Məmurlar niyə media holdinq yaradır?

01.04.2014 - 10:58

Məmurlar niyə media holdinq yaradır?

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin media holdinq yaratması haqda məlumat vermişdik. Yaxın vaxtlarda fəaliyyətə başlayacaq report.az agentliyi haqda “Qafqazinfo.az” saytı geniş məqalə dərc etmişdi. Bildirilir ki, saytın əsas sponsoru SOCAR-ın məhsullarının xaricə satışını təşkil edən “SOCAR Traiding SA” şirkətinin rəhbəri Anar Əliyevdir. 
Qeyd edilir ki, SOCAR öz yeni layihəsini artıq Azərbaycanın informasiya məkanında yer tutmuş və ictimai rəyə ciddi təsir göstərən bir neçə aparıcı informasiya agentliyinin kadr potensialı hesabına reallaşdırmağı hədəf götürüb. Agentliyin əməkhaqqı siyahısı da Azərbaycan mediasında görünməmiş rəqəmləri əks etdirir. Müxbirə 1500 manat, xüsusi müxbirə 2500 manat, redaktora 3000 manat, şöbə müdirinə isə 4-5 min manat vəd edilir.
Qeyd edək ki, Azərbaycan məmurlarının elektron və yazılı KIV-ə sahib olması artıq ənənə halını alıb və ölkədə əksəriyyət hansı media orqanının hansı məmura məxsus olduğunu bilir. Kəmaləddin Heydərovdan tutmuş, Əli Həsənova qədər bu siyahını uzatmaq olar. Bir sözlə, məmurlar artıq KIV-ə nəzarəti də öz üzərlərinə götürüb və bazarı öz “məhsulları” ilə zəbt etməyə çalışırlar.
Ümumiyyətlə, məmurların media holdinq yaratması hansı zərurətdən meydana çıxır?
Arif Əliyev: “Başlıca məqsəd müstəqil və müxalifət mətbuatını zəiflətməkdir”
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev hesab edir ki, məmurların media holdinq yaratması daxili bazara nəzarət etmək, müxalifət mətbuatını sıxışdırmaq məqsədi güdür: “Televiziya və qəzetlərlə müqayisədə, elektron media üzərində nəzarət daha çətindir. Buna görə daxili bazara hərəkət etmək lazımdır. Son illər internetdə dövlət orqanlarının fəallaşması və çoxlu sayda onlayn media strukturlarının yaradılması onu göstərir ki, oliqarxlar bu sahədə də önə çıxmaq istəyirlər. Başlıca məqsəd isə müstəqil və müxalifət mətbuatını zəiflətmək üçün atılan addımlardı. Yəni bu sektorda fəaliyyət sırf siyasi maraqlarla bağlıdır. Düzdür, SOCAR-la bağlı məsələ təkcə daxili bazara hesablanmış maraqlar deyil, həm də xarici faktorla bağlıdır. Digər oliqarxlarla bağlı media strukturları isə birbaşa daxilidə nəzarəti təmin etmək üçündür”.
Mehman Əliyev: “Məmurların media sektoruna nəzarəti anormal haldır və onların yaydığı informasiya ictimai rəyi çaşdırmağa yönəlib”
“Turan” Informasiya agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, məmurların media holdinq yaratmasında müxtəlif məqsədlər var və bu məqsədlərin ölkəyə, dövlətə heç bir xeyri yoxdur: “Bu tipli media holdinqlərin bir qismi öz patronlarına kəşfiyyat məlumatları ötürmək, onlara lazım olan informasiyanı əldə etmək üçün yaradılır. Bununla bağlı mənim kifayət qədər sübutlarım da var. Ikinci məqam məmurların bir-birinə qarşı informasiya müharibəsi aparması və bir-biri haqda müəyyən məlumatlar yaymasıyla bağlıdır. Digər tərəfdən, media strukturlarına nəzarət etmək həmin məmurların öz təbliğatlarını aparması və hakimiyyətin maraqlarını təmin etmək məqsədi güdür. Əslində isə məmurların media sektoruna nəzarəti anormal, qeyri-sağlam haldır. Çünki bu adamlar həmin bazarın nümayəndələri deyillər və onların biznesi leqal biznes deyil ki, hər hansı təbliğat aparılsın. Ölkədə azad rəqabət olsa, həmin məmurların biznesi dərhal çökər. Indi siyasi hakimiyyət onlara imkan verir ki, öz bizneslərini qoruyub saxlasınlar. Ümumilikdə, bu tipli media orqanları ictimai rəyi çaşdırır, həqiqətə uyğun olmayan informasiyalar yayır və bu fəaliyyətlərdə cəmiyytə, dövlətə zərbədən başqa heç nə yoxdur”. (azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=5533

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728