Bu qaymaqları alanda ehtiyatlı olun – Foto
Bakıda “Bazarstor” supermarketindən istifadəyə yararsız qaymaq aşkarlanıb.
Oxucularımızdan biri Axar.az-a aldığı zay məhsulun şəkillərini göndərib.
Onun sözlərinə görə, Bakıxanov qəsəbəsində yerləşən supermarketdən İvanovka qaymağı alıb. Məhsulun üzərində fevralın 24-nə qədər istifadə müddəti olduğu qeyd olunub.
Müştəri evə gələndən sonra isə qaymağın istifadəyə yararsız olduğunu görüb və məhsuldan xoşagəlməz qoxu gəldiyini hiss edib.
Şəkildən də görmək olur ki, qaymağın üzərində sarı-qırmızımtıl ləkələr var. Alıcı iddia edir ki, məhsulun istifadəyə yararlılıq tarixi dəyişdirilib və istehlakçıya köhnə qaymaq sırınıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov əməkdaşımıza bildirib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə bu məsələni müzakirə ediblər:
“Məlum olub ki, bazarda İvanovka adıyla 20 çeşid məhsul satışdadır. Onların az hissəsinin İvanovka kəndi ilə əlaqəsi var. Yalnız “Uzun ömür” markası İvanovka kəndindən süd alması haqda bizə sənədlərini təqdim edib.
Bazarda buna oxşar “Qafqaz İvanovka” adlı süd istehsalçısı var. Onların mal nişanı “Uzun ömür”lə eynidir. Ola bilsin ki, sizə təqdim edilən də elə “Qafqaz İvanovka”nın məhsuludur.
Mən İsmayıllı rayon icra başçısı ilə də əlaqə saxlamışam və bu hallara son qoyulmasını xahiş etmişəm. Çünki İvanovka adı altında istehsal olunan məhsulların əksəriyyətinin bu kəndlə bağlılığı yoxdur”.
Qeyd edək ki, son günlər mağazalarda vaxtı keçmiş qidalara, kolbasa-sosiska və süd məhsullarına rast gəlmək olar.
Short URL: http://www.cumhuriyyet.net/?p=54326