Rövnəq Abdullayev 5 milyardlıq layihəni batırır

28.03.2014 - 10:15

Rövnəq Abdullayev 5 milyardlıq layihəni batırır

Ərdoğan-Gülən qovğası SOCAR-ın Türkiyənin İzmir bölgəsində həyata keçirdiyi “Star” neftayırma zavodunun tikintisi layihəsini dayandıra bilər; Türkiyə tərəfinin təzyiqləri artarsa, Bakı Rövnəq Abdullayev və “Star” arasında seçim etməyə məcbur olacaq
Xəbər verildiyi kimi, Türkiyənin “Turcas Group” şirkəti İzmir bölgəsinin Əliağa qəsəbəsi yaxınlığında inşa edilən “Star” neftayırma zavodu və eyniadlı terminalda ortaqlığını dayandırdığını bəyan edib. 
Virtualaz.org saytı şirkətdən yayılan rəsmi açıqlamaya istinadən xəbər verir ki, “Turrcas Group” bu layihədəki 18 faizlik payını Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ/SOCAR) satmaq üçün danışıqlar aparır. SOCAR “Turcas Group”un da majoritar səhmdarıdır.
Şirkət “Star” neftayırma zavodu layihəsindəki payının əvvəlcə 13,5 faizini satmaq istəyib, daha sonra bütün payını sataraq layihədən çıxmağı qərara alıb. 5,5 milyard dollara başa gələcək “Star” neftayırma zavodu Türkiyənin neft məhsulları idxalından asılılığını azaltmalıdır.
SOCAR bu layihədə 41,5 faiz paya malikdir, “Turcas”ın payı 18,5 faizdir. Layihədə qalan 40 faizlik pay Azərbaycan hökumətinin adından çıxış edən İqtisadi İnkişaf Nazirliyinə məxsusdur. Əgər “Turcas”ın payı SOCAR-a satılsa, o zaman Azərbaycan Dövlət Neft Şirkətinin bu layihədəki payı 58,5 faizə çatacaq. “Turcas”ın layihədəki iştirakı isə cəmi 0,5 faizlik payla simvolik xarakter daşıyacaq.
Hazırda SOCAR “Star” layihəsinin maliyyələşdirilməsi üçün Türkiyə banklarından kredit almağa çalışır. Bugünlərdə “Denizbank” elan edib ki, layihəyə 500 milyon dollar kredit ayırmağa hazırdır.
“Star” neftayırma zavodunun və eyniadlı terminalın tikintisi layihəsində problemlər xeyli müddətdir davam edir. Türkiyə dövləti həmin ərazidə SOCAR-a neftayırma zavodunun tikintisi üçün lisenziya versə də “Buhar Enerji” adlı başqa şirkətə də geotermal sulardan elektrik enerjisi istehsal etmək üçün lisenziya verib. Nəticədə SOCAR illərdir ki, bu şirkətlə məhkəmə çəkişməsindədir.
Bu məhkəmə çəkişməsi SOCAR-ın “Star” neftayırma zavodunun və terminalının tikintisi layihəsi üçün Türkiyə banklarından kredit almaq üçün apardığı danışıqlara zərbə vurub. Nəticədə SOCAR da “Buhar Enerji”nin “Star” layihəsinin maliyyələşdirilməsinə dair danışıqlara zərbə vurduğunu əsas gətirərək bu şirkətə qarşı məhkəmə iddiası qaldırıb. Hər iki iddia üzrə məhkəmə çəkişməsi davam edir.
Beləliklə aydın olur ki, “Turcas Group” şirkətinin layihədən çıxması SOCAR-ın mövqeyini gücləndirmir. Güman ki, Türkiyə şirkəti məhkəmənin nəticəsinin onların xeyrinə olmayacağını güman etdiyindən layihədən çıxır. Bu şirkətin Ərdoğanın nüfuz dairəsində olduğu bildirilir. Və ARDNŞ-in ziyanına şərik çıxmaq istəmir. Türkiyə tərəfi özünün də iqtisadi marağında olan layihənin gerçəkləşməsinə mane olursa, məsələnin kökünü siyasi amillərdə axtarmaq lazımdır. İlk növbədə son 1 ayda Azərbaycanda və Türkiyədə cərəyan edən proseslərə qısaca nəzər salaq.
Ərdoğan hökuməti ilə Gülən camaatı arasında davam edən qarşıdurma pik həddinə çatıb. Türkiyənin baş naziri rəqiblərinin biznes dayaqlarına ciddi zərbələr endirməkdədir. Bu dalğada Azərbaycan hökuməti Ərdoğana dəstək olaraq Bakıda Gülən camaatının əsas dayaqlarından sayılan Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovu işdən azad etdi, ona məxsus media və biznes strukturları sıxışdırılmağa başladı. Həm Türkiyədə, həm də Azərbaycanda bu proses hələ də davam edir, Gülən camaatının nüfuz dairəsində olan obyektlər nəzarətə götürülüb. Azərbaycanda Gülən camaatının biznes tərəfdaşı kimi SOCAR göstərilir. Gülən camaatının idarəetməsində olan Çağ-öyrətim liseylərinin, Araz kurslarının, Beynəlxalq Təhsil Kompleksinin səhmlərini SOCAR alıb və şirkətin maliyyəsi ilə fəaliyyət göstərir. Bir sözlə, Gülən camaatının Bakıda sponsoru qismində ARDNŞ prezidenti Rövnəq Abdullayevin adı hallanır. 
Ərdoğan hökuməti isə Bakıdan bu seti dağıtmaq, onun himayədarlarının isə işdən çıxarılmasını tələb edir. Bu tələbin qarşılığında hökumət Gülən camaatının bir neçə əsas himayədarını işdən çıxartsa da, əsas fiqura – Rövnəq Abdulyayevə hələ də toxunmaq niyyətində deyil. Çünki R.Abdullayev həm də Azərbaycan hakimiyyətinin neft biznesini həyata keçirən əsas fiqurdur. Eyni zamanda o, hakimiyyətin əsas güc mərkəzlərindən olan Naxçıvan qruplaşmasının əsas simalarından birinə çevrilib. 
Bununla belə, məsələ o həddə qədər ciddidir ki, Türkiyə hökuməti özünün birbaşa marağında olan dəyəri 5 milyard dollar həcmində qiymətləndirilən  “Star” neftayırma zavodunun inşasını sabotaj etməyə başlayıb. Ola bilsin bir azdan Azərbaycan hökuməti də seçim etməli olacaq – ya “Star”, ya R.Abdullayev.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5432

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2023
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031