Rusiyaya qarşı "qaz alyansı" yaranır
01.04.2014 - 11:01
Rusiyaya qarşı “qaz alyansı” yaranır

Qərb Azərbaycanla Türkmənistan arasında uzun zamandır davam edən gərginliyi aradan qaldırır; Rusiya qazından asılılığını azaltmaq üçün bu iki ölkənin birgə fəaliyyəti razılaşdırılır
ABŞ prezidenti Barak Obamanın təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyevlə Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov arasında münasibətlər bərpa edilib. Bununla da Türkmənistanla “Kəpəz” yatağına görə uzun müddət davam edən əsəb müharibəsinə son qoyulub və tərəflər Avropaya qaz nəqli məsələsində anlaşma əldə ediblər. Bu barədə “Yeni Müsavat”a diplomatik mənbələrdən xəbər daxil olub.
Mənbə bildirir kİ, Barak Obamanın təşəbbüsü ilə prezidentlər ötən həftə telefonla danışıblar. Söhbətin mövzusu Xəzərin dibi ilə çəkiləcək və Türkmənistan qazının “Transxəzər” qaz boru kəməri ilə bağlı olub. Bu boru vasitəsilə türkmən qazı Azərbaycan ərazisindən daşınmaqla Avropaya nəql ediləcək. Bu layihə birbaşa ABŞ-ın dəstəyi ilə həyata keçirilir. Ona görə də ABŞ tərəfləri narazılıqları kənara qoyaraq bu layihəni gerçəkləşdirməyə çağırıb. Bu həm də Azərbaycan və Türkmənistanı Rusiyanın təhdidlərindən qoruyacaq və hər iki ölkənin təhlükəsizliyini təmin edəcək bir amildir. Layihə tərəflərə iqtisadi baxımdan da sərf edir və hər iki ölkəyə böyük paralar qazandıracaq.
Diplomatik mənbə bildirir ki, yaxın aylarda Türkmənistan prezidentinin Bakıya səfəri gözlənilir. ABŞ Rusiyaya qarşı qaz alyansı formalaşdırmağa çalışır. Bu layihənin də əsas oyunçularından biri Azərbaycandır.
Ötən ilin sonlarında – Ukraynada qarşıdurma pik həddinə çatanda Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzo bildirmişdi ki, “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması Avropanın daha güclü enerji təhlükəsizliyinə qapı açmağa imkan verir: “2011-ci ilin yanvarında Azərbaycan prezidenti İlham Əliyevlə imzaladığım birgə bəyannaməyə əsaslanan bu addım Avropa Birliyinin Xəzər hövzəsinin qazına birbaşa çıxışı deməkdir. Enerjidaşıyıcılarının nəql marşrutlarının diversifikasiyası avropalı istehlakçıların və müəssisələrin rifahına xidmət edəcək”.
Təbii ki, “Xəzər hövzəsinin qazı” dedikdə, təkcə Azərbaycan qazı yox, həm də və daha çox Türkmənistan qazı nəzərdə tutulur. Çünki Türkmənistanın qaz ehtiyatları və hasilatı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur. Türkmənistanda ildə 32 milyard kubmetr qaz hasil olunur və bu qazın böyük hissəsi qonşu ölkələrə – Gürcüstana, Ukraynaya, Rusiyaya göndərilir. Türkmənistanda təbii qazı ixrac etmək üçün hələlik yalnız bir boru kəməri (Rusiyaya) mövcuddur. ABŞ xeyli vaxtdır Türkmənistan qazının Avropaya nəqli üçün “Transxəzər” qaz boru kəmərinin reallaşmasına çalışır.
Və bu layihənin əsas oyunçuları Türkmənistan (qaz ehtiyatlarının çoxluğuna görə) və Azərbaycandır (qaz ehtiyatları az olsa da, tranzit ölkə sayılır). Rusiyanın Avropaya qaz ixracatını azalda biləcəyi qorxusu ABŞ-ı bu layihənin daha tez bir müddətdə həyata keçirməyə və küsülü tərəfləri barışdırmağa məcbur edib. Çünki bu qorxu Avropa Birliyinin Rusiyaya qarşı öldürücü iqtisadi sanksiyaları tətbiq etməsinə mane olur. Ona görə də ABŞ “Transxəzər” layihəsinin işə düşməsində maraqlıdır.
“Transxəzər” qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) – Türkmənbaşı (Türkmənistan) – Bakı (Azərbaycan) – Tiflis (Gürcüstan) – Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 milyard kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 milyard avro məbləğində qiymətləndirilir.
“Transxəzər” qaz kəməri ideyası ilk dəfə 1997-ci ildə əvvəl Türkiyənin Türkmənistan qazını almaq planları ilə bağlı gündəmə gəlib. Bundan sonra Türkmənistanla Türkiyə arasında qazın alqı-satqısına dair kommersiya sazişi imzalanır. Həmin sazişə əsasən, Türkiyə “Transxəzər” kəməri vasitəsilə ildə 30 milyard kubmetr qaz almağa dair öhdəliyi 2000-ci ildən başlayaraq öz üzərinə götürür.
1999-cu ilin 19 fevralında Aşqabadda təntənəli surətdə “Transxəzər” qaz kəməri layihəsinə dair Türkmənistan hökuməti ilə PGS konsorsiumu arasında müqavilə imzalanır. 1999-cu ilin əvvəlində artıq layihənin texniki-iqtisadi əsaslandırılmış layihəsi mövcud idi və “Transxəzər” kəmərinin 28 ay müddətində həm türkmən hissəsinin, həm də sualtı hissəsinin tikilməsini başa çatdırmaq nəzərdə tutulurdu. Azərbaycan və Gürcüstan üzərindən keçəcək yerüstü hissə Ərzurumda başa çatmalıydı.
O zaman həm Rusiya, həm də İran “Transxəzər” qaz kəmərinin əleyhinə müxtəlif səviyyələrdə iş aparırdılar. Ancaq Rusiyada hakimiyyətə Vladimir Putin gələndən sonra bu layihə gündəmdən çıxdı və PGS konsorsiumu 2000-ci ilin ortalarında ləğv edildi. Düzdür, burada Azərbaycanın da müəyyən rolu olub, çünki 1999-cu ilin yayında “Şahdəniz” yatağı açıldı və sonra onun ehtiyatlarının qiymətləndirilməsi zamanı məlum oldu ki, Azərbaycanın qaz ehtiyatları güman edildiyindən qat-qat çoxdur. Belə olan şəraitdə, 32 milyard buraxıcılıq gücü olacaq kəmərdə Azərbaycan ona ildə 16 milyard kub metr kvota ayrılmasını tələb etdi, Niyazov isə yalnız kəmərin ixrac qabiliyyətinin dörddə birinə razı idi. Beləcə, iki qaz ölkəsi narazılar ölkəsinə çevrildi və o zamandan “Kəpəz” yatağı ilə bağlı problem daha da böyüdü.
Ancaq indi – Rusiya ilə Qərb arasındakı qarşıdurma layihəni yenidən aktuallaşdırıb. Ona görə də ABŞ layihənin 2 əsas oyunçusu arasındakı münasibətləri normallaşdırmağa nail olub. Əks halda, Avropa Rusiyanın qaz təzyiqinə duruş gətirə bilməyəcək. Ona görə də təcili olaraq Rusiyaya qarşı qaz alyansı yaranır.
Hazırda avropalılar yanacağın 33 faizini Rusiyadan alırlar. Şərqi Avropanın bəzi ölkələri isə demək olar ki, Rusiyadan 100 faiz asılıdır.
Avropa Qaz Sənayesi İttifaqının (“Eurogas”) rəsmi saytında bildirilir ki, Avropa Birliyi ölkələrində qaz istehlakının həcmi 530 milyard kubmetrə çatıb. “Eurogas”ın qiymətləndirmələrinə görə, Avropa Birliyinin 27 ölkəsində qaz istehsalı 220 milyard kubmetrə çatıb. Beləliklə, Avropa ölkələrinin qaz tədarükünün əsas hissəsinin 41 faizini daxili istehsal təşkil edib. Xarici tədarükün əsas mənbəyi Rusiya, Norveç və Əlcəzairdir. Rusiya Avropanın qaz istehlakının 33 faizini ödəyir. Bu isə ildə 117 milyard kubmetr qaz deməkdir. Deməli, Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün 117 milyard kubmetr qazın alternativ mənbələrdən alınmasına ehtiyac var. Türkmənistan və Azərbaycan qazı isə əsas mənbələrdən biri ola bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=5534