Əli Hüseynov Ağ Evin üzünə ağ oldu
ABŞ- ın milyon yarımlıq layihəsini yeyən deputatdan nankor davranış…
“İsmayıllı işi” ilə
bağlı, başda İlqar Məmmədov və Tofiq Yaqublu olmaqla təqsirləndirilən şəxslərə
17 martda Şəki Ağır Cinayətlər Məhkəməsində hüquq anlayışına aid olmayan,
biabırçı hökm oxunub. Onların hər biri 4 ildən 7 ilə qədər azadlıqdan məhrum
edilib. Məhkəmənin qərarı o qədər ədalətsiz olub ki, hətta ölkədə baş verən bir
çox qanunsuz və haqsız hərəkətlərə göz yuman ABŞ-ın ölkəmizdəki səfirliyi də bu
qərara çox sərt təpki göstərib. Səfirlik məhkəmənin qərarını siyasi sifariş
adlandırıb.
Əli Hüseynovdan qeyri- səmimi çarpıcı açıqlama
Diqqətimizi çəkən məqam
ABŞ səfirliyinə Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu Komitəsinin sədri Əli Hüseynovun göstərdiyi adekvat reaksiyadır. Gəlin öncə
Əli Hüseynovun Azadlıq radiosuna verdiyi müsahibədə həmin hissəyə nəzər
yetirək. ” İsmayıllı hadisələrinə görə saxlananlara dünən (martın 17-də) hökm
oxundu. ABŞ səfirliyi bu hökmlərdən təəssüfünü bildirib, prosesdə ciddi
pozuntuların olduğunu bəyan edib. Siz nə düşünürsünüz bu barədə?”-sualına
Ə.Hüseynov belə cavab verir: “ABŞ
səfirliyinin mövqeyinə çox mənfi yanaşırıq. Ona görə ki, ABŞ səfirliyi verdiyi
bəyanatlarla Azərbaycanda müstəqil məhkəmə sisteminin formalaşdırılmasına çox
ciddi maneçilik törədir. Axı bu, yol verilməyən haldır. Siz necə təsəvvür edirsiniz,
hansısa ölkədə bizim səfirliyimiz məhkəmə sisteminin qəbul etdiyi qərarla bağlı
siyasi bəyanat versin? Bunu necə qəbul etmək olar?”. Ardınca isə parlamentin
komitə sədri səfirliyin bəyanatından təəssüf hissini açıq şəkildə dilə gətirir:
“Əlbəttə, verilməməliydi. Hörmətlə yanaşılmalıydı. Hətta pozuntu olan halda da
hüquqi mexanizmdən istifadə etmək lazımdır. Bu bəyanat birmənalı şəkildə
verilməməliydi. Bunu biz onlarla diskussiyalarda da söyləmişik, söyləyəcəyik.
Buna yol vermək olmaz”.
Sözügedən
məhkəmə prosesində şahid ifadələrinin
ziddiyyət təşkil etməsi və prosesin şou təsiri bağışlamasına da deputat Əli
Hüseynovun münasibəti də qəribə olub: “Nə
AzadlıqRadiosu, nə ABŞ səfirliyi, nə də mən – Məhkəmə-Hüquq Şurasının üzvü kimi
məhkəmə prosesini dəyərləndirməməliyik. Məhkəmə prosesi ilə bağlı bütün
mübahisələr növbəti instansiya məhkəməsində mübahisələndirilə bilər. Azərbaycan
Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasındadır. Azərbaycan o ölkədir
ki, Avropa Məhkəməsində işlərin sürətli baxılmasına dair 14 saylı protokola bir
çox ölkədən tez qoşulub. Yəni bizim hüquq sistemi bu baxımdan açıqdır. Ancaq
biz, siz, mətbuat, ABŞ səfirliyi və başqaları istəyiriksə ki, müstəqil məhkəmə
sisteminin formalaşdırılmasına töhfə verək, belə hər hansı müdaxilədən
çəkinməliyik. ABŞ-da buna görə məsuliyyətə cəlb edərlər. Bu, məhkəmənin işinə
birbaşa müdaxilədir.
Avropa Məhkəməsinə sayğısızlıq
Göründüyü kimi
Əli Hüseynov məhkəmənin ədalətsiz qərarı ilə bağlı ABŞ səfirliyinin verdiyi
bəyanatın Azərbaycanda müstəqil məhkəmə sisteminin formalaşdırılmasına çox
ciddi maneçilik törətdiyini (!?) qeyd edir və bu yanaşmanı məhkəmənin işinə
birbaşa müdaxilə kimi qiymətləndirir. Hətta səfirliyi sətiraltı ittiham da
edir; “buna görə məsuliyyətə cəlb edərlər”. Eyni zamanda qeyd edir ki, tələsmək
lazım deyil, bütün mübahisələr növbəti məhkəmədə mübahisələndirilə bilər. Və
Azərbaycan Avropa İnsan haqları Məhkəməsinin üzvüdür. Əvvəla Əli Hüseynova
xatırlatmaq lazımdır ki, (o bunu özü də çox gözəl bilir- red.) “İsmayıllı işi”
ilə bağlı verilən məhkəmə qərarı sırf siyasi qərardır. Azərbaycanda
hakimiyyətin iradəsi əleyhinə hansı siyasi qərar növbəti məhkəmə
instansiyasında ləğv olunub və ya dəyişdirilib? Digər tərəfdən son zamanlar Əli
İnsanovun timsalında Azərbaycan höküməti Avropa Məhkəməsinin də qərarlarını
icra etməkdən boyun qaçırır. Yuxarıdakı fikirləri ilə deputat Hüseynov qeyri-
səmimi olduğunu ortaya qoydu.
İki sevda çəkənlərin cəzası var…
Əli
hüseynovun məlum açıqlaması ilə bağlı diqqətimizi çəkən başqa bir məqam da oldu.
Onun sədri olduğu Azərbaycan
Hüquqşünaslar Konfederasiyası bir müddət
öncə ABŞ- ın USAID təşkilatından 1,5 milyon ABŞ dolları çərçivəsində qrant
layihəsini maliyələşdirib. “Azərbaycan Hüquqlar Konsorsiumu” adlanan
layihəsinin rəhbəri də Əli Hüseynovun özüdür. Necə deyərlər Əli müəllim bir
tərəfdən ABŞ- ın çörəyini yeyir, digər tərəfdən onu ittiham edir.
Yeri gəlmişkən qeyd edək ki, layihənin
məqsədi hüququn aliliyi və vətəndaşların hüquqlarını və maraqlarını daha yaxşı
müdafiəsini təmin etməkdən ötrü hüquqi maarifləndirmə və vətəndaş cəmiyyətinin
təsirliliyinin artırılmasıdır (!?). Həm də onu nəzərə çatdıraq ki, Əli
Hüseynovun QHT- lər haqqında qanuna edilən son mütrəce dəyişikliklərin müəlliflərindən
biridir. Atalarımız bu yerdə deyiblər “utanmasan oynamağa nə var ki”. Yəqin ABŞ
səfirliyi və həmin ölkənin tanınmış USAİD təşkilatı ən azından təmsil etdiyi
ölkənin imici baxımdan bu açıqlama ilə bağlı lazımi addımlar atacaq.
Bizim
isə Əli Hüseynova bir tövsiyyəmiz qalır; “Adam su içdiyi qaba tüpürməz”. Bir də
unutmasın ki, bir əldə iki qarpız tutmaq olmaz və ya bir könüldə iki sevda
olmaz. Olanda rəhmətlik Hacıbaba Hüseynov demişkən iki sevda çəkənlərin cəzası
var…
Orxan
Oğuz
Short URL: http://www.cumhuriyyet.net/?p=5372