Prezidentlərin yarıtmaz övladları barədə bilinməyən gerçəklər
28.03.2014 - 10:50
Prezidentlərin yarıtmaz övladları barədə bilinməyən gerçəklər

Dünyanı idarə edə biliblər, amma öz uşaqlarını yox
Son günlər dünya mediasının diqqəti yenə də Özbəkistandadır. Səbəb bu ölkənin başıbəlalı prezident qızı Gülnarə Kərimovadır. Uzun müddət atası, bacısı, anası ilə küsülü olan, bunu beynəlxalq mediaya verdiyi müsahibələrində detalları ilə bildirən prezident qızı bir neçə ay öncə barışıq siqnalları verdi.
Və indi… Məlum olub ki, Gülnarə Kərimovadan 5 həftədir səs çıxmır və buna səbəb onun atası tərəfindən ev dustaqlığında saxlanılmasıdır.
“Ciddi psixoloji təzyiq altındayam, məni döyüblər, qollarımda çoxlu zədələr var”. Bu məktubun G.Kərimovaya aid olması, gizli şəkildə yazıb göndərdiyi ehtimal olunur. Digər abzasda o, ev dustaqlığı altında həyatını təsvir edir – hər gün hədələndiyini, polis və kameraların onu izlədiyini deyir.
Və Kərimovlar ailəsində illərdən bəri davam edən enişli-çıxışlı bu münasibətlər fonunda biz də övladları ilə yola getməyən, yarıtmaz uşaqları olan dövlət başçıları, siyasi liderlər barədə dosye hazırlamaq qərarına gəldik. Qosqoca məmləkətləri idarə edən prezidentlər öz “kiçik dövlət”lərində niyə aciz qalıblar? Bunun pərdəarxası səbəbləri, eləcə də bu hekayələrin detallarını aşanda ortaya ilginc mənzərələr çıxdı.
Stalinin qızı: “Mən hər zaman atamın dustağı olmuşam”
Başlayaq Sovet diktatoru İosif Stalindən. Onun yeganə qızı olan Svetlana Alliluyeva 1967-ci ildə SSRİ-ni tərk etdikdən sonra 40 il ərzində ABŞ-da yaşayıb və həmin müddətdə Federal Təhqiqatlar Bürosunun ciddi nəzarəti altında olub. Materiallarda bildirilir ki, Birləşmiş Ştatların hakimiyyət nümayəndələri “soyuq müharibə” dönəmində keçmiş sovet liderinin qızının ölkədə olmasının Vaşinqtonla Moskva arasındakı əlaqələrə mənfi təsir göstərəcəyindən ehtiyatlanırlarmış. S.Alliluyeva ömrünün sonuna kimi bu ölkədə yaşaıb və 2011-ci ilin noyabr ayının 27-də dünyasını dəyişiib. Ölümündən sonra diktatorun qızı haqda ortaya yeni bilgilər çıxır.
SSRİ-də Stalinin qızına sovet quruluşunu dərindən korrupsiyalaşmış sistem adlandırmasını bağışlamadılar. Onu vətəndaşlıqdan məhrum etdilər və vətənə yalnız 1984-cü ildə qayıda bildi.
2008-ci ildə “Svetlana haqqında” sənədli filmində çəkilən xanım orda bildirir ki, 40 illik Amerika həyatı ona yaxşı heç nə vermədi. Daha əvvəl o, müsahibələrinin birində bildirmişdi ki, “atam sağ olsaydı, etdiklərimə görə məni güllələyərdi”. Stalinin qızı axırıncı intervüsündə atasının onun həyatını məhv etdiyini dilə gətirir. Vurğulayır ki, harada yaşamasından asılı olmayaraq, atasının siyasi məhbusu olub. Bu “məhbus” 2011-ci ilin noyabrında dünyasını dəyişəndə artıq 85 yaşı var idi.
Stalinin pilot, amma əyyaş və dələduz oğlu…
Stalinin oğlu Vasili haqda da tarix xoş şeylər demir. Cəsarətli pilot olmasına baxmayaraq – müharibə zamanı iki alman təyyarəsini vurub – həyatı o qədər də yaxşı olmayıb. Xarakter etibarilə çılğın olan Vasili general kimi ad qazansa da, onun aylarla orduya gəlmədiyi, dövlət büdcəsini talan etdiyi – 20 milyon rubl yeyintiyə yol verib, eyni zamanda əyyaş həyat tərzi keçirdiyi, rəhbərliyi altında olan qadınlarla yaşadığı da gəzən söz-söhbətlər arasında olub. Atası bu hərəkətlərinə görə onunla danışmayıb. Amma Stalinin ölümündən sonra oğlunu dövlətə qarşı etdiyi əməllərə görə 8 il müddətinə azadlıqdan məhrum etdilər.
Hitlerin oğlu müharibədə ona qarşı vuruşub
Hitler də şəxsi həyatında çox ziddiyyətli şəxs olub. Fransa vətəndaşı olan Jan Mari Lorenin 1981-ci ildə yazdığı “Sənin atan Hitlerdir” kitabında Hitlerin gizli oğlu olduğunu bildirib. Lore və Hitlerin qohumluğu barədə əsl həqiqət onun vəkili Fransua Gibonun sayəsində üzə çıxıb.Lorenin yazdığına görə, anası 16 yaşlı Şarlotta Lobjua ilə yefreytor Hitler arasında roman 1917-ci ildə – alman ordusu Fransanın Pikardiya şəhərində yerləşərkən yaşanıb. 1918-ci ilin martında Lore dünyaya gəlir. Qonşular və uşağı nifrətlə “kiçik boş” (Fransada almanlardan dünyaya gələn uşaqları belə adlandırırdılar) deyə çağırırdılar. Təhqir və istehzadan bezən Şarlotta bir neçə ildən sonra uşağı gənc bir ailəyə övladlığa verir. Taleyin gərdişinə bax ki, 1939-cu ildə Hitlerin oğlu Almaniya faşistlərinin əleyhinə vuruşmaq üçün müharibəyə gedir, işğal vaxtı isə fransız partizanlarına qoşularaq Klement ləqəbini götürür.1950-ci illərin əvvəllərində doğma anası ölümündən əvvəl Loreyə əsl atasının kimliyini deyir. Bu, onun üçün böyük şok olur. Özünün dediyinə görə, düz 20 il durmadan çalışır ki, əsl kimliyini unutsun.
Lakin 70-ci illərin sonunda alman diktatorunun oğlu olduğu haqqında sübut tapmağa çalışır. Beləliklə, 1979-cu ildə o, vəkil Fransua Gibonun yanına gəlir və öz bəyanatı ilə onu karıxdırır: “Mən Hitlerin oğluyam. Deyin, mən nə etməliyəm?”
Gibonun sözlərinə görə, araşdırma zamanı müştərisinin bəzi söylədikləri məsələlər həqiqətə çox uyğun olub. Lore Geldeyberk Universitetinin alimlərinə, tarixçilərinə və genetiklərə, həmçinin mütəxəssis -qrafoloqa müraciət edir.
Və belə bir ehtimalın mümkünlüyü qənaətinə gəlirlər.
Hitler Almaniyanın siyasi olimpinə daxil olduqdan sonra da fransız xanımına kömək eləyir. Vermaxtın sənədləri arasında alman zabitlərinin fransız qadına mütəmadi pulla dolu konvert apardıqları barədə yazılar da var.
Həmçinin Lobjuanın evinin damında Adolf Hitler tərəfindən imzalanmış şəkillər də olub. Və bu şəkillərin arasında Jan -Mari Lorenin anasına eynilə oxşanan bir qadının şəkli də var. Qadın oğlu ilə söhbətlərində bildirib ki, Hitler ata olmaqdan hər zaman qorxub, bir siyasi liderin ata olmasının onun düşmənləri üçün hədiyyə olacağını deyib. Oğlunun varlığından xəbər tutan kimi isə qadına ondan qurtulmağı tapşırıb.
Çauşevskinin təcavüzkar oğlu… 20 il türmədə yatdı
Rumıniya diktatoru Nikolay Çauşevskinin kiçik oğlu Nikolay atası hakimiyyədə olanda onun bütün imtiyazlarından istifadə edib. Atası barədə rəsmi KİV-lər “Karpatın dahisi”, “Görünməmiş yeniliklər müəllifi” yazırdılarsa, oğlunu “Drakulito” deyə çağırırdılar. O, bütün ölkədə “qız ovu” ilə məşhurlaşmışdı. Diktator oğlunun xoşuna gələn qadınları zorlamaq adəti vardı. Və demək olar ki, bütün qadınlar onun zövqünə uyğun gəlirdi. Amma atasının hakimiyyətdən devrilməsi və öldürülməsindən sonra onunla bağlı ədalət də bərqərar oldu, 20 il müddətinə azadlıqdan məhrum edildi. Azadlığa çıxandan sonra isə böyrək serrozundan dünyasını dəyişdi.
Çauşevskinin digər oğlu Valentin və qızı Zoya isə daha təvazökar həyat tərzi yaşayıblar. Amma onlar da maliyyə fırıldaqlarına görə türmənin qapısını tanıyıblar. Zoya 2006-cı ildə xərçəngdən dünyasını dəyişib. Valentin isə türmədən çıxandan sonra fizik kimi fəaliyyət göstərib.
Səddamın sadist oğulları – biri qadınları zorlayıb, o biri müxalifətə işgəncə verib
İraqın prezidenti olmuş Səddam Hüseynin oğlanları üçün heç bir qırmızı işıq olmayıb. Belə ki, onun böyük oğlu Udey Hüseyn eyni vaxtda özünə 10 min bahalı maşından ibarət kolleksiya düzəldir, İraqdakı istənilən qadına təcavüz edirdi. Qadınları yoldan oğurlayır və Udeyin hüzuruna gətirirdilər. Onunla birgə olmaq istəməyən qadınları isə öldürürdü. Deyilənə görə, qadınlara təcavüz edəndən sonra Udey onların kürəyini adının baş hərfi olan “U” ilə damğalayırmış. Bundan başqa, Udey hədsiz sadistliyi ilə də ad qazanmışdı. Onun 2 köməkçisini ölümünə qədər döyməsi, habelə İraq türmələrindəki işgəncələrdə şəxsən iştirak etməsi də yayılan xəbərlər sırasındadır.
Udeyin qardaşı Qusey Hüseyn isə gizli polis idarəsi yaratmışdı və bu idarə müxalifətə qarşı amansız aksiyalarla məşhur idi. Qardaşlar 2003-cü ildə Şeyx Nəvvaf Zeydanın iqamətgahı güllələnən zaman orda ölüblər.
Qəddafinin oğlu İsveçdə hotel işçisini döydü, iki ölkə arasında qalmaqal qopdu
Liviya rəhbəri olmuş Müəmmar Qəddafinin 6 oğlu və bir qızı olub. Atasının hakimiyyəti dövründə uşaqları rəhbərlikdə yüksək vəzifələr tutublar. Onların idarəsində milyardlarla dollar və atalarının hüdudsuz hakimiyyəti olub. Amma hamıdan çox onun oğlu Hannibal pis şöhrət qazanmışdı – o, insanlara qarşı amansız münasibəti ilə tanınırdı. 2008-ci ildə hətta İsveçrədə onu hotel işçisini amansızcasına döyməsinə görə həbs etmişdilər. Bu insident İsveçrə ilə Liviya arasında konfliktlə nəticələnmişdi. Hannibal akulalar üçün baseyn tikdirir, Parisdə dəlicəsinə yüksək sürətlə maşın sürür və hamilə həyat yoldaşını Londonda döyürdü.
Qəddafi rejiminin çökməsindən sonra onun iki oğlu – Saif əl-Arab və Hamis Qəddafi atışma zamanı dünyalarını dəyişib. Hannibal isə anası Safiya, bacısı Ayşə və ögey qardaşı Məhəmmədlə birgə Əlcəzairə qaça bildi.
Buşun alkoqolik qızları
Amerikanın keçmiş prezidenti Corc Buşun qızları Cenna və Barbara Buş dünya mediasına çoxlu qalmaqal “bəxş edib”. Bunun səbəbi isə onları spirtli içkilərə hədsiz aludəçiliyi olub. 2001-ci ildə polis Barbaranı gecə barında hədsiz içkili vəziyyətdə yaxalayıb. 21 yaşından kiçiklərin spirtli içki yasağını əsas tutan polis onu 500 dollar məbləğində cərimələdi, ictimai-faydalı işlərdə və spirtli içkinin ziyanı barədə mühazirələrdə iştirakı barədə qərar verdi.
Buşun digər qızı Cenna da bacısından geri qalmayıb. Uels Universitetinin tələbəsi olarkən Enna da Ostindəki bir restoranda “Marqarita” içkisi sifariş etdiyi üçün polis tərəfindən cəzalandırılıb. Belə ki, bu içkini sifariş edərkən Cenna yaşını gizlətmək üçün başqa birinin sürücülük vəsiqəsini barmenə təqdim edib. Bundan şübhələnən barmen polis çağırıb və Barbara 100 dollar məbləğində cərimələnib.
Tetçerin dələduz oğlu da onu biabır edib, jurnalist qızı da…
Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin oğlu Mark Tetçer isə hər dəfə tarixə fərqli qalmaqallarla girib. 2005-ci ildə 52 yaşlı biznesmeni Qvineyada çevrilişə görə ittiham edərək 500 min dollar məbləğində cərimələdilər və 4 il şərti cəza verdilər.
Bundan başqa, o, qanunsuz silah alverinə, habelə iri dələduzluq faktlarına görə dəfələrlə ittiham edilib. Anası Marqaret Tetçer isə onun haqqında aşağıdakı unikal sözləri deyib: “Mark pulları o qədər çox sevir ki, eskimoslara qar, ərəblərə qum sata bilər”.
Markın əkiz bacısı Kerol isə ciddi jurnalist və “Divar arxasında” kitabının müəllifi olub. Anasından bəhs edən kitabda Kerol yazıb ki, “o, hər şeyi elə edirdi ki, sanki bir yarışa çıxıb və mütləq finişə çatmalıdır. Ailə problemləri onu çox da maraqlandırmırdı. Çünki çox soyuq ana idi”. (musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=5436