Cahangir Əsgərovun səlahiyyətləri tam alınıb
“AZAL” şefinə adi sənədləri belə
imzalamaq qadağan olunub
Azərbaycan
ağırlıq qaldıranlarının dopinqdə ilişməsinin əks-sədası davam edir. Bu sıraya
AAF rəhbərliyində ciddi dəyişikliklərin aparılması da daxildir. Amma Əsgərov
hələlik belə bir addım atmağa tələsmir. Bunun səbəbi isə federasiyanın məsul
şəxslərinin cəzalandırılmasının “dopinq qalmaqalı”nı yenidən gündəmə
gətirə biləcəyidir. Məlum məsələdir ki, iqtidar içində müəyyən bir-biri ilə
zidd olan qruplaşmalar var. Belə qruplaşmalardan hər hansı biri qarşı tərəflə
bağlı xoşagəlməz situasiya yarananda bunu fürsətə çevirməyə, rəqiblər əleyhinə
istifadə etməyə çalışırlar. Elə Cahangir Əsgərov da bu məqamı nəzərə alaraq
məlum dopinq qalmaqalının mümkün olduğu qədər sakit şəkildə yoluna qoyulmasına
çalışır. Amma…
Məsələ
burasındadır ki, dopinq qalmaqalı ilə eyni zamanda C.Əsgərov ikinci bir zərbə
alıb. Bu haqda “Yeni Cumhuriyyət”i məlumatlandıran mənbənin sözlərinə görə AZAL
rəhbərinin səlahiyyətləri qeyri-rəsmi şəkildə tam əlindən alınıb, ona hətta adi
sənədləri belə imzalamaq qadağan edilib. Mənbəmizin sözlərinə görə AZAL
rəhbərliyində artıq bu məsələ əməlli başlı söz söhbətə səbəb olub və hər kəs
baş verənləri C.Əsgərovun vəzifədən kənarlaşdırılmasının başlanğıcı kimi qəbul
edir.
Xatırladaq
ki, AZAL-ın ələ keçirilməsinə hələ bir müddət öncə start verilmişdi. “Azerbaijan
Airlines” QSC daha iki bölmədən məhrum olub. Bu barədə qərarı Nazirlər Kabineti
27 fevralda AZAL-ın təklifi ilə Əmlak Məsələləri Dövlət Komitəsi ilə
razılaşdırılmaqla qəbul edib.Hava Gəmilərinə Texniki Xidmət İdarəsi və
İstehsalat-Təsərrüfat İdarəsi aviaşirkətin strukturundan çıxarılıb. AZAL-da baş
verənləri şərh etmirlər. Amma məlumdur ki, başqa sahələr kimi onlar “Silk
Way Holding” aviaşirkətinin maraq dairəsinə düşüb. Bu holdinqin “Silk Way
Technics” şirkəti 2006-cı ildən hava gəmilərinə texniki xidmət göstərir.
Praktik olaraq, holdinqin bütün maddi-texniki bazası (20-dən çox şirkət)
AZAL-ın hesabına yaradılıb.
Adıçəkilən sənədə əsasən, hökumət
“Azerbaijan Airlines”in strukturuna korrektə edib. Aviaşirkətin
strukturunda “Azerbaijan Airlines” sərnişin aviaşirkəti yaradılıb.
Dövlətstatkomun məlumatına əsasən, 2013-cü ildə yerli aviaşirkətlər 1 mln 665,6
min sərnişin (+4,2%) daşıyıb. Bunun 99,6%-i AZAL-ın payına düşür.
“Azerbaijan Airlines” QSC-nin nizamnamə və strukturu 30 aprel 2008-ci ildə
təsdiq edilib. Həmin il dekabrın sonunda “Azalhelikopter” Bakı Aviasiya
Şirkəti və Beynəlxalq Kommersiya İdarəsi aviaşirkətin strukturundan çıxarılıb.
Yerli və xarici KİV-ə görə, “Silk Way Holding” prezident İlham Əliyevin
ailəsinə məxsusdur. Onun güclü helikopter donanması ( “SW Helicopter
Services” MMC) var və AZAL-ın aviabiletlərinin satışı üzrə eksklüziv agentdir
(“Silk Way Travel”).
Dövlət aviaşirkətinin strukturunda
“Azerbaijan Airlines” yük aviaşirkəti qalır. AZAL uzun illərdir
“Azalaqro” aviaşirkətinin fəaliyyəti barədə məlumat vermir. Bu
aviaşirkətdən sovet dövründə kənd təsərrüfatı ziyanvericilərinə qarşı istifadə
edilirdi. AZAL nizamnamə kapitalına görə ən iri dövlət təsərrüfat
subyektlərindəndir – 823 mln 974,4 min manat
Short URL: http://www.cumhuriyyet.net/?p=5494