Bakıda dilənçi mafiyasını hansı məmur himayə edir?
Küçələrə tökülən kimsəsiz uşaqlarla bağlı şok faktlar
Bakıdakı kimsəsizlərin 60%-ə yaxınını qaraçı uşaqları təşkil
edir. Bu barədə bir müddət öncə mətbuata açıqlamasında Kimsəsiz
Uşaqların Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə bildirib. Onun
sözlərinə görə, bu uşaqlar paytaxta respublikanın müxtəlif
bölgələrindən gəlirlər: “Belə uşaqlarla qeyri-hökumət təşkilatları və
polis əməkdaşları işləyirlər. Lakin yenə də bu sahədə xeyli problem var.
Kimsəsiz uşaqların bəzilərinin valideynləri həbsdədir, bəzilərinin
valideynlərinin himayəsində bir neçə yetkinlik yaşına çatmamış uşaq var.
Belə ailələr üçün həmin uşaqları maddi cəhətdən təmin etmək çətindir.
Bəzi valideynlər isə yeni ailə quraraq uşaqlarından imtina edirlər.
Uşağın evi yoxdursa, o, mütləq küçələrə düşəcək. Küçə uşaqları tez bir
vaxt ərzində toksikomana, narkomana çevrilir, erkən cinsi həyata
başlayır, cinayət törədirlər.”
Bir həqiqəti də unutmayaq ki, uşaqlar küçədə nə qədər çox
olarlarsa, onları normal həyata qaytarmaq da bir o qədər çətin olur.
Belə uşaqlar azad həyat tərzinə öyrəşir, pis vərdişlər qazanır, zəhərli
maddələrdən asılı olurlar. Bu uşaqları normal həyat axarına qaytarmaq
üçün illər tələb olunur. Küçədə cəmi bir gün keçirmiş uşağın
reabilitasiyası üçün bir ay tələb olunur. Küçədə keçirilən vaxt bir ay
olarsa, reabilitasiya müddəti bir il çəkir.
Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsinin
rəisi Mehman Sadıxov söyləyib ki, uğursuz ailədən olan və kimsəsiz
uşaqlar tez-tez narkotik maddə, eləcə də qətl, soyğunçuluqla bağlı
müxtəlif növ cinayətlər törədirlər: “Nəticədə bu uşaqlar PX üçün əsas
kontingentə çevrilirlər.”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN)
bildirilib ki, yaxın vaxtlarda Azərbaycanda kimsəsiz uşaqlar üçün Sosial
sığınacaq və Sosial reabilitasiya mərkəzi yaradılacaq.
Qeyri-rəsmi məlumatlara görə, ölkə ərazisində 5 minə yaxın
küçə uşağı var. Əslində bu gün küçələrdə SAHİBSİZ kimi görünən uşaqların da bir
ARXASI var. Yəni onlar heç də kimsəsiz deyillər. Bu barədə redaksiyamızı
bilgiləndirən hüquq-mühafizə orqanındakı mənbə iddia edir ki, həmin
uşaqların bəziləri dilənçi şəbəkələrinə aiddir.
Mənbəmiz maraqlı faktları da açıqlayıb: “Dilənçi şəbəkəsi
adına uyğun olmayaraq bu gün ən çox gəlir gətirən bir sahədir. Bu sahəyə
də hüquq-mühafizə orqanlarında himayədarlar tapılıb. Və kifayət qədər
ciddi söykənəcəyə malik olan bu sahədən külli miqdarda gəlir götürülür.
Bəlkə də təsəvvür etməzsiniz”. Mənbəmiz həmin şok rəqəmi də açıqlayır:
“Bir ay ərzində Bakıdakı dilənçi şəbəkəsinin qazancı 200 min manatın
üzərindədir. Həmin məbləğin böyük hissəsi məhz “yuxarıdakı himayədara
çatır. O, isə ayrı-ayrı yerlərin haqqını da qazancından verir”.
Mənbəmiz bildirdi ki, eyni zamanda kimsəsiz uşaqlar müxtəlif
təhlükəli dairələrin də əsas hədəfidir: “Onların müəyyən bir hissəsi
aldadılaraq ölkədən kənara çıxarılır. Qızların əxlaqsız yollara cəlb
edilməsi, oğlanların isə daha çox orqan mafiyasının əlinə düşməsi
faktları da mövcuddur ki, bu barədə yerli mətbuatda da yetərincə
yazılıb”.
Redaksiyamızın əldə etdiyi məlumatlara görə, bu gün Bakıdakı
kimsəsiz uşaqlarla bağlı dövlətin hər hansı fəaliyyət proqramının
olmaması hətta təhlükəli dini təriqətlərin də bir baza kimi həmin
çevrəyə nüfuz etməsini asanlaşdırır: “Onlar bir qarın yemək üçün
istənilən təhlükənin içinə düşünmədən atıla bilirlər. Deməli, böyük
təhlükədirlər. Əgər hansısa təhlükənin əlinə düşərlərsə… Yəni dövlətin
onlara sahib çıxması bu gün ən vacib şərtlərdən biridir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=5371