"Azərbaycan Rusiyadan üç istiqamətdən zərbə ala bilər"

25.03.2014 - 14:12

“Rusiyanın SSRI-ni bərpa etmək siyasəti yürüdəcəyi istisna edilməməlidir”

“Rusiya digər əraziləri də işğal etmək istəsə, Qərb həqiqətən də Kreml ilə müharibə vəziyyətinə keçəcək”

“Avropa Birliyi Rusiya əngəlinə baxmayaraq genişlənməkdə israrlıdır”

“Rusiyanın SSRI-ni bərpa etmək siyasəti yürüdəcəyi istisna edilməməlidir”

“Rusiya digər əraziləri də işğal etmək istəsə, Qərb həqiqətən də Kreml ilə müharibə vəziyyətinə keçəcək”

“Avropa Birliyi Rusiya əngəlinə baxmayaraq genişlənməkdə israrlıdır”

Ukraynada baş verənlər hələ də dünyanın əsas diqqət mərkəzində
qalmaqdadır. Krımdakı referendumdan sonra Rusiya planın növbəti
mərhələsinə keçib. Bu mərhələdə məqsəd Krımın müstəqilliyini mümkün
qədər çox ölkəyə tanıtmaqdır. Baş verənlərin fonunda diqqət çəkən daha
bir məqam beynəlxalq birliyin Rusiyaya qarşı reaksiyasının o qədər də
sərt olmamasıdır. Dünya birliyi baş verənlərdə Ukraynanın ərazi
bütövlüyünü və suverenliyini tanıdığını bəyan etsə də, Rusiyaya qarşı
sərt sanksiyaların tətbiqi hələ yubanır. Mövzu ilə bağlı bu və başqa
sualları politoloq Vəfa Quluzadəyə verdik.

– Hələlik Qərb Rusiyaya cavabını verməyib. Bu cavab bu günlərdə məlum
olacaq. Düşünürəm ki, “G7″nin toplantısından sonra Rusiyaya qarşı
addımlar qətiləşəcək. Düşünürəm ki, məhz bu görüşdə Rusiyaya qarşı
sanksiyalar tətbiq olunacaq. Ikinci bir məqam ondan ibarətdir ki, Qərb
Rusiyaya qarşı birdən sərt sanksiyalar tətbiq etmək niyyətində deyil.
Qərb Rusiyaya tətbiq edəcəyi sanksiyalardan əhalinin əziyyət çəkməsini
istəmir. Tətbiq olunacaq sanksiyalar Rusiyanın hakim elitasına və
iqtisadiyyatına yönəlib. Istisna deyil ki, yaxın perspektivdə Rusiya ilə
Qərb arasında münasibətlər “soyuq müharibə” dövründəki kimi inkişaf
edəcək. Rusiya atom dövlətidir. Bunu unutmaq olmaz. SSRI çökəndən sonra
ötən müddətdə Rusiyanın 20 illik tarixi yalnız məğlubiyyətlərdən ibarət
olub. Rusiya Körfəzdə müharibə arzulamırdı. Səddam Hüseyn Rusiyanın
müttəfiqi idi. Rusiya Iraqın neftindən də istifadə edirdi. Amma
Rusiyanın müttəfiqi olan Iraq rejimi çökdürüldü. Liviya da Rusiyanın
müttəfiqi idi. Burada da rejim dəyişikliyi baş verdi. Əfqanıstan və
Yuqoslaviya da Rusiyanın müttəfiqi kimi sıradan çıxarıldı. Bütün bunlar
rusların ürəyində bir faciə idi. Rus xalqı uzun müddətdir ki, imperiya
ruhunda yaşayıb. Indi də rus kanallarında antiQərb təbliğatı
aparılmaqdadır. Putin son addımı ilə rusların rəğbətini qazandı. Putin
bir növ rusların hissləri ilə oynayaraq, ölkədəki bədbin əhval-ruhiyyəni
aradan qaldıra bildi. Eyni zamanda Putin açıq şəkildə bəyan edib ki,
Rusiya imperiyadır və bu imperiyanın öz maraqları var.

“Ukrayna uğrunda savaş hələ bitməyib”

– Ukraynadakı proseslər bu ölkənin Avropa Birliyinə inteqrasiyasından
başladı. Amma hazırda Avropa Birliyinin genişlənməsinin qarşısında
Rusiya dayanıb. Avropa Birliyi Rusiyanın bu dirənişi nəticəsində geri
çəkiləcəkmi? Yoxsa Avropa Birliyi siyasətinə davam edəcək?

– SSRI çökəndən sonra Ukrayna uğrunda Qərblə Rusiya arasında mübarizə
davam edib. Bu mübarizədə Yuşşenkonun hakimiyyətə gəlməsiylə ABŞ-la
Qərb qalib gəlib. Amma Rusiya mübarizədən çəkinmədi. “Demokratik”
yollarla mübarizə apararaq Rusiya sonda Yanukoviçi hakimiyyətə gətirə
bildi. Amma Yanukoviçin hakimiyyəti zamanı Ukrayna Avropa Birliyinə yox,
Gömrük Ittifaqına üz tutdu. Qərb baş verənlərdən istifadə edərək
Ukraynada Yanukoviç hakimiyyətindən narazıları dəstəklədi. Nəticədə
milliyyətçi qüvvələr Ukraynada hakimiyyətə gəldilər. Rusiya baş
verənlərə reaksiya verdi. Rusiyanın Ukraynadakı maraqları Qara dəniz
donaması, Sevastopol və Krımdır. Rusiya bu maraqlarına görə sona qədər
getməyə və döyüşməyə hazırdır. Amma Qərb bu maraqlar uğrunda döyüşə
deyil, sanksiyaların tətbiqinə yol verə bilər. Artıq Ukraynada Qərblə
Rusiyanın həlledici mübarizəsi başlayıb. SSRI-nin dağılmasından sonra
Ukrayna uğrunda gedən savaş hələ bitməyib. Avropa Birliyi öz genişlənmə
siyasətindən əl çəkən deyil. Avropa Birliyi Rusiyanı iqtisadi
sanksiyalarla çökdürmək istəyir. Sadəcə Qərb Putin iqtidarını çökdürmək
istəyir. Qərbin hədəfi kapitalizmə qədəm qoymuş rus biznesmenlərini
çökdürmək deyil. Qərb bilir ki, sahibkarlara zərbənin vurulması
Rusiyanın Şimali Koreyaya çevrilməsinə səbəb ola bilər. Nəticədə yenə
kommunizm, örtülü bazar iqtisadiyyatı qurluşuna sadiq dövlət yarana
bilər. Və bu dövlət də SSRI kimi bir müddət ömür sürə bilər. Qərb bunu
istəmir. Qərbin yumşaqlığı buna əsaslanır. Çünki Qərb hazırda sərt
sanksiya versə, bundan bütün Rusiya əziyyət çəkəcək. Qərb isə yalnız
Putin rejiminin getməsini istəyir.

– Hazırda yayılan başqa maraqlı məlumatlara görə, Ukrayna
sərhədlərinə cəmləşən rus ordusunun Moldovanın Dnesteryanı ərzisinə
gedəcəyi gözlənilir. Bundan başqa, Rusiyanın özünə birləşdirə biləcək
yerlər sırasında digər məkanların da adı çəkilir. Bu ideya nə dərəcədə
realdır?

– Əgər Rusiya belə bir addım atsa, Qərb həqiqətən də Kremllə müharibə
vəziyyətinə keçəcək. Səbəb də ondan ibarətdir ki, Putin artıq bir neçə
dəfə bəyan edib ki, onlara Ukraynanın başqa əraziləri lazım deyil.
Rusiyanın dövlət strukturları da bəyanat veriblər ki, digər dövlətlərdə
onların gözü yoxdur. Yox, bu bəyanatlardan sonra Rusiya gözlənilməz
şəkildə Krımdakı kimi Dnestryanını işğal etsə, bu, müharibənin
başladığına işarə olacaq. Ona görə də Rusiyanı ən sərt sanksiyalar, ən
sərt addımlar gözləyə bilər.  Amerika qoşunlarının, NATO-nun Moldovaya,
Ukraynaya müdafiə məqsədiylə gəlməsi Rusiyanın addımlarının fonunda
mümkündür. Putinin belə bir addımı Rusiya üçün arzuolunmaz situasiya
yarada bilər. Ona görə bu ssenarinin reallaşması inandırıcı deyil.

“Azərbaycana real təhlükə var”

– Rusiyaya birləşdirilə biləcək ərazilər sırasında Dağlıq Qarabağın
da adı çəkilir. ABŞ-ın ölkəmizdəki səfiri baş verənlərdən narahatlıq
keçirdiklərini bəyan ediblər. Rusiyanın Azərbaycanla bağlı belə bir
planı nə dərəcədə inandırıcıdır?

– Bir məqamı unutmaq lazım deyil ki, Qarabağ onsuz da neçə ildir
Rusiyanın nəzarətindədir. Rus tankları Bakının 400 kilometirliyindədir.
Rusiyanın iyirmi ildir ki, Qarabağ probleminin həll olunmasına imkan
verməməsi təsadüfi deyil. Çünki Rusiya Cənubi Qafqazı yenə də ram etmək
istəyir. Rusiya Azərbaycanla Ermənistana təklif edir ki, Qarabağ
problemini həll edir. Amma bir şərtlə, hər iki dövlət Rusiyanın
rəhbərliyini qəbul edir. Ermənistan onsuz da Rusiyanın nəzarəti
altındadır. Azərbaycanda isə Rusiyanı kritik məqamda dəstəkləyəcək
qüvvələr var. Məsələn, çox qəribə də olsa, Çexiyada Rusiyanın apardığı
siyasətə dəstək verildi. Çexiya sovet təcavüzünə məruz qalan ölkədir.
Amma Rusiyanın “5-ci kolonu” hər yerdə var. Əgər Rusiyanın Qarabağı
özünə birləşdirmək arzusu olsaydı, bunu çoxdan edərdi. Qarabağı da
Abxaziya və Osetiyanın taleyi gözləyərdi. Amma belə görünür ki,
Rusiyanın belə bir marağı yoxdur.

– Ukrayna ilə Azərbaycan arasında bir sıra məsələlərə görə paralellər
aparılırdı. Ukrayna ilə Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlıqda
bir-birinə çox yaxın olduğu deyilirdi. Bütün bu məqamlar nəzərə
alınarsa, Ukraynanın üzləşdiyi problemə Azərbaycan necə yanaşmalıdır.
Azərbaycandan Rusiyaya qarşı hansı reaksiya sərgilənməlidir?

– Azərbaycanın bir müddət gözləmə siyasəti seçməsi başadüşüləndir.
Amma Azərbaycan hər bir dövlətin ərazi bütövlüyünü və suverenliyini
tanımalıdır. Çünki Azərbaycanın ərazi bütövlüyü pozulub. Lakin bir sıra
məsələlər Avropa Birliyindən asılıdır. Çünki Avropa Birliyininin “Şərq
Tərəfdaşlığı” proqramına ümidi qaytarmaq, təşkilatla əlaqələri
istiləşdirmək üçün gərək Brüssel bir sıra uğurlara imza atsın. Artıq
dünyada hamıya məlum olsun ki, Avropa ilə ABŞ təcavüzkarı cəzalandırır.
Proseslərin nəylə bitəcəyini proqnozlaşdırmaq çətindir. Bəlkə, Rusiya
heç nəyə baxmadan 20-ci əsrin başlanğıcında olduğu kimi işğal siyasəti
yürüdərək, SSRI-ni bərpa etməyə çalışacaq. Bu ehtimallar da istisna
edilməməlidir.

– Azərbaycanın şimal-qərb zonası həmişə Rusiyanın təzyiqinin olduğu
bölgə sayılır. Hazırda həmin ərazi ilə bağlı böyük narahatlıq var.
Rusiyanın Azərbaycana qarşı təzyiq imkanları yalnız bununlamı
məhdudlaşır?

– Əgər Rusiya Ukraynadakı əməliyyatlarını uğurla başa vursa və Qərb
Rusiyanın Krımda hökmranlığını tanımış olsa, o zaman Azərbaycana ciddi
təhlükələr yaranacaq. Azərbaycan Rusiyadan 3 istiqamətdən gələ biləcək
zərbələrə açıqdır. Birinci istiqamət Qarabağ tərəfindəndir. Qarabağdan
Rusiya istənilən an Azərbaycana zərbə endirə bilər. Ikinci istiqamət
Astraxanda dayanan rus donamasıdır. Onlar bir neçə saata Bakının
sahillərində lövbər sala bilərlər. Üçüncü istiqamət Dağıstandan gələ
biləcək rus qoşunlarıdır. Rusiya atıq neçə vaxtdır ki, bu ərazidə hərbi
kontingent yığıb.

Türkiyəni nə gözləyir?

– Türkiyə seçki astanasındadır. Seçki ərəfəsində Türkiyədə kifayət
qədər maraqlı olaylar baş verdi. Amma bütün bunlara baxmayaraq Ərdoğan
yenə də seçkinin əsas favoritidir. Türkiyədə baş verənləri necə
qiymətləndirirsiniz?

– Azərbaycan üçün ən əsas Türkiyənin stabil və güclü olmasıdır. Mən
şəxsən Ərdoğanın bu qədər böyük dəstək almasına sevinirəm. Bu onu
göstərir ki, türk xalqı Ərdoğanın arxasında dayanıb. Ərdoğanın apardığı
siyasət Türkiyəni inkişaf etdirib. Bəli, mən də etiraf edirəm ki,
Ərdoğan uzun müddətdir hakimiyyətdədir. Türkiyədəki vəziyyət hakimiyyət
uğrundakı mübarizədir. Amma onu da nəzərə almaq lazımdır ki, Türkiyə ABŞ
deyil ki, orada Demokratlarla Respublikaçılar növbə ilə bir-birini əvəz
etsin. Ərdoğanın rəqibləri demokratik yol ilə qələbə qazana bilirlərsə,
buyursunlar. Qərarı Türkiyə xalqı qəbul edir. Əgər türk xalqı dşünürsə
ki, Ərdoğan siyasətinə davam etməlidir, biz ona hörmətlə yanaşmalıyıq.
Bu günə qədər heç kim Ərdoğanı seçki saxtakarlığında ittiham etməyib.

– Ərdoğanın “Nurçu”larla mübarizəsi də pik həddinə çatıb. Ərdoğanın
bu mübarizəsi təkcə dövlət daxilində dövlət qurmaq niyyətinin alt-üst
edilməsi kimi yox, eyni zamanda bir sıra xarici qüvvələrə qarşı aparılan
mübarizə kimi də dəyərləndirilir?

– Türkiyədə “Nurçu”lara qarşı mübarizə mənim üçün anlaşılmır.
“Nurçu”lara ittihamları da anlamıram. Deyirlər ki, “Nurçu”ların geniş
şəbəkəsi, ticarət obyektləri, bankları var. Əsas odur ki, əgər bu
“Nurçu”ların cinayətləri varsa, onlar ortaya çıxarılsın və ifşa olunsun.
Amma bunlar barədə heç kim heç nə demir. Ona görə Türkiyədə baş
verənlər birmənalı qiymətləndirilmir.

Short URL: http://www.cumhuriyyet.net/?p=5361

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728