26 ölkə ilə hərbi əməkdaşlıq nəyə hesablanıb?

26.03.2014 - 10:54

26 ölkə ilə hərbi əməkdaşlıq nəyə hesablanıb?

NATO ilə əməkdaşlıqdan yayınan Azərbaycanın fərdi əməkdaşlığa üstünlük verməsinin pərdəarxası
Cəsur Sümərənli: “Ordu quruculuğu istiqamətində hədəflər bəlli deyil və verilən bəyanatlar daha çox siyasi məna daşıyır”
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Trend”ə verilən məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə hərbi sahədə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığı ildən-ilə inkişaf edir və genişlənir.
Verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikası dünyanın 34 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalayıb. Hazırda daha 26 ölkə ilə analoji müqavilə sənədlərinin imzalanması müzakirə edilir. Qeyd edilir ki, ikitərəfli hərbi əməkdaşlıq üzrə il ərzində Azərbaycanda və xarici ölkələrdə orta hesabla 300-400 müxtəlif dil və ixtisas kursları, işçi görüşləri, seminarlar, konfranslar, tanışlıq səfərləri, qərargah danışıqları, məsləhətləşmələr və digər tədbirlər planlaşdırılaraq həyata keçirilir. Bu tədbirlərdə Silahlı Qüvvələrin 1500-dək nümayəndəsinin iştirakı təmin edilir.
Dünya ölkələri ilə hərbi əməkdaşlıq müsbət haldır və bu əməkdaşlıq silahlı qüvvələrin inkişafına öz töhfəsini verə bilər. Ancaq səslənən fikirlərdə siyasi çalarlar görünür və bu qənaətə gəlmək olur ki, bu statistikalar ilə müəyyən görüntü yaratmağa çalışırlar. Çünki Azərbaycan tərəfinin apardığı siyasət, bunun əksini göstərir. Nəzərə alsaq ki, dünyanın ən böyük hərbi alyansı NATO-dur və Azərbaycan bu qurumla əməkdaşlıqdan imtina edib, o zaman hərbi əməkdaşlıqla bağlı statistik məlumatlar real görünmür və məsələyə daha çox hakimiyyətin siyasi maraqları çərçivəsində yanaşıldığı ortaya çıxır.
“Doktrina” CHAM-ın rəhbəri Cəsur Sümərənli hesab edir ki, statistik məlumatlar cəmiyyəti çaşdırmaq üçündür və ordu quruculuğu sahəsində konkret hədəflər ortaya qoyulmayıb: “Dövlətin konkret hərbi strategiyası olmalıdır və dünya ölkələri ilə hərbi əməkdaşlıqda hansı məsələlərin müzakirə ediləcəyi, silahlı qüvvələrin bu əməkdaşlıqdan necə faydalanacağı müəyyən edilməlidir. Bu gün Azərbaycanın əməkdaşlıq etdiyi xarici ölkələrin siyahısına baxsaq, çox qarışıq mənzərənin şahidi olacağıq. Azərbaycan Rusiya ilə 4 milyard dollarlıq silah sazişi imzalayıb, eyni zamanda Belarus və Ukrayna ilə hərbi əməkdaşlıq edir. Onların hərbi texnikası isə sovet standartlarına uyğundur. NATO ilə əməkdaşlıq isə daha çox nəzəri xarakter daşıyır. Məsələn, NATO zabitləri bura gəlir, Azərbaycan zabitləri NATO-nun kurslarında iştirak edir. Ümumilikdə isə ortada ciddi əməkdaşlıq müşahidə edilmir. Ancaq Azərbaycan və NATO arasında bir sıra sənədlər imzalanıb və rəsmi Bakının üzərinə xeyli öhdəliklər qoyulub. Bu sənədlərin imzalanmasından 9 il ötsə də, Azərbaycan bu öhdəliklərə əməl etmir. Ona görə də xarici ölkələrlə hərbi əməkdaşlıqla bağlı bəyanatlar, statistikadır və siyasi məqsəd daşıyır”. 
Ekspert onu da əlavə etdi ki, ordu quruculuğu ilə bağlı təsdiq olunmuş sənədlər qeyri-müəyyən xarakter daşıyır: “Nə Azərbaycanın hərbi doktrinası, nə də milli təhlükəsizlik konsepsiyası ortaya konkret baxışlar qoymur ki, Azərbaycanın ordu quruculuğunun hansı istiqamətdə gedəcəyi aydınlaşsın. Bu 2 sənədə baxsaq görərik ki, Azərbaycanın ordu quruculuğunun hədəfləri bəlli deyil. Milli təhlükəsizlik konsepsiyasında NATO standartlarına uyğun ordu quruculuğu prioritet kimi göstərilirsə, Hərbi Doktrinada daha çox qarışıq bir ordu sisteminin qurulması prioritet kimi göstərilir. Bu isə qeyri-müəyyənlik yaradır. Xarici ölkələrlə əməkdaşlıq da bu qeyri-müəyyənlik illərində qurulub. Hesab edirəm ki, bu prosesdə həm maliyyə, həm də insan resursunun itkiləri var. Konkret hədəflər olsaydı, bu proseslər ordunun güclənməsinə və lazım olan ölkələrdən hərbi texnikanın alınmasına yönələrdi. Indiki halda isə hərbi əməkdaşlıqlar hakimiyyətin siyasi maraqlarına xidmət edir və ordu məsələsi ikinci plana keçir”.(azadliq.info)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5384

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930