Təhsil Problemləri İnstitutunda Xocalı Soyqırımı yad edildi
“Xocalı, Azərbaycanımızın ən qədim mədəniyyət mərkəzlərindən biridir. İnsanlıqdan uzaq düşüncəylə ermənilər çirkin xislətlərini nəinki torpaqlarımızın işğalı ilə, o cümlədən milli dəyərlərimizi, mənəviyyatımızı, musiqimizi və demək olar ki, bizə məxsus hər şeyi məhv etməklə tariximizi danmaq, yox etmək, onu mənimsəmək istəyiblər. Davamlı buna cəhd ediblər. Ancaq unutmamalıdırlar ki, Azərbaycanın tarixi 1 səhifədən ibarət deyil”. Bu sözlər 25 Fevral 2016-cı il tarixdə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda (ARTPİ) Xocalı Soyqırımının 24-cü ildönümü ilə bağlı keçirilən anım mərasimində çıxış edən ziyalılarımız tərəfindən səsləndirilib.
Faciənin qurbanlarının xatirəsi ARTPİ-nin kollektivi, ziyalılarımız, alimlərimiz tərəfindən bir dəqiqəlik sükütla yad edilib.
Anım mərasimini giriş sözü ilə açan İnstitutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov təəssüf və kədər hissi ilə bildirib ki, Xocalı soyqırımı xalqımıza qarşı XXI əsr insanlarının, bütün dünya ictimaiyyətinin gözü qarşısında nümayişkaranə şəkildə törədilən, insanlığa sığmayan və tarixin ən zülmət yerində belə alovlanıb gözə çarpan bir hadisədir. Xocalı soyqırımı xalqımızın başına gətirilən soyqırımlar silsiləsində əsrin sonunda gerçəkləşdirilən ən amansızıdır. Xocalıya qədər belə soyqırımlar Zəngəzurda, İrəvanda, Göyçədə, Bakıda və daha neçə qədim yurd yerində törədilib. Bunlar unudulmamalı, gələcək nəsillərə ötürülməli, bütün dünyaya çatdırılmalıdır.
Q.Novruzov Xacalı soyqırımının dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-rezidenti Leyla Əliyevanın gördüyü işlərdən söz açaraq bunun əhəmiyyətliliyini vurğulayıb.
Daha sonra çıxış edən alimlərimiz, ziyalılarımız ürək yanğısıyla nitq söyləyərək gəncliyin faciə və soyqırım tariximizi mütləq öyrənməsini, bunun üçün əməli işə kecilməsini xüsusi vurğulayıblar. Bundan əlavə, İnsanlığa simasızlıq, mənəviyyatsızlıq, şəxsiyyətsizlik gətirən, günahsız uşaqların, qadınların, qocaların, hələ dünyaya gəlməyən ana bətnindəki genefondumuzun məhvinə yönəlmiş bu hadisənin beynəlxalq hüquqi müstəvidə həll olunmasını qeyd ediblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=55550