Kürdəmirdə hesabat yığıncağı: 2015-ci il uğurla başa vurulub

SONY DSC
Kürdəmir rayonunun 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə Kürdəmir rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərov geniş məruzə ilə çıxış etmişdir. C.Cəfərovun məruzəsini diqqətinizə çatdırırıq:
Müasir Azərbaycan 2015-ci ildə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində inamla irəliləmiş və ölkə başçısının fəaliyyətinin ana xəttini iqtisadiyyatın şaxələndirilmiş inkişafı, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi, azərbaycançılıq, balanslaşdırılmış xarici siyasət, mükəmməl neft siyasəti, enerji təhlükəsizliyi, bəşəriyyətin taleyində çoxaspektli dialoqun rolu, tolerantlıq fəlsəfəsi kimi aktual, xüsusi çəkiyə malik məsələlər təşkil etməklə dövlətimizin və xalqımızın tərəqqisi təmin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 10 yanvar 2016-cı il tarixli iclasında görülmüş işlər ətraflı təhlil edilərək, qazanılan nailiyyətlər yüksək qiymətləndirilmişdir.
Aparılmış uğurlu islahatlar nəticəsində 2015-ci ildə iqtisadiyyatımızda ümumi daxili məhsul 1 faizdən çox artmış, sənaye istehsalı 2,4 faiz, qeyri neft sektoru 8,4 faiz artmışdır.
Ötən il Azərbaycanda 84 min daimi iş yeri açılmışdır ki, bu da müsbət dinamikanın göstəricisidir.
Möhtərəm Cənab Prezident 2015-ci ildə Respublikamızda sosial-iqtisadi inkişafın uğurlu olduğunu, gələcək illərdə də bu müsbət dinamikanın saxlanılacağını və Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş bütün vəzifələrin uğurla icra ediləcəyini qeyd etməklə qarşımıza mühüm vəzifələr qoymuşdur.
2015 ci ildə ölkəmizdə ictimai-sosial və iqtisadi həyatının ən əlamətdar hadisəsi olan birinci Avropa Oyunları keçirilmişdir.Azərbaycan ilk Avropa Oyunları ilə dünya idmanı tarixində yeni səhifə açaraq bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirdi. Ölkəmiz Avropa Oyunlarının standartlarını müəyyənləşdirməklə bu beynəlxalq yarışın vətəni hesab olundu. Azərbaycan idmançıları isə şanlı qələbələri ilə tarix yazdılar. İdmançılarımız 21 qızıl medal qazanmaqla sübut etdilər ki, Azərbaycan idman ölkəsidir. Birinci Avropa Oyunlarından bizim rayonumuza da pay düşdü, beləki rayonumuz 27 may tarixində oyunların məşəlini çox yüksək səviyyədə qarşıladı. 30 mindən çox rayon əhalisi qarşılanma mərasimində iştirak edərək Birinci Avropa Oyunlarına öz dəstəklərini əsirgəmədilər. Müstəqillik tariximizin qürurverici səhifələrindən birinə, ölkə üzrə ümummilli həmrəyliyin göstəricisinə çevrilən bu möhtəşəm idman bayramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin artan qüdrətini, böyük məsuliyyət və təşkilatçılıq tələb edən ən mötəbər tədbirləri belə yüksək səviyyədə keçirməyə qadir olduğunu bir daha sübut etdi.
2015-ci il rayonumuz üçün uğurlu olmaqla çox əlamətdar və yaddaşlarımızda ən xoş təəssuratlarla yaşayacaq hadisələrlə zəngin olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2015-ci il 17 sentyabr tarixdə rayonumuza uğurlu səfəri və aparılan abadlıq və quruculuq işləri ilə şəxsən yaxından tanış olması rayonun həyatını daha da əlamətdar etmişdir.
Bu səfər zamanı cənab Prezidentimiz Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər gül dəstələri düzərək Heydər Əliyev parkında aparılmış yenidənqurma işləri ilə yaxından tanış oldu. Daha sonra Cənab Prezidentimiz əhalinin asudə vaxtının səmərəli təşkili, dövlət rəmzlərinin təbliği məqsədi ilə inşa edilmiş “Bayraq meydanı”nın və “Bayraq muzeyi”nin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının, 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun, Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının inzibati binasının, Tarix Diyarşünaslıq Muzeyinin, 624 şagir yerlik Atakişili kənd tam orta məktəbinin və Ağsu-Kürdəmir avtomobil yolunun açılışlarını həyata keçirdi.
Cənab Prezident Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışı zamanı bir qrup rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirtdi. Görüş zamanı yenidən Kürdəmirdə olduğundan çox məmnun olduğunu bildirərək rayonda görülmüş abadlıq-quruculuq işlərinə yüksək qiymət verdi.
Rayonumuza töhfə olaraq cənab prezidentimizin sərancamı ilə rayonun yaşayış fonduna daxil olan 21 çoxmənzilli yaşayış binalarının əsaslı təmiri ilə əlaqədar 3,0 milyon manat vəsait ayırmış və həmin işlərin görülməsinə başlanılmışdır.
Bütün sahələrdə qazanılmış uğurlar bir daha sübut edir ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə yeni və sürətli inkişaf mərhələsini yaşayır, dünya miqyasında daha da güclənir və zəngin dövlətə çevrilir.
Hesabat ilində Dövlət Proqramına əsasən rayonumuzda nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilmişdir.
Ümumi daxili məhsul 6,0 faiz artaraq 339 milyon 293 min manat olmuşdur.
Ümumi məhsul buraxılışının 72,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 16,2 fazi sənayedə, 17,7 faizi inşaat kompleksində, 38,3 faizi isə kənd təsərrüfatı sahəsində olmuşdur.
Ümumi məhsul buraxılışının 27,8 faizi isə xidmət sahələrində, o cümlədən 26,2 faizi ticarət və ictimai iaşə, 1,4 faizi nəqliyyat, 0,2 faizi isə rabitə sahəsində əldə edilmişdir.
2015 -ci ildə rayonda tikinti, quruculuq və abadlıq işləri geniş vüsət almış, şəhərin küçə və meydanlarının abadlaşdırılması, yenidən qurulması ilə bağlı təxirə salınmaz tədbirlər keçirilmişdir.
Belə ki, Heydər Əliyev parkında Heydər Əliyev muzeyinin qarşısındakı ərazidə beton mozaik tavalar 1406 m2 sahədə qranit plitələrlə əvəz edilmiş, muzey qarşısındakı klassik formada quraşdırılmış fontan qurğusu sökülərək yenidən yeni üslubda, modern tipli fontan qurğusu kimi quraşdırılmış, şəhərin Bakı prospektində piyada yoluna 580 p/m beton səki düzülmüş, 420 m2 mozaik tavalar qoyulmuşdur.
Şəhərin “Kürdəmir Taxıl” Açıq Səhmdar Cəmiyyətinin ərazisindən “Bayraq meydanı” na kimi olan məsafədə yolun kənarlarına 5220 p/m beton səki daşları düzülmüş, 62 ədəd 2 plafonlu müasir tipli işıq dirəkləri quraşdırılmışdır.
Ərazisi 5,5 ha olan “Bayraq meydanı” kompleksinin ərazisi torpaqla doldurulub hamarlanmış, “Bayraq muzeyi”nin və “Gənclər kafesi”nin fasad hissəsində cəbhə sistemi quraşdırılmış, qarşısına dəmir şəbəkə bərkidilmişdir.
“Bayraq meydanı” və “Bayraq meydanı”ndan şəhər istiqamətində salınmış yolun sağ və sol tərəfində yamaclara ümumilikdə 6 hektar sahədə qazon ot bitkisi, 15 mindən çox ağac və gül kolları əkilmişdir.
“Bayraq muzeyi”ndə və “Gənclər kafesi”ndə 2370 m2 sahədə mərmər və qranit üzlük materialı vurulmuş, tavan alçipanla üzlənmiş, havalanma sistemi, mebel avadanlıqları və qapıları quraşdırılmış, işıq sistemi çəkilmiş, iri həcmli kondisionerlər qoyulmuş, daxili divar və kalonlar aboyla üzlənmiş, emulsiya ilə rənglənmişdir. “Bayraq meydanı”nın ərazisində kanalizasiya xətləri çəkilmiş, müasir tipli suvarma sistemləri quraşdırılmışdır, “Ala qapı” baş giriş qapısı tikilmiş, ərazidə 2 ədəd müasir tipli fontan qurğusu quraşdırılmışdır.
Hündürlüyü 52 metr olan Bayraq dirəyi gücləndirilmiş və muzey üzərində qaldırılmışdır. “Bayraq muzeyi” və “Gənclər kafesi” üzərindəki 600 m2-lik ərazi hidroizolyasiya olunmuş, mərmər plitələrlə üzlənərək ətrafına 150 p/m-lik şüşə lövhəli məhəccər quraşdırılmışdır.
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın məktəbəqədər tədris müəssisələrinin tikintisinə xüsusi önəm verilməsinə dair təşəbbüsünə rayon İcra Hakimiyyəti də qoşularaq şəhərə bitişik ərazidə bir ədəd 2 mərtəbəli 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisi başa çatdırılaraq tam şəkildə inventar və avadanlıqlarla komplektləşdirilmişdir.
Uşaq bağçası-körpələr evində 572 m2 hörgü işləri, 844 m2 suvaq işləri, 39 m3 dəmir-beton işləri, 3450 m2 sahədə daxili divar və tavanın emulsiya ilə rənglənməsi işləri, 1466 m2 sahədə bina və hasarın xarici divarlarının emulsiya ilə (tarsovka) rənglənməsi işləri yerinə yetirilmiş, ərazisinin ön hissəsinə dekorativ hasar çəkilmiş, 2 ədəd metal giriş qapıları quraşdırılmış, bağçanın ərazisində 141 p/m beton səki daşları qoyulmuş, 768 m2 sahədə mozaik tavalar düzülmüş, ərazidə 2 ədəd bisetka (kölgəlik) tikilmiş, attraksion meydançası quraşdırılmış, transformator yarımstansiyası və nasosxana tikilmiş, 90 m2 dəhliz hissəsi qranit, binaya giriş hissəsində və daxilində pilləkənlər mərmər tavalarla üzlənmişdir. Binada 135 m2 kafel-metlax işləri görülmüş, müasir tipli istilik sistemi quraşdırılmışdır.
2015-ci ildə rayonun “Qələbə parkı” yenidən qurulmuş, parkın ümumi sahəsi 1,0 ha olmaqla, ərazinin 2300 kv.m sahəsi beton mozaik tavalarla üzlənmiş, 600 p/m beton səki daşları qoyulmuşdur.
Abidə kompleksi 100 m2 mərmər üzlük materialı ilə üzlənmiş, kompleksinin qarşısına 210 m2 sahədə qranit üzlük materialı vurulmuşdur.
Abidə kompleksinin əlavə olaraq yeni məşəl qurğusu və Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin büstünün postamenti yenidən işlənilmiş, məşəl qurğusu və postament mərmər üzlük materialı ilə üzlənmiş, parkın ərazisində 15 ədəd 3 plafonlu müasir tipli işıqlanma dirəkləri quraşdırılmış, 12 ədəd oturacaq qoyulmuşdur. Parkda diametri 10 metr olan dairəvi müasir tipli fontan qurğusu quraşdırılmışdır.
Tarix Diyarşünaslıq Muzeyində 577 m2 sahədə tavan və divar alçipan ilə üzlənmiş, döşəməsinə 342 m2 sahədə qranit üzlük materialı vurulmuşdur. Muzeydə 280 m2 sahədə suvaq işləri görülmüş, 1288 m2 sahə xama ilə hamarlanaraq emulsiya ilə rənglənmişdir. Muzeyin xarici divarları 360 m2 betoban lövhələrlə üzlənmişdir. Binanın yenidən qurulmasında 440 m2 metal şəbəkə, qarşı hissəsində 90 m2 cəbhə sistemi quraşdırılmışdır. Muzeyin sahəsi əlavə olaraq genişləndirilərək 400 m2-ə çatdırılmışdır.
Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının 2 mərtəbəli inzibati binasının tikintisi ilin may ayında başa çatdırılmışdır. Binanın əsası monolit dəmir-beton materialı ilə, divarları mişar daşından inşa edilmiş, xarici divarları ağlay üzlük materialı ilə üzlənmişdir. Binanın ümumi sahəsi 630 m2-dır, binada soyutma və isitmə sistemləri-kondisioner və kombi vasitəsi ilə təmin edilmişdir. Bina 9 otaq və akt zalından ibarətdir. Binanın ətrafı abadlaşdırılmış, yaşıllıq zolağı salınmışdır. İnşaat işləri daxili imkanlar hesabına həyata keçirilmişdir.
2015-ci ildə 624 şagird yerlik Atakişili kənd tam orta məktəbi tikilib istifadəyə verilmişdir. Məktəb binasının inşaasına Respublika Təhsil Nazirliyinin sifarişi ilə 2014-cü ilin oktyabr ayında başlanılmış, 2015-ci ilin sentyabr ayında tikinti işləri başa çatdırılmışdır.
Layihənin smeta dəyəri 3.594.280 manat olmuşdur. Məktəb binasının ümumi sahəsi 1964,5 m2-dır. Məktəb binası 3 mərtəbədən, 53 otaqdan, o cümlədən 25 sinif otağından, idman zalından, yeməkxanadan və 96 nəfərlik akt salından ibarətdir.
2015-ci ildə rayonun 12341 nəfər əhalisinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun dağılmış 20 km hissəsinin əsası yenidən işlənərək bərkidilmiş, 120.000 m2 sahədə qalınlığı 5-7 sm olan yeni asfalt qatı vurulmuşdur. Yolun yenidən bərpa edilməsinə 2 milyon 31 min 400 manat vəsait xərclənmişdir.
Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun Mollakənd kəndi ərazisindəki giriş hissəsində daxili imkanlar hesabına tikinti işləri aparılmış, ərazisi abadlaşdırılmış, ərazidə Ulu Öndər Heydər Əliyevin pannosu qoyulmuş, Mollakənd kəndinə giriş monomenti inşa edilmişdir. Əraziyə əlavə olaraq 1344 m2 torpaq qatı verilmiş, 320 m2 sahədə qazon ot bitkisi sərilmiş, 161 ədəd kuknar ağacı və gül kolları əkilmişdir. Əraziyə 100 ədəd beton səki daşları qoyulmuş, 258 m2 sahədə asfalt qatı vurulmuşdur.
Şəhərin Babək küçəsində 20-22 metr enində 1050 metr uzunluğunda 21600 m2, H.Əliyev prospektində 5700 m2, Vaqif küçəsi və Atakişili ərazisində 26400 m2 sahədə yeni asfalt qatı vurulmuş, 1500 p/m beton səki daşları qoyulmuşdur.
Dövlət Proqramının icrası ilə əlaqədar 2015-ci ildə 14 saylı Kürdəmir Yol İstismarı idarəsi “Azəryolservis” ASC-nin xətti ilə orta təmir üzrə Pirili, Şilyan, Muradxan, Şahbəyli, Garıs-Əyribənd və Təklə kənd yerli əhəmiyyətli yolların çınqılla təmir edilməsi və avtoqreyderlə hamarlanması işləri görülmüşdür.
Respublika əhəmiyyətli Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunda və Bakı-Ələt-Qazax magistral yolunda fiziki göstəricisi 18640 m2 olmaqla asfalt-beton qarışığı ilə çala təmiri və yolun genişləndirilməsi işləri görülmüş, həmin yollarda yerləşən körpülər və yol nişanlarının rənglənməsi, körpülərin yuyulması və sair işlər görülmüşdür.
Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xətti ilə bağlanmış müqaviləyə əsasən şəhər küçələrinə fiziki göstəricisi 18557 m2 olmaqla asfalt işi görülmüşdür.
H.Əliyev prospekti dalan 1-də 792 m2, H.Əliyev prospekti dalan 2-də 880 m2, H.Əliyev prospekti dalan 3-də 1350 m2, B.Sərdarov küçəsində 1400 m2, H.Əliyev prospekti 2 və Sabir küçəsinin birləşməsində 1800 m2, H.Aslanov küçəsində 7410 m2, Y.Məmmədəliyev küçəsində 2350 m2, Su qülləsinə gedən yolda 1715 m2, şəhər 6 saylı məktəbin yanındakı 1-ci dalan yolunda 860 m2 asfalt işləri görülmüşdür.
Rayon ərazisində, magistral, rayonlararası və rayondaxili yolların asfaltlaşdırılması, yenidən qurulması və təmiri sahəsində müəyyən işlər görülsə də, bu xidmət sahəsinin fəaliyyətində nöqsan və çatışmamazlıqlar hələ də davam etməkdədir.
Belə ki, şəhərin əksər küçələrində asfalt örtüyü sıradan çıxmış, bir çox kənd yolları istismara yararsız vəziyyətə düşmüşdür.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, Memarlıq və tikinti şöbələri rayon Yol İstismarı idarəsinin rəhbərliyi ilə birlikdə tədbirlər planı hazırlayıb qeyd edilən yolların asfaltlaşmasına nail olmalıdırlar.
Rayonunun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2015-ci ildə 649 nəfər işlə təmin olunmuşdur ki, bundan 564 nəfəri daimi, 85 nəfəri isə müvəqqəti və mövsümü işlə təmin olunanlardır.
Regionların, xüsusi ilə sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2015 ci ildə Kürdəmir rayonunun 24 sahibkarına 4783,5 min manat məbləğində kredit verilmiş və nəticədə 86 yeni iş yeri yaradılmışdır.
2015-ci il ərzində əhaliyə 68,8 milyon manat pullu xidmət göstərilmişdir ki, bunun da 7,6 faizi dövlət, 92,4 faizi isə qeyri dövlət mülkiyyətinin payına düşür.
2015-ci il üçün rayon büdcəsi mədaxil və məxaric üzrə 18,7 milyon manat təsdiq edilmişdir ki, bunun da 10,9 milyon manatı Respublika büdcəsindən ayrılan dotasiya, 7,8 milyon manatı isə yerli gəlirlər hesabına formalaşdırılmışdır.Yerli gəlirlər planı ümumilikdə 100,9 faiz yerinə yetirilmişdir.
Kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi kimi böyük inkişaf yolu keçmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun aqrar bölməsi 2015-ci ili “Kənd təsərrüfatı ili” kimi uğurla başa vurmuşdur.
Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən etmişdir. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, vergilərdən azad edilmişlər. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlətimiz tərəfindən subsidiyalar verilir.
Görülmüş tədbirlər nəticəsində ötən il 13535 ton kartof, 22260 ton tərəvəz, 65921 ton bostan, 22,3 min ton meyvə, 128 ton günəbaxan, 47 ton yerfındığı məhsulu və 71,7 min ton yonca otu istehsal edilmişdir.
Rayonda 109,2 min ton taxıl istehsal olunmuşdur ki, bunun da 38,3 min tonunu buğda məhsulu təşkil edir. Taxıl istehsalının qarğıdalı dəni hesabına artırılması tədbirləri görülmüş, ötən il 821 hektarda dənlik qarğıdalı əkilmiş, 1936 tonadan çox qarğıdalı dəni istehsal olunmuşdur. Taxıl toxumu istehsalına daha diqqətlə yanaşılmış, 6 min tonadək toxumluq dən hazırlanmışdır. Ötən ilin payızında taxıl əkinləri mütəşəkkil keçirilmiş, bu ilin məhsulu üçün 39609 hektardan çox sahədə taxıl əkilmişdir. Əvvəlki ilə nisbətən kartofdan 2,9 sentner, tərəvəzdən 4,0 sentner, bostandan 41,9 sentner, günəbaxandan 0,3 sentner çox məhsul götürülmüşdür.
Rayonda 8 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir, bu il 4,5 min tondan çox yüksək reproduksiyalı toxum istehsal olunmuşdur.
Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində də müəyyən işlər görülmüşdür.
Rayonda məhsuldar cins heyvanların artırılması tədbirləri görülür. Lizinq yolu ilə alınmış 217 baş cins düyə artırılaraq 560 başa çatmış, 8 süni mayalanma texniki fəaliyyət göstərir ki, onlar tərəfindən 769 mal süni mayalanmış, 628 baş cinsi yaxşılaşdırılmış bala alınmışdır. Cins heyvanların yüksək texnologiya ilə saxlanması təmin edilmişdir.
Hazırda iri buynuzlu mal qaranın sayı 64 min başı, qoyun keçilərin sayı 131814 başı, quşların sayı isə 375903 başı ötmüşdür.
2015-ci ildə əvvəlki illə müqayisədə ət istehsalı 0,4 %, süd istehsalı 0,4%, yumurta istehsalı 0,3%, yun istehsalı 2,4 % artmışdır.
Rayonda arıçılığa maraq ilbəil artmaqdadır. Ötən il arı ailəsi saxlayanların sayı 108 təsərrüfatda ümumilikdə 998 arı ailəsi qeydiyyata alınmışdir.
Rayonda 3000 hektardan çox plantasiya şəklində nar bağı salınmış, bu bağlardan 600 hektardan çoxunun müasir texnoloqiya ilə becərilməsi, damcılarla suvarılması təşkil olunmuşdur.
Tərəvəzin örtülü quruntlarda yetişdirilməsi genişləndirilmiş, 6 hektarda müasir istixana qurulmuş, əlavə 7 hektarda xırda istixanalarda tərəvəz yetişdirilir.
Üzümçülük və digər bitkiçilik məhsullarının istehsalı və emalının genişləndirilməsi sahəsində ardıcıl işlər aparılır.
Aqrolizinq ASC-nin rayonda Aqroservis filialı fəaliyyət göstərir. Filiala 130-dan çox traktor, kombayn və digər kənd təsərrüfatı maşın və mexanizmləri verilmişdir. Son iki ildə 26 müasir kombayn alınmışdır. Kənd təsərrüfatına xidmət edən suvarma sistemləri idarələrinin də maddi texniki bazası möhkəmləndirilmiş onlar müasir, yüksək manevr qabiliyyətli yerqazan texnikalarla, yüksək məhsuldar nasoslarla təchiz olumnuşdur.
Rayon icra Hakimiyyətinin müvafiq şöbəsi əlavə kombaynların əldə edilməsi bu kombaynlardan səmərəli istifadə olunmasını təmin edən tədbirlərin görülməsini diqqət mərkəzində saxlamalıdır.
Kənd təsərrüfatını inkişaf etdirmək və yüksək məhsuldarlığa nail olunmasında meliorasiya və suvarma sistemləri mühüm rol oynayır. Hesabat dövründə torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, suvarma sistemlərinin təmiri və bərpası sahəsində xeyli işlər görülmüşdür.
Torpaqların su təminatının yaxşılaşdırılması məqsədi ilə 5000 hektardək sahəni su ilə təmin edəcək uzunluğu 18 km olan beton üzlüklü Axtaçı-Ərəbqubalı kanalı, uzunluğu 22 km olan beton üzlüklü Çərtəyəz-Muradxan kanalının 12 km hissəsi istifadəyə verilmişdir. R-16, R-15, R-19, Etalon kanalları əsaslı təmir edilmiş, 940 km-dən çox kanal lildən təmizlənmiş, 12 nasos kompleksi, 126 hidrotexniki qurğu qurulmuş, 590-dan çox hidrotexniki qurğu təmir edilmişdir.
Lakin bu sahədə müəyyən işlər görülsə də, mövcud kanalların 20-25 faizinin təmiri başa çatmadığından əkinlərin optimal müddətdə suvarma suyu ilə təmin edilməsi mümkün olmamışdır. Odur ki, icra nümayəndələrinin hesabatlarında əhali kanalların təmizlənməsi ilə bağlı çoxsaylı müraciətlər edirlər.
Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, suvarma və melorasiya sistemindəki vəziyyəti ciddi təhlil etməli, müvafiq təşkilatların rəhbərləri ilə birlikdə mövcud problemlərin aradan qaldırılması istiqamətində cidi tədbirlər görməlidir.
Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasına ötən il yerli sahibkarlarımız tərəfindən 24 çeşiddə, 1450 tonadək kənd təsərrüfatı məhsulları göndərilmişdir. Göndərilmiş məhsullar bazar qiymətindən 30-35% aşağı qiymətlə satılmışdır.
Rayonda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 55,0 mln manatlıq və ya ötən ildən 90,0 faiz artıq sənaye məhsulu istehsal edilmişdir. Özəl sektorun sənaye məhsulunun istesalında çəkisi 90,8 faiz təşkil edir. Sənaye müəssisələrində çalışan işçilərin sayı 528 nəfərə, orta aylıq əmək haqqı isə 417,8 manata çatmışdır.
Süd zavodunda hazırda gündəlik 60 tondan çox süd emal olunur və 10 çeşiddə məhsul istehsal edilir.Lakin, zavoda ərazilərdən süd satışı lazımınca təşkil olunmadığından müəssisənin imkanlarından az həcmində istifadə olunur.
Rayonun sənaye müəssələrinin tam gücü ilə işləməsi, eləcədə fəaliyyəti dayanmış müəssisələrin işə salınması rayon icra Hakimiyyətinin müvafiq şöbələrinin ən başlıca vəzifələrindən biri olmalıdır.
Hörmətli yığıncaq iştirakçıları!
Rayon əhalisinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatı və xidmət müəssisələrinin bu sahədə fəaliyyətləri İcra Hakimiyyətinin diqqət mərkəzində saxladığı ən vacib məsələlərdən olmuşdur.
Rayon İcra Hakimiyyəti əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin edilməsini daim diqqət mərkəzində saxlamışdır.
Şəhər və şəhərə yaxın kənd ərazisinin SİP kabellərlə təmin edilməsi ilə bağlı rayonda kabelləşmə işinə başlanılmışdır. Hazırda Şəhər-1,Cənub,Trest və ABZ hava xətlərinin SİP kabellə çəkilişi başa çatmış, Şəhər-2 və Şəhər-3 hava xətlərində isə SİP kabelləşmə işləri davam etdirilir.
Ötən il rayon mərkəzində və kəndlərdə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin, köhnəlmiş naqillərin, texniki cəhətdən nasaz olan sayğacların dəyişdirilməsi, sıradan çıxmış transformatorların yenisi ilə əvəz olunması diqqət mərkəzində saxlanılmışdır.
Şəhər ərazisində 20,1 km 10-kv-luq hava xətti və 24,5 km 0.4 kv-luq hava xətti yenidən qurulmuş, 2059 ədəd smart kart tipli sayğac quraşdırılmış, əhalinin enerji təchizatının yaxşılaşdırılması üçün 14 ədəd elektrik transformatoru quraşdırılmışdır.
Rayonun Sığırlı kəndində “Azərişıq” ASC tərəfindən 2 ədəd yeni müasir tipli transformator quraşdırılmış, 1,5 km 10 kv-luq və 8,5 km 0.4 kv-luq hava xətti Sip kabellə əvəz olunmuş, 185 ədəd elektron tipli sayğac quraşdırılmışdır.
Rayonun Şilyan, Qarasu , Qaramahmudlu, Şüşün, Qarasaqqal, Pirli, Təklə kəndlərində 8 ədəd yeni transformator quraşdıırılmış.
10 kv-luq Göydəlləkli, “Kolxoz-2”, ABZ, 28 may, “Şirvan” hava xətlərinin ümumulikdə 18,1 km hissəsi yenidən qurulmuşdur.
. Rayon ərazisində 19 ədəd elektrik transformatoru əsaslı, 24 ədəd isə cari təmir olunmuş, 5,8 km 10 kv-luq və 6,9 km 0,4 kv-luq hava xətləri yaşıl kütlədən təmizlənmişdir.
Görülmüş işlərlə yanaşı rayon Elektrik şəbəkəsinin fəaliyyətində nöqsanlar qalmaqdadır. Küləkli və yağmurlu havalarda elektrik enerjisinin verilişində fasilələr yaranır. İstifadə edilmiş enerji daşıyıcılarının dəyərinin yığımı 2015-ci ildə əhali sektoru üzrə 62 % təmin edilmişdir ki, bu da yolverilməzdir. Belə ki, Sığırlı, Axtaçı, Muradxan, Pirili, Qarasaqqal, Mehdili, Böyük Kəngərli inzibati ərazi dairələri üzrə nümayəndəliklərində yığım daha zəif təşkil olmuşdur.
Odur ki, Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsi ərazi dairələri üzrə nümayəndələri və bələdiyyələrlə işi mütəşəkkil şəkildə qurmalı istifadə edilmiş elektrik enerjisinin dəyərinin yığımını 100 faiz təmin etməlidirlər.
Rayon elektrik şəbəkəsinin rəhbərliyi nöqsanların aradan qaldırılmasına, əhalinin elektrik enerjisi ilə fasiləsiz təminatına, SİP kabelləşmə və kart-sayğac sisteminə keçirilməsi yönümündə aparılan işlərə diqqəti daha da artırmalı, enerjinin dəyərinin 100 faiz həcmində ödənilməsi üçün bildirişlərin vaxtında paylanılmasına, sayğaclara müdaxilə və qanunsuz qoşulma hallarına qarşı qəti mövqe göstərməlidir.
Dövlət Proqramına uyğun olaraq 2015-ci ildə təbii qazla təhciz olunmayan şəhərin ayrı-ayrı məhəllələrinin, kəndlərin qazlaşması işi davam etdirilmişdir.
“Azəriqaz” İstehsalat Birliyinin Kürdəmir Xidmət Sahəsi tərəfindən cari dövrdə rayonun mövcud qaz alan yaşayış məntəqələrində təchizatın daha da yaxşılaşdırılması, normadan artıq qaz itkilərinin minimuma endirilməsi, payız-qış mövsümündə bütün kateqoriyalardan olan istehlakçıların təbii qazla fasiləsiz və stabil rejimdə təmin edilməsi istiqamətində və rayonun qaz almayan kənd yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində əhəmiyyətli işlər görülmüşdür.
Texniki vəziyyəti olduqca qeyri-qənaətbəxş olan, 45-ə yaxın əhali abonentini təbii qazla təmin edən Ağsu-Kürdəmir 273 mm diametrli orta təzyiqli qaz kəmərinin 4100 metrlik hissəsi istismardan çıxarılmış, 95 p/m yeni qaz kəməri çəkilərək əhali abonentləri təbii qazla təmin edilmişdir.
Rayonun Atakişili kəndində 330 metr uzunluğunda yeni yerüstü qaz kəməri çəkilmiş, şəhərin H.Qədirov, İ.Məmmədov küçələrində mövcud qaz kəmərlərinin yeni qaz xətləri ilə dəyişdirilməsi təmin edilmişdir.
Qaz təchizatı sistemində texnoloji rejimlərin tələb edilən səviyyədə saxlanılması məqsədi ilə 7 ədəd şkaf tipli yeni qaztənzimləyici quraşdırılmışdır.
Rayonun 62 yaşayış məntəqəsindən 45-i qazlaşdırılmış, 13 məntəqədə qazlaşdırma işləri başa çatmaq üzrədir. Ümumilikdə 16743 abonent təbii qazla təmin edilmişdir.
Rayonun qaz almayan kənd yaşayış məntəqələrinin qazlaşdırılması işləri 2015 ci ildə sürətlə davam etdirilmişdir. İl ərzində rayon ərazisində 22 kənddə təbii qazın açılışı təmin edilmişdir ki, bunun da nəticəsində rayon üzrə qazlaşma faizi 73,0-ə çatdırılmışdır. Rayonun Pirili, Beyi,Mollakənd Türkədi, Sovla, Muradxan, Mehtili, Qoçulu, Dayıkazımlı, Axtaçı-Qarabucaq, Çöl-Qubalı, Carlı və Quşlar kəndlərində tikinti işləri başa çatmaq üzrədir, yaxın günlərdə göstərilən kəndlərə təbii qazın açılışı təmin ediləcək, nəticədə rayon üzrə qazlaşma 90%-i keçəçəkdir.
2016-cı ildə rayonun qazlaşdırılmayan Qarabucaq qəsəbə, Qarabucaq, Qarasu və Qurd Bayram kəndlərində də qazlaşdırma işlərinə başlanacaqdır.
Bütün görülən işlərlə yanaşı idarənin fəaliyyətində nöqsanlar qalmaqdadır.
Debitor borcu olan abonentlərlə maarifləndirmə işi zəif aparılır. Qış aylarında şəhərin bəzi küçələrində təbii qazın düzgün tənzimlənmədiyindən şikayətlər olur.
2015-cü il ərzində əhali tərəfindən 88,9 % təbii qazın dəyəri ödənilmişdir. Bəzi ərazilərdə, Sığırlı, Şahbəyli, Bala Kəngərli,Çöl-Ərəb, Bağman,Qarasaqqal kəndlərində təbii qazın dəyərinin toplanması zəif təşkil edilmişdir.
Odur ki, rayon Qaz İstismarı sahəsinin rəhbərliyi bu sahədə konkret tədbirlər görməli, öz işçilərinə qarşı tələbkarlığı daha da artırmalı, bildirişlərin istehlakçılara vaxtında paylanmasında intizam yaratmalı, təbii qaz itkisinin qarşısı alınmalıdır.
Dövlət Proqramına uyğun olaraq 2015-ci ildə şəhərin Babək, Sabir küçələrində və Cənub məhəlləsində müxtəlif diametrli polietilen borularla ümumilikdə 1837 p/m, Babək küçəsində “Hidroinşaatservis” MMC tərəfindən d-500 mm olan 1200 p/m uzunluğunda kanalizasiya xətti çəkilmişdir. 2015-ci ildə havaların şaxtalı keçməsi nəticəsində smart elektron tipli su sayğaclarının 200 ədədi sıradan çıxmış, yeni su sayğacları gətirilmiş və sıradan çıxmış sayğaclar yeniləri ilə əvəz edilərək işlək vəziyyətə gətirilmişdir.
Bakı şəhərindən kanalizasiya yuyan xüsusi texnika gətirilmiş, şəhərin H.Əliyev prospektində, Babək küçəsində, Sabir küçəsində, 20 yanvar küçəsində, Koroğlu küçəsində ümumi uzunluğu 3400 p/m olan kanalizasiya borularının içərisinin lili yumşaldılaraq axım bərpa edilmişdir.
2015-ci ildə 23235 nəfər əhaliyə su və kanalizasiya xidməti göstərilmiş, abonentlərdən su pulunun yığım məbləği 204759 manat olmuşdur.
2015-ci ildə çırkab suların şəhər ərazisindən kənarlaşdırılması üçün 1000 p/m uzunluqda Çöhranlı kollektoru qazılaraq təmizlənmiş, şəhərin Cənub məhəlləsində açıq kanalizasiya xətti ləğv edilərək 1,2-2 metr dərinlikdə qazılaraq d-300 mm olan polietilen boru ilə 1500 p/m uzunluqda yeni kanalizasiya xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir.
Lakin, su xətlərinin çəkilişi zamanı boruların birləşməsində istifadə olunan elektrik muftalarının keyfiyyətsizliyi tez-tez qəzalar, izolyasiya zamanı isə yol verilmiş nöqsanlar ucbatından şaxtalı havalarda suyun donması halları baş verir.Suyun çəkilişi zamanı küçələrin qazılaraq bərbad vəziyyətə salınması və bu günə qədər təmir edilməməsi əhalinin haqlı narazılığa səbəb olur.
Bu işlərin vaxtında və keyfiyyətlə görülməsi rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, Memarlıq və Tikinti şöbələri tərəfindən gündəlik nəzarətə götürülməlidir.
Kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 46 kənddə su təmizləyici qurğu tikilmiş, daha 15 kənddə su təmizləyici qurğuların tikintisinin aparılması üçün hazırlıq işləri görülür.
Rayon İcra Hakimiyyətinin Azərbaycan İkinci Kənd İnvestisiya Layihəsi Regional Əməliyyatlar Ofisi ilə qurulmuş sıx əməkdaşlığı nəticəsində, onların maliyyə dəstəyi ilə 2015-ci il ərzində rayonun Yenikənd, Qarasu, Şilyan və Pirili kəndlərində yolların təmiri və Xırdapay kəndində tibb məntəqəsinin təmiri işləri həyata keçirilmişdir. Hal-hazırda Pirili kəndində suvarma sisteminin qurulması işləri davam etdirilir.
Əhaliyə göstərilən kommunal xidmətin səviyyəsinin yüksəldilməsi, şəhərimizin bütün küçə və meydanlarının daima təmiz və səliqəli saxlanılması bu sahəyə xidmət göstərən müvafiq qurumların ən başlıca vəzifələrindəndir.
2015-ci il üçün təsdiq olunmuş smetaya əsasən kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar 2500 fərdi yaşayış evlərinin sahibləri və 190 kommersiya obyeklərinin rəhbərləri ilə müqavilə bağlanmışdır.
2015-ci il ərzində rayon Kommunal Müəsissələr Kombinatı tərəfindən əhalidən 7100 manat, kommersiya obyektlərindən isə 4529 manat vəsait toplanmışdır .
Əhaliyə göstərilən bu xidmət sahələrinin fəaliyyətində nöqsan və çatışmazlıqlar qalmaqdadır.
Kommunal Müəssisələr Kombinatı və Mənzil İstismarı Sahəsi xidmət göstərdikləri ərazilərdə məişət tullantılarını götürsə də, bir çox mərkəzi küçələr həmişə süpürülmür, küveyt və keçid boruları müntəzəm təmizlənmir ki, bu da yağıntılar zamanı tutulmalara səbəb olur, məişət tullantılarını xüsusi ayrılmış yerlərə atmayan sakinlərə qarşı cərimə sanksiyaları tətbiq olunmur. Bununla yanaşı istər Kommunal Müəssisələr Kombinatı, istərsə də Mənzil İstismarı Sahəsi əhaliyə və eləcədə ticarət obyektlərinə göstərilən xidmətə görə çox cüzi miqdarda xidmət haqqı yığırlar.
Ona görə də, rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi şəhər icra nümayəndəliyi xidmət təşkilatları ilə birlikdə tədbirlər planı hazırlamalı, əhalini narahat edən məsələlərin tez bir zamanda aradan qaldırılmasını təmin etməlidir.
Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur.
2015-ci tədris ilində məzunlardan 470 nəfəri ali məktəblərə qəbul olunmaq üçün Tələbə Qəbulu Dövlət Komisisyasına ərizə ilə müraciət etmiş, onlardan 186 nəfəri yüksək bal toplayaraq Repsublikanın ali təhsil müəssisələrinə, 77 nəfəri orta ixtisas müəssisələrinə qəbul olunmuşlar ki, bu da ötən ilki göstəricidən çoxdur. Qəbul olunanlardan 12 nəfəri 600, 24 nəfəri isə 500 baldan çox nəticə göstərmişlər.
Əldə edilmiş nailiyyətlərlə yanaşı hələ də təhsil sahəsində nöqsanlar qalmaqdadır.
Bir sıra məktəblər uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir. Bəzi məktəblərdə şagirdlərin bilikləri aşağı səviyyədədir.
Hər bir şəraitin yaradılmasına baxmayaraq E.Zülfüqarov adına Şilyan, Çöhranlı, Böyük Kəngərli, Cəyli, Garıs Əyribənd və Ərəbxana kənd tam orta məktəblərinin Xl sinfini bitirən şagirdlərdən bir nəfər belə ali məktəblərə qəbul olunmamışdır.
Rayonun Ərəbqubalı, Xınıslı və Söyüdlər kənd tam orta məktəblərindən olan məzunlar ali təhsil müəsissələrinə qəbul olunmaq üçün sənəd verməmişlər.
Ona görə də, rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi rayon Təhsil şöbəsinin rəhbərliyi ilə qeyd olunan nöqsanların aradan qaldırılmasına nail olmalıdır.
Gənclərimizin peşə yönümlü ixtisaslara yiyələnməsinə ciddi əhəmiyyət verilməlidir. Müxtəlif sahələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Peşə Liseyi zəruri ehtiyac olan sahələr üzrə peşə hazırlığını həyata keçirməlidir.
157 çarpayılıq MRX-nin əsas binası Regionların Sosial iqtisadi inkişafı Dövlət Proqramına əsasən rekonstruksiya və əsaslı təmir edildikdən sonra xəstəxanada əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi və keyfiyyəti yüksəlmişdir. 2015-ci ildə ölkə Prezidentinin tapşırığına əsasən 103157 nəfər tibbi müayinədən keçirilmiş, bunlardan stasionarda müalicə alan xəstələrin sayı 230, ambulator xəstələrin sayı 1761 nəfər olmuşdur, həmçinin 107 nəfər xəstə müayinə və müalicə üçün Bakı şəhərinə göndərilmişdir. 2016-ci ildə də əhalinin tibbi müayinədən keçirilməsi davam etdiriləcəkdir.
“Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinəsi”ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2014-cü il tarixli Fərmanına uyğun olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsində müayinələr uğurla həyata keçirilmiş, bu məqsədlə hemotoloji analizator, reaktvilər və müvafiq ləvazimatlarla təmin olunmuş hemotoloji kabinet fəaliyyət göstərir.
Görülmüş işlərlə yanaşı müəyyən çatışmamazlıqlar da mövcuddur.
Belə ki, rayonun 16 kəndində tibb məntəqələrinin inzibati binaları olmadığından fəaliyyətlərini evlərdə göstərirlər, səhiyyə müəssisələri ixtisaslı həkim və orta tibb işçiləri ilə tam təmin olunmadığından əhaliyə tibbi xidmət aşağı səviyyədə göstərilir, rayon mərkəzindən uzaqda yaşayan sakinlərə xidmətin göstərilməsində çətinliklər yaranır ki, bu da əhalinin narazılığına səbəb olur.
Əsasən cərrah, travmatoloq, anestezioloq-reanimatoloq, onkoloq, otolorin-qoloq kadrlarına kəskin ehtiyac vardır.
Rayonda maddi və mədəni irsin qorunması və inkişaf etdirilməsi, əhalinin asudə vaxtının daha səmərəli təşkili, mədəni-kütləvi tədbirlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilmişdir.
Rayon Uşaq İncəsənət məktəbi üçün binanin tikintisinə, rayon Mədəniyyət evinin və “Nizami” adına kinoteatrın əsaslı şəkildə yenidən qurulmasına ehtiyac vardır.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği rayon İcra Hakimiyyəti Başçısı Aparatının apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir.
Heydər Əliyev Mərkəzində, yaradılmış təbliğat qrupunun və dərnəklərin fəaliyyəti təkmilləşdirilmiş, yeni ailə quran gənclərin nigah mərasimləri təşkil edilmişdir.
Təbliğat qruplarının hər həftə əhalinin müxtəlif zümrələri ilə görüşləri təşkil olunmuş, möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin təbliği ilə bağlı məqsədyönlü ictimai-siyasi tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev Mərkəzində XI sinif şagirdlərinə “Ulu Öndər Heydər Əliyev irsini öyrənirik” mövzularında dərslər təşkil edilib keçirilmişdir.
Yeniyetmələr və gənclər arasında bilik yarışıları, idmanın Şahmat, Güləş. Voleybol, Futbol və sairə növləri üzrə idman yarışları təşkil olunaraq keçirilmiş qaliblər müəyyən edilərək mükafatlandırılmışlar.
Gənclərimizin Milli Ordu sıralarına hərbi xidmətə göndərilməsi bayram əhval ruhiyyəsində təşkil olunurmuş, bayram və tarixi günlərdə hərbi hissələrdə konsert proqramları təşkil edilmişdir.
Rayonda “Dini etiqad azadlığı haqqında” qanunun tələbləri pozulmamış, dini durum nəzarətdə saxlanılmışdır.
Rayonumuzda təbiətin mühafizəsi və ekologiyanın qorunması sahəsində bəzi işlər görülmüşdür. 2015-ci il ərzində həyata keçirilmiş ağacəkmə kompaniyası zamanı rayonumuzda 20 mindən çox ağac və gül kolları əkilmiş, 2016-ci ildə də bu kompaniya davam etdirilməkdədir.
Rayonumuzda məskunlaşmış məcburi köçkünlərin problemləri diqqət mərkəzində saxlanılmışdır.
Məcburi köçkünlərə payız qış mövsümündə yanacaq paylanmış, onları himayəyə götürən Respublika Ədliyyə Nazirliyinin kollektivi hər il olduğu kimi 2015-ci ildə də bayram ərəfələrində məcburi köçkünlərlə görüşlər keçirmiş, onlara bayram sovqatları paylamışlar.
Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur.
2015-ci ildə rəsmi müraciət etmiş 1247 ailəyə ünvanlı sosial yardım, 593 nəfərə pensiya təyin edilmişdir.
Dövlətçilik və müstəqillik mövqeyində dayanan rayonun hüquq-mühafizə orqanları vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlığa qarşı mübarizə və ictimai-siyasi asayişin qorunması sahəsində ardıcıl olaraq iş aparmışlar.
2015-ci ildə 187 cinayət hadisəsi qeydə alınmış, onlardan 157 cinayət faktının istintağı tamamlanmış, istintağı tamamlanmış cinayət hadisələrindən 13-ü bağlı qalmaqla açılması 92,4 faiz təmin olunmuşdur.
Rayonun hüquq mühafizə orqanları cinayətkarlıq və hüquq pozuntularına qarşı bundan sonra da ardıcıl və ciddi tədbirləri davam etdirməlidirlər.
Şəhərin, qəsəbə və kəndlərimizin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələr müəyyən rol oynayır.
2015-ci ildə “Bir bələdiyyə-azı bir layihə“ təşəbbüsü çərçivəsində bir çox layihələr həyata keçirilmişdir. Bu layihələr çərçivəsində şəhər ərazisində küçə və meydanların işıqlandırılması, yeni salınmış küçələrin çınqılla təmir edilməsi, kəndlərdə qrunt sularını axıdan, əkin sahələrini suvaran kanalların lildən təmizlənməsi, kəndarası və məhəllə yollarının təmiri, yol kənarına ağac əkini və sair sosial layihələr icra olunmuşdur.
2015-ci ildə parlament seçkiləri keçirilmişdir. Bu da ölkəmizin həyatında əlamətdar hadisə idi. Parlament seçkiləri ədalətli, şəffaf və demokratiya şəraitində keçirilmişdir. Parlament seçkiləri zamanı seçicilərimiz sərbəst şəkildə öz arzularını ifadə edərək istədikləri namizədə səs vermişlər.
Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən rayonun bütün kəndlərində hüquq-mühafizə orqanları və aidiyyatı xidmət təşkilatları rəhbərlərinin iştirakları ilə səyyar görüşlər keçirilmişdir.
2015-ci ildə rayon İcra Hakimiyyəti Başçısının Aparatında 1884 nəfər vətəndaş qəbul edilmişdir ki, onlardan 1631 nəfəri rayon İcra Hakimiyyətinin Başçısı, 253 nəfəri isə rayon İcra Hakimiyyəti Başçısısının müavinləri tərəfindən fərdi qaydada qəbul edilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatına 2015-ci ildə vətəndaşlardan 998 ədəd, ötən il ilə müqayisədə 706 ədəd az müraciəti daxil olmuşdur.
Daxil olmuş müraciətlərin 420 ədədi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 15 ədədi Milli Məclisdən, 22 ədədi Nazirlər Kabinetindən, 84 ədədi digər yuxarı Respublika təşkilatlarından, 457 ədədi isə bilavasitə vətəndaşlar tərəfindən göndərilmiş ərizə və şikayətlərdir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından nəzarətlə daxil olmuş 22 ədəd ərizə və şikayətə, eyni zamanda digər daxil olmuş müraciətlərə diqqətlə yanaşılmış, qeyd olunan məsələlər araşdırılaraq müvafiq tədbirlər görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş 10 yanvar 2016-cı il tarixli iclasda və regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışlarında qarşımızda mühüm vəzifələr qoymuşdur.
Cənab Prezident 2016-cı ili “Multikulturalizm İli” elan etmişdir.
Ölkə rəhbərinin tapşırıqlarına əsasən rayon ərazisində iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühütünün formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbüt şəraitin yaradılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlər görülməlidir.
Bu məqsədlə ölkə Prezidentinin tapşırığına əsasən rayonun Su-kanal idarəsində 9, rayon Elektrik şəbəkəsində 14, rayon Polis şöbəsində 50, 14 saylı Yol-istismarı idarəsində 30, 5 saylı Dəmiryol distansiyasında 88 , Kürdəmir Qaz istismar sahəsində 112, rayon Suvarma Sistemləri idarəsində 11, Şirvan Qışlaqlarının su ilə təminatı idarəsində 8, Mil Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı idarəsi 6, Mollakənd Mexaniki Suvarma idarəsi 5, rayon ərazisində qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əmək fəaliyyətinə cəlb edilməsi məqsədilə 203, ümumilikdə 536 boş iş yerləri açılmışdır.
Odur ki, verilən tapşırıqların layiqincə yerinə yetirilməsində hər birimiz daha məsuliyyətlə işləməli, əhalinin sosial rifahını yüksəltməklə mövcud problemləri aradan qaldırmalı, yeni emal və sənaye müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması üçün ardıcıl və məqsədyönlü iş aparmalıyıq.
Bu yolda hər birinizə uğurlar diləyirəm.
Short URL: http://www.cumhuriyyet.net/?p=53454