Nazir övladları hərbi xidmətə gedirmi?
01.04.2014 - 10:51

Ekspertlər bu barədə açıqlama yayan dövlət orqanından ortaya fakt qoymağı tələb edir
Üzeyir Cəfərov: “Ağ yalan danışmasınlar!”
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən hakimiyyətdə təmsil olunan məmur övladlarının hərbi xidmətə cəlb olunması ilə bağlı açıqlama verilib. Bu qurumdan “anspress”ə bildirilib ki, Azərbaycanın bütün vətəndaşları kimi, hakimiyyətdə təmsil olunan məmurların övladlarının da müddətli həqiqi hərbi xidmət keçmələrilə bağlı qanuna uyğun tədbirlər görülür.
Hakimiyyətdə təmsil olunan məmurların övladlarına hərbi xidmət zamanı güzəştlər tətbiq olunması və bunu təbiq edənlər barəsində görülən tədbirlərlə bağlı da açıqlama verilib: “Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Hər kəs kimi,Гїməmur övladlarının da həqiqi hərbi xidmətə cəlb edilməsi ilə bağlı müvafiq tədbirlər görülür və məmur ailələrinə mənsub olduqları üçün onlara hər hansı xüsusi imkan yaradılmır”.
Tanınmış hüquqşünas Namizəd Səfərov “moderator.az”a açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səmimiyyətinə inanmadığını bildirib: “Dövlət qurumunun məmur övladları ilə bağlı bu açıqlamasını təkcə mən yox, yəqin ki, cəmiyyətin böyük əksəriyyəti ciddi qəbul etmir. Azərbaycanda elə bir sahə yoxdur ki, orada korrupsiya, qanunların hansısa formada pozulması baş alıb getməsin. Bu gün məmur övladlarının çoxu orta məktəbi bitirdikdən sonra müxtəlif ali təhsil müəssisələrinə qəbul edilir, daha sonra ali təhsilin müxtəlif mərhələləri üzrə irəli çəkilməklə, bəzən həqiqi hərbi xidmət üçün müəyyən edilmiş son yaş həddinə qədər bu prosesi davam etdirirlər. Bu və bu kimi müxtəlif yollarla iri ranqlı məmur övladları həqiqi hərbi xidmətdən yayınır və ya paytaxtdakı bəzi elit hərbi hissələrdə xidmət edirlər. Əgər bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əlində məmur övladlarının hərbi xidmətdə, xüsusilə də cəbhə xəttində xidmət etməsilə bağlı hansısa fakt varsa, ortaya qoysun, hər kəs də bilsin ki, həqiqətən iri məmur övladları da qanun qarşısında bərabərlik prinsipi əsasında xidmətə cəlb edilir. Lakin mən əminəm ki, bu dövlət qurumunda belə bir fakt yoxdur. Onlar hansısa məktəb direktoru və ya hansısa ortabab məmurla bağlı belə bir fakt təqdim edə bilərlər ki, bu da iri məmur övladları ilə bağlı səsləndirdiyimiz ittihamlara cavab sayıla bilməz”.
Hərbi ekspert Üzeyir Cəfərov da “Azadlıq”a açıqlamasında bir nəfər də nazir və komitə sədrinin övladının hərbi xidmətə getmədiyini vurğulayaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bu mövzuda verilən məlumatın ağ yalan olduğunu bildirdi. Üzeyir Cəfərov da hansısa nazir övladının ön xətdə xidmət etdiyi barədə ortaya fakt qoyulmasını tələb edir: “Məmur övladlarının hamısı yalnız vəzifələrdə çalışmaqla məşğuldur. Sabiq müdafiə naziri Səfər Əbiyevin oğlu hazırda Xəzər rayon prokurorunun köməkçisidir. Müdafiə naziri Zakir Həsənovun oğlu isə Suraxanı Rayon Polis Idarəsinin Mühafizə Xidmətinin rəis müavinidir. Silahlı Qüvvələrin baş qərargah rəisi Nəcməddin Sadıqovun oğlu Bakı şəhəri Vergilər Departamentinin rəis müavinidir. Həqiqi hərbi xidmətdən söhbət gedirsə, bu gün Milli Məclisdə təmsil olunan şəxslərin, o cümlədən məmurların bir çoxunun övladının adı döyüş bölgəsində deyil, ora yaxın ərazilərdə qeydiyyatda olub. Amma onlar qeydiyyatda olsalar da, əsasən öz işlərilə məşğul olublar. Prezident Administrasiyasında, Nazirlər Kabinetində işləyənlərin hansının övladı bu gün hərbi xidmətə gedir?! Ona görə də belə yalan danışmaqdansa, düşmənin bizim torpaqları işğal altında saxlamasının qarşısını alsınlar. Bunun üçün lazım olan addımı atsınlar”.
Ü.Cəfərov onu da qeyd edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti indiyədək səfərbərliklə əlaqəli hansısa tədbir keçirməyib: “Xidmətin rəisi Arzu Rəhimovun sürücüsü 500 min manat rüşvət almağa görə məhkəmə qarşısında dayanıbsa, qurum bu gün öz problemini qoyub yalan danışmaqla məşğul olmamalıdır. Onlar qoy bu məsələyə də aydınlıq gətirsinlər. Ön cəbhənin və ümumiyyətlə, hərbi xidmətin nə demək olduğunu anlamayanlar barədə “ağ yalan” danışmasınlar”. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=5532