Ölkədə jurnalist qiyamı gözlənilir

30.03.2014 - 17:30

Sosial durumundan narazı olan yazarlar bir günlük tətil edəcək


Sosial durumundan narazı olan yazarlar bir günlük tətil
edəcək

 

Qlobal iqtisadi böhran
Azərbaycan hakimiyyətinin pafos səddini keçərək öz nəticələrini diqtə
etməkdədir. Tədricən bütün məhsulların və xidmətlərin qiymətində artım müşahidə
olunur. Bu isə sözsüz ki, onsuz da ağır şəraitdə yaşayan Azərbaycan
vətəndaşlarının sosial durumunu bir qədər də gərginləşdirir.

XXI əsrin qulları – Azərbaycan jurnalisti

Düzdür, hökumət sosial müavinətlərin, təqaüdlərin, ayrı-ayrı sahələr
üzrə əməkhaqlarının qaldırılması ilə bu məsələni konpensasiya etdiyini düşünür.
Amma vəziyyət yenə də acınacaqlı
olaraq qalır. Rəsmi əməkhaqqı insanların dolanışığı üçün yetərli olmadığından
ölkədə rüşvət geniş miqyas alır. Əməkhaqları artırılsa belə müəllimlər,
həkimlər, polis və prokurotura işçiləri, hətta hərbçilər də rüşvətsiz keçinə
bilmirlər. Bəs bütün bu problemləri işıqlandıran jurnalistlərin vəziyyəti
necədir? Onların rəsmi şəkildə nəinki əməkhaqqı artırılmayıb, ölkənin jurnalist
ordusunun böyük əksəriyyəti ümumiyyətlə əməkhaqqı almır. Əksəriyyət qonorara
işləyir ki, bunun da Azərbaycan reallığında ifadəsi “günəmuzd əmək fəaliyyəti”
anlamına gəlir. Yəni, “nə yazdınsa o qədər də alacaqsan” prinsipi jurnalistləri
əslində qul əməyi funksiyasını yerinə yetirməyə məcbur edib.

Hökumət isə bütün
məsələlərdə olduğu kimi bu məsələdə də pafosundan geri qalmır. Problemin gerçək
durumun araşdırmamışdan öncə hökumət tərəfindən bu işə rəsmi və qeyri-rəsmi
məsul olan şəxslərin mövqelərinə diqqət edək.

Rəsmi yalanlar

Prezident Adminstrasiyasının ictimai-siyasi şöbə müdiri Əli həsənov
deyir: “Jurnalistlərin sosial probleminin aradan qaldırılması, sosial
vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlətin başladığı tədbirlər
bundan sonra da davam etdiriləcək və getdikcə genişləndiriləcək.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu, o cümlədən cənab Prezidentin ayrı-ayrı dövrlərdə bununla bağlı
imzaladığı sərəncamlar, fərmanlar bunun bəzi istiqamətlərini artıq ortaya
qoyub.” 

KİV-ə Dəstək Fondunun
rəhbəri Vüqar Səfərovun mövqeyi də eynidir:
Bu gün Azərbaycanda KİV-ə davamlı, məqsədyönlü yardım
mexanizmi mövcuddur və
Azərbaycan
Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Konsepsiyası”ında əksini tapıb. Konsepsiyada dövlət dəstəyinin forma və
prinsipləri, ehtiva etdiyi konkret istiqamətlər çox dəqiq göstərilib. Hazırda
qarşıda duran vəzifə sənədə uyğun həyata keçirilir. Azərbaycan Respublikasında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu məhz bunun
üçün formalaşdırılıb
“.

Azərbaycan reallığını
bilməyən kənar bir müşahidəçi ölkə jurnalistlərini cənnətdə məkan quran
bəxtəvərlər kimi zənn edər. Amma reallıq fərqlidir…

Gerçək  və acı həqiqət

Real durumu isə jurnalistlərin özü sərt şəkildə ifadə edir. Hazırki
qazancından və sosial durumundan narazı olan yazarlar verilən yardımların çıxış
yolu olmadığı qənaətindədir: “Dövlət mətbuata yardım edir, sağ olsun.
Amma bununla iş aşmır ki. Azərbaycan jurnalistləri
maddi baxımdan dirçəlməyincə medianın da inkişafından danışmaq yersiz olar. Mən
bu məsələ də qəzet rəhbərlərini də qınamıram, onlar əlindən gələni edir. Amma
qəzetlərin gəlirləri gözümüzün qabağındadır. Ənq yaxşı halda jurnalistlərə
səhifəsi 10-15 manat olmaqla qonarar verilir. Əlbəttə bu ədalətsiz bir
hesablaşmadır. Amma biz də bilirik ki, qəzetlərin bundan artığına imkanı
yoxdur. Problemin həlli üçün başqşa yollar axtarılmalıdır
.

Tanınmış imza sahibi,
müstəqil jurnalist
Razi Abbasbəyi də həmkarları ilə eyni fikirdədir: Azərbaycanda jurnalistlərin
sosial şəraitin
in yaxşı olması üçün daha mütərəqqi addımlar atılmalı idi.
Düşünürəm ki, ölkədə demokratiya və insan haqları sahəsində azadlıqlar təmin
edilsəydi, o zaman jurnalistlərin də sosial vəziyyəti daha yaxşı olardı. Ölkədə
dövlətin mediaya qayğı göstərməsi anlayışı o qədər absurddur ki, heç bir özünə
hörmət edən dövlətdə bu anlayış yoxdur. Jurnalistlərə azadlıqlar verilsə,
reklam bazarı, insanların mətbuatla təmaslarına məhdudiyyət qoyulmasa, zatən
mediada işləyənlərin həyat şəraiti yaxşı olar. Təəssüf ki, Azərbaycanda bir-iki
otaqlı mənzilə, hansısa fondun ayırdığı pullarla mətbuatda işləyənlərin həyatı
yaxşıdır təəssüratı yaradıldır. Amma bu hansısa qəzetin onsuz da yaxşı yaşayan
rəhbərinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Ölkədə fundamental
azadlıqlar təmin edilməyincə, hamı kimi, orta statistik azərbaycanlılar kimi
jurnalistlərin də həyat şəraiti yaxşı olmayacaq
.

Son dövr müsahibələrində
tanınmışların qəniminə çevrilmiş Natiq Cavadlı da jurnalistləri aztəminatlı
peşə sahiblərindən hesab edir:
İndiki
qonorarla Azərbaycan jurnalistlərinin dolanması və fiziki baxımdan mövcudluğunu
qoruyub saxdaması sözün həqiqi mənqasında möcüzə sayıla bilər. Hökumətin
danışdjıqlarına gəlincə isə bu quru pafosdan başqa bir şey deyil. 5-3 manat pul
veriblər və indi də minnət qoyublar. Özü də kimlərə veriblər? Məsələn, o
siyahıda
Mövqe adldı
qəzet var. Yəqin ki, o qəzetin oxucularının sayı adındakı hərflərin sayından
çox deyil. Amma Vüqar Səfərov istəyi ilə bu qəzetə də pul verirlər.
Bu gün Azərbaycan
jurnalistinin qazancı 1000 manat təşkil etməlidir ki, normal yaşaya bilsin”.

Radikallığı
və hər zaman hakimiyyətin hədəfində olmağı ilə seçilən “Azadlıq” qəzetinin
repartyoru Ramin Deko hazırki qonorar sistemindən narazı olduğunu bildirdi:
“Mən reportajlar üçün normal qonararı 30-50 manat hesab edirəm. Amma bu gün
ölkə mətbuatında bu qiymət 10-20 manatdır. Dövlət tərəfindən verilən yardımlar
redaksiyada ədalətli şəkildə bölünür. Amma bunun qonorara və ya əməkhaqqına bir
aidiyyatı yoxdur. Bunlar ildə iki-üç dəfə verilən birdəfəlik yardımlardır”.

Göründüyü
kimi tanınmış qəzetlərin əməkdaşları bütün rəsmi təbliğata rəğmən
jurnalistlərin maddi durumundan narazılıq edir. Bu yazın müəllifi kimi biz də
yuxarıda deyilən fikirlərə həmrəyik…

Hökumət xəlifə, jurnalistlər Babək
rolunda

Rəsmi
yalanlar və gerçək həqiqətlər arasındakı müqayisədən sonra yada “Babək”
filmindəki məşhur epizod düşür. Ölümdən qurtuluş yolu kimi Afşin Babəkə
xəlifənin əfvini təqdim edir. Azadlıq sərkərdəsinin cavabı isə çox lokonik
olur: “Sənin xəlifən mənə rəhm etməyib, məni satın almaq istəyib”. Eyni cavabı
neft milyardları qarşılığında mətbuata özü də müəyyən ayrı-seçkiliklə ayrılan,
sonrada böyük minnət qoyulan maddi yardımlar əvəzində vermək olar.

Amma
bütün şirnikləndirici rəqəmlərə rəğmən Azərbaycan mediasını tam satılmış və
bütövlükdə hakimiyyətin yedəyində hesab etmək olmaz. Hakimiyyətin olimpiada
atına və ya “Evrovizion” müsabiqəsində Araş adlı oğlanla duş qəbul edən
müğənniyə sərf etdiyi pulları son illər ərzində mətbuata ayırdığı ümumi
vəsaitlə müqayisə etmək kifayətdir ki, iqtidarın da müstəqil mətbuatı pulla
satın almaq istəyinin baş tutmadığı qənaətinə gəlinsin.

Jurnalistlərin
durumuna gəldikdə isə 2007-2010-cu illərin müqayisəsi göstərir ki, Azərbaycanda
mətbuat sahəsində çalışanlar əməkhaqqında nisbətən də olsa artım hiss olunub,
əmək müqavilələrinin bağlanmasında müəyyən səliqə-sahman yaranıb,
jurnalistlərin əmək hüquqlarının qorunmasına diqqət artıb. Amma bununla yanaşı
hazırki situasiya böyük səhradakı bir su mənbəyinə bənzəyir. Problem yenə də
qalmaqdadır. Belə ki, gündəlik nəşr olunan, dövriliyini, sabit nəşrini, imicini
qoruyan mətbu orqanlarda, xüsusən də informasiya agentliklərində çalışanların
orta aylıq gəliri 300 manat və bir qədər yüksəkdir (ötən ilədək bu göstərici
180-200 manat arasında olub). Həftəlik çıxan qəzetlərdə isə orta aylıq gəlir
100-150 manat civarındadır. Həmçinin bu tip qəzet redaksiyalarının təqribən 90
faizində əmək müqavilələri ümumiyyətlə bağlanmayıb. Qalan yüzlərlə qəzet
redaksiyasında isə nə sistemli nəşr, nə əmək müqaviləsi, nə stabil əməkhaqqı,
nə də jurnalistika prinsiplərinə hörmət yoxdur.

Onu
da diqqətə çatdıraq ki, Azərbaycanda real yaşayış minimumu 150 manata yaxındır.

Əzrayıl balamı almasın, balasın
istəmirəm

Hakimiyyətin
apardığı təbliğata rəğmən müstəqil medianın maddi dirçəlişinə müxtəlif
vasitələrlə manelər yaradılır. Məhz yayım sektorundakı problemlər vasitəsi ilə
qəzetlərə böyük miqdarda ziyanlar vurulur. Bu üsulların çoxu ilk baxışdan
görünmür. O problemlər düzəlsə, qəzetlərin tirajı birə-üç artar. Faktik olaraq
müstəqil medianın tiraj artımının qarşısı süni yollarla alınır. Bunun ən sadə
yolu isə qəzet satışı nöqtələrinin seyrəldilməsidir. Adamlar istəsə belə qəzet
tapa bilmir. Sual oluna bilər ki, nəyə görə bir səyyar satıcı az qala 10 köşkün
qəzetini satır. Nəyə görə sata bilir? Çünki o, oxucunun yanına gedir, ona
yaxınlaşır. Onu görəndə adamlar əl uzadıb qəzet alır. Amma köşk çox uzaqdadır,
adamın yolunun üstündə deyil, hətta bir çox köşklər artıq profilini dəyişib. Bu
təkcə paytaxta xas problem deyil. Regionlarda, ümumiyyətlə, daha ciddi
problemdir. Orda əsl qəzet aclığıdır. Oxucunun hətta pulu varsa, qəzet
istəyirsə belə onu ala bilmir. Müstəqil firmalar sıxışdırılıb və bu bazar
tamamilə hakimiyyətin inhisarına alınıb. Zaman- zaman da problemlər yaranır.
Qəzet satıcıları sıxışdırılır, əldə yayım firmalarına problemlər olur. Səyyar
satıcılara birbaşa polis mane olur. Normalda müstəqil medianın əsas gəlir
mənbəyi reklam olmalıdır ki. o da çox məhduddur və ya heç yoxdur. Ona görə də
qazancını əsasən satışdan çıxarır. Satışa da imkan verilmirsə, problem
yaradılırsa, bu, mediaya qarşı birbaşa repressiyadır.

Yeni tətil dalğası

Bütün
baş verənlər isə təbii ki, jurnalistlər arasında müzakirə olunur və vəziyyətdən
çıxış yolları axtarılır. Artıq bir neçə tanınmış jurnalst və media məsələləri
ilə məşbul olan qeyri hökumət təşkilatları konkret addımlar atmaq qərarına
gəliblər. Hələlik adlarının açıqlanmasını istəməyən jurnalistlər və QHT-lər
yaxın günlərdən başlayaraq ardıcıl aksiyalar keçirmək niyyətindədir. Bu haqda cumhuriyyet.az-a danışan media təşkilatı rəhbərinin sözlərinə görə çoxsaylı
jurnalistlərin qatılması planlaşdırılan bu aksiya nəticə verənə qədər davam
edəcək: “İlk növbədə həm hakimiyyət başında olanlara, həm də dünya
ictimaiyyətinə sözügedən yardımların jurnalistlərin sosial durumuna təsir
etmədiyini anlatmaq istəyirik. Həm də bu məsələdə qəzet rəhbərlərinin deyil,
yardım məsələsinə məsul edilən şəxslərin günahkar olmadığunu diqqətə
çatdıracağıq. İlk addım kimi jurnalistlərin bir günlük etiraz tətilini keçirmək
və həmin gün təlil edən jurnalistlərin KİV-ə dəstək fondunun qarşısında etiraz
tədbiri kimi qələmini Fondun yerləşdiyi binaya qoymasını planlaşdırırıq.
Ardınca isə digər aksiyalarımız keçiriləcək.”

Onu
da qeyd edək ki, yazını hazırlayarkən söhbət etdiyimiz tanınmış yazarların
hamısı hələ ki onlara belə bir təklif olunmadığını, amma aksiyanın geniş
miqyaslı olacağı halda bu tətilə məmuniyyətlə qoşulacaqlarını bildirdilər.

 

“Yeni Cumhuriyyət” Araşdırma Qrupu

 

Short URL: http://www.cumhuriyyet.net/?p=5491

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728