Azərbaycanda hər nazirin bir bankı var

29.03.2014 - 19:02

“Əmanətləri 10 faizlə qəbul edən banklar, onu 30 faizlə camaata verir”

 

“Kreditlərin qaytarılmamasının bir səbəbi faizlərin yüksək olmasıdır”  

Azərbaycan banklarında kredit faizlərinin dərəcələrinin yüksək olması
hər zaman müzakirə predmeti olub. Ancaq yüksək faizlə kredit verən
banklar əmanətləri xeyli aşağı faizlə qəbul edir. Bu fərq ən azı iki
dəfədir. Əgər bankdan kredit almaq istəyən şəxs illik 20, 30, bəzən 35
faiz ödəməli olursa, banka əmanət yerləşdirənlərin illik gəliri 10-15
faizdən artıq olmur.

Millət vəkili Vahid Əhmədov da dəfələrlə mətbuata açıqlamasında bununla bağlı narahatçılığını dilə gətirib. 

Moderator.az saytına müsahibəsində millət vəkili bir daha bu mövzuya
toxunub. V.Əhmədovun sözlərinə görə, 3-4 ildir ki, bankların yürütdüyü
anormal siyasəti qınasalar da, bu narahatçılığı nəzərə alan yoxdur:
“Artıq qaytarılmayan kreditlərin həcmi bir milyard manatı ötüb.
Qaytarılmayan bu kreditlər Azərbaycanın maliyyə bazarı üçün bir bəladır
və çox ciddi problem yarada bilər. Amma kimsə bu kreditlərin
qaytarılmamasının səbəblərini təhlil etmək istəmir sanki. Bunun əsas
səbəbi bank faizlərinin çox yüksək olmasıdır. Bu gün banklardakı faizlər
23-33 faiz arasındadır. Sual olunur, nəyə görə Azərbaycanın 50 milyarda
yaxın ehtiyatı olduğu halda banklar belə yüksək faizlər verir? Sual
vermək lazımdır ki, əgər sən əmanətləri 10 faizlə qəbul edirsənsə, niyə
onu 30 faizlə camaata verirsən? Qoy lap sənin 5-6 faizlik xərclərin
olsun, daha bu qədər də olmaz ki”.

Ölkədə bankın çoxluğunun tərəfdarı olmadığını deyən millət vəkili hər
nazirin banka sahib olduğunu da bildirib: “Onlar həmin banklar
vasitəsilə istənilən əməliyyatları həyata keçirərək vergidən yayınma
hallarına rəvac verirlər. Mərkəzi Bank qərar qəbul etmişdi ki, bankların
nizamnamə kapitalı 50 milyon manat həcmində olmalıdı. Amma bu qərarın
qüvvəyə minməsinə imkan vermədilər və müddəti 2015-ci ilin yanvarın
1-dək təxirə saldılar. Bunu da düzgün hesab etmirəm, bankların sayının
azalmasından qorxmaq lazım deyildi”.

Millət vəkili ilə yanaşı bir çox ekspertlər də banklarda kredit
faizləri ilə əmanət faizləri arasında ciddi fərqin normal hal olmadığını
qeyd ediblər. 

Ekspertlər hesab edir ki, vəziyyətin bu həddə çatmasında ölkədəki iqtisadi durumun da rolu az deyil.

Ekspertlər kreditlərlə əmanətlərin faiz dərəcələrindəki fərqi
bankların xərclərinin həddən artıq çox olması ilə də izah edir. Banklar
daha çox istehlak kreditlərinə üstünlük verir. Faizlərin yüksək
olmasının səbəbi isə ölkə iqtisadiyyatında risklərin həddən artıq
olmasıdır. Bankdan kredit alan sahibkarın biznesdə uğur qazanması
ehtimalı çox aşağıdır. Buna səbəb mülkiyyət hüququnun qorunmaması,
müstəqil məhkəmə sistemininin olmamasıdır. Banklar sahibkarlara böyük
həcmdə kredit verib həmin vəsaiti itirməkdən qorxur. Ona görə də biznes
kreditindən çox istehlak kreditlərinə üstünlük verilir. Çünki bu halda
kreditlərin 95 faizinin qaytarılma ehtimalı yüksəkdir. Qaytarılmayan
kreditlərin yeri isə qaytarılan kreditlərin yüksək faizləri hesabına
doldurulur. Bu da kreditlərin faizlərinin yüksəlməsinə gətirib çıxarır.

Short URL: http://www.cumhuriyyet.net/?p=5465

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728