Ziya Məmmədova qarşı "nurçu" zərbəsi
26.03.2014 - 10:23

Kəmaləddin Heydərova yaxın saytlar nazirin oğlu Anar Məmmədov barədə ilginc məlumat yaydı
Nəqliyyat naziri Ziya Məmmədovla fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasında soyuq müharibənin olması barədə mətbuatda dəfələrlə yazılıb. Bunun kökündə isə əsasən iqtisadi maraqlar dayanır. Bu iki oliqarx məmurun maraqları zaman-zaman toqquşub. Hazırda da Ziya Məmmədov və Kəmaləddin Heydərov arasında münasibətlər ürəkaçan deyil.
Belə bir məqamda “fövqəlnazir”ə yaxın media quruluşları Ziya Məmmədovun oğlu Anar Məmmədov barədə ilginc məlumat yayıb. Bu məlumat nəqliyyat nazirinə ciddi zərbə sayıla bilər. Söhbət Anar Məmmədovun nurçuların nəzarətində olan qeyri-hökumət təşkilatlarına maliyyə dəstəyi verməsi barədə xəbərdən gedir. Bu kifayət qədər ciddi ittihamdır. Anar Məmmədov faktiki olaraq nurçularla işbirliyində ittiham olunur. Nurçular isə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla Fətullah Gülənin toqquşmasından sonra Azərbaycanda hədəfə gəlib. Artıq bu nurçu məsələsinə görə bir məmur – Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov işdən çıxarılıb. Hətta onun barəsində cinayət işi başlanması barədə məlumatlar da var. Nurçularla əlaqədə adı hallanan digər məmurların da eyni taleni yaşayacağı bildirilir. Belə bir vaxtda Anar Məmmədovun nurçulara maliyyə dəstəyi verməsi barədə xəbərlər əlbəttə ki, Ziya Məmmədova öldürücü zərbə ola bilər. Bəs bu xəbərlər nə dərəcədə əsaslıdır?
Anar Məmmədovun rəhbəri olduğu “Qarant Holdinq”in hüquqşünası Ruslan Məmmədov “Azadlıq”a açıqlamasında israrla bildirib ki, yayılan məlumatlar həqiqətəuyğun deyil. Onun sözlərinə görə, bu Anar Məmmədova qarşı təxribatdır. “Bu məlumatlar absurddan başqa deyil. Anar Məmmədovun nurçularla heç bir əlaqəsi yoxdur və onların nəzarətində təşkilatlarına maliyyə dəstəyi verməyib. Bu iddialar təxribatdan başqa bir şey deyil. Güman ki, biz bu məsələni məhkəmə müstəvisində həll edəcəyik”, – deyə Ruslan Məmmədov bildirib. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=5380