın 20 ildən çoxdur Krımdan da daha ciddi problemi var. 
Ermənistan prezidentinin tələsik pişik kimi Putinə zəng etməsi və ətəyinə sığınması artıq bəzi sensasion iddialar ortaya çıxarıb. Bu iddialarda deyilir ki, Krımın ilhaqından və bəzi dövlətlər tərəfindən “tanınmasından” sonra Ermənistan parlamenti də “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyini” tanıya bilər. Yəni Putin bu variantı Azərbaycana təzyiq kimi planlaşdırıb və istənilən gün İrəvanda reallaşdırması mümkündür. Prezidentlərin Haaqada bu günə planlaşdırılan görüşü razılaşdırılandan sonra Azərbaycan rəhbərinin Ermənistanı faşist adlandırması bu baxımdan diqqət çəkir. Məlumatlı ekspertin iddiasına görə, Azərbaycan hakimiyyəti Ermənistanın “Krım presidentindən” ruhlandığının və daha məkrli planlar cızdığının fərqindədir. “Ola bilsin ki, Kreml də rəsmi Bakıya çatdırıb ki, Ermənistanın belə bir planı var və Putindən dəstək gözləyirlər. Bu isə Azərbaycanın bəri başdan ermənilərin əli ilə “Ya Qərb, ya Rusiya” seçimi qarşısında şantaj edilməsidir” deyə, ekspert bildirib.
İddialardan biri də budur ki, Qərb də Azərbaycanı açıq hədəfə çevirməmək üçün birtərəfli seçim etməyə tələsdirmir. Qərbin qapısı zatən hər zaman açıqdır. Rusiyanın isə yüz illərdir ki, irticaçı siyasəti dəyişmir. Qapılar kəsilir, yollar tıxanır…(musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5337

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930