Harın məmurların qudurğan övladları…
Onlar İlham Əliyevdən necə “nümunə” götürsünlər?
“…Görəsən, harın
məmurların qudurğan övladları niyə onlara bu cəh- cəlalı bəxş edən, atalarını,
analarını yüksək dövlət vəsifəsinə təyin edən İlham Əliyevin sözlərindən nəticə
çıxarmır?”
Azərbaycanın
bir qrup harın, qudurğan, korrupsioner mafioz, kriminal dəstə tərəfindən idarə
və talan edildiyi son zamanlar daha qabarıq şəkildə hiss olunmaqdadır. 2013- cü
ilin dekabr ayının sonlarında Qarabağ qazisi Zaur Həsənovun ona edilən
haqsızlığa etiraz edərək özünə od vurub yandırması ilə ölkədə intiharlar dalğası
geniş vüsət aldı. İnsanlara edilən haqsız münasibətin fonunda özünə qəsd
edənlərə görə nəinki kimsə cəza aldı, əksinə Səttar Mehbalıyevin timsalında
onlar öz vəzifəsində qaldılar, Sumqayıt RİH başçısı Eldar Əzizov isə özünə qəsd
edən Malik Məcidovu dəlixanaya saldırdı. Yevlaxda anoloji digər intihar
hadisəsi zamanı isə vətəndaşa “alkaş” deyib damğaladılar. Bütün bu hadisələr
bir daha onu göstərdi ki, bu hakimiyyət üçün Azərbaycan xalqı yad bir
məhvumdur, düşmən insanlardan ibarət yığnaqdır.
Son
zamanlar yüksək vəzifə tutan məmurların harınlaşması, onların övladlarının
qudurğan hərəkətləri, bu hərəkətlərin isə hər hansı cəza ilə müşayət olunmaması
hakimiyyətin xalqa göstərdiyi nifrət dolu münasibətin daha bir isbatını ortaya
qoydu.
“Ərköyün” məmur övladları…
Bəzi
vəzifəli imkanlı şəxslərin övladlarının ataları kimi qudurğan hərəkət etməsi
yeni hadisə deyil. Xatırlayırsınızsa bu barədə ilk məlumatlar Nəqliyyat naziri
Ziya Məmmədovun oğlu Anar Məmmədovun 100 min manata ayı əti yeməsi ilə gündəmə
gəldi. Sonrakı vaxtlarda isə Naxçıvan xanı Vasif Talıbovun oğlu ərköyün
hərəkətləri və bahalı maşınlarını nümayiş etdirməklə özünü göstərdi. Sonrakı
dövrlərdə bu “özünü göstərmələr” sislislə halını aldı və məmur övladları
arasında bəhsə- bəhs yarışı yaratdı. Bu hərəkətlərin kulminasiya nöqtəsi 2013-
cü ilin məşhur İsmayıllı qiyamı oldu. Ona görə ki, məhz həmin hadisələrdən
sonra dövlət başçısı danışmaq və barmaq silkələmək məcburiyyətində qaldı…Yeri
gəlmişkən qeyd edək ki, İsmayıllı rayon İcra hakimiyyətinin o zamankı başçısı
Nizami Ələkbərovun oğlunun içkili vəziyyətdə maşını yüksək sürətlə insanların
üstünü sürüb, idarə etdiyi maşını ağaca vuraraq sonra yerli sakinləri
təhqir etməsi adı çəkilən rayonda
camaatın ayağa qalxmasına və icra başçısına məxsus “Çıraq” otelini yandırması
ilə nəticələndi. Təəssüflə qeyd etmək lazımdır ki, hadisələrin baş verməsinin
əsas səbəkarı olan Nizami Ələkbərovun oğulu cəzasız qaldı, İlqar Məmmədov və
Toqfiq Yaqublu başda olmaqla 16 nəfər yerli sakin həbs olunub məhkəmə qarşsına
çıxarıldı. Dünən isə hakim onların hər birinə 4 ildən 7 ilə qədər iş kəsdi.
“Məmurlar və onların uşaqları
qudurğanlıq edirlər”
Qayıdaq
İlham Əliyevin məmurların harınlaşmış, ərköyün ödladlarının qudurğan
hərəkətləri ilə bağlı 1 il öncəki məşhur çıxışına. O, 2013- cü ilin fevralın 12-də Bakı Biznes Mərkəzində keçirilən
“2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı”nın icrası
ilə bağlı konfransdakı çıxışında demişdi. “Vəzifəli şəxslərin uşaqları
qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim
onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları
mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm
ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara
bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq… Bəzi hallarda məmurlar
vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər,
qudurğanlıq edirlər. Bütün bunlar var. Onlar aradan götürülməlidir”.
Maraqlı və diqqət çəkən çıxışdır. Amma nə yazıq ki,
bu çıxışdan sonra da məmur övladları harın hərəkətlərini dayandırmadılar. İlham
Əliyev hökümətində ən yüksək səviyyədə vəzifə tutan Vasif Talıbov, Aydın Bəşirov, Nazim İbrahimov, Vaqif Axundov və
onlarla digər məmurların, hətta icra başçılarının, polis rəislərinin, iş
adamlarının övladlarının meşşan, qudurğan yaşayış tərzlərinin, yarı
çılpaq əyləncə şəkillərinin, eyş- işrət məclislərinin, bahalı evlərinin və
maşınlarının foto görüntüləri yayıldı. Bir neçə gün öncə isə daha bir məmur
övladı dəyəri 250 min manat olan “Mercedes Gelandewagen
G55 AMG” markalı avtomobili yüksək sürətlə idarə edərək içkili vəziyyətdə qəza
törədib. Qəza zamanı görkəmli tarzən, xalq artisti Ağasəlim Abdullayevin 4
yaşlı nəvəsi və həyat yoldaşı həlak olub. Daha üç nəfər, o cümlədən xalq
artistinin özü isə ağır yaralanıb.
Bir ailənin iki üzvünün
öldürən, üç üzvünü ağır yaralayan “Gelandewagen”in sürücüsü isə Xəzər Dəniz
Neft Donanmasının keçmiş rəisi Mübariz Mədətovun oğlu, 1976-cı il təvəllüdlü Xalid
Mədətovdur. Qəzadan sonra o və yanındakılar “Gelandewagen”in dövlət nömrə
nişanını (90 FE 007) açaraq aradan çıxıblar. Mübariz Mədədtov Aydın Bəşirovla
qudadır.
Xalqa qənim kəsilənlərin sayı artır…
Bu siyahıda təkcə
məmurlar deyil, xalqın “seçdiyi” deputatların övladları da yarışırlar.
Onlar atalarının oğurladığı milyonlar
hesabına aldıqları “Gelandewagen”ləri, “Lamborghini”, “Porşe” və ya
“MacLaren”ləri hamının gözünə soxurlar. Bakının yollarında saatda 220 kilomer
saatla şütüdüklərini hamıya sübut etmək üçün spidometrin göstəricisini də çəkib
sosial şəbəkələrdə yayırlar. Məsələn, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı,
deputat-biznesmen Elton Məmmədovun oğlu Aynar Məmmədov Zığ şossesində son model
“BMW”də saatda 240 kilometr sürətlə necə şütüdüyünü avtomobilin bort
kompüterinin göstəricilərini çəkib İnstagram-da yayıb. Keçən il də
deputat Ayaz Orucovun oğlu İsmayıl Orucov Azadlıq prospektində ağ rəngli,
“Mercedes Galenvagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli,
“Nissan Juke” markalı, Az 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açmışdı.
Səbəbini də polis bölməsində, “kefimiz kök olub, etmişik” deyərək
bildirmişdi. O hadisədə də deputat oğlu cəzalandırılmamışdı.
Bu rejim başdan- ayağa
Azərbaycan xalqına kənim kəsilib. Bu az imiş kimi qənimlərin biri də artıb-
harın məmurların qudurğan övladları… Məhz onların azğınlaşmış, heç bir ölçüyə
sığmayan hərəkətləri nəticəsində Ağasəlim Abdullayevin ailəsi timsalında
insanlar dünyasını dəyişir, faciə yaşayır. İsmayıllı hadisələri timsalında
vətəndaşlar azadlıqlarını itirir. Qarabağ qazisi Zaur Həsənov kimi adamlar isə
sosial ədalətsizliyə, qeyri- bərabər yaşayışa etiraz olaraq özünə qəsd edir. Bu
özbaşınalığa, quduz hərəkətlərə isə “dur” deyən yoxdur.
İlham Əliyev məmur
övladları ilə bacarmır?…
Xatırlayırsınızsa
İlham Əliyev 2007-ci ildə maşınlarda plyonkaların sökülməsi barədə çıxış etdi.
Bir müddət plyonkalar yığıdırıldı, hətta plyonkaların sökülməsi kampaniyası,
cərimələr və s. başlandı. Amma sonradan bu proses nəinki dayandırıldı, hətta
maşınlara plyonkaların vurulması bərpa olundu və bununla bağlı Nazirlər
Kabineti qərar qəbul etdi. Belə çıxdı ki, İlham Əliyevin qərarı, barmaq
silkələməsi özünə qaldı və nəticəsiz oldu. Bir sözlə o məmur övladları ilə bacarmadı.
Sonda onların sözü və istəyi keçdi. Çünki maşınlara plyonka vuranların böyük
əksəriyyəti gənclər, həmin gənclər isə vəzifəli şəxslərin, məmurların
övladlarıdır. Məmur övladları bu msələdə də İlham Əliyevə qalib gəldilər.
Ortaya maraqlı sual çıxır; vəzifəyə təyin etdiyi məmurların özləri ilə yanaşı
onların övladları ilə bacara bilməyən dövlət başçısı ölkənin hansı problemini
həll edə bilər?
Hərbi xidmətdən və
vergidən yayınan FƏRARİLƏR…
Yenə
ortaya maraqlı bir sual çıxır; Əcəba görəsən torpağının 20 %- i işğal olunan, 1
milyon qaçqını imkansız durumda yaşayan, müəllimi, həkimi, pensiyaçısı, Qarabağ
qazisi ayda 150- 200 manat məvacib alan bir ölkədə bu məmur övladları havaya
sovurduqları, 300- 400 min manata maşın, dəyəri milyonlarla ölçülən vilalar
alıb, kef məclislərini hansı pullarla keçirirlər? Təbii ki, atalarının pulları
ilə. Bəs cəmisi 700- 1300 manat əmək haqqı alan məmur atalar bu milyonları
hardan, necə əldə edirlər? Bax, əsas sual və məsələ budur. Heç şübhəsiz ki,
həmin pullar xalqın cibindən oğurlanan, boğazından kəsilən, büdcədən
çırpışdırlan haram, çirkli pullardır.
Apardığımız
kiçik araşıdrmalarda məlum oldu ki, adları çəkilən həmin məmur övladlarının heç
biri hərbi xidmətdə olmayıb, fəraridirlər. Onlar Vətənə qulluq etməyin nə demək
olduğunu belə birlmirlər. Həmin şəxslərin heç biri vergi uçotunda deyillər və
xərclədiyi milyonlardan vergi ödəmirlər.
Məmur
övladlarına İlham Əliyev “nümunəsi”
Sual yaranır; İlham Əliyev bu barədə məmurlara bütün xalqın gözü
qarşısında var gücü ilə (hər halda TV ekranlarından belə görünür-red.)
xəbərdarlıq edir, barmaq silkələyir, bəs niyə nəticəsi olmur? Hətta o
çıxışlarının birində demişdi ki, elə bilməyin ki, xəbərsizəm. Mən hər birinizin
hərəkətləri barədə tam məlumatlıyam.
Bütün məmurları barədə məlumatlı olan, “korrupsiyaya, xalqa qarşı həqarətli
davranışa aramaızda yer olmamlıdır” deyən, özünü xalqın birinci xidmətçi hesab
edən edən İlham Əliyevin bunca çabalarına, cəhdlərinə və xəbərdarlıqlarına
rəğmən görəsən ölkə niyə düzəlmir? Konkret bu yazıda bəhs etdiyimiz kimi harın
məmurların qudurğan övladları niyə onlara bu cəh- cəlalı bəxş edən, atalarını,
analarını yüksək dövlət vəsifəsinə təyin edən İlham Əliyevin bu sözlərindən
nəticə çıxarmır, onun “sadə, kasıb həyat tərzindən” nümunə götürmürlər?
Zənimizcə sualın çox konkret və net cavabı var. Çünki İlham Əliyevin özü
korrupsiya burulğanında üzür. Qonşu Gürcüstanda korrupsiyanın kökünü kəsən
Sakaşviliyə bu işi qısa vaxtda necə etməsinə dair suala o çox qısa və maraqlı
cavab vermişdi; “Çünki mən özüm rüşvət almadım”. İlham Əliyev lüks həyat sürən,
bahalı villalarda yaşayan, dəyəir 100 minlərlə ölçülən maşınlarda gəzən
məmurlarına və onların övladlarına “bu pullar hardandır” deyə bilməz. Çünki o
bilir ki, bir gün biri də ondan eyni sualı sora bilər; “Dubayda aldığınız 75
milyon dollara villa hansı puldandır?”, “Heydər Əliyev Fonduna yığılan, mənbəyi
məlum olmayan pullar hardandır?”, “Ölkədən ofşar zonalara çıxarılan 40
milyardın taleyi necə oldu?”, “Qızlarınızın pay sahibi olduğu Gədəbəydəki Qızıl
şirkətinə gələn pullar hara xərclənir?” “Koroğlu metrostansiyasından Aeroporta
qədər 14 km
yola xərclənən 390 milyon manatın qalan hissəsi hara xərcləndi”, “Kür
daşqınları və Zaqatala zəlzələsinə ayrılan 1,1 milyard manatın əhəmiyyətli bir
hissəsi hara xərcləndi?” və s. Təbii ki, İlham Əliyev bu suallara cavab verə
bilməyəcək. Yəni Azərbaycanlı məmurlar və onların övladları ölkə başçısı İlham
Əliyevdən məhz davranışlarına uyğun nümunə götürdüklərinə görə bu cür adekvat
davranırlar.
Kurşad KAYA
Short URL: http://www.cumhuriyyet.net/?p=5376