Hakimiyyətdə "Elnur Aslanov müəmması"
03.04.2014 - 10:20

İlham Əliyevin işdən çıxartdığı şöbə müdirinə niyə yenidən etimad göstərildi?
Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov yeni vəzifəyə təyin olunub. Əldə etdiyimiz məlumata görə, o, Rabitə və Yüksək Texnologiyalar Naziriliyinin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov məlumatı təsdiqləyib.
***
Elnur Aslanovun işdən çıxarılması zamanı susmağa üstünlük verən anası, deputat Rəbiyyət Aslanova oğlunun yeni təyinatı barədə də danışmaq istəməyib.
Elnur Aslanovun dostu, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovun adından isə maraqlı açıqlama yayılıb. Haqqin.az saytı yazıb ki, Fərhad Məmmədov sayta açıqlamasında Elnur Aslanovun yeni təyinatına etiraz edib. “Nazirlikdə aldığı yeni vəzifə Elnur Aslanovun miqyasına uyğun deyil, çox balacadır. Özü də bu vəzifə təqaüd yaşlı adamlara uyğun postdur”, – deyə SAM rəhbəri bildirib.
Lakin Fərhad Məmmədovdan bu açıqlamaya təkzib gəlib. Onun yaydığı bəyanatda deyilir: “Haqqin.az saytının 2 aprel 2014-cü il tarixli buraxılışında guya, mənə istinadən “Fərhad Məmmədov: Elnur Aslanova bu vəzifəsi layiq deyil” başlığı altında qərəzli və həqiqətə uyğun olmayan informasiya yayılıb. Məlumat üçün bildirirəm ki, nə bu gün, nə də əvvəlki dövrlərdə həmin sayt ilə əlaqələrim olmayıb və hər hansı bir mövzuda onun əməkdaşlarına müsahibə vermişəm. Mənimlə “eksklüziv müsahibə” adlı material isə açıq şantaj və böhtan xarakteri daşıyır. Barəmdə yazılan böhtanla əlaqədar olaraq, məhkəmə instansiyalarına müraciət etmək hüququmu özümdə saxlayıram”.
Haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev isə “Azadlıq”a Fərhad Məmmədovun səs yazısının olduğunu bildirib. “Biz bu fikirləri özümüzdən yazmamışıq. Fərhad Məmmədovun səs yazısı var. Əgər istəyirsə, buyursun məhkəməyə versin”, – Fətullayev vurğulayıb.
***
Elnur Aslanov martın 17-də ölkə başçısı Ilham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasındakı tutduğu vəzifədən azad edilib. Onun işdən çıxarılması ilə bağlı irəli sürülən mülahizələrdə nurçularla əlaqəli olması qırmızı xətlə keçirdi. Onun hətta nurçularla əlaqəyə görə həbs ediləcəyi barədə məlumatlar dolaşırdı. Azərbaycanda birdən-birə “nurçu təhlükəsi”nin gündəmə gəlməsi isə Fətullah Gülənlə aralarında ziddiyyətlər yaranan Ərdoğanın bu məsələ ilə bağlı Ilham Əliyevə müraciət etməsilə izah edilirdi. Deputat Zahid Oruc da bu iddiaları təsdiqləyən fikirlər səsləndirmişdi. O, bildirmişdi ki, Azərbaycanda nurçulara qarşı hərəkətlənmə Ərdoğanın hakimiyyətə müraciətindən sonra başlayıb. Türkiyənin baş nazirinə yaxınlığı ilə seçilən “Yeni Şafak” qəzetində Elnur Aslanovun işdən çıxarılması barədə xəbərin “Əliyev Gülən camaatının ən önəmli adamını işdən çıxardı” sərlövhəsilə manşetdən verilməsi də deyilənlərin əsassız olmadığını göstərirdi. Lakin hakimiyyət rəsmiləri Elnur Aslanovun işdən çıxarılmasını vəzifəsinin öhdəsindən gələ bilməməsilə ilə izah edirdilər. Maraqlıdır, vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə işdən çıxarılan şəxsə niyə yenidən etimad göstərilib?
Hələ hakimiyyətdə nurçulara qarşı hərəkətlənmə başlayanda “Azadlıq” yazmışdı ki, iqtidardaxili qruplar bu məsələdən bir-birlərinə qarşı istifadə edir. Elnur Aslanova hücumların kökündə də daha çox qruplararası ziddiyyətlər dayanırdı. Kartlar o zaman açıldı ki, Elnur Aslanovun dostu Fərhad Məmmədov barəsində yayılan məlumatlara (onun da adı nurçularla əlaqədə hallandırılırdı) münasibət bildirərkən Əli Həsənovu hədəf seçdi. “Kim nurçuların izinə düşüb onlarla əlaqədə olanları axtarmaq istəyirsə, ilk növbədə təhsil və hazırlıq kurslarının, tibb ocaqlarının və kütləvi informasiya vasitələrinin fəaliyyətinə xüsusi fikir verməlidir. Nə mənim, nə mənim həyat yoldaşımın, nə də övladımın adına hər hansı bir hazırlıq kursu, təhsil müəssisəsi, radio və klinika var”, – deyə o, dolayısı ilə Əli Həsənovu nurçularla əlaqədə suçlamışdı. Əli Həsənovun təhsil kurslarının, media orqanlarının və klinikasının olması sirr deyil.
***
Fərhad Məmmədovun fikirlərinin Həsənova aid olmadığını söyləmək olardı. Əgər Əli Həsənov bu açıqlamadan bir neçə gün sonra Mətbuat Şurasında “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda keçirilən konfransda məşhur nitqini söyləyib bütün kartları açmasaydı. “Biz məmur olaraq Prezident Administrasiyasında yalnız Prezidentin qoyduğu vəzifələri icra etmək üçün məmuruq. Biz bu və ya digər cərəyanlara qoşuluruqsa, artıq məmurluqdan çıxırıq. Biz hər birimiz yalnız məmur olaraq öz funksiyamızın dürüst icrasına cavabdehik. Təəssüflər olsun ki, belə qarşıdurma meylləri də var, belə qarşıdurma meyllərini qızışdırmaq istəyənlər də var. Amma eyni zamanda, həqiqəti danmaq istəyənlər də var”, – deyə Əli Həsənov həmin tədbirdə bildirmişdi. SAM rəhbərinin məlum açıqlamasından sonra Həsənova yaxın qəzetlərdə ona qarşı açıq şəkildə kampaniya aparılması da bununla bağlı idi.
Baş verənlərin sırf saray intriqası olduğunu təsdiqləyən başqa bir fakt isə Elnur Aslanovun işdən çıxarılması barədə Ilham Əliyevin imzaladığı sərəncamın rəsmi qəzetlərdə və dövlət televiziyasında tirajlanmaması oldu. Həmin media quruluşlarının rəhbərləri məsələyə ağlabatan izahat verə bilmədilər. Bu isə məsələnin texniki xəta deyil, məqsədli addım olduğunu düşünməyə əsas verdi. Bu fakt həm də onu göstərdi ki, Aslanov və Həsənov bu savaşda sadəcə önə çıxarılmış fiqurlardır. Savaş daha böyük çevrələr arasında gedir. Hər halda rəsmi qəzetlərin Aslanovdan ehiyat edərək ölkə başçısının sərəncamını tirajlamadığını iddia etmək absurd olardı. Aslanov hakimiyyət iyerarxiyasında lupa ilə görünə bilən fiqurdur. Deməli, məsələyə daha iri fiqurlar müdaxilə edib. Və dünən həmin fiqurlar Elnur Aslanovun yeni təyinatına nail olublar. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=5574