Əliyevin qalmaqallı sərəncamı ilə bağlı araşdırma aparılır
Prezident Administrasiyasının qərarı rəsmi media quruluşlarının rəhbərliyinin dəyişməsinə səbəb ola bilər
Ölkə başçısı İlham Əliyevin qalmaqallı sərəncamı ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub.
Söhbət
Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı
şöbəsinin müdiri Elnur Aslanovun tutduğu vəzifədən azad edilməsi barədə
ölkə başçısının imzaladığı sərəncamın rəsmi qəzetlərdə və dövlət
televiziyasında verilməməsindən gedir.
“Azərtac” Ilham Əliyevin
sözügedən sərəncamını yaysa da, nə “Xalq”, nə “Azərbaycan”, nə
“Respublika” qəzetləri, nə də AzTV sənədi tirajlamayıb. “Azərbaycan”
qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Azadlıq”a açıqlamasında məsələ
ilə bağlı bildirmişdi ki, qəzet rəsmi xəbərləri “Azərtac”dan alır.
Həmin sərəncamı isə agentlik qəzetə göndərməyib. Lakin “AzərTac”-ın baş
direktorunun birinci müavini Dağbəy Ismayılov Bəxtiyar Sadıqovun
izahatını əsassız saymışdı. O, bildirmişdi ki, bütün rəsmi məlumatlar
mərkəzi dövlət qurumundan alınaraq, yayılır: “Bundan sonra hər bir
mətbuat orqanı həmin məlumatı dərc edib-etməməsinə qərar verir. Bu,
artıq onun öz üzərinə düşən işdir. Yəni hər bir mətbu orqanın özünün
müstəqil siyasəti var. Biz hansısa orqana deyə bilmərik ki, bunu verin,
yaxud da niyə vermədin”.
Redaksiyamıza daxil olan yeni məlumatlarda
deyilir ki, bu məsələ hakimiyyətin zirvəsində də ciddi müzakirə olunub.
Və məsələ ilə bağlı Prezident Administrasiyası araşdırmalara başlayıb.
Məlumatlara görə, rəsmi qəzetlərin və dövlət televiziyasının
rəhbərliyindən izahat tələb olunub. Onlar isə məsuliyyəti “Azərtac”ın
üzərinə atıblar. Bildirilir ki, administrasiya araşdırmaları davam
etdirir. Araşdırmaların nəticəsi olaraq yekun qərar veriləcək. Bu qərar
ya rəsmi qəzetlərin və AzTV-nin, ya da “Azərtac”ın rəhbərliyinin
dəyişməsinə səbəb ola bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=5350