“Belə getsə, Qarabağ düyününü hərbi yolla açmaq lazım gələcək”
15.02.2016 - 10:37
Çexiyalı tanınmış analitik: “Guya ”balans” yaratmağa çalışan Rusiya əslində Ermənistanın tərəfindədir…”
Qarabağ danışıqlarında faktiki, ikinci ildir davam edən durğunluq sövq-təbii müharibə risklərini də artırıb. Bu barədə indi həm hərbi, həm də siyasi ekspertlər danışmağa başlayıblar və mütəmadi şəkildə bədbin proqnozlar verməkdə, xəbərdarlıqlar etməkdədirlər. Vəziyyət, təbii ki, Qərb təhlilçilərinin də diqqət mərkəzindədir.
“Dondurulmuş Dağlıq Qarabağ münaqişəsinin ”donu” açılmağa başlayıb və son zamanlar Azərbaycanla Ermənistanın yeni qanlı müharibəyə başlayacağı haqda tez-tez xəbərdarlıqlar eşidilməkdədir”. Bu barədə tanınmış çexiyalı analitik Lukaş Vizinqr konfliktə həsr elədiyi məqaləsində yazır.
Onun qənaətincə, konflikt ətrafında situasiya Putinin hakimiyyət başına gəlişi ilə daha da mürəkkəbləşməyə üz tutub. “Praqmatik, eyni zamanda ambisiyalı siyasət yürüdən Kreml təkcə Ermənistanın müdafiəsi ilə kifayətlənməyib, həm də ”Parçala və hökm sür” prinsipi ilə hərəkət eləməyə başlayıb. Bakı ilə Moskva arasında əlaqələr xeyli dərəcədə istiləşib – Azərbaycana müasir Rusiya silahları satılmağa başlayıb. Ancaq Moskva bu silahları yüksək qiymətə satdığı halda, Ermənistana onu güzəştlərlə, bəzən isə havayı verir” – qeyd edir ekspert.
Analitik daha sonra yazır: “Azərbaycan neft-qazın ixracından gələn gəlirlərlə formalaşan zəngin büdcə hesabına özünə böyük həcmdə silah almağı (əvvəlcə Türkiyədən, Ukraynadan və İsraildən, sonra isə Rusiyadan) özünə rəva görə bilir. Nəticədə bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən böyükdür. Bu mənada heç də təəccüblü deyil ki, Moskva ucuz hərbi texnikanı Ermənistana ötürməklə ”balans” yaratmaq zərurətini hiss edir”.
Lakin analitik hesab edir ki, dövran dəyişir və artıq neçə aydır Dağlıq Qarabağ konflikti bir neçə il öncəki kimi heç də dondurulmuş münaqişə deyil: “Son vaxtlar təmas xəttində insidentlər xeyli artıb, sərhəddə çoxsaylı tanklar dayanıb. Bir neçə dəfə hərbi vertolyotlar və pilotsuz aparatların iştirakı ilə insidentlər baş verib. Azərbaycan dünya ictimaiyyətinə bəyan edir ki, onun səbri tükənir və konflikti sonsuzadək uzatmaq mümkün olmayacaq. Odur ki, sülh anlaşmaları fiasko olsa, Qarabağ məsələsinin hərbi yolla həllini gözləmək lazım gələcək”.
Müəllif ardınca Azərbaycanın “FC 1″ Çin-Pakistan qırıcılarını almaq istəyinə toxunur: ”Ermənistan isə guya Rusiyanın ayıracağı kredit hesabına müasir “Su 30″CM təyyarələrini almağı düşünür. Beləliklə, Moskva bununla bir daha sübut edir ki, ”Parçala, hökm sür” prinsipinə rəğmən, o, əslində Ermənistanın tərəfindədir. Ancaq tamamilə məntiqli bir sual ortaya çıxır ki, hazırkı “silahlı hədələnmələr” və Qafqazda gərginliyin artması kimə sərfəlidir?”
Suala analitik özü də cavab verir: “Ermənistanı status-kvo birmənalı şəkildə qane edir, çünki Dalıq Qarabağ faktiki olaraq onun bölgəsi kimi mövcudluğunu saxlayır. Azərbaycana gəlincə, müharibənin onun maraqlarına daxil olduğu şübhəlidir, çünki özünün Ermənistan üzərində hərbi üstünlüyünə rəğmən, Bakı bəlli məsələdir ki, Rusiya ilə qarşıdurma istəməz. Ermənistan ərazisində iki Rusiya bazası yerləşdirilib və aydındır ki, Kremli münaqişənin ”dondurulmuş” vəziyyəti daha çox qane edir. Bu halda o, münaqişə tərəfləri arasında arbitr və vasitəçi olmaq imkanını saxlamış olur”.
***
Rusiyanın kritik məqamda Ermənistanın tərəfini tutacağı əslində sirr deyil və bunu bir sıra başqa təhlilçilər də söyləyir. Zatən, Rusiya prezidenti Vladimir Putinin ötən ilin aprelində uydurma erməni “soyqırımı” iddialarının 100-cü ildönümündə Türkiyə və Azərbaycan kimi tərəfdaşların maraqlarını tapdayaraq, İrəvana getməsi bunun növbəti nümayişi idi. Hərgah, Rusiya rəsmiləri Azərbaycanı Rusiyanın vazkeşilməz strateji tərəfdaşı adlandırmaqdan yorulmurlar.
Bu arada mərkəzi ofisi Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hazırladığı “Hərbi Balans – 2015″ hesabatında Azərbaycan və Ermənistan ordularının müqayisələri də yer alıb. Hesabatdan bir daha Azərbaycanın işğalçı Ermənistan üzərində həm canlı qüvvə sarıdan (44 800 hərbçiyə qarşı 66 950 əsgər, ehtiyat – 210 min nəfərə qarşı 300 min nəfər), həm də texnika baxımından üstünlüyü aşkar görünür.
Həmçinin, hərbi məqsədlər üçün büdcədən ayrılan vəsaitlər müqayisəyəgəlməzdir. Məsələn, 2015-ci ildə Azərbaycanın hərbi büdcəsi 1 milyard 738 milyon dollar olubsa, Ermənistanda bu rəqəm cəmi 414 milyon dollar olub. Necə deyərlər, fərq göz deşir. Di gəl, hələ ki, Ermənistanı işğal elədiyi ərazilərdən çıxarmaq mümkün olmayıb. Çünki təcavüzkarın arxasında Rusiya dayanıb – Ermənistanın özü kimi işğalçı olan Rusiya. “Arxalı köpək” məsələsi yəni…
Short URL: http://www.cumhuriyyet.net/?p=53619