Bu ikili Türkiyə dövlətini necə bitirdi..

29.03.2014 - 11:22

Bu ikili Türkiyə dövlətini necə bitirdi..

İki gün sonra – martın 30-da Türkiyə seçiciləri bələdiyyə başqanlarını seçmək üçün sandığa, yəni seçki qutularına gedəcəklər
İlk baxışdan söhbət adi yerli seçkilərdən gedə bilərdi. Seçki kampaniyalarının həmişə böyük siyasi şouya çevrildiyi Türkiyədə belə bələdiyyə seçkiləri həlledici siyasi əhəmiyyət kəsb etməməli idi.
Lakin məsələ daha qəlizdir və bu seçkilər Türkiyənin indiki hakimiyyətinin, baş nazir Ərdoğanın siyasi gələcəyi üçün ölüm-qalım məsələsinə çevrilib. Ötən il dekabrın 17-də aparılmış həbs əməliyyatlarından sonra ABŞ-ın Pensilvaniya ştatında mənzillənmiş və dünyanın hər yerinə yayılmış, hörümçək toruna bənzər yarımgizli şəbəkəni idarə edən Fətullah Gülənlə onun keçmiş müridi Rəcəb Tayyib Ərdoğan arasında açıq müstəviyə keçən müharibədə son və həlledici sözü də bu seçkilər deyəcək.
Kaset müharibələri
17 mart həbslərindən sonra bir-birini məhv etmək üçün bütün arsenallarını işə salan tərəflərin hər ikisi gizli səs yazılarından əsas silah kimi istifadə edib.
“İmamın ordusu”, yəni Türkiyənin polis və ədliyyə sistemində özünə möhkəm kök salmış fətullahçılar tərəfindən həyata keçirilən qəfil həbs əməliyyatından sonra Fətullah Gülənə yaxın media bir-birinin ardınca Ərdoğanın nazirlərinin korrupsiya sövdələşmələrinə dəlalət edən telefon danışıqlarını yaymağa başladı. Eyni vaxtda anons edildi ki, Ərdoğanın və ailə üzvlərinin də gizli audio və videoyazıları yayıla bilər.
Doğrudan da çox keçmədi ki, Twitter sosial şəbəkəsində baş nazirin əslində “oğru” olduğuna eyhamla yaradılmış “başçalan” akkauntundan Ərdoğanın oğlu Bilalın, daha sonra özünün telefon danışıqları yayıldı.
Gizli səs yazıları seriyasından baş nazirin xanımının və qızının da danışıqları internetə ötürüldü. Bu telefon danışıqlarında baş nazirin evində saxladığı milyardları necə gizlətmək barədə oğluna verdiyi təlimatlardan söhbət gedirdi.
Gözlənildiyi kimi, seçki kampaniyası dövründə Pensilvaniyadan sızdırılan bu kompromatlar əsas müxalifət partiyalarının – CHP və MHP-nin Ərdoğanı yıxıb-sürümək üçün əla material idi.
Ərdoğan da eyni üslubda cavab verir
Ancaq Pensilvaniyada, Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahının yaxınlığında mənzillənmiş Fətullah Gülənə qarşı özünün sadiq tərəfdaşı – Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın dəstəyi ilə müharibə aparan Ərdoğan da boş dayanmadı. O, bir tərəfdən, fətullahçıları polis və ədliyyə strukturlarından təmizləmək üçün kütləvi yerdəyişmələr həyata keçirdi. Digər tərəfdən isə internetə, MİT-ə bağlı saytlara Fətullah Gülənin heç də ömrünü din yolunda fəda edən imam deyil, Uqandadan banan idxalından tutmuş Nigeriyada neft terminalının tikintisinə qədər geniş biznes əməliyyatlarına rəhbərlik edən məkrli biri olduğuna dəlalət edən səs yazıları ötürüldü.
Fətullahçıların Azərbaycandakı şəbəkəsinə zərbələr
Ərdoğan və MİT-in Fətullah Gülənin şəbəkəsinə qarşı mübarizəsi ölkə sərhədlərini kənara aşdı və Azərbaycana da sıçradı. Bu da gözlənilən idi. Çünki fətullahçıların Türkiyədən sonra ikinci ən güclü şəbəkəyə məhz Azərbaycanda malik olduğu deyilir.
Türkiyə xüsusi  xidmət orqanları təriqətin Azərbaycandakı şəbəkəsinin əsas adamlarının adlarını, onların “hoca”larına yazdıqları gizli məktubları, Fətullah Gülənin özünün Azərbaycanla telefon danışıqlarını bir-birinin ardınca yaydı.
Bu kompromatların yayılmasının nəticəsi o oldu ki, “hoca”nın Azərbaycandakı ən önəmli adamlarından biri sayılan, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov işdən çıxarıldı.
Lakin belə görünür ki, Azərbaycan hakimiyyəti Ərdoğanın arzuladığı kimi, bu təriqətin kökünü tamamilə qazımağa tələsmir. Hərçənd ki, bunun üçün bütün imkanlara malikdir. Görünür, hakimiyyət 30 mart seçkilərinin nəticələrini gözləyir və ABŞ-ın, İsrailin dəstəklədiyi, hələ də gücünü itirməyən təriqətlə münasibətlərini birdəfəlik korlamağa tələsmir.
Kaset müharibələrində kim qazandı?
Bu kompromat müharibəsində tərəflərin hansının daha çox zərbə aldığını demək hələ çətindir. Media azadlığının mövcud olmadığı Türkiyədə baş nazirin və partiyasının reytinqinin çoxsaylı korrupsiya dosyeləri, gizli səs yazıları sayəsində nə qədər azaldığı müəyyən deyil.
Yazılı və elektron mediada tənqidləri böyük ölçüdə aradan qaldırmağa nail olan Ərdoğan seçkilərə az qalmış onun barəsində sərt tənqidlərin yayıldığı Twitteri də bağlatdı.
Məntiqi olaraq təkcə bu qərar Ərdoğanın reytinqinin kəskin aşağı düşməsinə səbəb olmalı idi. Çünki söhbət milyonlarla istifadəçinin öz fikirlərini paylaşdığı internet platformasının aradan qaldırılmasından gedirdi. Lakin hər şeyin çoxdan baş-ayaq çevrildiyi Türkiyədə məntiq prinsipləri qalıbmı? 
Doğrudanmı AKP yenə səslərin yarısını alacaq?
AKP-yə bağlı ictimai rəy mərkəzlərinin son nəticələrinə inansaq, hakim partiya bu zərbələrdən, Ərdoğanın ən sərt diktatorların üslubunu mənimsəməsindən heç də ziyan çəkməyib və martın 30-da səslərin az qala yarısını əldə edəcək. Bütün seçki kampaniyasını adını bir dəfə də çəkmədiyi Fətullah Gülənə və onunla işbirliyində ittiham etdiyi CHP-yə həsr edən Ərdoğanın seçki mitinqlərinin görüntüləri də izdihamlıdır.
Hərçənd ki, bütün səs yazılarını “montaj” adlandıran və ona, ailə üzvlərinə qarşı ortaya atılmış kompromatlara hökumətinin iqtisadi uğurları haqda rəqəmləri sadalamaqdan başqa konkret cavab verməyən Ərdoğanın bağırmaqdan səsi batıb. O, ölkənin kürdlər yaşayan cənub-şərq bölgələrinin birində – Bitlisdə elə batmış səslə də çıxış edib və dərhal sosial şəbəkələrdə istehza hədəfi olub.
Ərdoğan müxalif liderin intim görüntülərini yaydırır 
Seçki kampaniyasının sonuna doğru hər iki tərəfin bir-birinə qarşı ən təsirli silahları işə salacağı gözlənilən idi və belə də oldu. Əvvəlcə elan edildi ki, martın 25-də Türkiyəni, baş nazir Ərdoğanı və onun  hökumətini sarsıdacaq, hər şeyi alt-üst edəcək nələrsə ortaya çıxacaq.
Martın 25-i gəlib çatsa da qorxunc nəsə baş vermədi. Hərçənd ki, imamın səngərindən Ərdoğanın yalançılığına və öz rəqiblərinə qarşı ən iyrənc metodlardan istifadə etdiyinə dəlalət edən daha bir bomba atdılar.
Söhbət keçmiş CHP başqanı Dəniz Baykalın intim görüntülərinin internetə məhz baş nazir Ərdoğanın göstərişi ilə yayıldığını əks etdirən gizli səs yazısından gedir. Hansı ki, keçmiş hocasına qarşı mübarizəyə başlayanda Ərdoğan bu görüntülərin də “paralel dövlət” tərəfindən CHP liderinin karyerasına son qoymaq üçün yayıldığını dəfələrlə demişdi.
Baş nazir Ərdoğan Dəniz Baykala “o kaseti də bunlar yaydı, bəs niyə susursan?” deyirdi.
İndi isə seçkilərə bir neçə gün qalmış siyasi rəqibinə qarşı bu cür iyrəncə metoddan istifadəyə göstərişin məhz Ərdoğan tərəfindən verildiyi ortaya çıxır. Ərdoğan isə bu səs yazısını da “montaj” adlandırıb.
Martın 25-nə anons edilən qorxunc hadisə isə belə görünür ki, iki gün sonra baş verdi. YouTube saytına Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, onun müavini Feridun Sinirlioğlu, MİT rəhbəri Hakan Fidan və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Yaşar Gülerin iştirakı ilə martın 14-də keçirilmiş məxfi toplantının səs yazıları ötürüldü.
Bu toplantıda Türkiyə hökumətinin 30 mart seçkiləri ərəfəsində Suriyanın həmsərhəd bölgələrində hərbi əməliyyat keçirmək planlarını müzakirə etdiyi bəlli olur. MİT rəhbəri Suriyaya hərbi müdaxilə səbəbi əldə etmək üçün sərhədin o tayına adamlar göndərib Türkiyə ərazisinə raket atılmasını təşkil edə biləcəyini deyir.
Həm Türkiyə, həm də Azərbaycan mediasında tam məzmunu yayılmış bu səs yazısının yayılmasından sonra daha da hiddətlənən Ərdoğan Twitterin ardınca YouTube saytına da girişi bağlamaq əmri verdi. Baş nazir Türkiyə dövlətinin sirlərinin yayılmasını Fətullah Gülənin təşkil etdiyini deyərək yenə də onun ünvanına ən ağır söyüşləri yağdırdı.
Türkiyə dövləti və hökuməti sarsıdıcı zərbə alır
Türkiyənin dövlət rəsmilərinin məxfi toplantısının səs yazısının yayılması kimə daha çox zərbə vurmuş oldu –  Ərdoğana, yoxsa Türkiyə dövlətinə?
Belə görünür ki, hər ikisinə. Bu rüsvayçı hadisə Türkiyə dövlətinin artıq dövlət olmaqdan çıxdığını və təriqətin, onu dəstəkləyən xarici kəşfiyyatların istənilən qapalı toplantını dinləyəcək imkanlara sahib olduğunu ortaya çıxardı.
Türkiyə dövləti yəqin ki, heç vaxt bu dərəcədə zəif olmamış və bu miqyasda milli təhlükəsizlik riskləri ilə üzləşməmişdi.
Fətullah-Ərdoğan savaşının Türkiyə dövlətinin regiondakı və dünyadakı mövqelərini də sarsıdıb. Vaxtilə Ərdoğanı hakimiyyətə gətirən təriqətin Türkiyə dövlətini istədiyi kimi fırlatmasının nəticəsi idi ki, Ankara vaxtilə Osmanlı torpaqları olan Krımın Rusiya tərəfindən alınmasına heç bir reaksiya verə bilmədi.
Sözügedən lent yazısı nəyi ortaya qoyur? Bəlli olur ki, Türkiyə Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşən müxaliflərə silah-sursat və digər yardımlar verir. Lakin Suriyada son vaxtlar İraq və “Şam İslam Dövləti” qruplaşmasının, habelə Əsəd qüvvələrinin təşəbbüsü ələ alması Türkiyənin Suriya planlarını pozub. Rəsmilər Əsəd rejimi zəifləyəndə – 2012-ci ildə Suriyaya müdaxilə etmədiklərinə peşmandırlar.
Analitiklərin qənaətinə görə, Türkiyənin Suriya ilə bağlı gizli fəaliyyətlərinin açılması yalnız İsrailin və Əsəd rejiminin maraqlarına cavab verə bilərdi. Və indi heç kim şübhə etmir ki, gizli Suriya müzakirələrinin yayılması Türkiyə üçün doğrudan da sarsıdıcı zərbə oldu.
İndi söz türkiyəli seçicilərindir və bütün nəzərlər onların martın 30-da hansı seçimi edəcəklərinə yönəlib. Təbii ki, bütün əsas azadlıqların məhdudlaşdırıldığı ölkədə seçkilərin saxtalaşdırılması cəhdi olmayacaqsa…
Ərdoğan vəd edib ki, əgər partiyası bu seçkiləri də udsa, o zaman fətullahçıların hinlərinə girib onları darmadağın etmək üçün əməliyyata başlayacaq…
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5459

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930