Kimdir müqəssir? – HEKAYƏ

15.02.2016 - 00:50

rrAxşamdı, bərk külək əsirdi. Şəhərdə qələbəlik idi. Kimi harasa tələsir, kimi rahatca yol yoldaşı ilə söhbətləşərək irəliləyir, kimi tənbəl-tənbəl mağazalara tamaşa edirdi. Külək hamının narazılığına səbəb olmuşdu. Ağacların yarpaqlarını tökür, asfalt boyunca sürükləyib aparırdı. Qızların ətəklərini yellədir, onlar da narazılıqla əlləri ətəklərində gəzinirdilər. Külək bəzilərinin saçlarını dağıdır, bəzilərinin saçlarına sığal çəkirdi. Ora-bura şütüyən maşınların tez-tez eşidilən siqnalları bir-birinə qarışırdı.
Günəş bu qələbəlikdə lap özünü itirmişdi. O, bu qaynar şəhərdə özünü qərib hiss edirdi. ”Ya ünvanı tapmazsam. . . ”-qorxu ilə düşündü. ”Onda mən neyləyərəm, harada gecələyərəm? ” daha da ümidsizləsdi.
On yeddi yaşlı bu qızın Bakıya ilk gəlişi idi. O, qarşıdakı məhəlləyə döndü. Ünvanı oxuyunca çox sevindi. Budur onun axtardığı ünvan. Yavaşca pillələri qalxdı. Yükü ağır idi. Kənddəki bağlarında yetişən meyvələrdən dayısıgilə sovqat gətirmişdi.
Zəngi basanda barmaqlarının titrədiyini gördü. Az sonra içəridən qapıya yaxınlaşan ayaq səsləri eşidildi, sonra qapı açıldı. Dayısının həyat yoldaşı kandarda dayanmış Günəşi görüb çox sevindi.
-Günəş, xoş gəlmisən. Keç içəri, keç. . .
Onu qucaqladı, bağrına basdı, dönə-dönə öpdü.
Bir azdan çay süfrəsindəki söhbət zamanı Günəşin gəlişinin səbəbini soruşanda yenə Günəşin yanaqları qızardı, gözlərini yerə döşənmiş xalıya zilləyib utana-utana dedi:
-Oxumaq. Təhsilimi davam etdirmək fikrindəyəm. Sənədlərimi gətirmişəm.
-Çox yaxşı, qızım, çox yaxşı. Bu işdə birinci köməkçin elə mən olacağam. Səhər, inşallah, birlikdə sənədlərini təqdim edərik.
O axşam Günəş pəncərədən şəhərə tamaşa edəndə qaranlıqda parlayan saysız-hesabsız işıqları al-əlvan şamlara bənzətdi və özünün şəhərə nə üçün gəldiyi haqqında düşünərək şirin xəyallara daldı. ”Təhsilimi davam etdirsəm, necə də xoşbəxt olaram!. . ”-deyə düşünən Günəşin saf, təmiz qəlbində bu hissdən başqa hec nə yox idi.

* * *
Orxan kəndə anasına baş çəkməyə gəlmişdi. Oğlunun gəlişindən hədsiz sevinən ana yemək tədarükündə idi. Su üçün səhəngə əl atanda onun boş olduğunu görcək qonşu qızı səslədi:
-Günəş!Ay Günəş!
Qonşu həyətdən Günəşin səsi eşidildi:
-Nə deyirsən, xala?
-Bura gəl.
-Bu saat gəlirəm.
Az sonra Günəş qapıda göründü. Tövşüyə-tövşüyə:
-Mən hazır, xala-dedi.
-Ay qızım, yenə harayıma sən çatırsan. Al səhəngi, bir az mənə su gətir.
Günəş səhəngi çiyninə aldı. Yeyin addımlarla qapıdan çıxdı.
Orxan yerində donub qalmışdı. Qızın gözəlliyi sanki onu tilsimləmişdi. Ona elə gəldi ki, ömründə belə gözəl görməyib. Gözləri Günəşin getdiyi səmtə dikilib qaldı, yenə onu görməyi arzuladı.
Bir azdan Günəş çiynində səhəng içəri girdi. Yanaqları dağ laləsi tək alışıb-yanırdı.
-Başqa bir sözün varmı, xala?
-Samovara od sal, qızım.
Günəş yemək tədarükündə də Gülnisə xalaya kömək etdi. Gülnisə xala həmişə olduğu kimi yenə də Günəşdən dönə-dönə razılıq etdi. Bütün bu müddət ərzində Günəş bir dəfə də olsun Orxana tərəf baxmadı. Orxansa oturmağı belə yaddan çıxarmışdı. Gözlərini qıza zilləyib məftunluqla baxır və ilk dəfə gördüyü bu qızdan başqa heç nəyi düşünmək istəmirdi.
İşini qurtarıb getmək istəyəndə bayaqdan bir kənarda dayanıb gözlərini ona zilləmiş Orxanı görüncə Günəş cox utandı. Əlindəki stəkanı yerə salıb sındırdı və daha buradan qaçmaqdan savayı bir çarə tapmadı.
Yemək zamanı Gülnisə xala onun gəlməyi üçün çox təkid etdi, Günəş nə edəcəyini bilmirdi. Ora getməkdən boyun qaçırmaq istəyirdi. Ancaq yenə olmadı.
Yemək zamanı Orxanın qıza dikilən aramsız baxışları Günəşin iliyinə işləyirdi. Utandığından yanaqları od tutub yanırdı. Hər dəqiqə ona bir il qədər uzun gəlirdi. Yeməkdən sonra Orxan onu söhbətə tutdu:
-Günəş, məktəbi bitirmisən?
-Xeyr, -Günəş baxışlarını başqa səmtə yönəltməyə çalışırdısa da hər yerdə Orxanın ona zillənmiş baxışları ilə qarşılaşırdı.
-Neçənci sinifdəsən?
-Son sinifdə.
Gülnisə xala dilləndi:
-Ay qızım, incimə, hərəmizə bir çay süz, gəlirəm. Birlikdə çay içək.
Günəş daha bundan artıq dayana bilmirdi. Ancaq yenə də Gülnisə xalanın xətri üçün dözdü. Orxan üçün çay qoyanda anasının uzaqlaşdığını görən Orxan onun biləyindən yapışdı. Günəşin qoluna elə bil qızmar dəmir parçası basdılar. Həyəcandan bütün bədəni titrədi. Biləyini tez geri çəkdi. Orxan gülümsünürdü. Günəş o gecə o evdən necə çıxdığını bilmədi.
Evə gəlib saatlarla fikrə daldı. Orxanı əvvəllər gördüyünü xatırlamadı. Çünki o neçə il idi ki, kənddən çıxmışdı. Oxumaq həvəsi ilə şəhərə gedən Orxan iki ildə anasını görməyə ya gələr, ya da gəlməzdi.
* * *
Ertəsi gün həyət-bacada vurnuxan, tez-tez qonşu həyətə boylanan Orxan anasının qapıdan çıxdığını görüncə hasarın dibinə gedib Günəşi səslədi:
-Günəş, anam səni çağırır.
Günəş duruxdu. Axı beş-altı dəqiqə əvvəl Gülnisə xalanın evdən çıxıb getdiyini görmüşdü.
-Axı Gülnisə xala evdə yoxdur.
Orxan qıza cavab verməyə söz tapmadı.
* * *
-Orxan, bəs gələndə demişdin tez qayıdacağam?
-Düzdür, ana, elə bir fikrim var idi.
-Bəs nə oldu ki, fikrindən döndün?
-Kənddə elə gözəlliklə qarşılaşdım ki, şəhər yadımdan çıxdı.
Anası onun sözlərindən bir şey anlamadı. Həmin gün Orxan fürsət tapıb Günəşə yaxınlaşdı:
-Günəş, dünən səni özüm çağırmışdım, sən də gəlmədin.
-Niyə?
-Sənə deyiləsi sözüm vardı. . .
Günəş baxışlarını ondan qaçırmağa çalışdı. Orxan fürsət vermədi. Həsrət dolu baxışlarını onun gözlərinə zilləyərək titrək səslə ürəyini açdı:
-İnan, səni görəndən bəri bütün fikrim-xəyalım sənsən. Sənə qarşı olan məhəbbətim varlığıma hakim kəsilib. Bir an belə xəyalımdan çıxmırsan. Səni görən ana qədər mən məhəbbətin, sevginin nə olduğunu bilmirdim. Səni tanıyandan sonra bu gözəl hisslər qəlbimə yol açdı. Sən mənim ilk, həm də son məhəbbətimsən. . . Səni sevirəm, Günəş, səni sevirəm. . . Bunu bütün dünyaya bağırmaq, eşitdirmək istəyirəm. Qoy hamı bu sevgidən xəbər tutsun. Səni sevirəm. . .
Günəş mat-mat ona baxırdı. Ağlında bircə şey vardı:burdan çıxıb getmək.
-Niyə dinmirsən, Günəş?
Günəş çaşqınlıqla qapıya tərəf baxdı. Getmək üçün yerindən tərpəndi. Orxan ehmalca onun qolundan yapışdı:
-Dayan, hara gedirsən?
Günəş şübhəli nəzərlə ona baxdı və sərt hərəkətlə qolunu çəkib, yaydan çıxan ox kimi qaçdı. Orxan onun ardınca baxaraq:”İlahi, necə də gözəldir!”-deyə pıçıldadı.
Günəş otağına keçdi, çarpayısına oturub fikrə daldı. Orxanı, onun dediklərini fikrindən silib atmaq istədi, ancaq bacarmadı. Qəlbindən onu görmək arzusu yenə baş qaldırdı. Ümid, həm də şübhə dolu nəzərlərlə yenidən qalxıb pəncərəyə yaxınlaşdı və qonşu həyətə boylandı. Orada kimsə görünmürdü. Günəş qəlbinin nə istədiyini, burada hansı hisslərin baş qaldırdığını anlaya bilmirdi. Və oradaca qonşu həyətə boylanaraq nə üçün ağladığını özü də bilmədi.
* * *
-Günəş, mən getmək istəyirəm. Axı səndən bir xəbər gözləyirəm. . .
Günəş məlul-məlul:
-Mən sənə inanmıram, Orxan. -dedi.
Orxan təlaşla:
-Nə üçün? -deyə soruşdu. Sonra da tez-tələsik davam etdi:
-İstəyirsən səninçün and içim, hə? Yoxsa neyləyim ki, mənə inanasan? Hə, cavab ver. Nə desən eliyərəm. Təki mənim sözlərimin həqiqət olduğuna şübhə etmiyəsən. Günəş, inan mənə, səni sevirəm.
Günəş istehza ilə ona baxdı:
-Bunlar artıq deyilmiş sözlərdir, Demək olar ki, bütün gənclərin dilində əzbərlənib.
Orxan onun nə düşündüyünü indi anladı.
-Günəş, ancaq inan ki, bu günə qədər səndən başqa bir qıza yanaşıb “sevirəm”deməmişəm. Elə bilirsən ürəyində dönə-dönə təkrar etdiyin bu sözü hər kəsə demək asandırmı? Yox, onu yalnız sevdiyin, bir an belə xəyalından çıxara bilmədiyin, yoxluğuna susadığın kəsə deyirsən. Əgər o səni sevməzsə, illərlə belə onu unuda bilmirsən. Hətta bir ömür boyunca iztirab çəkirsən.
Günəşin gözləri indi uzaqlara, mavi səmalara dikilmişdi. Nələr düşündüyünü Orxan əsla anlamadı. Günəşin qəlbi başqa söz deyirdi, düşüncəsi başqa söz. Hansını dinləyəcəyini bilmirdi.
Orxan onun dinmədiyini görüb:
-Mən gedirəm, ancaq yenə gələcəyəm. Hər an sənin cavabını gözləyəcəyəm. -dedi və döndü. Bir-iki addım atmışdı ki, arxadan Günəşin zəif, pıçıltılı səsini eşitdi:
-Səni sevirəm, Orxan. . .
Ürək artıq öz hökmünü vermişdi, Günəşin ağlına, düşüncəsinə qalib gəlmişdi.
Orxan eşitdiyinə inanmadı. Böytük bir sevinclə geri döndü. Günəşin yanaqlarında göz yaşları iz salmışdı. Bu gözlər ona böyük bir sevgi ilə baxırdı.
* * *
Günlər keçdi. Orxan şəhərə o gedən oldu, kəndə qayıtmadı. Şübhələr Günəşin qəlbini didib-parçalayırdı. Ona sevdiyini açıb söylədiyi üçün dönə-dönə peşiman oldu. Ancaq yenə gözü yolda, qulağı səsdə idi. Hər an sevdiyinin gələcəyini düşünürdü. . .
Bu kədərli günlərdə Günəşə şad xəbər verdilər. O, ali məktəbə qəbul olunmuşdu. O günü hamı onu təbrik edəndə, qucaqlayıb öpəndə Günəş yenə ağladı. Güman etdilər ki, sevincindən ağlayır. . .
Gülnisə xala Günəşin ali məktəbə qəbul olunduğunu eşitcək hədsiz sevinclə onu bağrına basdı, dönə-dönə öpdü.
-Səni görüm xoşbəxt olasan, qızım. İnşallah, salamat məktəbini başa vurub diplomunu alarsan.
Günəş başını onun sinəsində gizlətdi. Gözləri yaşardı. O, Gülnisə xaladan həmişə bir ana mehribanlığı görmüşdü. Gülnisə xala onu doğma balası tək sevirdi. Onun bütün bu olanlardan xəbəri yox idi.
İndi Günəşin qəlbinin dərinliklıərində kiçik bir ümid işığı yanmışdı, oxumağa, şəhərə gedəcəkdi, sevdiyinin yanina. . .
* * *
Bir isti iyul axşamı. . . Bu gün Günəşin taleyinə ən acı, ən kədərli gün kimi daxil oldu. Günəşin bütün arzuları, ümidləri puç oldu. Günəş sonsuz bir kədər içində, evin bütün qapı-pəncərələrini bağlayaraq qaranlıq otağa qapılıb için-için ağladı.
Qonşuluqda toy çalınırdı. Hamı sevinir, hamı şənlənirdi. Təkcə Günəş bu sevincdən, şənlikdən uzaq idi. Gülnisə xala yeganə oğlu Orxana toy məclisi qurmuşdu. Arvad sevindiyindən özünü itirmişdi. Tez-tez :”Ay allah, ölmədim bu günü də gördüm”-deyirdi. Toyxanada qol qaldırıb süzəndə isə ona elə gəlirdi ki, bu dünyada ondan xoşbəxt insan yoxdur.
O, oğlunun “ürəkdən, dəlicəsinə sevdiyi Nərmini evinə gəlin gətirmişdi.
Günəşin anası tez-tez gəlib qızına baş çəkmişdi. Onu toya aparmaq üçün nə qədər inad etmişdi. Günəşsə elə hey “sən get, ana, gələcəyəm”deyirdi. Ancaq beş-altı metrlik, hər gün tez-tez gedib-gəldiyi bu qısa məsafə indi onunçün elə uzaqlaşmışdı ki. . . Günəş bu məsafəni keçə bilmirdi.
. . . Ay bacı, Günəş hardadı, niyə gəlmir? -soruşan Gülnisə xala idi.
Ona heç kəs cavab verə bilmədi.
Günəş toy səsini eşitməmək üçün qapıları, pəncərələri bərk-bərk bağlayır, pərdələri endirirdi. Yox, o toy səsi haradansa axıb gəlirdi. Günəş qulaqlarını qapadı, yenə də eşidirdi. Deyesən bu toy Günəşin beynində, daxilində, hafizəsində çalınırdı. Bu səs onun içində idi. O, gücü gəldikcə qaçmaq istəyirdi, bacarmırdı. Axı insan öz daxilindən, öz varlığından necə qaçaydı? Bütün ümidlərini, arzularını, sevgisini itirmiş Günəşin içinə sonuncu ulduzunu da itirmiş qaranlıq bir gecə çökmüşdü.
O gecə toy qutarandan sonra evə gələn ana qızını yatmış vəziyyətdə gördü. Həm də böyük bir əzab çəkdiyini və bunun üçün nə qədər göz yaşı axıdaraq yuxuya getdiyini, üzündə hələ qurumamış göz yaşlarından və gözəl simasını bürümüş dəhşətli kədərdən anladı.
* * *
Toydan az keçmiş Orxan şəhərdən gətirdiyi sevgilisi ilə bərabər yenə şəhərə döndü. Tək qalan Gülnisə xala yenə Günəşi səslədi:
-Günəş!Ay Günəş!
-!. .
-Ay qızım, suyum yoxdur, bir az mənə su gətirərdin. Günəş, eşidirsən?
Gülnisə xala nə qədər haraylasa da ona cavab verən olmadı. Bir az sonra yenə çağırdı.
-Günəş!
Əbəs yerə!Günəşdən cavab yoxdu. İndi Gülnisə xala aylarla, illərlə çağırsa belə ona heç kəs cavab verməyəcəkdi. . .

Aytən Ağasəlimqızı. 1997

Short URL: http://www.cumhuriyyet.net/?p=53574

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728