Zaqatala-Balakən zəlzələsi ilə bağlı müəmmalı məhkəmə: FHN dələduzluqları gizlədilir – VİDEO
Ötən həftə Şəki ağır cinayətlər məhkəməsində məlum Zaqatala-Balakən zəlzələsi ilə bağlı məhkəmə işinin növbəti prosesi keçirilməli idi. Cumhuriyyət.az olaraq prosesdə iştirak edib məhkəmənin monitorinqini həyata keçirmək istədik. Təəssüf ki, prosesə rəhbərlik edən hakim Rəşid Hüseynov prosesə tərəflərin vəkillərindən birinin gəlməməsini bildirərək işi təxirə saldı. Prosesdə diqqət çəkən məqamlardan biri isə bu oldu ki, zərərçəkmiş şəxslər daha əvvəlki kimi proseslərə kütləvi şəkildə gəlmirlər.
Digər zərərçəkmişlər cumhuriyyet.az-a açıqlamalarında baş verənləri bununla izah edirlər ki, prosesi qəsdən uzatmaqda məqsəd onları bu işdən imtina etmək qərarına gətirməkdir. “Məhkəmə yaxşı bilir ki, elə adamlar var ki, evində yeməyə çörəyi yoxdur. Buna görə də hakim yuxarıdan aldığı tapşırığa əsasən prosesləri təxirə salmaqla bizləri bezdirir ki, günlərin birində, ümumiyyətlə, bu işdən imtina edək və onlar da öz bildiyi qərarı qəbul etsinlər” – deyərək zərərçəkmiş Murtuzəli Atayev qeyd edir: “Artıq 8-aya yaxındır ki, məhkəmə prosesi gedir. Açıqca görünür ki, həm prosesi idarə edən hakim, həm də dövlət ittihamçısı FHN-nin dələduzluq əməllərini törətmiş şəxsləri müdafiə edir və onları maksimum dərəcədə istintaqdan kənar saxlayır. Dövlət ittihamçısı Fuad Musayev belə görünür ki, bu işdən külli miqdarda rüşvət alıb, ya da ki, ona yuxarı instansiyalardan bərk tapşırıblar ki, vətəndaşların lehinə heç bir qərardan söhbət getməsin. Faktiki olaraq Fuad Musayev dövlət ittihamını müdafiə etmir, dövləti şantaj edir, onun ədalət mühakiməsini heçə endirir, qanunları ayaqaltı etməklə məşğuldur. Ona görə də hesab edirik ki, vəkilin prosesə gəlməməsini də bunların özləri təşkil edirlər”.
Redaksiyadan:Yazıda adları çəkilən şəxslərin və dövlət qurumlarının da fikir və mülahizələrini dinləyib dərc etməyə hazır olduğumuzu bir daha bəyan edirik. Mövzu ilə bağlı zərərçəkmişlərin video müsahibələrini təqdim edirik. Növbəti məhkəmə prosesi 19 fevral saat 10:30-da keçiriləcəkdir. Mövzunu diqqətdə saxlayacayıq.
Elçin İsmayıllı. Cumhuriyyət.az
Short URL: http://www.cumhuriyyet.net/?p=53496