"Rusiya Azərbaycan üçün böyük təhlükəyə çevrilib"
30.03.2014 - 13:19

Qərb vaxt udmağa, Rusiya isə Avropanı və qonşularını qorxutmağa çalışır”
Rusiya Krımı Ukraynadan qoparmağı bacarsa da, ekspertlər Kremlin əldə etdiyi qələbənin keçici xarakter daşıdığını, Qərb-Rusiya savaşında qazananın məhz birinci tərəf olduğunu düşünürlər. Çünki Qərb Ukraynanı Rusiyanın təsirindən çıxara bildi. Gündəmin əsas mövzuları ətrafında siyasi şərhçi, professor Qulu Məhərrəmli ilə söhbətləşdik:
– Krımla bağlı müzakirələr davam edəcək, proseslər haqqında fərqli mülahizələr səslənəcək, lakin indiki halda, tam bəlli olan budur ki, Ukrayna Rusiyanın caynağından qoparaq Avropanın bir parçasına çevrilməkdədir. Adətən, tarixin belə sərt dönüşləri müəyyən itkilərlə, ağrılarla müşayiət olunur. Bu baxımdan Krım faciəsi Ukrayna üçün gözləniləndir. Rusiyaya gəlincə, Kremlin bu davranışı ilə çox şey udduğunu düşünmürəm, amma insident Rusiyanın tarixində yeni və faciəli proseslərin başlanğıcı oldu. Ən pisi, Rusiya bu addımı ilə müasir dünyada qərarlaşmış təhlükəsizlik sistemini pozdu, etnik mənsubiyyəti vətəndaşlıqdan yüksəyə qaldırmaqla bütün dünyada separatizmi stimullaşdırmış oldu. Putin göstərdi ki, Ikinci Dünya müharibəsindən sonra yaranmış, hüquqa əsaslanan beynəlxalq təhlükəsizlik sistemini qəbul etmir. Söhbət ölkələrin ərazi bütövlüyünün qorunması və sərhədlərin dəyişdirilməsinin yolverilməzliyindən gedir. Putinin Krımdakı davranışının mənası budur ki, rus olmaq hər hansı ölkənin vətəndaşı olmaqdan daha üstündür. Bu prinsipə qalsa, görün, Latın Amerikasında, Avropada, Asiyada, Afrikada nə qədər milli azlıqlar var ki, dövlətlərini yaratmaq istəyirlər. Putinin Krım məsələsindəki eyforik “uduşu” və ondan sonra atdığı addımlar, məhz bu təhlükəni yaradır.
– Belə görünür ki, Rusiya ictimai mühiti tarixi səbəblərə görə Krımın işğalını normal qarşılayır…
– Rusiya telekanalları işğal faktına bəraət qazandırmaq üçün Krımın tarixi ilə bağlı çox şeylər uydururlar. Amma ərazilərin toxunulmazlığı prinsipini üstün tutan beynəlxalq hüquq bu məsələdə tarixilik prinsipini qəbul etmir, yəni, dövlətin öz razılığı olmasa, onun sərhədləri dəyişdirilə bilməz. Əslində, Putin bu addımı ilə Rusiyanın da gələcəyini təhlükə altına qoyur. Qərb ekspertləri də gələcəkdə Rusiyanın parçalanacağını və onun ərazisində bir neçə dövlətin yaranacağını ehtimal edirlər. Bu, heç də əsassız ehtimal deyil, çünki hazırda Rusiya Federasiyasındakı 60-dan çox subyektin ən azı üçdə biri müstəqil olmağa, öz dövlətini yaratmağa iddialıdır. Rusiyanın mövcud durumu, iqtisadi vəziyyəti də imkan vermir ki, bu dövlət irimiqyaslı müharibə planlarını gerçəkləşdirsin, Ukraynanı işğal etsin. Aydın məsələdir ki, Putinin sərt davranışının öz məqsədləri var. O, ilk növbədə ölkəsindəki sosial-iqtisadi problemləri rus şovinizmindən qaynaqlanan imperiya qığılcımları, işğal faktı ilə ört-basdır etməyə çalışır. Bir ölkədə ki, 42 milyon işsiz ola, son 20 ildə təxminən 40 minə yaxın qəsəbə və kəndi boşalaraq yer üzündən silinə, 21 milyon əyyaş və 7 milyon bomju ola, belə ölkə Avropa ilə necə üz-üzə gələr, böyük hərbi planları necə gerçəkləşdirə bilər?
– Baş verənlərə Qərbin münasibətini necə dəyərləndirirsiz?
– Bəziləri Qərbdən çox sərt münasibət gözləyirlər. Hətta belə düşünürlər ki, indi ABŞ-da prezident Corc Buş olsaydı, hadisələr başqa cür cərəyan edərdi. Fikrimcə, Qərbin olaylara yanaşması doğrudur. Çünki Rusiyadan fərqli olaraq, Qərbdə qərarları bir adam qəbul etmir. Bəlkə daha sərt və sürətli addımlar atmaq olardı, amma ən önəmli məqam Avropa və ABŞ-ın çəkici eyni yerə vurmasıdır. Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi ciddi məsələdir. Bu ölkənin iqtisadi dayaqları zəifdir, son 20 ildə sənaye müəssisələrinin 92 faizinin fəaliyyəti dayandırılıb, heç bir yeni texnologiyası yoxdur, əsas gəliri hərbi sənaye və xammal ixracatındandır. Təkcə yanvar-fevral aylarında Rusiyadan 35 milyard dollar investisiya geri çəkilib. Yaxın zamanlarda bu rəqəm 65 milyard olacaq. Yəni, sanksiyalar Rusiya iqtisadiyyatına birbaşa təsir edəcək. Rusiya təbii qazına çox güvənir, çünki Avropanın qazla təminatının 45 faizi onun payına düşür. Amma Obamanın vəd etdiyi qaz Avropaya gəlsə, onda vay Rusiyanın halına. Bütün bunlar Rusiya üçün ciddi xəbərdarlıqdır və Moskvaya qarşı iqtisadi sanksiyaların təsiri tədricən özünü göstərəcək.
– Bu sanksiyalar Rusiyanı işğalçı siyasətdən çəkindirə bilərmi?
– Indiki halda Putinin Krımdan əl çəkəcəyini gözləmək illüziya olar. Amma sanksiyalar Rusiyanın Ukraynaya və digər qonşulara qarşı aqressiv addımlarını müəyyən qədər cilovlaya biləcək. Rusiya Avropanın qulağının dibində uzun müddət at oynada bilməyəcək, yaxın aylarda regionda daha ciddi proseslər özünü göstərəcək. Bu olaylarda Ukraynanın əsas uduşu Moskvanın pəncəsindən qurtulmasıdır.
– Bəs Krımda bundan sonra hadisələr necə cərəyan edəcək?
– Eyforiya keçəndən bir müddət sonra burada kütləvi məyusluq yaranacaq. Rusiyanın sosial baxımdan SSRI olmadığını, bahalaşmanı, qanunsuzluq və korrupsiyanı görəcəklər. Xarici ölkələrə çıxışlarının olmaması da bu prosesə təsir edəcək. Avtomat lülələri altında keçirilən referendum Krımın bütün əhalisinin istəyini ifadə etmir, ona görə də Rusiyanın Krımda nə qədər qala biləcəyinin özü də mübahisəli məsələdir. Çünki Krımda 500-600 min təqaüdçü, büdcədən əmək haqqı alan 250 min qulluqçu var. Bu xərcləri təmin etmək üçün büdcədən bir milyard dollardan çox pul ayrılmalıdır. Rusiyanı Krımda hələ çoxlu problemlər gözləyir, yeni infrastruktur yaradılmalı, Ukraynadan asılılıq aradan qaldırılmalıdır. Rusiya bunları tezliklə edə bilməyəcək və bu səbəbdən də bir azdan Krımda daha mürəkkəb durum yaranacaq.
– BMT baş katibinin dediyinə görə, Putin onu əmin edib ki, rus qoşunları başqa ərazilərə irəliləməyəcək. Amma reallıq fərqlidir, belə fikir yaranıb ki, SSRI-nin bərpasına cəhd var…
– Indiki situasiyada Qərb daha çox vaxt udmağa, Rusiya isə daha çox güc nümayiş etdirməklə Avropanı və qonşularını qorxutmağa çalışır. Ukraynanın Şərq sərhədlərinə rus ordusunun yeridilməsi Putinin mesajıdır ki, mən daha sərt hərəkətlər edə bilərəm. Məqsəd Qərbin sanksiyaları davam etdirməsinin qarşısını almaqdır. Avropa mətbuatı və məşhur politioloqlar Putin haqqında yazırlar ki, o, Krımı işğal etməklə çox “alçaq” hərəkətə yol verib. Inanmıram ki, bundan sonra həmin “alçaq” hərəkətləri davam etdirmək mümkün olsun. Çünki baş verənlərə Avropanın sərt reaksiyası var. Düşünürəm ki, Putin etdiyi yanlışlığın fərqindədir. Hərbi müdaxilə zəruri idisə, Rusiya bunu çox sürətlə gerçəkləşdirməli idi. Indi qoşunları və hərbi texnikanı nümayiş etdirməklə gücünü Ukraynaya deyil, Avropaya göstərir. Yəni, mənimlə güc dilində danışmaq olmaz. Bu baxımdan, ABŞ və Avropanın taktikası doğrudur ki, Rusiya ilə güc dilində deyil, iqtisadi sanksiyalar dilində danışılır.
– Hadisələr Bakı və Yerevanın fərqli mövqelərini üzə çıxartdı…
– Ümumiyyətlə, baş verənlər Moskvanın maskasını yırtaraq, onun əsl sifətini göstərdi. Bir daha məlum oldu ki, Rusiya bu dünyanın qaydaları ilə yaşamaq istəmir, bütövlükdə təhlükəsizlik sistemini pozur. Indi bu ölkə bütün dünya, o cümlədən Azərbaycan üçün böyük təhlükəyə çevrilib. Qarabağ probleminin mahiyyətilə bağlı bütün dünyada aydın təsəvvür var, amma indiyə qədər bunu etiraf etmirdilər. Indi dünya əmin olur ki, Ermənistanın arxasında Rusiya dayanır və Moskva Azərbaycana məhz Ermənistanın vasitəsilə təsir etməyə çalışır.
– Bəzi telekanallarda Qərbin Krımı dəstəkləməməsi burada müsəlman əhalinin, türklərin olması ilə əlaqələndirilir. Bu nə dərəcədə düzgün yanaşmadır?
– Çox yanlış yanaşmadır. Düzdür, sayları az olsa da, Krım tatarları yaxşı təşkilatlanmış etnik toplumdur, çevik Məclis yarada biliblər, parlamentdə və hökumətdə təmsil olunublar. Indiki situasiyada da kifayət qədər ağıl, mərdlik və cəsarət nümayiş etdiriblər, lakin kifayət qədər beynəlxalq dəstəkləri yoxdur. Onlara qarşı repressiya başlamasa, Krım tatarları etnik subyekt kimi ABŞ və Avropanın diqqətini cəlb edəcək.
– Çoxları “Ukrayna niyə Krım uğrunda döyüşmədi?” sualını verir. Bəs Sizcə?
– Əvvəla, Krım uğrunda savaş indi-indi başlayır. Ikincisi, Ukraynanın Krımda döyüşə girməməsi siyasi və daha çox hərbi səbəblərlə bağlıdır. Məncə, Kiyev taktiki baxımdan düzgün qərar verdi, çünki Krım, demək olar ki, Rusiya hərbçilərinin əlində idi, dəniz akvatoriyasına da Rusiya donanması nəzarət edirdi, buradakı hərbi bazaları da yaddan çıxarmayın. Yəni hərbi-strateji baxımdan Krımda quru və dəniz döyüşləri aparmaq çox böyük itkilərə səbəb ola bilərdi. Ona görə də Ukrayna xüsusi hazırlıq olmadan kor-koranə müharibəyə getmədi və lazımsız itkilərə yol verməkdən çəkindi. Amma əmin olun ki, Kiyev Rusiyanın bu azğınlığının əvəzini çıxacaq.
– Qərbdə Putini Hitlerlə müqayisə edirlər, bu, nə dərəcədə uğurlu müqayisədir?
– Bəlkə də onların bəzi oxşar psixi problemləri var, amma məncə, döyüşlər görmüş Hitlerlə stol arxasında böyümüş Putini, o vaxtkı sənayeləşmiş Almaniya ilə indiki bərbad gündə olan mitil Rusiyanı müqayisə etmək olmaz. O vaxt Hitlerin heç olmasa, Yaponiya və Italiya kimi müttəfiqləri var idi. Bu gün Rusiyanın heç bir müttəfiqi yoxdur. Hətta Çin də Krım məsələsində Rusiyanı dəstəkləmir.
– Ukraynada baş verən proseslərdə Azərbaycanın Qərbi dəstəkləməsi dövlətimiz üçün əlavə dividentlər yaradır. Ermənistanın Rusiyanı dəstəkləməsinin fonunda Azərbaycan irəli çıxaraq, Qarabağ problemini xeyrinə həll edə bilərmi?
– Azərbaycan nə hüquqi, nə də siyasi-mənəvi baxımdan Rusiyanı dəstəkləyə bilməzdi. Ona görə ki, Azərbaycanın Rusiyanın əli ilə yaradılmış Qarabağ boyda problemi var. Bunu Rusiyanın siyasi elitası da anlamalıdır. Azərbaycan bu sayaq məsələlərdə ərazi bütövlüyü məsələsini BMT-də, ATƏT-də və başqa beynəlxalq qurumlarda həmişə öndə saxlayıb. Onun Rusiyanı dəstəkləməsi ölkəmizin yaratdığı beynəlxalq imicin üzərindən xətt çəkməsi demək olardı. Beynəlxalq birlik Ermənistanın da əsl simasını gördü. Uzun müddətdir ki, Qərb Ermənistanı Rusiyanın caynağından qurtarmaq üçün onunla danışıqlar aparırdı. Amma məlum oldu ki, Yerevan azad iradə ifadə edən deyil, Rusiyanın əlaltısıdır, forpostdur. Ermənistan bölgədə Azərbaycan və Türkiyəyə qarşı qurulmuş bir qarovulçu postudur.
– Türkiyə tarixinin ən qızğın seçkilərinə qədəm qoyur. Gözləntiləriniz nədir? Seçkidən sonrakı Türkiyəni necə görürsünüz?
– Türkiyənin güclü dövlət olmasının Azərbaycan üçün xüsusi önəmi var, çünki bizi təkcə etnik yaxınlıq yox, həm də strateji müttəfiqlik birləşdirir. Biz Türkiyə vasitəsilə dünya enerji bazarına rahatlıqla çıxa bilirik. Ona görə Türkiyənin daxilində sabitliyin olması Azərbaycan üçün önəmlidir. Ərdoğan hökuməti son illər Türkiyənin iqtisadi-maliyyə baxımından güclənməsi üçün çox işlər görüb. Amma görünür, uzun illər hakimiyyətdə qalmaq Şərq adamlarına pis təsir edir, ona görə də indi dünya mediası Ərdoğanın avtoritarizmə meyllənməsindən yazır, bunun ölkənin daxili və xarici üçün müəyyən qorxular yaratmasını qabardır. Təbii ki, ölkədə demokratiyanın zəifləməsi də avtoritar meyllər üçün şərait yaradır. Bu baxımdan seçkilər demokratik proseslərə impuls verməli və cəmiyyəti irəli aparmalıdır. Türkiyənin seçkilərdən qovğasız, ciddi qarşıdurma olmadan çıxması, siyasi qüvvələrin və vətəndaş cəmiyyətinin yetkinlik nümayiş etdirməsi çox vacibdir. Bələdiyyə seçkilərində kimin üstünlük qazanacağına gəlincə, çoxları bu fikirdədir ki, AKP üstünlüyünü saxlayacaq. Amma Ərdoğan bu üstünlükdən cəmiyyətin rifahı üçün deyil, öz rəqiblərini və opponentlərini boğmaq üçün istifadə etməyə çalışacaqsa, daxildəki siyasətini korreksiya etməyəcəksə, qarşıdurma artacaq və sabitlik üçün problemlər yaranacaq.
– Artıq Ərdoğan dəfələrlə bəyan edib ki, seçkidən sonra Gülən camaatına qarşı əməliyyatlar həyata keçiriləcək. Bu niyyəti necə dəyərləndirmək olar?
– Bu, Türkiyənin daxili məsələsidir. Əgər Gülən camaatı ölkə üçün qorxuludursa, təhlükə yaradırsa, təbii ki, ona qarşı ciddi tədbirlər görülməlidir. Yox, əgər uydurma bəhanələrlə repressiyalar başlayacaqsa, “Ergenekon” olayındakı kimi “çevriliş” şouları oynanacaqsa, bu Türkiyənin siyasi mənzərəsində daha bir qara ləkəyə çevriləcək.
– Türkiyə və Rusiyada baş verən hadisələrin Azərbaycan üçün hansı təsirləri ola bilər?
– Azərbaycan kimi dövlətlər, əlbəttə, qonşuluqda əsən küləklərdən asılı olur. Biz elə bölgədə yerləşmişik ki, tarixən Rusiyada gedən proseslər bizə birbaşa təsir edir. Bu gün də Azərbaycan cəmiyyəti həm Rusiya, həm də Türkiyə ilə sıx bağlıdır. Tərslikdən indi Rusiyada da qeyri-sabit proseslər gedir, Türkiyədə də. Bizə lazımdır ki, həm Rusiya Qərblə dil tapa bilsin, həm də Türkiyədə proseslər elə məcraya yönəlsin ki, Azərbaycan ondan zərər çəkməsin. Ona görə indi elə bir mürəkkəb situasiya yaranıb ki, Azərbaycan xüsusən Rusiyaya münasibətdə addımlarını çox ehtiyatla götür-qoy etməlidir. Çünki hər hansı ehtiyatsız addım bizim bu qorxunc ölkə ilə münasibətlərimizin korlanmasına gətirib çıxara bilər.
(azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=5482