Ermənistanın BMT rəzaləti

30.03.2014 - 10:56

Ermənistanın BMT rəzaləti

İşğalçı ölkə Ukrayna əleyhinə səs verməklə özünü “tullantı ölkələr” cərgəsinə qoydu və sivil dünyada rüsvay oldu; Kiyev İrəvanla əlaqələri kəsir; Azərbaycana isə bravo!; Qarabağ məsələsində xeyrimizə çox qiymətli bir xal qazandıq, qalır ondan layiqli istifadə…
BMT Baş Məclisində martın 27-də Ukrayna ilə bağlı səsvermə gözlənilən, lakin eyni zamanda maraqlı nəticələr doğurub. Yəqin ki, bu nəticələr hələ bir müddət siyasi müşahidəçilər tərəfindən analiz ediləcək. Ancaq indidən bir şeyi dəqiq qeyd eləmək olar ki, Azərbaycan Rusiyanın yaxın perspektivdə özünə qarşı hər cür mümkün təzyiqinə və təhdidinə baxmayaraq bu sınaqdan üzüağ çıxmağı bacardı.
Ən azından Krım tatarları və ukraynalı qardaşlarımızın qarşısında biz öz vəfa borcumuzu yerinə yetirmiş olduq. Bu, tarixi və doğru seçim idi. Məsələnin önəmi həm də ondadır ki, ölkəmiz həqiqi mənada bizə tərəfdaş və dost dövlət olan, GUAM bloku üzrə müttəfiq Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstələməklə təkcə beynəlxalq birliyin – güclü Qərb, ABŞ, Avropa Birliyi ölkələri də daxil 100 ölkə sırasında yer almadı, eyni zamanda Dağlıq Qarabağın perspektiv həlli baxımından olduqca qiymətli siyasi xal qazandı.
Bu xalın dəyəri işğalçı Ermənistanın qətnamə əleyhinə səs verməsi ilə şübhəsiz, birə-üç artacaq. Üstəlik, Ermənistan görün hansı 10 ölkə ilə Ukraynanın ərazi bütövlüyünə qarşı çıxıb – Rusiya, Belarus, Zimbabve, Kuba, Şimali Koreya, Nikaraqua, Boliviya, Sudan, Venesuela və Suriya. Sadalanan dövlətlərin, demək olar, hamısı beynəlxalq ictimaiyyətin lənətlədiyi və təcrid elədiyi “izqoy” (“tullantı”) ölkələr, təməl insan haqlarının tapdandığı avtoritar, diktatura rejimli dövlətlərdir.
Dorudur, qətnaməni Rusiya qulaqardı edəcək, ancaq bu, onun üçün daim ciddi bir xəbərdarlıq olacaq ki, dünyanın mütləq əksəriyyəti, sivil dünya onun işğalçılıq hərəkətlərini, ümumiyyətlə, bir suveren dövlətin başqa bir suveren dövlətin ərazisini zorla qəsb eləməsini qəbul etmir, etməyəcək. Deməli, eyni mesaj nəinki Azərbaycanın, hətta uzaq Ukraynanın da ərazi bütövlüyünü tanımayan Ermənistana və onun siyasətinə ünvanlıdır.
Söz düşmüşkən, postsovet ölkələrindən yalnız Ermənistan, Rusiya və Belarus Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyib. Buradan başqa bir qənaət hasil olur ki, Qarabağ məsələsində MDB dövlətləri də əksərən Azərbaycanın yanındadır. Hətta həmin o Belarus ərazi bütövlüyümüzü müdafiə elədiyini dəfələrlə rəsmi bəyan edib. Onu da unutmaq lazım deyil ki, Gömrük İttifaqına Ermənistanın üzvlük məsələsinə Qarabağa görə Qazaxıstanla birgə xüsusi şərt qoyan ikinci ölkə məhz Belarusdur.
“Ermənistan XİN-in sabiq rəhbəri: “Biz heç vaxt belə qul statusunda olmamışdıq…”
Minsk Qrupuna üç həmsədr ölkədən ikisinin – Amerika və Avropa Birliyinin təmsilçisi sayılan Fransa ilə Azərbaycanın beynəlxalq hüququn toxunulmaz prinsipi olan ərazi bütövlüyü məsələsində eyni mövqe sərgiləməsi də yetərincə məmnunedici mənzərədir. Çünki Dağlıq Qarabağ ixtilafının ədalətli həlli Rusiyadan qat-qat çox bu iki qlobal al güc mərkəzindən – Amerika və Avropadan asılıdır. Hər halda, tendensiya buna doğrudur.
Təsadüfi deyil ki, Sərkisyan hökumətinin BMT rəzaləti öz ölkəsində də ciddi qınaqlar və etirazlarla qarşılanıb. Məsələn, sabiq xarici işlər naziri, deputat Vardan Oskanyan Ermənistanın martın 27-də BMT Baş Məclisində Ukrayna ilə bağlı qətnamə layihəsinin əleyhinə səs verməsini yanlışlıq adlandırıb. Oskanyan  ölkəsinin bitərəf qalmalı olduğunu söyləyib.
Sitat: “Birinci ona görə ki, Qarabağda 23 il öncə referendum keçirilsə də, biz onun müstəqilliyini indiyədək tanımamışıq və Azərbaycanla hələ də danışıqlar aparırıq. Bitərəf qalmaqla biz bu prinsipiallığı təsdiq eləmiş olardıq. Bundan əlavə, Ermənistan əsasən avtoritar və beynəlxalq miqyasda təcrid edilmiş ölkələrin olduğu ölkələrin siyahısına düşmə perspektivini görməli idi. Bu, daha mühüm idi, çünki hər halda necə səs verdiyimizi yadda saxlayacaqlar, nəinki bizim prinsipiallığımız və ya prinsipsizliyimizi”.
“BMT-də Ukrayna ilə bağlı Ermənistanın səsverməsi ölkənin avrointeqrasiyasının tabutuna vurulan sonuncu mismar oldu”. Bunu isə erməni mediasına açıqlamasında Ermənistanın digər sabiq xarici işlər naziri, deputat Aleksandr Arzumanyan deyib.
“Əgər sentyabra (Ermənistanın Gömrük İttifaqına qoşulduğu tarixə – S.S.) kimi ölkənin Rusiyaya doğru hərəkət eləməsinə şübhələr var idisə, BMT Baş Məclisində dünənki səsvermə bizim biabırçılığımız və rüsvayçılığımız oldu. Bütün müstəqil Ermənistan dövlətçiliyi tarixində belə bir şey hələ olmamışdı. Biz heç vaxt belə qul statusunda olmamışdıq”, – deyə XİN-in sabiq rəhbəri söyləyib.
Eks-nazir səsvermə zamanı İrəvanın neytral, yəni bitərəf mövqe tutmalı olduğunu deyib: “Belə mövqeyi Abxaziya və Cənubi Osetiyanın ilhaqı zamanı Gürcüstan dövlətçiliyi dağılanda tutmuşduq. O zaman biz izah edə bilmişdik ki, öz milli maraqlarımız var. Qarabağda Krım referendumun bayram edilməsi elə təəssürat yaratdı ki, sanki dünya bundan sonra yalnız Dağlıq Qarabağdan və qonşu dövlətlərdən ibarətdir. Bu, təəccüblü idi. Heç olmasa, Ermənistan neytrallığın təzahürlərinə riayət edəydi. BMT-dəki səsvermə ilə biz özümüz özümüzü Venesuela, Sudan kimi ölkələrin cərgəsinə qoyduq. Yəni bizim iddialarımız Venesuela səviyyəlidir. Biz artıq dünyanın hesablaşmadığı 10 “failed” ölkədən biriyik”.
Sərkisyan hökumətinin sərt tənqidini davam etdirən Arzumanyan daha sonra bildirib: “Biz heç kimə səlahiyyət verməmişik ki, bizi Zimbabve ilə eyni sıraya qoysun. Bu, elə bir mövzudur ki, onun haqqında danışmaq lazımdır. Sən kiminlə Avropa Birliyinə gedirsən? Siyasi meydanda adətən Moskvanın təlimatlarını gözləyirlər. Problem ondadır ki, bizim içimizdə belə bir şey kök salıb ki, mütləq Kremlin “dobro”sunu almalıyıq. Bu isə olduqca təhlükəlidir. Mən BMT-də 5 il işləmişəm və nədənsə yayınmağın bütün mümkün variantlarını yaxşı təsəvvür edirəm. Orada çox gözəl bir çıxış edib söyləmək olardı ki, öz müqəddəratını təyinetmə mühüm hüquqdur, ancaq oriyentasiyasını müəyyən edənin özü qərar verməlidir ki, gicgaha lüləni nə vaxt dirəsin”.
Politoloqun sözlərinə görə, Ermənistanda tabu olmamalıdır: “Biz qorxmadan bəyan edə bilməliyik ki, Ermənistan NATO-nun üzvü ola bilər, Gümrüdəki Rusiya hərbi bazasına ehtiyacımız var, ya yox, daha 45 il bu bazanı saxlamağa haqqımız çatırmı, o qədər heç yaşamayacağıq, və ya hər şeyi “Qazprom”a verəkmi? Aydındır ki, əbədi heç nə yoxdur. Hakimiyyət də bunu anlamalıdır. Heç olmasa təcrübədə nəyi isə öyrənsinlər”.
Arzumanyan təəssüflə onu da qeyd edib ki, Ukrayna Ermənistana öz səhvini düzəltməyə bir neçə dəfə imkan versə də, İrəvan bundan yararlanmayıb. Yeri gəlmişkən, bu adımdan sonra Ukrayna yəqin ki, İrəvana öz səfirini qaytarmayacaq, hərgah səsvermədən əvvəl bunun mümkünlüyü ilə bağlı rəsmi Kiyevdən açıqlama gəlmişdi.
Yazı çapa gedərkən məlum oldu ki,  Ermənistanın Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verməsi rəsmi Kiyevi hiddətləndirib. Avropa.info-nun Ukrayna mətbuatının istinadən yazdığına  görə, Xarici İşlər Nazirliyinin informasiya siyasəti departamentinin rəhbəri Yevqeniy Perebiynis Ermənistanın və Belarusun Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verməsini qınayıb: “Ermənistan və Belarusun bu mövqeyi Ukraynanı hiddətləndirib. Biz gələcəkdə bu iki ölkə ilə əlaqələri inkişaf etdirmək barədə qərar verərkən bu mövqeləri nəzərə alacağıq”.
Beləcə, BMT olayı Ukraynaya dost-düşmənlərinin bir daha tanıtdı. Elə onun öz dilimizdə bizə minnətdar olduğu Azərbaycana da. Səsvermənin ən mühüm siyasi yekunlarından biri də əlbəttə ki, bu, hesab edilə bilər.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5478

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930