"Niyə bir nəfər də olsun nazirin övladı ön xətdə yoxdur? – Üzeyir Cəfərov

28.03.2014 - 15:09

“Niyə bir nəfər də olsun nazirin övladı ön xətdə yoxdur? – Üzeyir Cəfərov

“Heç vaxt fikirləşməzdik ki, səngər görməyənlər general rütbəsinə layiq görüləcək”
“Azərbaycanda nazir və o ranqda olan məmurlar bəzən elə çıxışlar edirlər ki, adam onların fikirlərinə qulaq asanda fikirləşə bilər ki, bu xalq necə də xoşbəxtdır ki, onun bu cür düşünən rəhbər şəxsləri var. Amma azca onların tərcümeyi-halına baxmaq kifayət edir ki, onların sözlərinin necə də boğazdan yuxarı olmasını həm görəsən, həm də onların yalançı dil pəhləvanları olmasına inanasan”.
Bu sözləri “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, polkovnik Üzeyir Cəfərov “Qaçqınkom” sədri Əli Həsənovun Qarabağla bağlı son bəyanatını şərh edərkən bildirib. Ə.Həsənovun sadaladığı problemlərin səbəblərinə toxunan Ü.Cəfərov, “Qaçqınkom” sədrini bir qədər də bu səbəblər haqqında düşünməyə, həqiqətin digər üzünü də ara-sıra yada salmağa səsləyib:
“Bəri başdan deyim ki, mənim Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova həmişə hörmətim olub və o hörmət də ondan ibarətdir ki, bu məmur heç olmasa çəkinmədən jurnalistlərin qarşısına çıxır, onlara müəyyən məlumatlar verir. Yəni, bu adam digər vəzifədə kök atan nazır və komitə sədrlərindən daha cəsarətlidir. Bütün bunlara rəğmən, Əli müəllimin Laçın Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hərbi ixtisaslara yiyələnmək arzusunda olan rayon ümumtəhsil məktəblərinin şagirdləri ilə keçirilən görüşdə söylədiyi fikrə mən çox təəccübləndim.
Ə. Həsənov işğal altında olan rayonların orta ümumtəhsil məktəblərinin şagirdlərinin hərbi ixtisaslara yiyələnmək istəməməsinə görə təəssüfləndiyini dilə gətirib. O deyib ki, ötən dərs ilində işğal altında olan 10 rayondan orta məktəb buraxılışında cəmi 30 uşaq hərbi liseyə və hərbi akademiyaya qəbul olub. Və ardınca da “gül” vurub. Və birdən xatırladıb ki “Vətən hamımızındır. Ona görə də, hər bir azərbaycanlıda vətənpərvərlik hissi yüksək olmalıdır. Torpaqları işğaldan azad etmək üçün güclü ordumuz var. Yeni müdafiə nazirimiz də ordumuzun güclənməsi üçün çalışır. Ancaq yaddan çıxarmaq lazım deyil ki, ordu xalqdan, xalq da ordudan ibarətdir.
Ordumuzda cəmi 422 nəfər işğal olunmuş ərazilərin sakinlərindən ibarət zabit orduda xidmət edir”. Hə bax burada, sadə el dili ilə desək, Kərəmi ağlamaq tutur. Burdan hörmətli Əli müəllimə səslənərək demək istəyirəm ki, o heç olmasa bu statistikanı əldə edəndə, görəsən maraqlandımı ki, niyə bir nəfər də olsun nazir, komitə sədri, yaxud Prezident Adminstrasiyasında çalışan şəxslərin övladlarından düşmənlə təmas xəttində, ön nöqtədə yoxdur? Əvvəllər də, indi də Azərbaycanda nazir və ya vəzifəli şəxslərin övladları bir qayda olaraq, çəkinmədən deyirəm, pul-para olan sahələrdə, gəlir əldə etmək asan olan yerlərdə “xidmət” keçirlər. Mən Əli Həsənovun neçə övladının olmasını bilmirəm, amma onlara can sağlığı və xoşbaxtlıq arzulamaqla yanaşı tam əminəm ki, onlardan bir nəfəri də olsun ön xətdə olmayıblar və yoxdurlar. Əgər belə hal olsaydı, yəqin ki Əli müəllim bunu nümunə kimi göstərərdi.
Ə. Həsənov Azərbaycanda artıq çox təhlükəli bir tendensiyanın da olmasından danışır. Vətəni müdafiə edən əsgərlərə qarşı münasibətin dəyişməsini qeyd edir. Bildirir ki, “əvvəllər hər kəs əsgərə hörmətlə yanaşırdı. İndi isə əsgərə xalqın münasibəti tamam dəyişib. Yolda əsgər saatlarla dayanır, ancaq heç kim ona fikir vermir. Bu nə deməkdir? Budurmu azərbaycanlının orduya olan münasibəti? Belə münasibətlə qarşılaşan ordu nə edə bilər? Bu cür orduya kim getmək istəyər?” Bax burda da Əli Həsənovun ölənlərinə və qalanlarına Tanrıdan bir yaxşı rəhmət düşür. O burda tam həqiqəti deyir. Amma, hamısını demir. O deyir ki, “bu gün hər kəs biznesmen olmaq niyyətindədir. Ancaq hər kəs biznesmen ola bilməz. Ona görə də hər kəs öz qabiliyyətinə uyğun sənətə yiyələnməlidir. Biz bu məsələni belə qoymayacağıq. Ona görə də bu məsələni böyüdəcək və həllinə çalışacağıq”.
Burda hörmətli Əli Həsənovun sözlərinə qüvvət kimi dəfələrlə yazdığım və bu gün də yeri gəlmişkən yazmaq istədiyim bir acı həqiqəti çatdırmaq istəyirəm. Uzağa getməyəcəyəm. Həm sabiq müdafiə naziri Səfər Əbiyevin, həm də indiki nazir Zakir Həsənovun, eləcə də Baş Qərargah rəisi Nəcməddin Sadıkovun oğul balalarının HEÇ BİRİ ordu sıralarında xidmət etmirlər. Biri Bakının Xəzər Rayon Prokurorunun köməkçisidir, digəri Suraxanı Rayon Polis İdarəsinin Mühafizə İdarəsinin rəis müavinidir, sonuncununku isə Bakı Şəhər Vergilər Departamentinin rəis müavinidir. Mən hələ üç nəfəri xatırlatdım. Əgər onların siyahısını dərc etdirsəm, onda Əli Həsənov və digər “urapatriotlar” 3 gün, 3 gecə o adamların kimliyi ilə tanış olmağa məcbur olacaqlar.
Ona görə də, hörmətli Əli Həsənova və onun kimi Azərbaycan siyasi və hərbi rəhbərliyində təmsil olunan şəxslərdən çox xahiş edirəm ki, bu cür “incə məqamları” nəzərdən qaçırmasınlar. Bu Vətən hamımızındır. Amma, öz payıma demək istəyirəm ki, əlimizdə silah düşmənə qarşı döyüşəndə, biz Qarabağ müharibəsinin iştrakçıları heç vaxt fikirləşməzdik ki, bir gün gələcək ordu sıralarında bir gün belə olmayanlar general rütbəsinə layiq görüləcəklər, böyük vəzifələrdə oturub bizə Vətəni necə sevməyi öyrədəcəklər. Amma onların bizlərdən fərqi ondadır ki, biz Vətən üçün təmannasız can qoyduq, onlar isə Vətəni “sağmal inək” kimi gecə-gündüz məhv edirlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=5445

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728