"QHT-lərə Dövlət Dəstəyi Şurası ləğv olunmalıdır"
2011-ci ildən Vətəndaş Cəmiyyəti sektoruna
qarşı səlib yürüşü pik həddə çatıb
2011-ci ildən Vətəndaş Cəmiyyəti sektoruna
qarşı səlib yürüşü pik həddə çatıb
Ədliyyə
naziri Fikrət Məmmədovun sədrliyi ilə ötən ilin dekabrında nazirliyin kollegiya
iclası keçirilib. Nazir bildirib ki, qeyri-hökumət təşkilatlarının sayı ilbəil
artır və bu qurumda dövlət qeydiyyatına alınmış QHT-lərin sayı 2 min 900-ü
ötüb. Təkcə 2013-cü ilin 11 ayı boyunca (yəni dekabradək) 51 milyon manatdan
çox məbləği əhatə edən 1230 qrant müqaviləsi qeydiyyata alınıb. İclasda o da
bildirilib ki, bəzi QHT-lər nizamnamələrinə uyğun fəaliyyət göstərmir, qrant
müqavilələri və digər zəruri məlumatları təqdim etmir, maliyyə pozuntularına
yol verir, qeydiyyatla bağlı sənədlərin yarımçıq və qüsurlu təqdim edildiyi
hallar olur.
Bu
yalnız rəsmi statistikadır. Reallıqda isə QHT-lərin qeydiyyatına ciddi əngəllər yaradılır. Bu günə qədər qeydiyyatdan keçən 2 min 900 QHT-dən təxminən 1. 500-ü idman və xeyriyyə cəmiyyətləridir.
Yəni, əslinə baxanda, fondlarla birlikdə Azərbaycanda uzağı 800 QHT var. 2
mindən çox QHT qeydiyyata alınmayıb. QHT Ədliyyə Nazirliyinə müraciət edərkən,
çatışmazlıqlar, adətən, bir dəfə izah olunur. Təəssüf ki, 12-15 dəfə Qeydiyyat
və Notariat Baş İdarəsinə üz tutan və qeydiyyata alınmayan QHT-lər var.
Məsələnin
siyasi tərəfi odur ki, ictimai qurumun
adına, onu kimin yaratdığına fikir verirlər, insan haqları, işgəncə, media,
məhbus hüquqlarını ehtiva edən adlar araşdırılır. Hüquqi tərəfi odur ki,
sənədlər, qanunda göstərildiyi kimi,
yalnız bir dəfə geri qaytarıla bilər. Əsas səbəb kimi nizamnamədəki qüsurlar
göstərilir. Ədliyyə Nazirliyinin saytında məhz nizamnamə nümunəsi yoxdur.
Hökumət ictimai nəzarət mexanizminin zəiflədilməsinə çalışır. Bu hüquq
pozuntusu barədə məhkəməyə üz tutanda məhkəmə də Ədliyyə Nazirliyinin
iradlarını qüvvədə saxlayır. QHT-lərin qeydiyyatı ilə bağlı Avropa
Məhkəməsinə şikayətlər artmaqdadır. Son
bir il boyunca Avropa Məhkəməsinə 50-yə yaxın şikayət gedib.
“Sağlam
Ətraf Mühit Sağlam Cəmiyyət” qeyri-hökumət təşkilatı Şirvan şəhərində fəaliyyət
göstərir. QHT-nin rəhbəri Kazım Kazımlı deyir ki, bu qurum 6 il öncə – 2008-ci
ildə yaradılsa da, hələ də qeydiyyatdan keçə bilmir: “Düz 13 dəfə imtina məktubu almışıq. Hər dəfə
hansısa vergülü, ya da nöqtəni bəhanə gətirirlər. Yəni tam əhəmiyyətsiz
məsələlərdir. Bircə məktubda hamısını göstərə bilərdilər, biz də düzəldərdik.
QHT Şurasının sədri Azay Quliyev bizim şəhərdən deputatdır, ona düz 3 dəfə
məktub göndərmişik, hüquqşünası düzəlişlər edib. Axırda da deyiblər ki, “bizlik
deyil”. Mənə deyirlər ki, belə göstəriş var. Qeydiyyat-notariat baş idarəsində
də dedilər ki, bizlik deyil. Bəs onda kimlikdir? Məncə, məqsəd vətəndaş
fəallığını söndürməkdir”. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev QHT-lərin qeydiyyatıyla
bağlı problemlərini həmin qurumların sənədlərinin qaydasında olmaması, mövcud
standart və şərtlərə cavab verməməsiylə əsaslandırır.
Hüquqşünas
Ələsgər Məmmədlinin fikrincə, 2011-ci ildən QHT sektoruna sanki səlib yürüşü
başlanıb. O, prezidentin bu il fevralın 3-də imzaladığı dəyişiklikləri
“nonsens” adlandırır: “Avropa İnsan Hüquqları Konvensiyasının assosiasiya
azadlığı, birləşmə hüququyla bağlı 11-ci maddəsi alt-üst edilib. Üstəlik, köklü
məhdudlaşdırmadan söhbət gedir. Bağlanma hüququ, qanunsuz bağlanmalar adekvat
olmayan cərimələr gətirir. İnzibati Xətalar Məcəlləsindən cərimələri
çıxarmışam. 12 istiqamətdə ciddi cərimələr nəzərdə tutulur. Bu cərimələrin heç
biri normal qanunvericilikdə QHT fəaliyyətinə tətbiq olunacaq formada deyil.
Bir tərəfdən deyirik QHT fəaliyyəti sərbəst olmalıdır, digər tərəfdən
qeydiyyatsız fəaliyyətə görə 2 min 500 manat cərimə kəsirik. Bir tərəfdən
fiziki şəxslərin qrant alması qeydiyyatdan keçmir, o biri tərəfdən fiziki şəxsə
qrant verən beynəlxalq təşkilat cərimələnir. QHT-lərə qarşı səlib yürüşünün
məqsədi şəffaf cəmiyyət quruculuğuna təmənnasız yardım göstərən sivil
cəmiyyətin yox edilməsidir”.
Ələsgər
Məmmədli bəzi QHT rəhbərlərinin və özəlliklə QHT Şurası rəhbərinin parlament
üzvü olmasını yolverilməz sayır: “QHT-nin bir işi də parlamentə nəzarətdirsə, özü-özünə necə nəzarət edə
bilər? Azay Quliyev həm QHT-lərə Dövlət Dəstəyi Şurasının sədridir, həm
parlament üzvüdür, özünün də QHT-si var. Onlarla belə deputat saymaq olar.
Demək, məqsəd ayrılan vəsaitin hədəfə çatmasını önləməkdir. QHT Şurasının
özünün verdiyi vəsaitlərə baxın, daha çox bu adamlara yönəlib. Şurada
azadlıqlara yönəlik nə qədər layihə var? Sıfır sayda. Şura da ləğv olunmalıdır.
İctimai fəaliyyəti təhdid etməyən qanunvericilik bazası geri qaytarılmalıdır”.
Xatırladaq
ki, 2013-cü ildə 2 QHT-yə – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi
Mərkəzi və Müasir Təhsil və Tədrisə
Yardım Mərkəzinə qarşı cinayət işi açılıb. Seçkilərin Monitorinqi və
Demokratiyanın Tədrisi Mərkəzinin 2 rəhbər şəxsi qanunsuz sahibkarlıqda,
vergidən yayınmaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Müasir
Təhsil və Tədrisə Yardım Mərkəzinin vəzifəli şəxslərinə qarşı vəzifə
səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi açılıb. Mərkəzin
vəzifəli şəxsləri maliyyə pozuntularında ittiham edilib.
Arifə
Kazımova
Short URL: http://www.cumhuriyyet.net/?p=5355