Azərbaycandakı Rusiyapərəst qüvvələr təşkilatlanır

26.03.2014 - 10:32

Azərbaycandakı Rusiyapərəst qüvvələr təşkilatlanır

Moskva uşaqları”nın yeni vəziyyətə hazırlıqları başladı; Kremlin Krımı işğalından ilhamlanan rusyanlılar hərəkətə keçməyi gözləyirlər; Abbas Abbasovun son müsahibəsi əslində ölkəmizdəki “Rus konseyi”nə mesaj kimi dəyərləndirilir; iqtidardan qovulan bir sıra məmurların da bu qorxunc projedə yer aldığına dair məlumatlar var; şərtlər demokratik müxalifətin iqtidarla əməkdaşlığını qaçılmaz edə bilər
Rusiyanın SSRİ-ni bərpa etmək istiqamətində atdığı addımlar heç bir perspektiv vəd etməsə də, Moskvanın fəallığı Azərbaycandakı Rusiyanın “beşinci kolonu”nu hərəkətə keçməyə vadar edib.
Söhbət heç də daima rus qoşunlarını sərhəddə qarşılamağın həsrətini çəkən kommunistlərdən də getmir. İqtidarda olan “Rusiyanın təsir agenturası” artıq hakimiyyəti “böyük qardaşları”na təhvil verməyin yollarını arayırlar. Hakimiyyət dəhlizlərində olan qərbçi və Türkiyəyə rəğbəti olan hər bir kəs “qara siyahı”ya düşməyə potensial namizəddir. Məsələ bununla da yekunlaşmır. 
Rusiyaya sevgilərini gizlətməyən ziyalılar, siyasətçilər ən müxtəlif metodlardan istifadə edərək, “Şimal ayısı”nın təbliğatına başlayıblar. Bütün bunların fonunda həyatlarını və siyasi karyelarını Rus imperiyasına qarşı savaşa həsr edən milli-demokratik düşərgə yenidən yeganə xilas ünvanı kimi görülməyə başlanıb. Ən acınacaqlısı isə odur ki, obyektiv və subyektiv səbəblər ucbatından ölkədə bu düşərgənin proseslərə təsir imkanları yetərincə deyil. İndi oyuna əllərində böyük maliyyə vəsaitləri olan başqa oyunçular qoşulmağa başlayıblar. 
Vaxtilə Heydər Əliyev komandasında yüksək postlar tutmuş simalar yenidən siyasi olimpə qalxmağın yollarını arayırlar. Onların bu arzusunu Rusiya gerçəkləşdirə bilər. Bu fonda daha çox baş nazirin sabiq müavini Abbas Abbasovun fəallıq göstərməsi sezilir. Görünən budur ki, özünü Kremlin “general qubernatoru” kimi aparan A.Abbasov vaxtilə Heydər Əliyev komandasında yüksək postlar tutan digər şəxslərin də oyunda olduğunu nümayiş etdirir. Daha çox nəzərlər sabiq səhiyyə naziri Əli İnsanova və Prezidentin İşlər İdarəsinin keçmiş müdiri Akif Muradverdiyevə yönəlir. 
Baş verənləri Rusiyanın Azərbaycanda özünə platsdarm hazırlamaq cəhdi kimi də dəyərləndirmək mümkündür. Hər hansı bir formada Azərbaycan siyasi elitası ilə bağlı olan iri çaplı fiqurların əsas biznesinin Rusiyada olması da nəzərdən qaça bilməz. Kremllə sıx bağlı olan nüfuzlu simaların yeni müxalifət adına iddiaları əslində Moskvanın istəyinə uyğundur. Bəzi məlumatlara görə, müəyyən siyasi fiqurlara təsir etmək gücündə olan sabiq məmurlar Rusiya xəttinin daha qabarıq formada təzahür etməsinin tərəfdarı kimi çıxış edirlər və bir sıra fiqurlar vasitəsilə mili-demokratik düşərgənin də yönəldilməsinə çalışırlar.
Yaxın zamanlara qədər Azərbaycan hakimiyyəti bu məsələnin ciddiliyinə böyük önəm verirdi. Vaqif Musayev, Nicat Quliyev, Akif Muradverdiyevin hay-küylü həbsinin pərdə arxasında da Kremlin ssenarisinin dağıdılması göstərilirdi.
O zaman çoxları belə düşünürdü ki, bütün çətinliklərə baxmayaraq iqtidar rusiyapərəst qüvvələrin kütləvi həbsinə başlayacaq. Lakin görünən budur ki, “Kremlin uşaqları” yenidən fəallaşıblar və A.Abbasov kimi Azərbaycanı Rusiyaya qurban etməyi özünə rəva verə biləcək simalar növbəti iqtidar kimi ictimai rəyə təlqin olunmağa başlayıblar.
İllər boyu bütün məhrumiyyətlərə baxmayaraq ölkənin maraqlarını əsas hesab edən milli-demokratik düşərgəni Rusiyaya rəğbəti olan və ənənəvi müxalifətdən fərqli düşüncəyə malik siyasi qüvvələrin əvəzləyə bilməsi sevindirici hal deyil. 
A.Abbasov və digər Heydər Əliyev komandasının vurulmuş üzvləri siyasətə qayıtdıqdan sonra Kremlin daha irimiqyaslı planının işə düşəcəyi ehtimalı da mümkündür. Bir sözlə, “ikinci iqtidar komandası” hakimiyyətə daha yaxın məsafədə görünür. İlk baxışdan burada təəccüblü bir nəsnə yoxdur. Lakin bu qüvvələr iqtidara tam sahib çıxarlarsa, “37-ci il”in qayıtmayacağına heç kəs zəmanət verə bilməz.
Ənənəvi müxalifət hakimiyyətə gələcəyi təqdirdə hazırkı siyasi elitanın təhlükəsizliyinin təmin olunma ehtimalı xeyli dərəcədə böyük görünür. Lakin vaxtilə bu iqtidarda yüksək post tutan və rus tanklarının yardımı ilə siyasi hakimiyyətə qayıtmaq istəyənlər nə hazırkı iqtidara, nə də ki milli qüvvələrə yaşamaq və yaratmaq haqqını tanımayacaqlar. Bu müstəvidə hakimiyyət mənsublarının vəziyyəti daha acınacaqlı görünür. İtirilən yalnız maliyyə rıçaqları deyil, eyni zamanda onların azadlıqları ola bilər. Odur ki, çıxış yolları tapmaq, qabaqlayıcı addımların atılması zərurəti yaranır. İndi bəlli olur ki, müxalifət mətbuatının susdurulması planı da hakimiyyətdə olan “beşinci kolon”un təhriki ilə reallaşdırılıb.
* * *
Bu mövzuda adının çəkilməməsi şərti ilə bizimlə söhbət edən məlumatlı politoloqlardan biri dedi ki, Azərbaycandakı “Rus konseyi” son vaxtlar gizli hörgütlənmə prosesinə başlayıb. Politoloq Abbas Abbasovun son müsahibəsinin əslində bu konseyin üzvlərinə bir siqnal olduğunu düşünür: “Böyük ehtimalla Abbas Abbasov bu cür qəzəbli müsahibə ilə bəzi dairələrə “təşkilatlanın” mesajını ötürüb. Onun müsahibəsindəki ötkəm və qəzəbli ton Rusiyanın gizli agentura şəbəkəsini ürəkləndirməyə hesablanıb desək, yanılmarıq. Kreml “Milyaredrlər İttifaqı”nı bir başqa formada yenidən dirçəltmək istəyir. Bu işin də başında Abbas Abbasovun dayandığı heç kimdə şübhə doğurmur”.
Həmsöhbətimiz bildirdi ki, bu mərhələdə milli-demokratik qüvvələrlə hakimiyyətin əməkdaşlığı qaçılmaz ola bilər: “Azərbaycana qarşı oynanılan bu oyunlar demokratik müxalifətin əhəmiyyətini artırmaqla yanaşı, bu düşərgə ilə hazırkı iqtidarın əməkdaşlıq şansını artırır. Şərt deyil ki, onlar kameralar qarşısında poz verib əməkdaşlıq protokolu imzalasınlar. Bu əməkdaşlıq gizli də aparıla bilər. Çünki ortada ölkəmizin müstəqilliyinin itirilməsi riski var. Belə bir vəziyyətdə iqtidarla müxalifətin ortaya vahid mövqe qoyması, səyləri birləşdirmələri qaçılmazdır, həmçinin vacibdir”.
Aparıcı müxalifət partiyalarından birinin funksioneri isə “Yeni Müsavat”ın “Rusiya təhlükəsinə qarşı iqtidarla əməkdaşlıq edərsinizmi” sualına birmənalı cavab vermədi: “Bu, vəziyyətə bağlı məsələdir, ona görə də buna bəri başdan birmənalı cavab vermək mümkün deyil. Biz Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmışıq. Ölkəmizə istiqlal, suverenlik qazandırmışıq. 
Azərbaycanın başı üzərini yenidən qara buludlar alarsa, heç şübhəsiz buna müşahidəçi qalmayacağıq. Nəsə etməyə çalışacağıq. Bu “nəsə”nin içində hazırkı hakimiyyətlə Rusiya təhlükəsinə qarşı əməkdaşlıq da ola bilər. Və niyə də olmasın?! Söhbət Vətənimizin taleyindən gedirsə müxalifət olaraq istənilən fədakarlığa hazırıq. Amma yaxşı olardı ki, iqtidar öz içindəki Rusiyapərəst qüvvələri, məmur heyətini nəzarətə götürsün, onların fəaliyyətlərini bu və ya digər formada məhdudlaşdırsın. Bu, olduqca çətindir, fəqət mümkünsüz də deyil”. 
* * *
Görünən budur ki, Kiyevdə başladılan anti-Rusiya hərəkatı sonda təkcə Ukrayna üçün yox, əksər postsovet ölkələri, o cümlədən Azərbaycan üçün ciddi problemə çevrilib. Putin Rusiyası hazırda yaralı ayı kimidir, qarşısına çıxanı parçalamağa çalışır. Bu mərhələdə Azərbaycanı “Rus ayısı”nın pəncəsindən uzaq tutmaq lazımdır. Sonrasına isə sonra baxmaq olar. Əsas məsələ vaxt udmaq və ölkəni real təhlükələrdən qorumaqdır. 
Azər RƏŞİDOДћLU
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5381

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930