Hərəkat dövründə Abbas Abbasovun ləqəbi nə olub?
31.03.2014 - 10:07

Rəhim Qazıyevdən baş nazirin keçmiş birinci müavini barədə maraqlı açıqlamalar
Sabiq müdafiə naziri Rəhim Qazıyev silsilə müsahibələrilə gündəmə gələn baş nazirin keçmiş birinci müavini Abbas Abbasov barədə qəzetimizə maraqlı açıqlamalar verib.
Qəfil zəng
Rəhim Qazıyev əvvəlcə Abbas Abbasovla tanışlığının tarixçəsini danışıb: “1989-cu ilin sentyabr-oktyabr ayları idi. Artıq Azərbaycan Xalq Cəbhəsinin yer titrədən mitinqləri gedirdi. 29 iyuldan başlayan mitinqlərlə Nemət Pənahlı, Sirus Təbrizli, Etibar Məmmədov və azca da olsa mənim fəaliyyətim nəticəsində 1988-ci ildəki “meydan hadisələri”ndən sonra tətbiq edilmiş “komendat saatı”nın xofu dağıldı. Artıq Xalq Cəbhəsinin milyonluq mitinqləri gedirdi. Belə bir ərəfədə mənə zəng gəldi. Zəng edən Şəkidən olan Lütfəli adlı bir şəxs idi. Mənimlə görüşmək istədiyini bildirdi. Görüşdük və o mənə dedi ki, əslində sizinlə Abşeronun birinci katibi Sadıq Murtuzayev görüşmək istəyir. Sadıq Murtuzayevi qiyabi tanıyırdım. Şəkidə də birinci katib işləmişdi. Mən onunla görüşməyə razılıq verdim. Sadıq Murtuzayevin evində baş tutan görüşdə o mənə dedi ki, xalq hərəkatına kömək etmək istəyir. Amma bunu açıq şəkildə etməkdən çəkinir. Vəzifəsini itirməkdən ehtiyat edir. Dedi ki, mənə əlaqə nömrəni ver, göndərdiyim adam sizi tapacaq və hər cür maddi yardım göstərəcək. Mən də həm evimin, həm də indiki Yasamal rayonunda AXC-nin dayaq dəstəsinin yerləşdiyi qərargahın nömrəsini verdim. Iki-üç gündən sonra bir nəfər zəng vurdu və bildirdi ki, Sadıq müəllimin dediyi adamam, sizinlə görüşmək istəyirəm”.
Abbas Abbasov xalq hərəkatına nə qədər pul verib?
Rəhim Qazıyev həmin şəxslə görüşə gedib. Keçmiş nazirlə görüşən cavan yaşlarında bir adam ona özünü təqdim edib: “Dedi ki, adım Abbasdır. Sadıq Murtuzayevi xeyli təriflədi. Bəlli oldu ki, yenicə Özbəkistandan qayıdıb. Sadıq Murtuzayev onu Xırdalanda yerləşən quşçuluq fabrikinə direktor təyin edib. O, mənə 50 min rubl pul verdi və bildirdi ki, yenə yardım edəcəm. Mən Əbülfəz Elçibəylə görüşdüm və dedim ki, Sadıq Murtuzayev adam göndərib, həmin şəxs də hərəkata 50 min rubl yardım edib. Pulları da qoydum bəyin qabağına. Bəy dedi ki, pullar səndə qalsın. Cəbhə bölgəsinə, həmçinin hərəkata sərf elə. Mən bəyə dedim ki, Sadıq Murtuzayevin göndərdiyi bu adam quşçuluq fabrikində işləyir. Onun hərəkata yardım etməsi gərək bilinməsin. Hətta ona kod adı da seçdik: “Quş”. Üç gündən sonra Abbas bir də mənimlə görüşdü. Bu dəfə 70 min qızıl zayom, 10 dənə qızıl onluq və bir komplekt briliyant verdi”.
Rəhim Qazıyev deyir ki, beləcə Abbas Abbasovla tez-tez görüşüb. Aralarında dostluq münasibəti yaranıb: “20 yanvar hadisələrindən sonra həbs olundum. Həbsdən çıxandan sonra parlamentdə boş qalmış yerlərə seçkilər keçirildi və mən də deputat seçildim. Abbas da deputat idi. O, indi Heydər Əliyev haqqında ağızdolusu danışır, Ilham Əliyevə qardaşım deyir. Amma o zaman məhz o və Ziyad Səmədzadə Heydər Əliyevin parlamentdəki çıxışını pozmaq istəyirdilər. Ziyad Səmədzadə dirijorluq edirdi. Heydər Əliyev çıxış edən zaman yerə təpik döyənlərin bir hissəsinə də Abbas Abbasov başçılıq edirdi”.
Rus generalından mənzil istəyi
Rəhim Qazıyevin sözlərinə görə, müdafiə naziri təyin ediləndən sonra rus ordusunun Azərbaycandan çıxarılması prosesinə start verildi: “O zaman 4-cü ordunun komandanı var idi: Nikolay Qleboviç Popov. Abbas Abbasovun onunla yaxşı münasibətləri var idi. Mənim də Popovla münasibətlərim pis deyildi. Popovla münasibətlərimin yaxşı olmasında Abbas Abbasovun da rolu olub. Bunun da səbəbi var idi. Həmin dövrdə keçmiş sovet ordusunun Azərbaycandakı əmlakının milliləşdirilib Müdafiə Nazirliyinə verilməsi barədə fərman var idi. Həmin fərman yerinə yetirilməmişdi. Mən bu fərmanın icrasına başladım. Popovla da isti münasibət saxlayırdım ki, rus ordusunun bizə bəlli olmayan Azərbaycandakı silah-sursatını, texnikasını da ələ keçirək. Qısası, biz rus ordusunun Azərbaycandan çıxarılmasına nail olduq, xeyli silah-sursat, texnika da bizdə qaldı. Rus ordusunun Azərbaycandan çıxmasına 1 ay qalmış Popov məni evinə qonaq dəvət etdi. Abbas Abbasovla, mənim müavinim Vahid Musayev də orda idi. Popov orda mənə dedi ki, onsuz da bu ev Müdafiə Nazirliyinə veriləcək, gəl elə sən köç bu evə. Mən imtina etdim. Dedim mənə ev lazım deyil. Popovun mənzili 4 otaqlı idi, yaxşı şəraiti olan mənzil idi. Həmin evin birinci mərtəbəsi isə qonaqlar üçün nəzərdə tutulmuşdu. Bunun üstündən 3 gün keçəndən sonra Popov mənə zəng vurdu. Dedi ki, səndən bir xahişim var. Dedim buyur. Dedi heç olmasa həmin evin birinci mərtəbəsinə Abbas Abbasov köçsün. Mən bunu eşidəndə tüklərim biz-biz oldu. Amma Popovun xahişini yerə salmadım. Çünki dediyim kimi rus ordusunun əmlakını Müdafiə Nazirliyinin balansına keçirməkdə onunla isti münasibətlərimdən istifadə edirdim.
Abbas Abbasov yanıma gəldi. Mənə qardaş deyirdi, necə ki, indi Ilham Əliyevə qardaş deyir. Dedim, Abbas axı mən o evləri döyüşlərdə fərqlənən zabitlər üçün nəzərdə tutmuşdum. Yeri gəlmişkən, o zaman uğurlu Ağdərə əməliyyatına görə həmin binanın birinci blokunda içi mebellə dolu mənzili Nəcməddin Sadıqova hədiyyə etmişdim. Üstündə də “Honda” markalı maşın. Gördüm Abbas Abbasov həmin evə köçmək niyyətindən əl çəkmək istəmir. Dedim o zaman bu evə köçəndən sonra yaşadığın evi təhvil ver. Heç olmasa onu zabitlərdən birinə verərəm. Elə də oldu”.
Rəhim Qazıyevin Mərdəkandakı bağ evinin zəbt olunması
Sabiq müdafiə naziri bir maraqlı faktı diqqətimizə çatdırıb: “Nazir təyin ediləndən qısa müddət sonra Prezident Aparatından zəng vurub dedilər ki, sənə Mərdəkanda ən yaxşı yerdə 12 sot sahəsi olan bağ yeri veririk. Həmin ərazidə 4 nəfərə bağ yeri ayrılmışdı: Mənə, müavinim Vahid Musayevə, Abbas Abbasova və Vahid Əhmədova. Hamısı da bir-birinin yanında. Mən imtina elədim. Dedim lazım deyil. Buna baxmayaraq torpaq sahəsinin sənədlərini verdilər mənə. Lakin yenə də orda bir daş belə qaldırmadım. Hətta Abbas Abbasov, Vahid Əhmədov gəlib mənə dedilər ki, hamımız hasar qaldırmışıq, bircə sən qalmısan. Mən isə dedim istəmirəm. Getmədim o torpağın dalınca. Həbsdən çıxandan sonra sənədlərə baxırdım, həmin torpağın orderi çıxdı qarşıma. Maraqlandım ki, görüm bu torpağın axırı nə olub. Əmlak komitəsinə getdim. Bəlli oldu ki, həmin ərazini də Abbas Abbasov keçirib əlinə. Heydər Əliyevin katibliyi dövründə qabağından yeməyən bir insitut rektoru- ad çəkmək istəmirəm – onun qəzəbinə tuş gəlib. Heydər Əliyev onu tutdurub. Bundan sonra Heydər Əliyev o zaman SSRI xalq artisti olan – adını çəkməyəcəm – indi də kifayət qədər tanınan bir xanım müğənniyə həmin rektorun Nardarandakı bağını verib. Lakin həmin xanım bağa köçməmişdən əvvəl həbsxanaya rektorun yanına adam göndərib. Ona bildirib ki, onsuz da bu bağa köçməsə başqasına veriləcək. Amma bir halda ki, ona verilib, o zaman halallığını versin. Rektor halallıq verəndən sonra həmin xanım o bağa köçüb. Bunu ona görə danışdım ki, Abbas mənə verilən torpağı ələ keçirəndə həbsdə idim. O da eyni qaydada məndən halallıq ala bilərdi. Axı mənə qardaş deyirdi. Indi də Ilham Əliyevə qardaş deyir. Amma xeyri yoxdur, artıq bu hakimiyyətin qəzəbinə gəlib. Mənim yüksək vəzifədə olan ən yaxın dostum belə, mənə 10 dəfə qardaş desə, mən bəlkə ona bir dəfə dost deyərəm. Ilham Əliyev isə ümumiyyətlə bunlar barədə bir kəlmə xoş söz deməyib. Amma hamı ona qardaş deyir. Belə yerdə deyirlər, arxalıya arxa olma deməsinlər yamaqdı, arxasıza arxa ol ki, qoy desinlər dayaqdı”. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=5502