Azəri Günel: “Bir körpə qız övladım olacaq” (MÜSAHİBƏ)

17.02.2016 - 12:39

azeri-gunelAzəri qızı Günel kimi tanınan müğənni Günel Zeynalova primetime.az saytına müsahibə verib.

Allah mübarək eləsin. Bacın ailə həyatı qurdu… (sualımı tamamlamağa imkan vermədən özü danışır)

– Çox xahiş edirəm, ailəmlə bağlı, özəllərimdən danışmayaq. Əsas odur ki, bu xoş gün baş verdi. Allah-Təaladan hamıya ürəkdolusu xoşbəxtlik yaşamağı arzulayıram.

– Günel, bu, bir reallıqdır ki, sən Bakı-İstanbul reysinin ən çox arzulanan sərnişinləri sırasındasan. Hətta sənin vətənə necə gəlib-getdiyindən jurnalistlər belə xəbər tuta bilmirlər.

– Bir mahnının sözlərini xatırladım: “Gecə gəlib, gecə gedirəm” (gülür) . Deməzdim ki, vətənimə hər gəlişimi gizli saxlayıram. Uzun illərdir “İnstagram”ın fəal istifadəçilərindən biriyəm. Bakıya gələndə elə hava limanında şəkil paylaşıram. Düşünün, 225 min izləyicim var. Sevənlərim vətənimə gəldiyimdən hamıdan tez xəbər tuturlar. Ona görə də ehtiyac duymuram jurnalist dostlarıma zəng edib deyim ki, yazın, Bakıdayam.

Niyə mediadan uzaq gəzirsən?

-Deyəsən, artıq yaşlanmışam (gülür). Daha dəqiqi, yaşı artmaqda olan gənc qız kimi həyatımı yaşamağa davam edirəm. Həm Azərbaycan, həm də türk mediasında tez-tez müsahibə verməyin tərəfdarı deyiləm. Amma içimdən bir səs məni həmişə inandırırdı ki, 30 yaşım tamam olandan sonra həyatımda hər şey öz qaydasına düşəcək. İnşallah, 2016-cı ildə xoş sürprizlərlə qarşılaşacağıma əminəm. Və yaradıcılığımda yeniliklər baş verəndə sizə daha yaxın olacam.

30 yaşını ötən il tamamlasan da, sənin xarici görünüşün bu rəqəmi təsdiqləmir… Maraqlısı ondadır ki, səhnə adını Azəri Günellə əvəzləsən də, səni sevənlərin gözündə hələ də şıltaq Azəri qızı kimi qalmısan.

-Mən təxəllüsümün əvvəlindən “qızı” sözünü çıxardıqdan sonra “Günel artıq qadınmı olub?” deyənlər tapıldı. Nə əlaqəsi var? Mən hələ ailə qurmamışam. Namusumla, qeyrətimlə yaşayan bir qızam. Allahın izni ilə ailə qurduğum zaman, ağ gəlinlik geyinəcəyim gün qardaşım belimə qırmızı lent də bağlayacaq. Türkiyədə çalışdığım komanda ilə birgə verdiyimiz ümumi qərar bu oldu ki, mən bundan sonra fəaliyyətimi sırf Azəri Günel kimi davam etdirim. İllər sürətlə keçir, inşallah, yaxın gələcəkdə ailə quracağam, yəni “qızı” sözü bir az məndən uzaqlaşdı. Azərbaycanlı olmağımdan hər zaman qürur duyuram. Hər yerdə də fəxrlə vətənimin övladı olduğumu deyirəm. Digər tərəfdən, mən Qarabağımızın, Ağdamın çox istedadı Zeynalovlar nəslinin davamçısıyam. Sadəcə olaraq, Sovet dönəmindən qalan “ov”, “yev” şəkilçilərıni yığışdırmaq təklifi irəli sürüldüyən, mən gərək ya “Zeynallı”, ya “Zeynalzadə”, yaxud da atamın adı olan “Rəhman”ı özümə soyad seçim. Çox istərdim, “Rəhmanqızı” olum. Amma burada da yenə “qızı” sözü təkrarlanır. Düşünürəm ki, tək Günel adı ilə yaradıcılığımı davam etdirə bilərəm.

Azərbaycan musiqisinin Türkiyədə tanınması üçün sən də az zəhmət çəkməmisən

– Təvazökarlıqdan uzaq çıxmasın, mən 1998-ci ildə İstanbula gedənə qədər Türkiyə Azərbaycan mahnılarını o qədər də yaxşı tanımayan, gözəl səslərimiz barədə məlumata sahib olmayan bir ölkə idi. Hətta o illərdə mən televiziya verilişlərində qonaq olanda aparıcıların əksəriyyəti mənə deyirdilər ki, sizin çox şirin diliniz var. Elə sözlərimiz var ki, türklərdə o, başqa məna verir: “qapıçı-kaleçi”, “kravat-qalstuk” və s. Bəzi türk rəfiqələrim israr edirlər ki, onlara Azərbaycan dilini öyrədim. Bu, məni çox sevindirir. Bu şüarı çox sevirəm: “Azərbayan-Türkiyə; bir millət iki dövlət!” Yaşasın bu dostluq-qardaşlıq!

Günel, əgər açıq söhbət ediriksə, bu sualı cəsarətli cavablandırmağını istəyirəm. Deyənlər var ki, sən bütünlüklə Türkiyə şou-biznesinə qatıla bilmədiyin üçün zirvəni fəth etmək nəsibin olmadı… Zirvə anlayışı sənin üçün nədən ibarətdir?

– Məşhurluğa gedən yol oxucuların düşündüyü qədər asan və hamar deyil. Mən sənətin tələb etdiyi çətin məqamları qəbul edib həyata keçirmədiyim üçün bu yerdəyəm. Sırf sənətimlə məşğulam deyə, addım-addım irəliləyirəm. Və bu mənim xoşuma gəlir. –

– Demək istəyirsən ki, çox tərbiyəli olmağın, ailəyə bağlı bir qız olmağın qarşında maneələr yaradır?

– Əlbəttə, bu, belədir. Əgər mən ailəmə bağlı olmasaydım, Türkiyəyə getdikdən sonra özümü “boş buraxsaydım”, hər deyiləni edib, hər istəniləni qəbul etsəydim, əmin olun, indi başqa yerlərdə idim. Amma mən bunu istəmədim. Bu sözlərdən çox qorxuram: “Sənin keçmişini yaxşı bilirəm”. Mənim keçmişim qoy tərbiyə çərçivəsində formalaşsın. Ən böyük sərvətim doğmalarımdır. Bununla yanaşı, ən böyük uğurum milyonların içindən seçilən səsimin olmasıdır. Səsim olmasaydı, mən əsla bu sənətə gəlməzdim. Boyum hündür olsaydı, model kimi podiuma çıxardım. Əminəm ki, aktrisalığın da öhdəsindən gələ bilərdim. Özümdə bu bacarığı görürəm. Məndən gözəl rəssam və ya memar da çıxardı. Tam səmimi sözümdür, rəqsə həvəsim çox olduğundan, bu sənət üzrə tələbə də hazırlayardım. Amma nə gözəl, Rəbbim məni özüməməxus səslə dünyaya gətirib. Bir etiraf edim, düşüncələrimə görə özümü 40 yaşında hiss edirəm. “Nə üçün?” – deyə sual edə bilərsən. 12 yaşındakı həmyaşıdlarım parkda oynayan zaman mən səhnədə idim. Aylar illəri əvəz etsə də, xasiyyətimi əsla dəyişmədim. Qətiyyən ulduz həyatın yaşamıram. Bakıya hər gəldiyimdə bulvara da gedirəm, alış-veriş məkanlarında da görünürəm. Sadəlik ən böyük gözəllikdir.

Səninlə həmsöhbət olmaq çox xoş oldu. Amma bu sualı verməsəm, oxucular, yəqin ki, məni qınayarlar. Çünki günelsevərlər səni həm də evli bir xanım görmək istəyirlər

– Şou-biznesin yazılmamış qanunlarından biri də məşhurların özəl həyatlarına edilən müdaxilələrdir. Tək istədiyim bir qızımın olmasıdır. Həqiqi deyirəm, bunu çox arzulayıram. Amma sual edə bilərsən ki, ailə qurmazdan qabaq bu arzuma necə nail ola bilərəm? Böyük simpatiya bəslədiyim dünyaca məşhur aktrisa Ancelina Coli mənim üçün örnəkdir. O, bir neçə uşağı himayəsinə götürüb. Mən isə təkcə bir körpə qızı övladım kimi bağrıma basaram. Bilirəm, bu açıqlamamı oxuyan insanlar az da olsa, şok keçirəcəklər. Lakin bu istəyimi artıq gizli saxlamıram. İnanın, ərə gedib oğul-uşaq sahib olduqdan sonra da övladlığa uşaq götürmək fikrimdən vaz keçməyəcəm. Mən xoşbəxt olmağı bacaran bir insanam. Rəbbim mənə o qədər maddi imkan versin ki, məscid inşa etmək arzumu da reallaşdırım. 2016-cl ildə anam və atamı Məkkə ziyarətinə göndərməyi düşünürəm. Nəsib olsa, mən də müqəddəs torpaqlara ziyarətə gedərəm. Namaza başlayacağım günə də çox qalmayıb. Allah hamıya yar olsun…

Short URL: http://www.cumhuriyyet.net/?p=54109

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728