Ceyhun Osmanlının nəzarətindəki təşkilata axan maliyyə..

27.03.2014 - 15:15

Ceyhun Osmanlının nəzarətindəki təşkilata axan maliyyə..

Deputatı irəli aparmış “İrəli” haqda yeni faktlar üzə çıxdı
 
Azərbaycanda gənclər təşkilatlarının maliyyə cəhətdən acınacaqlı durumda olduğu hər kəsə bəllidir. Dövlətin hər il gənclər təşkilatları üçün ayırdığı maliyyədən müxalifyönlü gənclər təşkilatları demək olar ki, məhrum edilib. 
Bütün bunlardan fərqli olaraq iqtidaryönlü gənclər təşkilatlarının maliyyə cəhətdən sıxıntıları yoxdur. Belə ki, dövlətin ayırdığı maliyyədən istədikləri kimi yararlanan bu təşkilatlar öz dəbdəbəli ofisləri, yüksək xərc tələb edən layihələri, hər ay xarici ölkələrə təşkil etdikləri istirahət turları və başqa amillərlə digər  təşkilatlardan fərqlənirlər. 
Belə təşkilatlardan biri “İrəli” İctimai Birliyidir. 30 min üzvü olduğu deyilən bu təşkilatın Azərbaycan dövlətində məlum qüvvələrin projesi olduğu hər kəsə məlumdur. Buna görə də Gənclər və İdman Nazirliyinə gənclər üçün hər il ayrılan puldan 1 milyon manat “İrəli”yə gedir. Bundan əlavə, bəzi dövlət məmurları və özəl təşkilatların “İrəli”yə maliyyə yardımı ayırdığı deyilir. Məsələn, Ceyhun Osmanlının təşkilatına “Azercell” şirkətinin hər ay 40 min, “Bakcell”in 30 min pul ayırdığı haqda mətbuatda söz-söhbətlər dolaşır. 
Bu təşkilata maliyyə yardımı edən başqa şirkətlərin olduğu da deyilir. Məsələn onlardan biri “Nexus” şirkətidir ki. onun “İrəli”yə 400 min ABŞ dolları verdiyi bildirilir. Digər şirkət – “Weblog” isə deyilənə görə, blok yaratmaq üçün təşkilata 20 min manat verib. Bundan əlavə, “bloq müsabiqəsi” layihəsi üçün “İrəli”yə 3 ay üçün 200 min manat pul verilib. Halbuki layihə 1 illik 15 min manata həyata keçirilə bilərmiş. “İrəli” bu layihəni də reallaşdırmayıb, pullar isə sadəcə ayrı-ayrı şəxlərin cibinə gedib. 
Sadaladığımız amilləri “İrəli”nin hazırkı rəhbərlərinin sitatları ilə sübut edirik.
“İrəli” İB-nin sədri Rauf Mərdiyev: “Mən gələcəkdə deputat olacağam. Ona görə də heç bir səhvə yol verməməliyəm ki, böyük adam olanda qarşıma çıxmasın.”
 
“İrəli” radionun rəhbəri Sahil Nağızadə: “Mənim arzum radioda işləmək idi. “İrəli” mənə bunu verdi”.
“Axar.az”ın məlumatına görə, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanov və millət vəkili Ceyhun Osmanlının nəzarətində işləyən ABŞ Təhsilli Azərbaycan Məzunları (AAA) İctimai Birliyinə və “Azərbaycan Biznes Keys Yarışması” layihəsinə müxtəlif şirkətlərdən on minlərlə manat pul yığılıb. Amma bu vəsaitlərin yığılması şəffaf olsa da, hesabatları və vergisi barədə heç bir məlumat yoxdur. 
Layihə aşağıdakı biznes şirkətləri tərəfindən maliyyə dəstəyi alıb: “PASHA Bank”, BP, “Procter&Gamble”, ZQAN Holding, “Statoil” və “Coca-Cola”.
“Biznes keys” layihəsi üçün şirkətlərdən alınan və vergisi ödənməyən pulların siyahısı:
 
“Baghlan Group”: 9 000 AZN
“Pasha Bank”: 7 000 AZN
“Azercell”: 5 000 AZN
“Universal Manika”: 5 000 AZN
“British Petroleum” (BP): 5 000 AZN
“Exxon Mobile”: 5 000 AZN
“Procter Gamble”: 5 000 AZN
“Garant Holding”: 5 000 AZN
SOCAR AQŞ: 7 000 AZN
“Statoil”: 3 000 AZN
“Chevron”: 3 000 AZN
“Deloitte”: 6 000 AZN
“Eastern and Young” (EY): 3 000 AZN
“Paşa Holding”: 2 500 AZN
Bütün bunlardan sonra mənzərə aydınlaşır ki, niyə 30 min gənc bu təşkilatda birləşib. “İrəli”də pul var, ona görə də arzular reallaşır; “İrəli”də dövlət himayəsi var, ona görə də “qabağa getmək” istəyən bura gəlir.
Son günlərdə “İrəli” İctimai Birliyinin keçmiş sədri, deputat  Ceyhun Osmanlı haqqında xəbərlər ölkə gündəmini zəbt edib. Əvvəlcə tanınmış jurnalist Xədicə İsmayıl ilə bağlı qalmaqalda adı gündəmə gəlmişdi. Onun jurnalistlə bağlı səs yazısını MTN-ə verməyi haqqında xəbərlər yayılmışdı. İndi isə nurçularla əlaqələrinin olması haqqında iddialar yayılmaqdadır. O da faktdır ki, nurçularla əlaqələri olan bəzi dövlət məmurları artıq vəzifələrindən azad olunub. Ceyhun Osmanlının da mandatından məhrum ediləcəyi və hətta həbs olunacağı haqqında xəbərlər dolaşmaqdadır.
Maraqlıdır ki, belə hadisələr yaşanarsa ölkəmizin gənclər təşkilatlarının rəhbərləri Ceyhun Osmanlının müdafiəsi üçün hər hansı bir tədbir görərlərmi? Bundan əlavə, iqtidaryönlü gənclər təşkilatlarına ayrılan pullar müxalif gənclər təşkilatlarına ayrılsa, bundan necə faydalanarlar?
Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbas dövlətin gənclər təşkilatına ayırdığı maliyyəyə iddialı olmadıqlarını söylədi: “Tərəfdarıyıq ki, gənclər təşkilatlarına ayrılan həmin yüksək məbləğlər səmərəli şəkildə ehtiyac duyulan sahələrə sərf edilsin. Məsələn, illərlə hökumətin mövqelərini müdafiə etmələri üçün həmin iqtidaryönümlü təşkilatlara ayrılan yüksək məbləğlərdən tələbələrə təqaüd, yaxud da hansısa universitetin maddi-texniki bazasını gücləndirmək üçün istifadə edilə bilərdi. İllərlə dövlətin pulları bir neçə faydasız və səmərəsiz təşkilatların lazımsız proyektlərinə, onların rəhbərlərinin lüks həyat tərzinə yönləndirilir”.
Əhliman Abbas Ceyhun Osmanlının ölkə gəncliyində heç bir rolunun olmadığını bildirdi: “Azərbaycan gəncinin problemlərini obyektiv şəkildə səsləndirə bilməyənlərin, həmin problemlərin həlli üçün mübarizə aparmayanların, ölkəsinin gələcəyini düşünməyənlərin, müstəqil, azad fikir daşıyıcısı olmayanların gənclik arasında heç bir rolu və təsiri ola bilməz”.
Əhliman bəy hesab edir ki, Ceyhun Osmanlının həbsi ilə bağlı yayılan xəbərlər reallıqdan uzaqdır: “Açığı belə bir şeyin olacağını gözləmirəm. Ancaq deyim ki, biz Müsavat Gənclər Təşkilatı olaraq ədalətli məhkəmənin, qanunçuluğun tərəfdarıyıq. Şəxsiyyətindən və keçmiş fəaliyyətindən asılı olmayaraq, kimsə qanunsuzluqla qarşı-qarşıya qalarsa, ədalətsiz mühakimə olunarsa, bunu qəti şəkildə pisləyəcəyik “.
KXCP gənclər təşkilatının rəhbəri Ceyhun Nəbiyev dövlətin yeritdiyi gənclər siyasətinin bərbad vəziyyətdə olduğundan şikayətləndi: “Bizim ölkədə öz əqidəsi, azadlığı uğrunda mübarizə aparan gənclər hər zaman təzyiqlərə məruz qalır. Bu da hakimiyyətin gənclərə olan qısqanclıq siyasətidir. Biz dövlətin gənclər təşkilatları üçün ayırdığı maliyyəyə ehtiyac duymuruq. Bizim demokratiya uğrunda apardığımız mübarizə milyardlarla ölçülməz. Təbii ki, belə bir maliyyə yardımı normal hakimiyyət tərəfindən ayrılsa, ilk növbədə, gənclərin maarifləndirilməsinə və təhsil səviyyəsinin yüksəldilməsinə sərf edərik”.
Gənclər təşkilatının rəhbəri Ceyhun Osmanlının ölkə gəncliyində rolunun hakimiyyətin mövqeyini gücləndirməkdən başqa bir şey olmadığını bildirdi: “Ceyhun Osmanlı kimi gənclərin xeyrini köləsi olduğu hakimiyyət görür. Onun Azərbaycan gəncliyində heç bir rolu yoxdur”. 
Ceyhun Nəbiyev cinayət əməli olmayan hər bir vətəndaşı müdafiə etməli olduqlarını söylədi: “Biz əgər ölkəmizə demokratiya gətirmək istəyiriksə, qanunsuz yerə həbs olunan hər bir vətəndaşı müdafiə etməliyik. Bu baxımdan Ceyhun Osmanlı da qanunsuz həbs olunsa, müdafiə edərik”.
(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=5422

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728