Abbas Abbasovu kim öldürtmək istəyib?

25.03.2014 - 12:01

Sabiq məmurdan sensasion
açıqlamalar;
Baş nazirin keçmiş birinci müavini özünün və ailəsinin Azərbaycandan
ölümlə təhdid olunduğunu dedi: “Onlar canavar cildinə girmiş
çaqallardır”, hökumətin keçmiş ikinci adamı rəsmi Bakıya Rusiya ilə
münasibətlərdə vasitəçilik edə biləcəyinə dair açıq mesajlar verib

 

 

Baş
nazirin keçmiş birinci mavini, Rusiyadakı Azərbaycan diasporunun
liderlərindən biri Abbas Abbasov Azərbaycanda yenidən hədəfdədir. Bunu
onun özü də virtualaz.org-a verdiyi müsahibəsində təsdiqləyib və
sensasion məqamlar açıqlayıb. A.Abbasov müsahibəsində əvvəlcə təntənəli
şəkildə istefaya göndəriləndən sonra Azərbaycanda qalmayaraq Rusiyaya üz
tutmasından danışıb. 

Onun
sözlərinə görə, Azərbaycan hökuməti rəhbərliyindəki fəaliyyət
göstərdiyi illər ərzində Rusiya rəhbərliyi, rusiyalı dövlət xadimləri
ilə çox yaxşı münasibətləri yaranıb: “Onlarla işləməli və əməkdaşlıq
etməli oldum. Mən Azərbaycan-Rusiya Dövlətlərarası Komissiyanın həmsədri
idim. Burada mənim nəhəng imkanlarım var. Rusiyada yaşayan və
Azərbaycan üçün faydalı olan bir adam kimi məndən, imkanlarımdan
istifadə etmək daha doğru və daha yaxşı olmazdımı? Axı mən rusiyalı
dövlət xadimlərini çox yaxşı tanıyıram, onların kabinetlərinə girib-çıxa
bilirəm, onlarla yaxından dostluq edirəm. Məndən düşmən yaratmaq yox,
bu şanslardan istifadə etmək, mənim bu əlaqə və imkanlarımdan
Azərbaycanın rifahı və mənafeyi naminə faydalanmaq daha yaxşı olardı.
Mən
Rusiyada bizneslə, qurub-yaratmaqla məşğul olmağa başladım. Axı ailəmi
də dolandırmalı idim. Mənim böyük ailəm, 7 nəvəm var. Ailə üzvlərim 17
nəfərdir. Əgər Rusiyada pul qazanmaq imkanım vardısa, bundan niyə
istifadə etməməli idim?! Mən Türkiyəyə də köçə bilərdim. Yeri gəlmişkən,
mən Türkiyədə də biznes qurmuşam. Biznesimlə bağlı Türkiyədə tez-tez
oluram. Əgər istəyirlərsə, xırda ambisiyalara əsir olub qoy mənim
Türkiyədəki biznesimi də bağlasınlar. Bundan qorxmuram, çünki sağlam və
enerjiliyəm, ailəmi istənilən şəraitdə dolandıra bilərəm. Mənə əngəl
yaratmaq nə üçün?
İlham Əliyevlə vidalaşanda ona dedim ki, mən
prezidentin və Azərbaycanın əsgəriyəm, əgər lazım gəlsə, mən lazım
olsam, istənilən an Azərbaycana qayıtmağa və yenidən İlham Əliyevin
əsgəri olmağa hazıram.
Siz Azərbaycandakı
mövcud reallıqları məgər bilmirsiniz? Mən bu gün Azərbaycanda nə edə
bilərdim? Bu yüksək vəzifədən sonra harada işləyə və ailəmi saxlaya
bilərdim?”
A.Abbasov deyib ki, Azərbaycana yalnız İlham Əliyev
desə qayıda bilər. Azərbaycana gəlməsinin qadağan olunması barədə isə
bunları deyib:
“Bu, mənim Bakıya qayıtmağımı
arzu etməyən müəyyən adamlar tərəfindən ortaya atılmış axmaq
fikirlərdir. Çünki bu adamlar qorxurlar ki, mən qayıdıb yenidən İlham
Əliyevlə bir sırada ola bilərəm. Mən isə prezidentin yanından heç yana
getməmişəm. Yaxşı günlərdə də prezidentin yanında olmuşam, Allah
eləməsin, nəsə bədbəxtlik olsa, yenə də onunla bir sırada olacağam.
Mənə
və ailəmə qarşı mübarizə aparan adamların qiymətini isə tarix özü
verəcək. Bilirsiniz ki, kimlərdən bəhs edirəm. Onlar canavar cildinə
girmiş çaqqallardır. Ancaq onlar heç vaxt canavar ola bilməzlər. Siz
gərək mənim İlham Əliyevlə bir sırada olmağımı istəməyən bu çaqqallardan
yazasınız. Axı onların da ailələri var, uşaqları böyüyür. Bütün
bunlardan sonra onlar necə yaşayırlar? Mən öz xalqımı, prezidentimi və
vətənimi sevirəm”.
Baş nazirin keçmiş birinci müavini
 Rusiyada yaradılan və “Milyarderlər ittifaqı” adını alan təşkilatdan da
danışıb və elə ən sensasion məqamları da bu zaman dilə gətirib:
“Bizi
ayırdılar və bu qalmaqalı qaldırdılar. Bu strukturu faktiki olaraq
İlham Əliyevə yaxın, qohum olan, ona böyük hörmətlə yanaşan nüfuzlu
adamlar yaratdılar. Məqsəd diaspor fəaliyyətinin gücləndirilməsi və
bizim Moskvadakı diaspor təşkilatlarımızın çoxunda hökm sürən amorf
vəziyyətin aradan qaldırılması idi. Axı Rusiya azərbaycanlıları effektiv
müdafiəyə və lobbiçiliyə ehtiyac duyurdular. Azərbaycanlıların cəlb
olunduğu səs-küyü qətlləri və iğtişaşları yada salın.
Mən
sənədlər paketi ilə Ramiz Ənvəroviç Mehdiyevin qəbuluna getdim. Bizim
qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz var. Yadımdadır ki, o,
hələ 2004-cü ildə mənim Rusiyadakı azərbaycanlıları birləşdirə biləcək
ən yaxşı namizəd olduğumu yazmışdı. Axı biz hansısa separatizmə və
ekstremizmə can atmırdıq. Söhbət diaspor təşkilatlarının yenidən
qurulmasından və Rusiya ilə Azərbaycan rəhbərliyi arasında qarşılıqlı
etimadın möhkəmləndirilməsi üçün güclü platformanın yaradılmasından
gedirdi. Lakin başa düşəndə ki, ideya Bakıda bəyənilmədi, sənədləri rəfə
qoydum və söhbət bitdi.
Bəs bundan sonra nə baş verdi? Hər
cür yollarla məni və ailəmi ölümlə hədələməyə başladılar. Mesajlar
göndərməyə başladılar ki, məni, oğullarımı, qohumlarımı, bütün ailəmi
öldürəcəklər. Mənimlə quldur dilində danışmağa başladılar. Bundan sonra
mən Azərbaycana getdim və bu haqda İlham Əliyevin ətrafında olan
adamlara danışdım. Mən onlara birbaşa dedim: “Bu nə özbaşınalıqdır?”
Prezidentlə görüşmək və təhdidlər barədə ona danışmaq istəyirdim. Lakin
prezident məşğul idi.
Və sonra prezident məni
qəbul etdi. Vahid Yusifoviç Ələkbərov çox sağ olsun. O, prezidentin də
dostudur, mənim də dostumdur, məni prezidentin qəbuluna apardı və İlham
Əliyev özü mənim “AzerRos” Ağsaqqallar Şurası sədrliyinə namizədliyimi
irəli sürdü. Mənim bundan sonrakı fəaliyyətimdə prezidentin kursuna və
siyasətinə zidd olan nə vardı? Pis nə demişdim? Mən bütün Rusiya
azərbaycanlılarının inteqrasiyasına və konsolidasiyasına çağırdım. Bizim
iclaslarımızın bütün materiallarını və stenoqramlarını verə bilərəm.
Bundan
sonra yeni gözdənsalma kampaniyası başladı. Və mən yenidən etiraz
etdim, açıq soruşdum ki, sizin Rusiyadan başqa probleminiz yoxdurmu”.
A.Abbasov Prezidentin İşlər İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Akif Muradverdiyevlə Moskvadakı görüşündən də danışıb:
“Onda
mən Vladimir vilayətinin qubernatoru Orlova Svetlana Yuryevna ilə
görüşə gedirdim. Tək deyildim, Ramazan Abdulatipovla birlikdə idim. Biz
onu təbrik etmək istəyirdik, həm də bizim orada birgə layihəmiz var idi.
Və dostum Telman İsmayılova məxsus olan “Praqa” restoranı ilə eyni
binada yerləşən ofisimdən çıxanda birbaşa giriş qapısının ağzında Akif
Muradverdiyevi gördüm. Onunla görüşdük, salamlaşdıq. Onu çox yaxşı
tanıyıram. Akif Muradverdiyev Heydər Əliyevə, İlham Əliyevə və Ailəyə
sadiq olan təmiz adamlardan biridir. O mənə dedi: “Abbas Aydınoviç,
səninlə söhbətim var”. Ona dedim ki, ezamiyyətə tələsirəm, ancaq səni
dinləməyə hazıram.
Akif Muradverdiyev ağır
güzəranından şikayətlənməyə başladı. Dedi ki, uşaqları işləmir, özü həbs
olunub və prezidentin humanistliyi sayəsində vaxtından əvvəl azadlığa
çıxıb. Məndən xahiş etdi ki, oğlunu Moskvada işə düzəldim. Sözlərindən
belə başa düşdüm ki, məndən əvvəl Telman İsmayılovun evində olub və ona
da eyni xahişlə müraciət edib. Ona dedim ki, oğlunu işə düzəltməyə
çalışaram. Sonra o, mənə dedi ki, bir neçə ili həbsxanada necə keçirib
və prezidentin sayəsində azadlığa çıxıb. Bununla bağlı ona dedim: “Sən
görmürsən ki, mənə qarşı nə edirlər? Məndən İlham Əliyevə necə düşmən
düzəldirlər? Sən bu adamlardan nə gözləyirsən?”
Sonra
eşitdim ki, onu yenidən həbs ediblər. Axı niyə? O, ədalətli və təmiz
adamdır. Ağır xəstədir. Allah eləsin onu tezliklə azadlığa buraxsınlar.
Ancaq onlar heç bir xüsusi münasibətlərimiz olmayıb. Adamdır, xahiş
edib. Nə etməli idim, dönüb getməli idim?
Yaxud Nicat
Quliyevin (ötən il həbs olunmuş sabiq xarici iqtisadi əlaqələr
naziri-red.) həbsini götürək. Guya onun bağ evindən mənim üstündə
“Abbasik” yazılmış şəklim çıxıb. Qulaq asın, mən bu Nicat Quliyevi 15
ildir görmürəm. Bunu onun ətrafında olan adamlardan, qohumlarından,
nəhayət, özündən soruşa bilərsiniz”.
***
A.Abbasovun
özünün də dediyi kimi, ona qarşı təzyiq və təhdidlər 2012-ci ilin
sonlarında Rusiyada “Milyarderlər İttifaqı”nın yaradılmasından və onun
bu təşkilatın rəhbərliyinə gətirilməsindən sonra başlayıb. O zaman
mətbuat bu barədə yazanda A.Abbasov və deputat olan oğlu Aydın Abbasov
bunu təkzib eləməyə, məsələnin üstünü ört-basdır eləməyə çalışırdılar.
Ancaq indi A.Abbasovun dediklərindən belə məlum olur ki, məsələ
mətbuatın yazdığından daha ciddi imiş. Hətta baş nazirin sabiq birinci
müavini və ailə üzvləri can təhlükəsi ilə üzləşiblərmiş. A.Abbasov və
oğlu bu barədə birmənalı açıqlamalar verməsələr də, başqa yaxınlarının
dili ilə onlara qarşı ciddi təzyiqlərin olduğunu bildirirdilər. 
Məsələn,
2013-cü il martın 28-də Gəncədə “Qoçu” ləqəbi ilə tanınan nüfuzlu iş
adamı, A.Abbasovun qohumu Qoca Quliyev həbs olundu. Gəncə Baş Polis
İdarəsinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (MCQMİ)
əməkdaşları saxlanılan Q.Quliyevin üzünə qaz vurub, başına maska
keçirərək idarəyə apardılar. Rəsmi açıqlamada onun qanunsuz silah
gəzdirməyə görə həbs olunduğu bildirilsə də, Q.Quliyevin həyat yoldaşı
dəfələrlə bu həbsin A.Abbasovun qohumu olduqlarına görə həyata
keçirildiyini bəyan edib.
Bunun özü A.Abbasov və onun çevrəsinə ciddi basqıların olduğundan xəbər verirdi. 
Hətta onun deputat oğlundan mandatını təhvil verməsinin tələb olunduğu bildirilirdi. 
Bu
təzyiqlərdən sonra A.Abbasov ad çəkmədən Azərbaycan məmurlarına xitabən
sərt bəyanatla çıxış etdi. Baş nazirin sabiq müavini hətta seçkilərlə
bağlı da danışdı. Həmin bəyanatda deyilirdi: “Doğrudanmı sizin özünüzü
seçkiqabağı mübarizədə göstərmək üçün başqa vasitələriniz qalmayıb? Siz
çalışırsınız ki, Rusiyadakı azərbaycanlıların da haqları sizin
“səyləriniz” sayəsində tapdalansın? Ona görə də onlardan əlinizi çəkin!
Korrupsiya
və işsizlik kimi kəskin sosial problemləri həll etmək, ölkəni
keyfiyyətli təhsil və tibbi yardımla təmin etmək əvəzinə onlar Rusiyanın
qismində özlərinə düşmən uydurublar”.
Bundan
sonra prezident seçkiləri ərəfəsində İlham Əliyevi dəstəkləməsi ilə
bağlı bəyanatlarla çıxış edən A.Abbasova qarşı təzyiqlər səngisə də,
indi onun açıqlamalarından görünür ki, sabiq məmur çox ciddi şəkildə
yenidən hədəfdədir. Hətta ölümlə belə  təhdid olunub. 
A.Abbasovun
hansı Azərbaycan məmurları tərəfindən ölümlə təhdid edilməsi barədə
konkret fikir yürütmək mümkün olmasa da, onu demək olar ki, Rusiyaya çox
bağlı olan bu şəxsi hansısa adi məmur belə açıq təhdid edə bilməz.
Görünür ki, məsələ çox ciddi dairələrə gedib çıxır. A.Abbasov isə
məsələni bu qədər açıq şəkildə gündəmə gətirməklə bəlkə də özünə və
ailəsinə həyat sığortası qazanmaq istəyir. Hər halda, A.Abbasov kimi bir
şəxsin bu cür təhdid olunması çox ciddi hadisədi.
Onun
bu məsələləri indi açması, belə ötkəm bəyanatlar verməsi də təsadüfə
oxşamır. Kremlin əsas adamlarından sayılan Abbas Aydınoviç Putinin Krımı
işğal etdiyi, Rusiya prezidentinin dünyanın əsas güclərinə barmaq
silkələdiyi bir vaxtda bu cür ötkəm danışmaqla sanki Azərbaycandakı bəzi
ünvanlara mesaj vermək istəyib. 
O,
müsahibəsində həmçinin “məndən düşmən yaratmaq yox, mənim Rusiyadakı bu
əlaqə və imkanlarımdan Azərbaycanın rifahı və mənafeyi naminə
faydalanmaq daha yaxşı olardı” söyləməklə açıq şəkildə işarə verib ki,
Kremllə Bakı arasında vasitəçi ola bilər. Azərbaycan iqtidarını Putinin
qəzəbindən qurtara bilər. 
Maraqlıdır, rəsmi
Bakı A.Abbasovun bu təklifinə necə reaksiya verəcək? Onun imkanlarından
istifadə edəcəkmi? Yaxın tarixdə bu suallara cavab tapılacaq. 
Mövzuya qayıdacağıq.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5349

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930