Yaqub Eyyubov haqda şok faktlar

29.03.2014 - 20:22

Baş nazirin birinci müavininin iddiası və
reallıq arasındakı təzadlar

 

Baş nazirin birinci müavininin iddiası və
reallıq arasındakı təzadlar

 

 

 

Son
vaxtlar baş nazirin birinci müavini Yaqub Eyyubovla yüksək rütbəli bəzi
məmurlar arasında ciddi konfliktlərin yaşandığı bildirilir. Məlumata görə,
Y.Eyyubov öz vəzifə səlahiyyətlərindən istifadə edərək, onun təmsil olunduğu
hakimiyyətdaxili qruplaşmadan kənarda olan bır sıra məmurlara qarşı açıq savaşa
keçib. Məsələ ilə bağlı bizə danışan mənbənin sözlərinə görə Yaqub Eyyubovun
hazırda tutduğu vəzifə ona bir çox üstünlüklər verir: “Söhbət xüsusilə baş
nazirin birinci müavininin ayrı-ayrı nazirliklərə və dövlət qurumlarına
ayrılacaq büdcə vəsaitləri üzərində təsir imkanlarının geniş olmasından gedir.
Məsələn, hansısa nazirin müxtəlif ehtiyaclar üçün büdcə vəsaiti əldə etməsi
lazımdır, amma bundan ötrü ilk növbədə Yaqub Eyyubovun razılığı tələb olunur. Vitse-premyer
isə bu razılıq üçün bəzi özünəməxsus kriteriyaların həyata keçirilməsini mühüm
sayır. Bunlardan biri – həmin nazirin və ya digər yüksək çinli məmurun baş
nazirin birinci müavininin şərtlərini yerinə yetirməsidir. Söhbət ayrılacaq
vəsaitin bir hissəsinin əvvəlcədən Eyyubovun ixtiyarına verilməsindən gedir”.

 

Artur Rəsizadənin “varisi” olmaq iddiası

 

Məlumatı
verən mənbə bildirir ki, Yaqub Eyyubova yaxın şəxslər baş nazirin birinci
müavininin himayəsinə sığınaraq bir çox müəmmalı işlərə imza atıblar: “Ən əsası
isə odur ki, vitse-premyerin ətrafındakı şəxslərdə nədənsə belə bir əminlik
hökm sürür ki, Y.Eyyubov ehtimal olunan genişmiqyaslı kadr islahatları
çərçivəsində böyük ehtimalla baş nazir postuna sahiblənəcək. Bu da onun
himayəsindəki biznes adamlarına özlərini daha rahat hiss edərək, qarşılarındakı
iş adamlarını asanlıqla sıradan çıxarmaq və bazarda güclənmək imkanı verir”.

Bütün
bunlara rəğmən, hazırda iqtidar daxilində Yaqub Eyyubova qarşı kifayət qədər
ciddi şəkildə mənfi münasibət hakimdir: “Yaqub Eyyubovu bir çox köklü iri
məmurlar qəbul etmirlər. İmtiyazca, təsir imkanları etibarı ilə daha zəif
məmurlar isə baş nazirin birinci müavininin onlarla hökmran kimi rəftarından
narazıdırlar. Hər iki halda Yaqub Eyyubova qarşı hökumət kulislərində əsasən
mənfi münasibətin hökm sürməsi onun hazırki baş nazir Artur Rəsizadənin
“varisi” olacağına dair inamları kəskin şəkildə azaldır”.

 

Etibar Pirverdiyevlə biznes ziddiyyəti

 

Bu
arada Yaqub Eyyubovun özünə yaxınlığı ilə seçilən məmurlarla bağlı ciddi şübhələr
yaşadığı və onlara etibar etmədiyi yönündə də bilgilər var. Həmin məlumatlarda
iddia olunur ki, vitse-premyer “Azərenerji” prezidenti Etibar Pirverdiyevin ona
arxa çevirməsindən sonra özünə yaxın olan məmurlara etimadını itirib: “Məsələ
burasındadır ki, Sumqayıt Texnologiyalar Zavodu yaradılarkən orada Yaqub
Eyyubovun da payı olub. Bu zavod “Azərenerji” prezidenti Etibar Pirverdiyevə
məxsus “Azinko” şirkəti tərəfindən açılıb. Həmin vaxt Pirverdiyev Baş nazirin
birinci müavini tərəfindən himayə edildiyindən zavoda pay sahiblərindən biri də
elə Yaqub Eyyubov olub. Amma sonradan Etibar Pirverdiyevin hakimiyyət içində
himayədarı dəyişib. Yəni Pirverdiyevlə baş nazirin birinci müavininin
münasibətləri zədələnib, bundan sonra “Azərenerji” və onun rəhbəri prezidentin
iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədovun nəzarətinə keçib. Bu nüans Yaqub
Eyyubovu o qədər qəzəbləndirib ki, o, hələ də “Azərenerji” prezidentini
bağışlamır, eyni zamanda öz himayəsindəki bəzi məmurların da Pirverdiyevin yolu
ilə gedərək, ona xəyanət edəcəyindən çəkinir”.

 

Silah biznesinin qaranlıq tərəfi…

 

Yaqub
Eyyubovu hökümətdə daha çox “kölgə adam” kimi tanıyırlar. Üzdə xarici
qonaqların qəbul-yola salma prosesində görünsə də, iqtisadiyyata yönəlik
fəaliyyəti sanki yoxmuş kimi, heç bir zaman qabarıq olmayıb.Baş nazir Artur
Rəsizadənin Eyyubovu heç sevmədiyi və bir müavin kimi onu içində həzm edə
bilmədiyi də iddialar arasında yer alır. Amma Baş nazirin birinci müavininin
işini çətinləşdirən amillərdən biri təkcə kollektivin ona etimadının olmaması
ilə bağlı deyil. Bildiyiniz kimi, Yaqub Eyyubovun səlahiyyət kurasiyasına görə,
ölkəyə alınıb gətirilən bütün silah- sursatlar məhz onun nəzarəti və bilavasitə
iştirakı ilə həyata keçirilir. Silah alveri isə bütün dünyada qaranlıq iş kimi
tanınır. Burada heç bir şəffaflıq olmadığı üçün alqı-satqıda bir çox
manipulyasiyaların olmadığını heç cür iddia etmək olmaz.

Başqa
tərəfdən, zaman-zaman mətbuatda müəyyən sövdələşmə əsasında ölkəyə yararsız,
istismar müddəti qurtarmış texnikaların, təyyarələrin alınıb gətirilməsi haqda
informasiyaların dərc olunması da heç kimin yaddaşından çıxmayıb. Mənbənin
iddiasına görə, bu gün o və ona oxşar proseslər baş verməkdə davam edir.
İddiaya görə, bəzi güc qurumlarına, xüsusilə Daxili Qoşunlar və Sərhəd
Xidmətinə onlara aidiyyatı olmayan silahlar sırınır. Hətta uyğunsuz
silah-sursatların təhvil alınmasında etirazların olduğu və bəzi silah
növlərinin istismara qəbul edilmədiyi, aylarla havadan asılı qaldığı haqda
informasiyalar da dolaşır.

 

Hədəfə doğru gedən yolda əngəllər

 

Bütün
bunlar deyilməyənlərin və ictimaiyyət tərəfindən bilinməyənlərin bir hissəsi
kimi, Yaqub Eyyubovun baş nazirlik kreslosuna doğru yolunu bağlayan amillərdir.
Əgər biz mətbuat olaraq gələcək potensial baş nazir haqda bu cür xoşagəlməz
məqamları aşkar edə biliriksə, demək ki, xarici xüsusi xidmət orqanları bundan
da ötəsini bilir. Bu isə Yaqub Eyyubovun hədəfə çatmasına əngəl ola biləcək
xarici faktor sayıla bilər.

Ən
nəhayət, ölkə prezidenti baş nazir postuna birini hazırlayarkən ictimai rəyi də
müəyyən mənada diqqətə almaq məcburiyyətindədir. O isə Yaqub Eyyubov üçün heç
də ürəkaçan deyil. Çünki bu vaxtadək cəmiyyət Yaqub Eyyubovdan xüsusi seçiləcək
davranış və fədakarlıq görməyib. Başqa tərəfdən, bu dönəmin Baş nazirliyi
əvvəlkilərə bənzəməyəcək. Belə ki, dünya gücləri, xüsusilə Qərb dünyası
Azərbaycan hakimiyyətindən ciddi islahatlar tələb edir. Belə bir həssas dönəmdə
isə “islahat” ayaqqabısının Yaqub Eyyubovun ayaqlarına böyük olacağını
düşünürük. Əgər iddialılardan fərqli fikir və düşüncədə olanlar varsa, böyük
məmnuniyyətlə qəzetimizdə onlara yer ayırmağa hazırıq.

 

 

 

Çingiz
Coşqun

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5471

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930