Deputatın "Borjomi"ni Azərbaycana idxalı edən şirkəti bağlandı

25.03.2014 - 10:19

Deputatın “Borjomi”ni Azərbaycana idxalı edən şirkəti bağlandı

Baş nazirin sabiq 1-ci müavininin oğlu Aydın Abbasovun “Aquo Line LTD” şirkəti bağlandı, onun yerini “Gilan Holdinq” tutdu 
Gürcüstanın dünyaca məşhur mədən suyu “Borjomi”nin Azərbaycanda satışı dayanıb. Bir neçə gündür Bakıdakı mağazalarda “Borjomi” qəhətə çıxıb. Modern.az saytının araşdırması nəticəsində bəlli olub ki, Gürcüstandan Azərbaycana “Borjomi” suları idxal edilmir.
Məşhur mədən suyunun Gürcüstandan Azərbaycana idxalı ilə məşğul olan “Aquo Line LTD” şirkətinin nümayəndəsi Nihad Məhərrəmov sözügedən sayta bildirib ki, şirkət öz fəaliyyətini dayandırıb. “Hazırda Gürcüstandan Azərbaycana “Borjomi” gətirilmir. Bizdə olan məlumata görə, bundan sonra onun idxalı ilə “Gilan Holdinq” məşğul olacaq. Artıq “Borjomi”nin Azərbaycana gətirilməsinə “Gilan Holdinq” baxır. Amma bundan sonra mineral suyun idxal olunub-olunmayacağını deyə bilmərəm”.   
“Gilan Holdinq”dən isə sözügedən məsələyə dair məlumat almaq mümkün olmayıb. “Bojomi” mineral sular bazarında ən işlək məhsullardan biridir. 2013-cü ildə Azərbaycanda 7 milyon şüşədən çox “Borjomi” mineral suyu satılıb.
“Borjomi”nin idxalı ilə məşğul olan “Aquo Line LTD” şirkətinin baş nazirin sabiq müavini, hazırda Rusiyada siyasi və biznes fəaliyyəti göstərən Abbas Abbasovun ailəsinə məxsus olduğu çoxlarına məlumdur. Daha doğrusu, bu şirkəti A.Abbasovun oğlu, Milli Məclisin üzvü Aydın Abbasov idarə edir. 
Bu, artıq A.Abbasovun biznes və mülklərinin əlindən alınması ilə bağlı 3-cü faktdır. Bir qədər öncə mediada gedən məlumatlara görə, A.Abbasovun Hindistandan Gəncədəki Alüminium Zavodu üçün gətirdiyi boksitin (alüminium istehsalı üçün zəruri olan xammal) satışı da əlindən alınmışdı. Bu, çox gəlirli biznes sayılırdı və uzun müddət Abbasovların monopoliyasında olub. Məlumatlara görə, milyonlarla ölçülən böyük qazancının əlindən çıxmasına baxmayaraq A.Abbasov öz yaxınlarına biznes strukturlarının yağmalanması prosesinə etiraz etməməyi, buna müqavimət göstərməməyi tapşırıb.
2011-ci ildə isə Abbasovlara məxsus olan və dəyəri 1,5 milyon manat məbləğində qiymətləndirilən mülk Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin göstərişi ilə yerlə-yeksan edilmişdi. Həmin mülk əvvəllər Mədəniyyət və Turizm Nazirliyinin balansında olan “Mədəniyyət klubu” idi. Gəncədə “Yaşıl teatr” kimi tanınan bu klub illər öncə yararsız vəziyyətə düşmüş və bir müddət əvvəl Abbasovlar tərəfindən özəlləşdirilmişdi. Həmin bina hələ Gəncənin keçmiş icra başçısı Eldar Əzizov tərəfindən mübahisəli bir obyekt kimi tanınırdı. 
E.Əzizov Xan bağını və onun ətrafındakı binaları təmir etdirərkən bu ərazidə yerləşən sözügedən klubu təmir etdirməmişdi. Səbəb də oranın özəl mülk olması idi. E.Vəliyev icra başçısı təyin olunduqdan dərhal sonra mülk yerlə-yeksan edildi. Bəzi məlumatlara görə, mülkün sökülməsi ilə bağlı göstəriş Prezident Administrasiyasından gəlib, E.Vəliyev isə bunu sadəcə olaraq icra edib.
Həmin vaxt yayılan məlumatlara görə, Abbas Abbasovun mülkünün uçurulmasının qarşısını almaq üçün ölkə rəhbərliyi ilə əlaqə yaratması cəhdləri də fiaskoya uğrayıb. Böyük ehtimalla, Abbasovlarla hakimiyyət arasındakı münaqişənin kökü də elə o zaman qoyulub. Uzun müddət Azərbaycanda baş nazirin birinci müavini postunu tutmuş və Rusiyanın siyasi elitası ilə sıcaq münasibətləri olan A.Abbasov şimal ölkəsinin nomenklaturası arasında söz sahibi olaraq qalır. Bakını həm də bu amil qıcıqlandırır. Abbasovun Azərbaycan hakimiyyətinin iradəsindən kənarda yaradılmış RATİ-nin sədri seçilməsindən dərhal sonra onun Azərbaycandakı biznesinin yağmalanmasına başlanması da bununla izah olunmalıdır.
Görünür, A.Abbasovla Azərbaycanın siyasi rəhbərliyi arasında ictimaiyyətə bəlli olmayan daha dərin konflikt var. Özü də bu münaqişənin kökünün 2010-cu il parlament seçkilərindən sonraya təsadüf etdiyini əminliklə söyləmək olar. Əks halda, A.Abbasovun oğlu Aydın Abbasov bu seçkidə mandat qazana bilməzdi. 
A.Abbasov virtualaz.org saytına müsahibəsində Azərbaycanda biznesinin yağmalanması faktını dolayısı ilə etiraf edir. Müsahibədən sitat: “Əgər Rusiyada pul qazanmaq imkanım vardısa, bundan niyə istifadə etməməli idim?! Mən Türkiyəyə də köçə bilərdim. Yeri gəlmişkən, mən Türkiyədə də biznes qurmuşam. Biznesimlə bağlı Türkiyədə tez-tez oluram. Əgər istəyirlərsə, xırda ambisiyalara əsir olub qoy mənim Türkiyədəki biznesimi də bağlasınlar. Bundan qorxmuram, çünki sağlam və enerjiliyəm, ailəmi istənilən şəraitdə dolandıra bilərəm”. 
A.Abbasov bununla da Azərbaycan hakimiyyətinin Türkiyəyə təsir etmək gücündə olmasına və bu ölkədəki biznesinin də təhlükədə olmasına işarə vurub. Belə çıxır ki, A.Abbasovun biznesinin yağmalanmasına daha yüksək səviyyədə qərar verilib və proses hələ bitməyib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5338

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930