İsrail diplomatlarından "min ilin aksiyası"

31.03.2014 - 22:21

Yəhudi dövlətinin 103 diplomatik nümayəndəliyi fəaliyyətini dayandırıb

Yəhudi dövlətinin 103 diplomatik nümayəndəliyi fəaliyyətini dayandırıb

İsrailin BMT-dəki səfirliyi də daxil olmaqla dünya üzrə 103 diplomatik təmsilçiliyi fəaliyyətini dayandırıb. Bunun səbəbi isə İsrail hökumətinin xaricdə çalışan diplomatlara az maaş verməsidir, daha doğrusu diplomatlar verilən maaşın az olduğunu iddia edir. 
Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyi əməkdaşlarının maaş davası daha əvvəl də olub. 2011-ci ildə maaş azlığından şikayətlənən diplomatlar tətil qərarı vermişdilər. Ancaq bu dəfəki tətil daha böyük olub. Həmkarlar İttifaqı ilə hökumət arasında ötən ilin yayından davam edən maaş müzakirələri bu il martın 5-də nəticəsiz başa çatıb. Bundan sonra isə boykot qərarı verilib. 
Bu, İsrailin mövcud olduğu 66 ildə ilk böyük miqyaslı belə hadisədir. İsrailin İstanbuldakı konsulunun müavini Ohad Avidan Kaynar “Hürriyyət” qəzetinin fotoqrafı üçün konsulluq binası qarşısında “tətildəyik” yazılmış plakatla şəkil çəkdirərək “1000 il düşünsəm də belə bir vəziyyətdə olacağım ağlıma gəlməzdi” deyib.
İsrail dövlətinin vəziyyəti isə o qədər də yaxşı deyil. Dünya ölkələrinin heç birində səfirlik fəaliyyət göstərmir, vizaların verilməsi dayandırılıb. Səfirliklərin fəaliyyətini dayandırması onların həyata keçirdiyi işlərə və hökumətin fəaliyyətinə ciddi təsir edib. Bundan başqa XİN-nin “Şint Bent” və “Mossad” kimi kəşfiyyat qurumları ilə əməkdaşlığı da dayandırılıb. İsrailin Bakıdakı səfirliyindən “Turan”a aksiyanın müddətsiz xarakter daşıdığını, nə qədər davam edəcəyinin bəlli olmadığını təsdiq ediblər. Diplomatların tətili səbəbindən baş nazir Binyamin Netanyahunun bir neçə xarici səfəri, o cümlədən Papa Fransiskin və Britaniya baş naziri Devid Kemeronun İsrailə səfərləri təxirə düşmək təhlükəsi ilə üz-üzə qalıb.
İsrail XİN rəhbəri Aviqdor Liberman baş verənləri “məsuliyyətsizlik” adlandırıb: “Bu dəhşətli qərardır və həmkarlar ittifaqlarının vəziyyətə nəzarəti itirdiyini göstərir. Biz ölkəyə və vətəndaşlara dəyən ziyanı minimuma endirmək üçün əlimizdən gələn hər şeyi etməliyik. Liberman bildirib ki, tətil qərarı diplomatların özlərinin ziyanına olacaq. 
Qeyd edək ki, əməkhaqqı azlığından şikayət edərək tətil edən israilli diplomatların ümumi sayının 1200 nəfər olduğu bildirilir. Aksiya müddətsizdir. KİV-də gedən məlumatlara görə, israilli diplomatların əmək haqları hazırda 1,7 və 2,6 min dollar arasında dəyişir. Bu isə diplomatları qane etmir. Xüsusən də yaşayış və xidmət sahələrinin bahalı olduğu ölkələrdə çalışan diplomatlar maaş azlığından şikayət edir. 
Bundan başqa xarici ölkələrə gedən diplomatların həyat yoldaşları işlərini buraxmaq məcburiyyətində qalırlar. Bu səbəbdən xarici ölkədə ailələrini dolandırmaqda çətinlik çəkirlər. Diplomatlar xaricdə fəaliyyət şərtlərinin, əmək haqlarının, təqaüd, sosial müdafiə və vergi sahəsində şərtlərin yaxşılaşdırılmasını tələb edir. Son 15 ildə diplomatların üçdə bir hissəsi məhz əmək haqlarının aşağı olması ucbatından işdən çıxıblar. 
Diplomat Həmkarlar Təşkilatının sözçüsü Yakob Livne bildirib ki, İsrail xəzinə qurumu XİN və İsrail diplomatiyasını məhv etməkdə qərarlıdır. Eyni zamanda həmkarlar təşkilatı nümayəndələri bildiriblər ki, tətilin əsas səbəbi Maliyyə Nazirliyinin diplomatların tələblərini ciddi qəbul etməməsi olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=5518

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930