Vyanada Azərbaycanla bağlı korrupsiya məhkəməsi davam edir
30.03.2014 - 09:56
Vyanada Azərbaycanla bağlı korrupsiya məhkəməsi davam edir

Avstriyanın baş bankiri Azərbaycanla əlaqəyə görə tənqid atəşinə tutuldu
“Novotnı Azərbaycanın dünyanın ən korrupsiyalaşmış ölkələrdən biri olduğunu bilməyə bilməzdi”
Pul əskinaslarının çapına dair Azərbaycan və Suriya ilə bağlanmış müqavilələrdəki korrupsiya, bu ölkələrin Mərkəzi Bankının rəhbərliyilə rüşvət sövdələşməsinə görə cinayət məsuliyyətinə cəlb olunan Avstriya Mərkəzi Bankının rəhbər şəxslərinin məhkəməsi ətrafında Vyanada müzakirələr davam edir.
“Azadlıq”ın ötən saylarından birində xəbər verdiyimiz kimi, bu iş üzrə Vyanada keçirilən son məhkəmə iclasında Avstriya Mərkəzi Bankının prezidenti Evald Novotnı şahid qismində ifadə verib. O ifadəsində göstərmişdi ki, Azərbaycan və Suriya məmurları ilə korrupsiya sövdələşməsindən, bu ölkələrin milli valyutalarının çapı üçün sifariş almağın müqabilində onların Mərkəzi Bank rəhbərliyinə rüşvət ödənilməsindən xəbəri olmayıb. Işçilərinə etibar etdiyini deyən Novotnı onu da bildirmişdi ki, Avstriya Mərkəzi Bankı ilə Azərbaycan və Suriya arasında müvafiq müqavilələr o, vəzifəyə təyin olunmamışdan xeyli əvvəl bağlanmışdı.
Lakin Avstriyanın özündə də Novotnının bu haqda dediklərini inandırıcı saymırlar. Avstriyanın “Die Presse” qəzeti bu çıxışına görə Novotnını tənqid atəşinə tutub. Ümumiyyətlə, Azərbaycan, Suriya kimi diktatura rejimlərinin hökm sürdüyü, korrupsiyalaşmış ölkələrlə iş birliyinin özü biabırçı hal kimi qiymətləndirilir. Eyni zamanda, Novotnının da baş verənlərdən xəbərsiz olduğunu deməklə, yalan danışdığı vurğulanır.
“Novotnı dünyada korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış, dövlətlərin şəffaflıq reytinqini araşdıran “Transparency International” təşkilatının üzvüdür. Bu təşkilatın hesabatlarında Azərbaycan mütəmadi olaraq, dünyanın ən çox korrupsiyalaşmış ölkələri arasında yer alır. Novotnı bunu bilməyə bilməzdi.
Novotnının məhkəmədəki çıxışı – heç nədən şübhələnmədiyi barədə dediklərindən sonra iki versiya ortaya çıxır. Birincisi budur ki, o, yalan danışır, çünki hətta orta məktəb şagirdi də ən azı şübhələnərdi. Ikinci versiya isə budur ki, o, dediklərində səmimidirsə, deməli, səriştəsizdir, vəzifəsinin öhdəsindən gələ bilmir. Mərkəzi Banka rəhbərlik etməkdənsə, hot-doq satışıyla məşğul olsa, daha yaxşıdır”, – deyə “Die Presse” yazır.
Xatırladaq ki, bu cinayət işilə əlaqədar Avstriyada ümumilikdə 9 nəfər mühakimə olunur. Onların arasında Avstriya Mərkəzi Bankının sədr müavini, 63 yaşlı Volfanq Duçazek, eləcə də pul əskinaslarının çapına məsul şöbənin rəhbəri Maykl Vulf, Mərkəzi Bankın törəmə şirkəti olan və pul çapıyla məşğul olan “OeBS”in baş direktoru Maykl Vulf da var. 83 səhifəlik ittiham aktında yazılanlara görə, təqsirləndirilən şəxslər cinayətkar birlik yaradaraq, 2005-2011-ci illərdə Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri – Elman Rüstəmov və Adib Mayaleyə bu ölkələrdən əskinas çapının sifarişi almağın müqabilində 14 milyon avro rüşvət veriblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=5473