Fəryad edən anaya Əli Kərimlidən dəstək
“Balaca Şəhriyarı xilas etmək üçün əlimizdən gələni edək!”
AXCP sədri Əli Kərimli özünün “facebook” səhifəsində bir ananın
fəryadını paylaşıb. Əli Kərimli soydaşlarımızı bu cür çoxsaylı ailələrin
problemlərinə biganə qalmamağa çağırır: “Dostlar, bu ananın fəryadına
biganə qalmayın! Oxuyun və necə kömək edəcəyinizə qərar verin.
***
Mən Kərimova Şəhla Aydın qızı 17.07.1983 tarixində anadan olmuşam.
Atam Qarabağ müharibəsi veteranıdır. Mən 11.08.2005 tarixində ailə
həyatı qurdumГїvə 08.11.2006-ci il tarixində Kərimov Şəhriyar Natiq oğlu
dünyaya göz açdı. Qarabağ müharibəsi veteranı olan atamın sevincinin
həddi-hüdudu yox idi. Çünki ilk dəfə baba olurdu. Amma təəssüf ki,
atamın bu sevinci çox çəkmədi və 08.08.2011 tarixində oğlum Şəhriyar
xəstələndi. Onu sahə həkiminin yanına apardıq. Sahə həkimi düzgün
diaqnoz qoymadan uşağa 4 gün ərzində 8 ampula antibiotik vuraraq, onu
pis hala saldı. Biz həkimə müraciət etdik ki, uşaq pisləşir, ancaq o,
yenə məsləhət gördü ki, müalicəni davam etdirək. Biz də müalicəni davam
etdirdik. Uşağın vəziyyətinin ağırlaşdığını görəndə bizə dedilər ki, Qan
Institutuna Himatologiyaya aparın. Orada bir neçə analiz götürülməsinə
baxmayaraq, uşağın problemini tapa bilmədilər. Bizə bildirdilər ki, sinə
sümüyündən ilik götürüb biokimya etmək gərəkdir ki, uşaqda hansı
xəstəlik olduğu dəqiq bilinsin. Son məqamda bu analizi – biokimyanı
etdik və uşaqda NEMMAN-PIK hüceyrələri aşkar olundu. Bizə bildirdilər
ki, bu, dünyada nadir rast gəlinən xəstəlikdir. Atam dedi ki, bəlkə
Səhiyyə Nazirliyi bizə kömək edər, çünki atam müharibə veteranı idi. Ona
görə də bütün sənədlərini və ağır vəziyyətdə olan uşağı da götürüb
getdik. Onda orada bizi Leyla Seyidbəyova qarşıladı və bildirdi ki, sizə
kömək edə bilmərik. Halbuki, uşaq qucağımızda ölümlə mübarizə aparırdı.
Atam dedi: “Leyla xanım, mən canımı bu vətən yolunda qoymuşam ki, sizin
kimi insanlar rahat həyat sürüb işləsin. Siz bizə niyə kömək
etmirsiniz?” Leyla xanım isə cavab verdi: “Götürün uşağı,
sentyabr-oktyabr aylarında bəlkə kömək etdik. Uşağı Moskvaya aparın”.
Biz qayıdıb evə gəldik və qardaşımın evini dəyər-dəyməzinə sataraq
uşağı Tehrana – Əli Əsgər xəstəxanasına apardıq. Uşağın vəziyyəti o
qədər ağır idi ki, biz xəstəxanaya çatanda dedilər ki, sizə ümid
vermirik, əsas uşaq ayılsın, sonra sizə nə lazımdırsa, onu deyərik. Biz
uşağın ayılmağını gözlədik. Üç gün sonra uşaq özünə gəldi və bizə
xəstəxanadan dedilər ki, analiz verilməlidir. Uşağın bütün analizlərini
verdik və belindən biokimya etdikdən sonra iliyində NEMMAN-PIK hüceyrəsi
aşkar olundu. Bizdən uşağa antibiotik və yaxud peyvənd
vurulub-vurulmadığını soruşdular. Söylədik ki, uşağa antibiotik də,
peyvənd də vurulub. Uşağın qanında antibiotikin faizinin yüksək olduğu
və zəhərləndiyi aşkar olundu.
Üç ildir ki, atam və ailəm bütün qurumlara yazırıq, hələ də baxan
yoxdur. Xahiş edirik, kömək edin. Axı atam bu ölkə üçün döyüşüb, canını
qurban verib. Indi nəvəsinə, övladıma baxmırsınız. Axı bu qədər
haqsızlıq olmaz. Övladımın yaşamasına şans verin.
http://quickpay.goldenpay.az/Template/Default.aspx?mer=shahriyar
***
Dostlar, mən yaxşı bilirəm ki, ağır xəstə olan, xaricdə bahalı
müalicəyə ehtiyacı olan vətəndaşlarımıza məhz dövlət sahib çıxmalıdır.
Belə müalicəyə ehtiyacı olanlar çoxdur və vətəndaşlar arasında ianə
toplamaqla bu ağır problemi həll etmək mümkün deyil. Ona görə də 16
yaşlı Nərmini itirdikdən sonra yazmışdım: “Hamılıqla hökumətdən tələb
edək ki, xaricdə müalicəsi zəruri olan ağır xəstələrin
maliyyələşdirilməsi üçün xüsusi fond yaratsın. Inanın ki, hamımız
Nərminin xilası üçün çalışdığımız enerji və inamla çalışsaq, nəticə əldə
edə bilərik. Hökumət müvafiq fondun yaranmasına məcbur, minlərlə ağır
xəstəliyi olan soydaşımız da xilas olar”.
Müvafiq fondun yaranması üçün hökumətə təzyiqlərimizi davam etdirək.
Amma bu arada, balaca Şəhriyarı xilas etmək üçün də əlimizdən gələni
edək!”
Short URL: http://www.cumhuriyyet.net/?p=5429