İlham Əliyev – alternativsizlik fenomeni
01.04.2014 - 10:21

24 milyardlıq büdcəsi olan ölkədən 48 milyard oğurlamaqla, siyasəti sevməyən prezident olmaqla alternativsizlik…
Azərbaycan insanının gözünə kül üfürənlərin ən çox işlətdikləri fikirlərdən biri də odur ki, Ilham Əliyevin alternativi yoxdur. Əlbəttə, şəxsiyyətlərin siyasi ölçüləri baxımından uğursuz olsa da, kütlə psixologiyası nöqteyi-nəzərindən bu bizə “Stalin ölsə, dünya dağılacaq” deyimini xatırladır.
Təbii ki, Ilham Əliyevin dırnaqarası alternativsizliyinə onun siyasətindən ən çox ziyan çəkənlər inanırdılar. Məsələn, Çovdar yatağında qızıl çıxan torpağın sahibləri – Daşkəsənin Çovdar kəndinin sakinləri ac və ölgün gözlərinin sonuncu işığını da Ilham Əliyevdən gözlədikləri və heç vaxt gəlməyəcək ümidə doğru zilləyirdilər. O qızılı çıxaran şirkətin adı ingiliscə olduğu üçün sakinlər düşünürdülər ki, günah ingilisdədir.
Ilham Əliyev məhz bu qabiliyyətinə görə alternativsizdir. O həm yağmalayır, həm taladığı adamın ümid yerinə çevrilir, həm də evini yıxdığı birinin uçmuş divarlarından öz şəklini asdıra bilir. Üstəlik, guya Daşkəsəndəki qızılı çıxardıqlarına və xalqa da əl tutmadıqlarına görə ingilisləri pis adam kimi tanıdır. Ilham Əliyev həm də bu qabiliyyətinə görə alternativsizdir. Onun yetimin papağını əlindən alıb, sonra da özünə qaytararaq “sağ ol” qazanması bizim yaxın tariximizin ən böyük fenomenidir. Amma bir çox hallarda yetim elə papaqsız qalıb…
48 milyardlıq tək adam
Azərbaycanda 100 min manatlıq müalicəyə görə həyatını itirən gənclər günü-gündən artmaqdadır. Qarabağ qazisi özünü yandırır, gənc ailələr 500-600 manata görə dağılır. Ölkədə həkimin, müəllimin oğurluğa, rüşvətə məcbur edildiyi heç kimə sirr deyil. Indi rüşvət almadan müəllim olmaq, həkim işləmək intihara imza atmaq kimi bir şeydir. Çünki həkimə, müəllimə verilən maaş, indiki bazar qiymətlərilə ölməyə də kifayət etmir. Bakıda təkcə qəbir ən ucuz qəbiristanlıqda 300 manatdan başlayan qiymətə satılır. Müəllim, həkim isə bunu iki aylıq maaşı ilə ala bilər. Ilham Əliyev həm də ona görə alternativsizdir ki, pulsuzluqdan ölə bilməyən insanlardan 48 milyard dollar oğurlayıb, ölkə xaricinə çıxara bilib. Onun bu qabiliyyəti soyğunçuluğun və biznesin fenomenidir. Bir ölkənin sərvətlərini talamağı öz haqqına çevirmiş ikinci adam tapa bilərikmi ki, onun alternativi də olsun?! Ilham Əliyev sözün həqiqi mənasında təkrarsız adamdır və bu ölkədə bir də kiminsə 48 milyard oğurluqla tarixə düşəcəyini gözləmirik. Ilham Əliyev bu mənada, tarixi təkrarlardan qoruyan şəxsdir.
Bu 48 milyarda Azərbaycanda nələr etmək olmazdı? Məsələn, universitetlərə yataqxanalar tikmək olardı. Bunun müqabilində tələbələr kirayədə qalmaq məcburiyyətindən qurtulardılar. Xaricdə yüksək təhsil almaq istəyən gənclər üçün simiclik etmədən böyük bir büdcə yaratmaq olardı. Elmi laboratoriyalar tikmək olardı. Kənd təsərrüfatına elə investisiya qoymaq olardı ki, azərbaycanlı alıcı üçün Gədəbəy kartofu Iranın inəyə verilən kartofundan baha başa gəlməsin, insanlarımız insan kimi qidalansınlar. Xəzərin çirklənməsinin qarşısını almaq üçün bir gəmi almaq olardı, kürü, nərə balığı istehsalını dəfələrlə gücləndirmək olardı. Həkimin, müəllimin maaşını dəfələrlə artırmaq olardı. Bir sözlə, vətəndaşların insan kimi yaşaması üçün bu günə və gələcəyə sərmayə qoymaq olardı. Ilham Əliyev həm də bizim bu günümüzü və gələcəyimizi oğurlamaq işində alternativsizdir.
Siyasəti sevməyən prezident
Ola bilsin ki, bu, taleyin və tarixin ironiyasıdır. Ola bilsin ki, bizim özümüzün hansısa əməllərimizdir, qarşımıza çıxır. Amma bütün hallarda bu bir faciədir. Azərbaycanın rəhbəri həm də ona görə alternativsizdir ki, o, bir prezident kimi, siyasəti sevmir. Azərbaycan əhalisinin təxminən 70 faizi də siyasəti sevmir və aktiv geosiyasətlə məşğuldur. Bəli, bizim ölkəmizdə geopolitika politika sayılmır. Ilham Əliyev də həmişə 70 faiz səs aldığını iddia edəndə elə o siyasətə qarışmayan insanları nəzərdə tutur. Onlar siyasətə qarışmamaqda Azərbaycan rəhbərilə həmrəydilər. Ilham Əliyev də illərdir ki, bu həmrəylik nəticəsində dövlət hakimiyyətini mənimsəyə bilir.
Ilham Əliyev passiv vətəndaşın həmfikiri olan prezident kimi də alternativsizdir. Məsələn, o da inanır ki, siyasətlə heç nə mümkün deyil, əsas, vətənpərvər olmaqdır. Vətənpərvər olmaq isə erməni agenti tapmaq, yoxdursa da, onu yaratmaq və hədəfləmək, ən pis halda, Sərkisyanı söyməkdir. Qətiyyən oğurlanan milyardlara, saxtalaşdırılan seçkilərə diqqət çəkmək olmaz. Bu, düşmən dəyirmanına su tökmək olar.
Ilham Əliyevin daha bir alternativsizliyi də tarix üçün fenomendir. O, seçkini seçkiyə gəlməyənlərin hesabına udur. Siyasətini “siyasətə qarışmamaq” prinsipi ilə siyasətə qarışmayanlara görə hesablayır. Bir sözlə, hamını yatırır ki, oğurlamaq asan olsun. O, oyaq və ayıq vətəndaşa qənim kəsilən prezident kimi də alternativsizdir.
Sizcə, belə bir rəhbərə alternativ axtarmaq lazımdırmı? Bundan daha betəri mümkündürmü, düşünün… (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=5529