Kəlbəcərin işğalı Surət Hüseynovun cinayətidir

30.03.2014 - 17:51

Xalqımızın qanlı fəlakətlərinin əsasını qoyan hadisələrin gerçəyi cumhuriyyet.az-da

Xalqımızın
qanlı fəlakətlərinin əsasını qoyan hadisələrin gerçəyi cumhuriyyet.az-da

 

Azərbaycan milli hakimiyyətinin
süqutunun əsasını qoyan Kəlbəcər rayonunun işğalının ildönümü ərəfəsindəyik.
“Yeni Cumhuriyyət” olaraq bu tarixin üzərinə işıq salmaq, hadisələrin gerçək
tərəflərini oxuculara çatdırmaq üçün o zaman proseslərin içində olan Qarabağ
müharibəsi qəhrəmanı, polkovnik İsa Sadıqovun xatirələrini ixtisarla
diqqətinizə çatdırırıq:

 

*** 

1992-ci
il müharibənin yay kampaniyası uğurla başa çatdı, 1992-1993-cü illərin qış
kampaniyasına hazırlıq işləri də aparılırdı: axı, Xankəndiyə cəmi 10-15
kilometr qalmışdı və hətta ən sərt qış gerçəkliyində də bu 10-15 kilometri dəf
etmək real görünürdü. O zaman düşmən də müqavimət göstərəcək qüvvə sahibi
deyildi, əksinə, özünün vəziyyətinin çıxılmazlığını dərk edirdi.

Surət Hüseynovun əmri ermənilərin yolunu
açdı

Amma
qış kampaniyasının başlanğıcında inanılmaz bir şey baş verdi. Həmin günə qədər
Qarabağın ermənilərdən tamamilə təmizlənməsinə təkid edən və hər cür
danışıqları rədd edən Surət Hüseynov gözlənilmədən 108 saylı əmr imzaladı. Bu
əmr hərbi birləşmələrin və hərbi hissələrin ön cəbhədən çıxarılması və daimi
dislokasiya yerinə dönməsi haqqında əmr idi. Bu o demək idi ki, Xankəndiyə
sıxışdırılmış və oradan da qovulmaq anlarını gözləyən erməni birləşmələrinin
Azərbaycanın içərilərinə doğru yolu açıq elan edilirdi.  Əmrdə göstərilirdi ki, hərbi hissələr bir
sutka ərzində öz yerini təhvil verməli və geriyə dönməlidirlər. Bu, faktiki və
fiziki baxımdan mümkün olmayan bir əməliyyat idi. Bu cinayəti kimsə ağlına
gətirə bilməzdi və bu, əsl xəyanət idi. Necə ola bilərdi?! Bu qədər uğurlar,
qələbələr əldə edilib, bu qədər insanlar qurban gedib və birdən-birə bütün
bunların hamısının üstündən xətt çəkərək son qələbə təminatından imtina
edilirdi! Bu, həmin döyüş mövqelərinin düşmənə təhvil verilməsi demək idi və
bunun başqa adı yoxdur.

Hər
şeydən əvvəl, bu, qanunsuz əmr idi. Ona görə ki, hərbi birləşmə komandirinin
belə bir əmr vermək səlahiyyəti yox idi. Müharibə zamanı hərbi hissə və
orduların hər cür yerdəyişməsi ilə bağlı əmrləri yalnız Ali Baş Komandan verə
bilər. Hərbi hissə komandirinin bu ağlagəlməz dərəcədə qısa müddət ərzində
hərbi hissələrin dislokasiya yerini dəyişməsi ilə bağlı əmrinin heç bir hüquqi
əsası olmadığı kimi, əməliyyat perspektivi də yox idi. Bu müddətdə yeni hərbi
hissənin əməliyyat vəzifələrini öyrənməsi, hədəfləri, situasiyanı mənimsəməsi
mümkün deyildi.

Ön
cəbhədən çıxarılan hərbi hissələrin mövqeyi heç kimə təhvil verilmədi və heç
bir əsasnamə qaydalarına əməl olunmadı. Surət Hüseynov sadəcə olaraq, bir əmr
imzalayıb, özünə tabe olan hərbi hissələri döyüşdən çıxarıb apardı və bununla
da ermənilərə imkan yaratdı ki, heç bir əlavə qüvvə və resurs cəlb etmədən
əks-hücum üçün tələb olunan bütün üstünlükləri əldə etsinlər.

Surət
Hüseynovun bu cinayəti hərbi əməliyyatların və bütövlükdə müharibənin gedişində
əsaslı dönüş yaratdı. Əgər bu vaxta qədər biz düşməni sıxışdırmaqla hücum
edərək ciddi qələbələr qazanmaqda davam edirdiksə, qoşunlar ön cəbhədən
çıxarıldıqdan sonra biz sürətlə geri çəkilməklə və əld etdiyimiz əraziləri
düşmənə buraxmaqla müdafiə olunmağa başlamışdıq. Cəmi ay yarım ərzində
ermənilər bizim hərbi qüvvələrimizi ta Ağdərəyə qədər geri oturda bildilər.
Kəlbəcərin işğalı üçün şərait yarandı, çünki Kəlbəcər faktiki olaraq, mühasirə
vəziyyətinə düşürdü. Ora gedən bütün yollar ermənilərin nəzarəti altına
düşmüşdü, yalnız çətin keçilən Murovdağ yolu bizim əlimizdə idi.

Kəlbəcərin
işğalı ilə bağlı məsələləri təsvir etməyə başlarkən bəzi mühüm detalların
üzərində dayanmaq istəyirəm. Daha dəqiq desəm, həmin dövrdə Müdafiə
Nazirliyində, hərbi birləşmələrdə bəzi kadr təyinatları ilə bağlı detalların…

Dadaş Rzayev ortaya çıxıb həqiqəti deməyə
borcludur!

Məlum
olduğu kimi, 1993-cü ilin fevralında müdafiə naziri Rəhim Qazıyev vəzifəsindən
kənarlaşdırıldı və bu vəzifəyə Dadaş Rzayev gətirildi. Etiraf etməliyəm ki, bu,
ən doğru seçim deyildi və bunu hadisələrin sonrakı inkişafı da sübut etdi.
Dadaş Rzayev həmin vaxt Qərb hərbi birləşmələrindən birinin komandiri idi. Onun
yerinə də Nəcməddin Sadıqov gətirildi. Bu təyinat da bir çoxlarını
təəccübləndirdi və məyus etdi. O cümlədən də Zaur Rzayevi. Zaur Rzayev Kəlbəcər
istiqamətindəki qoşunların komandiri idi və Nəcməddin Sadıqovun bu təyinatını
ədalətli hesab etmədi. O düşünürdü ki, bu vəzifəyə daha çox onun özü layiqdir.
Onların arasında qapalı bir rəqabət başlamışdı və bu, az qala, hamıya məlum
idi. Zaur Rzayev müdafiə nazirinin sərəncamında idi, ona hansısa yüksək vəzifə
verilməli idi və bu, artıq Dadaş Rzayevin görəvi idi ki, onu layiq olduğu bir
posta təyin etsin. Bu yerdə bir sıra demoqoqların iddiasına son qoymaq
istəyirəm ki, guya, Zaur Rzayevi Elçibəy qəsdən kənarda saxlayırdı və s. Bunlar
həqiqətdən xəbəri olmayan bir sıra məlumatsız adamların uydurmalarından başqa
heç nə deyildi. Bu məsələlərlə Dadaş Rzayev məşğul olurdu və nəhayət, ortalığa
çıxıb həqiqətləri söyləmək onun borcudur. Zabit olmağın asan olmadığını başa
düşürəm, amma ya zabit olurlar, ya da olmurlar.

Zaur
Rzayevin yerinə Kəlbəcərə döyüş zabiti, Əfqanıstandakı döyüşlərinə görə
“Qırmızı Bayraq” ordeni ilə təltif edilən və yüksək hərbi təcrübəsi olan
Qənizadə göndərildi. Kimsə onun döyüş təcrübəsinə və bacarıqlarına şübhə
etməməlidir. O, bizim hamımızdan daha artıq təcrübə sahibi idi: Əfqanıstanda
boş yerə heç kimi belə yüksək mükafatlarla təltif etmirdilər.

Həmin
ərəfədə şərait müharibənin gedişində sərt dönüş yaratmaq üçün əlverişli
deyildi. Birincisi, həmin şəraitdə bu qədər kadr dəyişiklikləri etmək lazım
deyildi. Ikincisi isə Müdafiə Nazirliyi müharibənin gedişində dönüşü təmin
etmək üçün bütün zəruri addımları atmalı, Ağdərə istiqamətində düşməni
saxlamalı idi. Axı, Kəlbəcər üzərində təhlükə yaranmışdı, o, faktiki, mühasirə
vəziyyətində idi.

Surət Hüseynovun yaramazlıqları

Bu
tərəfdə də Surət Hüseynov… Hərbi hissələri ön xətdən çıxarandan sonra, o,
Gəncəyə qayıtdı və sanki ölkədə heç nə baş vermirmiş kimi, sakitcə orada
oturmaqda davam etdi. Əlində çoxlu sayda hərbi texnika və döyüş sursatı
saxlayan Surət Hüseynov, üstəlik rus generalı Şerbakdan da əlavə hərbi texnika
hədiyyəsi aldı. Nəyə görə?..

1993-cü
ilin mayında Surət Hüseynov o zamankı Müdafiə nazirinin də iştirakı ilə
Şerbakdan çoxsaylı hərbi texnika və sursat hədiyyə aldı.
O
zamanlar Ağdərə ve Ağdam istiqamətində döyüşən ordu hissələrimiz texnika və
sursat qıtlığı çəkirdi, oralarda dəfələrlə oldum və bir neçə dəfə Qazaxdan ora
olan 300 kilometr yolla hərbi texnika gətirirdik ki, zəruri ehtiyacı aradan
qaldıraq. Amma elə həmin zamanlarda Surət öz texnikasını Gəncədəki bokslarda
saxlayırdı. Beləcə, Gəncədə arxayınlıqla oturub tamaşa edirdi, sanki qulağının
dibində gedən müharibənin ona heç bir dəxli yox idi.

O, öz savaşına hazırlaşırdı və öz anını gözləyirdi. Azərbaycandan
sonuncu ermənini də çıxarmaqda israrlı olan, bu məqsədlə müharibənin sona qədər
aparılmasına çalışan adam ermənilərin Azərbaycan ərazilərini işğal etməsinə
sakitcə tamaşa edirdi. O, hədəfə aldığı məqsədə nail oldu. Onların hamısının
məqsədi milli hakimiyyəti gözdən salmaq, onun ölkəni idarə etmək imkanının
olmadığını təlqin etmək, xalqın etimadını qırmaq və onu mənəvi cəhətdən əzmək
idi. Müəyyən qədər də bu məqsədə nail oldular.

Indi isə bilavasitə Kəlbəcərin işğalı ilə
bağlı məsələyə keçək. Bu barədə çox danışıblar və elə bu günlərdə də danışanlar
az deyil. Amma nəyə görəsə, əsasən siyasətçilər bu barədə danışır, hərbçilərə
isə sanki qulaq asmaq istəyən yoxdur. Bir hərbçi olaraq öz mülahizələrimi
bildirməliyəm və güman edirəm ki, hərbçilərin əksəriyyəti mənimlə razılaşarlar:
Kəlbəcərin işğalı birbaşa Surət Hüseynovun cinayətidir. O, bir gecənin içində
qoşunları cəbhə xəttindən çıxararaq Gəncəyə gətirdi. Erməni qoşunları Ağdərə
istiqamətinə çıxanda Kəlbəcər faktiki olaraq üç tərəfdən mühasirə vəziyyətinə
düşdü, dördüncü tərəfdə isə keçilməz Murovdağ keçidinin ümidinə qaldı.

Burada Xocalı sindromu da işə düşmüşdü: əhali
Xocalı qətliamının onların da başına gətiriləcəyi xofuna düşüncə ciddi bir
panika da yaşandı. Bu psixoloji məqam haqda əvvəlki yazılarımda qeyd etmişdim.
Təəssüf ki, ermənilər başqa yaşayış məntəqələrini işğal etməyə girişəndə bu
sindrom həmişə öz işini gördü. Deyəsən, biz hələ də bu psixoloji sindromdan
yaxa qurtara bilməmişik.

Bunlar Kəlbəcərin işğal edilməsinin əsas
səbəbi idi. Və Surət Hüseynov da özünü qınaqdan qorumaq üçün bir bəhanə tapa
bildi. Təbii ki, bu, olduqca gülünc bəhanə idi. Guya ermənilər Gəncəni işğal
edə bilərdilər, Surət də şəhəri qorumaq üçün öz qüvvələrini burada saxlamağa
məcbur idi. Surətin təmizə çıxarılması üçün uydurulan bu bəhanəni dövriyyəyə
buraxanların sayı da az deyildi. Orada Şadman Hüseynov, Əli Ömərov kimi adamlar
bu işi görürdüler. Guya hakimiyyət Gəncəni ermənilərə təslim etməyə hazırlaşır,
Surət isə şəhəri qorumaq üçün savaş aparır. Bu, çox yaramazcasına düşünülmüş
düşük bir təbliğat şüarına çevrilmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5492

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930