Putin Azərbaycanı yenidən işğala hazırlaşır

29.03.2014 - 01:31

Ölkəmiz böyük təhlükənin astanasında 

 

Rusiyanın
son illərdə yürütdüyü siyasət özünü daha da bariz formada nümayiş etdirməkdədir.
Artıq Krımın işğalı və eyni zamanda digər keçmiş
sovet respublikalarının anoloji problemlərinə Kreml tərəfindən nümayiş olunan
baxış Rusiyanın əsl niyyətini ortaya qoymuş oldu.

Putin
Rusiyanın 2-ci Pyotrudur…

Hakimiyyət sükanını sərxoş Yeltsindən
alan Putin Rusiyanı indiki ərazilərini ilk olaraq parçalanmadan qurtardı.
Halbuki Yeltsinin hakimiyyət illərində Rusiya kifayət qədər zəifləmişdi və
indiki ərazisi rəsmən parçalanmış vəziyyətdə idi. Lakin Putin iqtidara gələndən sonra Rusiyanı
illər ərzində nəinki toparlaya bildi, hətta Rusiyanı yenidən keçmiş SSRİ-nin
əvvəlki mövqelərinə qədər daşımış oldu.

Doğrudur,
Rusiya bu gün SSRİ qədərində böyük olmasa da, SSRİ-nin əsas silah arsenalının
varisi kimi eyni dərəcədə təhlükəli və güclüdür. Elə buna görə də Putinin Krım
əyləncəsinə nəinki Qərb, hətta ərazilərini faktiki olaraq itirmiş Rusiya belə
hövsələ nümayiş etdirmək zorunda qaldı. Təsadüfi deyil ki, Putini öz ölkəsində
hazırki Rusiyanın imperiya şəklinin memarı olan 1-ci Pyotrun əsas davamçısı
kimi qəbul edirlər və ona “2-ci Pyotr” adını belə veriblər.

2-ci Pyotrun 1-ci revanşı

Əslində
Krımda baş verənlər Putinin SSRİ-nin bərpası yönündə altdığı ilk açıq addım
kimi dəyərləndirilməlidir. Buna qədər müxtəlif adlar və bəhanələr altında
SSRİ-dən qopan respublikaları yan-yörəsinə buxovlayan Rusiya artıq Gömrük
İttifaqı və Avrasiya Birliyi ideyalarının da son ünvanının məhz keçmiş SSRİ
şəklində bir siyasi subyekt olduğunu nümayiş etdirməkdədir. Bəlkə də Krıma
qədər Rusiyaya qarşı alternativ gücü təşkil edən Avropa Birliyi və Amerika
Putinin məlum çabalarını o qədər də ciddiyə almırdılar. Amma
artıq özünü kifayət qədər arqumentli hesab edən Rusiya bir-birinin ardından
müsəlman ölkələrini işğal edən Amerikaya keçmiş SSRİ məkanının məhz ona aid
olduğunu və bu məkana hansısa digər bir qüvvəni buraxmayacağını sərt formada
nümayiş etdirdi.

Rusiyanın görüntüdə olan addımları
kifayət qədər kobud təsiri bağışlasa da, gözlənilən idi. Çünki ənənəvi olaraq
ruslar bir siyasi dəst-xəttə malikdirlər: HESABLANMAYAN VƏ HƏR HANSI SİYASİ
NƏZƏRİYYƏYƏ UYMAYAN TƏRZƏ…

Bu halda Qərb anlamalı idi ki,
Amerikanın İraqı, Əfqanıstanı, Liviyanı, Suriyanı və digər müsəlman ölkələrini
rəsmən işğal etməsinə seyrçi qalırmış kimi davranan qoca Rusiya bunun bədəlini
ödətdirəcək. Hətta bu gün Rusiyanın təkcə Krımla və separatçılığa dəstək
siyasəti nəticəsində istehsal etdiyi qondarma respublikalarla da
kifayətlənəcəyi gözlənilən deyil. Rusiya keçmiş SSRİ məkanına və keçmiş
SSRİ-nin əvvəlki təsir dairəsinə iddialıdır.

Azərbaycan
nə etməlidir?..

Təbii ki, Putinin Azərbaycana hansı
səviyyədə münasibət sərgilədiyini təxmin etmək o qədər də çətin deyil. Elə buna
görə də hazırda rəsmi Bakının yürütdüyü xarici siyasət ən idealı hesab
olunmaqdadır. Təsəvvür edin, Azərbaycan iki nəhəngin maraq toqquşmasının episentrində
ola-ola nəinki bir dövlət olaraq varlığını qorumaqdadır, hətta günü-gündən
gücünün üstünə güc də qatır.

Amma Rusiyanın Krım tikəsini ağzından
aldığı Ukrayna ilə belə müqayisədə bizim yox hesab olunduğumuz bir faktdır.
Deməli, istənilən güclənmə səviyyəmiz dəli Rusiyanın hər hansı şıltaqlığı
qarşısında acizdir. Və bu səbəbdən Azərbaycan hakimiyyətinin hazırki balans
siyasəti ən idealıdır. Və disbalansın Azərbaycana daha da başa otura biləcəyi
şübhəsizdir. Halbuki biz məhz bu balans naminə Qarabağı işğaldan azad etmə
hüquqlarını itirmişik.

Yəni bu faktdır ki, Azərbaycanın
istənilən bir mövcud balansın pozulmasına hesablanmış addımı risqlidir. Ola
bilsin ki, risqimiz uğurlu alınar və biz Qarabağı işğaldan azad edə bilək. Amma
bu, ehtimal olduğundan Azərbaycanın hansısa risqə baş vuracaq komfortu mövcud
deyil.

Məsələn, Azərbaycan Gürcüstanın
Saakaşvili dönəmində olduğu kimi birmənalı siyasət yürüdərsə, Qərbin yanında
olduğunu nümayiş etdirərsə, o zaman iqtisadi baxımdan nailiyyətlər əldə edə
bilər. Lakin Azərbaycanın Qərbdən Qarabağda savaş hüququnu əldə etməsi
inandırıcı və ümumiyyətlə, mümkün deyil.

Bu halda, Azərbaycan Rusiya kimi bir
nəhəngi də qarşısına almış olacaq. Və Qarabağa hətta birdəfəlik “əlvida” demək
zorunda da buraxıla bilər. Və Qərbin – Azərbaycanın sığınacağı Qərbin
Azərbaycanın ərazi bütünlüyü naminə hansısa çaba göstərəciyi də ağlabatan
deyil. Çünki biz Qərbin qəribçiliyini həm Gürcüstanda və həm də elə son olaraq
Ukraynada gördük, görməkdəyik.

Rusiya isə Azərbaycana qarşı daha da
sərt mövqe nümayiş etdirəcək. Bu qaçılmaz bir hal olacaq və Rusiyanın Qarabağı
da “referendum” yolu ilə öz tərkibinə qatacağı belə inandırıcıdır. Təbii ki,
Azərbaycanın Qərbə söykənib, özünə yeni bir kurs seçəcəyi təqdirdə…

Əksini düşündüyümüz halda da Azərbaycan üçün
uğurlu nəsə vəd olunmur. Yəni Azərbaycan Qərblə təmaslarını kəsərək birmənalı
şəkildə – məsələn, Belorusiya kimi Rusiyanın yanında dayanacaqsa, o halda da
Azərbaycanı yaxşı nəsə gözləmir. Bəlkə də bu yolda Qarabağın azadlığı
mövcuddur. Amma bu azadlıq tam olaraq bizim istədiyimiz şəkildə olmayacaq. Və
bunun qarşılığında Azərbaycan özünün tək siyasi yox, həm də iqtisadi
müstəqilliyini itirmiş olur. Əgər Qərbin yanında olmaqla yalnız cinah seçimi
etmiş oluruqsa, Rusiyanın yanında dayanmağı seçməklə həm də müstəqilliyimizin
hüdudlarını daraltmış oluruq.
Və bu baxımdan Azərbaycanın hazırki durumu ən doğru
seçimdir.

Azərbaycanı nə gözləyir – 2-ci Pyotr bizi sevmir…

Təbii
ki, bizim üçün sabahımız daha maraqlıdır. Bu gün Suriyada
baş verənləri, Ukraynanın başına açılan oyunları ürək ağrısı ilə izləyə
bilərik. Amma bu narahatçılıq bizi sona qədər təqib etmir. Bizi daha çox
narahat edəni öz sabahımızdır. Və biz bundan sonra başımıza nələr gələcəyini
düşünürük, düşünməliyik.

2-ci Pyotrun Azərbaycana hansı münasibəti
bəslədiyini bilirik. O bizi sevmir. İllər əvvəl İrəvanda olarkən Ermənistanın
Slavyan Universitetinin tələbə və müəllim heyətinin qarşısında çıxış edən Putin
onlara Pyotrun ermənilər haqqında vəsiyyətini xatırladaraq “skazano, sdelano”
ifadəsini işlətmişdi. Yəni Putin Azərbaycan torpaqlarında özlərinə dövlət
qurmuş və bu dövlətlərini yeni işğal siyasəti ilə daha da genişlətmiş
erməniləri Pyotrun əmanəti kimi qəbul etdiyindən onun hansısa şəraitdə əmanətə
xəyanət edəcəyi gözlənilən deyil.

Putin erməniləri sona qədər çiyinlərində
daşıyacaq. Çünki bu, Rusiyanın siyasətidir. Putin Ermənistana Azərbaycanın
düşməni kimi baxmır. Putin Ermənistanı regionda özünün əsas istinad nöqtəsi
kimi görür və Putin regionda son qalası ilə bağlı hansısa prinsipial dəyişiklik
qərarı verməyəcək. Və Putindən sonra Rusiyanın maraqlarına xidmət edən digər
Rusiya dövlət başçıları da eyni tərzi, eyni siyasəti davam etdirəcəklər.

Rusiyanın
Azərbaycanla bağlı məkrli planı

Azərbaycanı isə nəyin gözlədiyi
ortadadır. Yenidən işğal təhlükəsi var və Krımda baş verənlərin ardından bu
işğalın artıq hüdudlarımıza doğru yaxınlaşdığı hiss olunmaqdadır. Yox, biz
Jirinovskinin sayıqlamalarını ciddiyə almırıq. Amma həm də alırıq. Çünki bu gün
Rusiya faktiki olaraq Jirinovski təfəkkürü ilə idarə olunur və Azərbaycanı hər
zaman “Cənubi Rusiya” adlandıran Jirinovski əslində öz ölkəsinin siyasi
hədəflərini kobud formada ifadə edib.

Belə bir şəraitdə Rusiyanın Azərbaycanı
bir dövlət hesab etmədiyi ortadadır. Əslində Krımda baş verənlərdən sonra hər
bir azərbaycanlı özünü narahat bir atmosferdə his edir və düşünür ki, eyni
şəkildə Rusiya Azərbaycanda da davrana bilər. Hətta artıq bu sarıdan bir itik
verməyimiz belə yetərli hesab olunmaya bilər. Rusiya isə Azərbaycanda ciddi maraqlara sahibdir
və bu maraqlarını sona qədər qoruyacağını nümayiş etdirir. Və
bu halda Azərbaycana kimsə kömək edə bilməyəcək… özündən başqa. Yəni ümid
Azərbaycana, Azərbaycan hakimiyyətinin yürüdəcəyi ağıllı siyasətədir. Bir növ
hazırki siyasətin davamı, inkişafı ən ağıllı seçim kimi görünür. Əksi isə
Azərbaycanı bir çox əskikliklərə məruz qoya bilər.

Bu gün Azərbaycanı idarə edən İlham
Əliyev Qərbə Saakaşvilidən yaxın olmayacaq. Bu faktdır. Deməli, Saakaşvilini
yalnız Putinin edam qərarından qorumağa müvəffəq olan Qərbin Azərbaycan
prezidentinin istənilən bir kurs dəyişikliyi qərarına hansısa ciddi dəstəyi
verməsi də gözlənilən deyil. Bu isə Azərbaycanın hansı böyük təhlükə ilə üz-üzə
qaldığını faktiki olaraq ortaya qoymaqdadır.

Artıq Azərbaycan Qərbin, konkret olaraq
ABŞ-ın İran siyasətində də maraqlı bir mövqeyə malik deyil. Azərbaycan yalnız
Qərbə aid oluna biləcək İsrail üçün maraqlı bir ünvandır. Bu da enerji
təhlükəsizliyi baxımından. Digər səbəblər isə əleyhimizədir. Artıq İraqı,
Suriyanı işğal edən Amerikanın İranla öz sərhədləri var və digər tərəfdən
ABŞ-İran münasibətlərindəki yumşalmalar da Azərbaycanı məlum prosesdə
əhəmiyyətsiz bir məkana çevirib.

Azərbaycan bu gün Qərb üçün daha çox
neft çəlləyi olaraq maraqlı görünür. Rusiya isə Azərbaycana bu cür yanaşmır və
elə buna görə də Qarabağ problemi də həll olunmur və hətta başımız üzərində
birbaşa olaraq Kremldən qidalanan digər separatizm meyilləri də bir qara kabus
olaraq dolaşmaqdadır.

Rusiya
Azərbaycanı necə işğal edəcək?

Bəli, Rusiyanın Azərbaycanı yenidən
işğal etməsi bu gün daha çox proqnozlaşdırılır. Hətta bu şəraitdə “Yox, Qərb
buna imkan verməyəcək”, “Yox, Rusiya bu qədər də ağ edə bilməz” kimi etirazlar
da eşidilmir. Çünki Rusiyanın bütün bəşəriyyətə Krımda verdiyi dərsdən hər kəs
öz payını götürüb. Amerika okeanın o tayında rusları dollarla təhdid edənə
qədər Rusiya Azərbaycanı istədiyi şəklə salacaq. Bunu bu gün Azərbaycan hakimiyyəti də
görür. Amma Azərbaycan hakimiyyətinin də öz prinsipləri var və hətta Rusiya ilə
münasibətlərimizdəki bu qeyri-bərabərliyə rəğmən yenə də rəsmi Bakı öz
mövqeləri uğrunda sona qədər çarpışır. Rusiya təbii ki, bizim nazımızla
oynamır, oynamayıb və oynamayacaq da. Sadəcə olaraq rəsmi Bakı gərəkən anda
gərəkən manevrləri edərək həm öz mövqelərini qoruya bilir, həm də Azərbaycanın
bir dövlət olaraq maraqlarını güdməyi bacarır.

Ona görə də olduqca çətin bir regionda
yerləşməyimizə, Rusiya kimi bir qoca nəhəngin qulağının dibində müstəqil enerji
siyasəti yürütməyimizə rəğmən Azərbaycanı Ukraynanın aqibətinin gözləyəcəyi
inandırıcı deyil. Amma Rusiyanın Azərbaycanı işğal siyasətinin olması bir
faktdır.

Rusiya Azərbaycana ənənəvi dayaqları
üzərində daxil olmağa çalışacaq. Bölərək, Azərbaycanı ələ keçirəcək. Artıq
bunun təzahürləri də var. Cənubda talış separatizmi süni şəkildə qabardılır,
şişirdilir və bir problem kimi təqdim olunur. Ən acınacaqlı olanı isə odur ki,
həmin talış separatizminə Rusiya ilə yanaşı, abdal Qərb təşkilatları da dəstək
verməkdədir. Onların absurd “insan haqqları prizması” bu gün Rusiyanın
Azərbaycanda yeni işğal siyasətinə tam uyur.

Şimalda isə Azərbaycanı bir neçə
imtiqamətdə narahat etməyi düşünən Rusiyanın avar və ləzgi separatçıları ilə
dəfələrlə təlim keçdiyi faktdır. Bu gün təkcə “google” və “youtube”də axtarış
verməklə həmin süni separatizm meyillərini təbliğ edən minlərlə materiala, bu
cür Azərbaycan əleyhinə olan təhlükəli təbliğatla məşğul olan saytlara rast
gəlmək mümkündür.

İllərdir Rusiya bu siyasətinə
sədaqətlidir. Azərbaycanı hətta kəndlərə bölərək kiçiltməyi belə göz önünə alan
Rusiyanın qarşısını isə yalnız rəsmi Bakının atacağı addımlar ala bilər.

Məhəmməd Ərsoy

Short URL: http://www.cumhuriyyet.net/?p=5453

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728