Ərdoğanın Bakıya qəfil gəlişi

03.04.2014 - 10:15

Ərdoğanın Bakıya qəfil gəlişi

Yaxud Vaşinqtonla Ankaranın “Gülən polemikası”nın pərdəarxası…
Ərdoğan son seçkidən sonra ilk səfərini Azərbaycana edir: “Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan aprelin 4-də Azərbaycana işgüzar səfər edəcək. Bu barədə Türkiyənin “Ihlas” agentliyi xəbər yayıb. Səfər çərçivəsində iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunacaq”.
Bu xəbər bir neçə istiqamətdən diqqəti çəkir. Birincisi,  ona görə ki, bu, qeyd etdiyimiz kimi, seçkidən sonra Ərdoğanın ilk xarici səfəridir. Ikincisi, son seçki öncəsi  Türkiyədə baş verən dini-ideoloji qarşıdurmada bir çox azərbaycanlı məmurun da adı hallanırdı. Üçüncüsü, son günlər “Azərbaycana Rusiyadan növbəti təhdidlər ola bilər” kimi   müzakirələr açılıb. Bu ərəfədə isə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanda səfərdə oldu və  bütün bu məsələlər Bakı və Ankara arasında yeni diplomatik qaynarlığın yarandığını deməyə əsas verir.
Seçki bitdi, seçim  başladı
Heç şübhəsiz ki, Ərdoğan hökumətinin ən ciddi planlarından biri Türkiyədə və onun sərhədlərindən kənarda da Gülən şəbəkəsini sıradan çıxarmaqdır. Bu baxımdan Ərdoğanın ən asan təzyiq edə biləcəyi ölkələrdən biri məhz Azərbaycandır.   Ona görə də Ərdoğan prosesə Bakıdan başlamaq niyyətində ola bilər. Bu baxımdan, demək olar ki, Türkiyədə seçki bitdi, amma Türkiyə hökumətinin müttəfiqləri üçün yeni seçim başladı. Onlar öz ölkələrində Fətullah Gülənlə əlaqəsi olanlarla, yumşaq desək, vidalaşmalıdılar.
Başqa bir məlumatda deyilirdi ki, hətta Ərdoğan Ilham Əliyevə xeyli məmur və deputatın siyahısını verib. Siyahıdakılar isə Fətullah Gülən şəbəkəsinin Azərbaycan qanadının üzvləridir. Ona görə də belə bir ehtimal var ki,  bu səfər Ilham Əliyev üçün seçim qarşısında qalmaqla səciyyələnəcək.
Göründüyü kimi, burada həm də başqa bir xüsus var ki,   Ərdoğan Gülən hərəkatına qarşı əməliyyatı Azərbaycandan başlaya bilər. Bu isə həm də Azərbaycan hakimiyyətinin bu şəbəkənin qlobal tərəfdaşları ilə qarşıdurmaya getməsi demək olacaq. Yazının sonunda Ərdoğanın Gülən və şəbəkəsi məsələsindəki israrı barədə yenidən bir məqamı xatırladacağıq.
Rusiya təhlükəsinə profilaktika, yoxsa?..
Ərdoğanın səfərindən öncə Azərbaycanda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi səfərdə oldu və bir çox görüşlər keçirdi. Bu ərəfədə isə Azərbaycan hakimiyyətinə yaxın mətbuat Krım olaylarının ardından “Azərbaycan üçün Rusiya təhlükəsi”ni tirajlamaqla məşğuldur. Ola bilsin ki, bu həm də hakimiyyətin dünyaya sırımaq istədiyi rəsmi narahatlığın təbliğatıdır. Bununla Azərbaycan hakimiyyəti ona nail olmaq istəyir ki, dünyada və Azərbaycanda belə bir ictimai rəy yaransın ki, kim azadlıq istəsə, Rusiya onu işğal edə bilər. Bu isə təbii ki, hakimiyyətin yeni demokratikləşmə dalğasından yayınmaq cəhdidir. Bu mənada, bir ehtimal da o ola bilər ki, Ərdoğan Azərbaycana Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisindən sonra gəlməklə   Rusiya təhlükəsi məsələsində hərbi və siyasi balans yaratmaq istəyir. Buna oxşar hadisələri biz Iran təyyarələri Azərbaycan sərhədlərini pozarkən görmüşdük. O zaman Türk bombardmançı təyyarələri Azərbaycanın hava məkanında  dövrələr vuraraq, Irana müvafiq mesajı vermişdilər. Yəni, bu, Krımın işğalından sonra iştahının itiləndiyi deyilən Kremlə bir mesaj səfəri də ola bilər.
ABŞ niyə belə edir?
 
Yenidən qayıdaq Türkiyədəki daxili faktorların bu səfərə təsirinə. Buna keçməmişdən əvvəl isə qeyd edək ki, Ərdoğan Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini şəxsən Obamadan istəyib. O da “mesajınız aydındır” deyib. Amma bugünlərdə ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf   bu istəyi belə dəyərləndirib: “Bu cənab Pensilvaniyada yaşasın, ya yaşamasın – Türkiyə hökumətinin “Twitter”i qadağan etməsi doğru deyil. Türkiyə hökumətinin onun kimi düşünməyənlərə təzyiq göstərməsi doğru deyil. Bu cür halların bir Türkiyə vətəndaşının Pensilvaniyada yaşaması ilə heç bir əlaqəsi yoxdur. Açıq danışaq, Türkiyə NATO-nun yaxın müttəfiqidir. Biz hər zaman hər mövzuda anlaşa bilirik, amma heç zaman hər kəslə hər mövzuda anlaşmırıq. Buna görə də Pensilvaniyada yaşayan bəyəfəndini unudun”.
Buradan aydın görünür ki, Vaşinqton Gülən hərəkatının  sıradan çıxmasında maraqlı deyil. Bunu niyə istəyə bilərlər?  Son seçki də göstərdi ki, bütün yerdə qalan qüvvələrin cəmi  birlikdə Ərdoğanla seçki yarışında məğlub duruma düşdü. Bu   məsələdə Gülən hərəkatının açıq şəkildə CHP və MHP-yə dəstək verdiyi də göründü. Nəticə isə göz önündədir. Görünür, ABŞ-da düşünürlər ki, Ərdoğan Gülən hərakatını sıradan çıxarsa, Türkiyədə yarış və siyasi rəqabət mühiti tamamilə sıradan çıxacaq və Ərdoğan nəzəri alternativsizlikdən praktiki alternativsizə çevriləcək. Bu baxımdan, ABŞ rəsmisi Türkiyə ilə müttəfiqliyi önə çəkir. Amma bildirir ki, bu da hər mövzuda anlaşmaq demək deyil. Üstəlik, bir incə məqam da var ki, açıqlamada Türkiyə-ABŞ yaxınlığının NATO çərçivəsi vurğulanır. Bu isə o deməkdir ki, Ankara və Vaşinqton arasında həqiqi siyasi anlaşılmazlıq var. Bu anlaşılmazlıq  nə ilə nəticələnəcək, demək çətindir. Amma bir məsələ dəqiqdir ki, ABŞ Ərdoğana qarşı ən güclü koalisiyanın ideoloji liderini qorudu və üstəlik, onu tələb etdiyinə görə Ərdoğana sərt diplomatik dillə “yox” dedi.
Ərdoğan ABŞ-a qarşı getsə…
Ərdoğanın Bakı səfərilə bağlı mümkün versiyalardan biri də ondan ibarətdir ki, baş nazir ABŞ-la Azərbaycan hakimiyyətinin münasibətlərinin pisləşməsindən faydalanmaq istəyir. Diqqətli oxucularımız xatırlayır ki, bir müddət  öncə ABŞ və Türkiyə hökumətləri arasında anlaşılmazlıq vardı. O zaman Ərdoğan Moskvaya səfər edib, ardından bəyanat verdi ki, Türkiyə Şanxay Iqtisadi Blokuna qoşula bilər. Ola bilsin ki, bu səfərdə də yeni diplomatik həmlələr görəcəyik. Hələlik isə rəsmi versiyaya əsaslansaq, bu səfər iki ölkə arasında iqtisadi və siyasi münasibətlərin inkişafına təkan verəcək. (azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=5573

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31