"Rusiya Laçını götürəcək, qalan əraziləri qaytaracaq"
03.04.2014 - 14:10
“Rusiya Laçını götürəcək, qalan əraziləri qaytaracaq”
Ermənistan prezidentinin keçmiş müşaviri daha bir sensasiyalı Qarabağ açıqlaması verdi
Ermənistan prezidentinin xarici siyasət məsələləri üzrə keçmiş müşaviri (Levon Ter-Petrosyan administrasiyası), ABŞ-ın Miçiqan Universitetinin professoru Jirayr Libaredyan Qarabağ məsələsi ilə bağlı yeni sensasiyalı açıqlama verib.
Virtualaz.org saytı xəbər verir ki, Libaredyan Ermənistanın “168 saat” qəzetinə verdiyi müsahibədə Qarabağın Rusiyaya birləşdirilməsinə dair əvvəlcə Zori Balayan tərəfindən ortaya atılan, son günlər isə Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski tərəfindən artıq ikinci dəfədir gündəmə gətirilən ideyaya münasibət bildirib.
“Mən hesab etmirəm ki, Rusiya Qarabağı özünə götürmək istəyir, çünki bu, Azərbaycanı Rusiyanın əbədi düşməninə çevirərdi. Moskvanın planlarına isə bu daxil deyil” – deyə Jirayr Libaredyan bildirib.
Ötən əsrin 90-cı illərində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda iştirak edən Jirayr Libaredyan deyib ki, Rusiya Ermənistana heç nə borclu deyil. Üstəlik İrəvandan almağa məxsusi nəsə qalmayıb. Rusiya Ermənistanla bağlı istədiyinə nail olub.
“Və indi Rusiya Azərbaycanı qayda-qanuna çağırmaq, yəni onun nüfuz orbitinə qaytarmaq istəyir. Əgər Rusiya Qarabağı götürüb özünə birləşdirsə və ya onun indiki statusunu tanıyıb qanuniləşdirsə, bunu edə bilməyəcək. Moskvaya Dağlıq Qarabağı təsir altında saxlamağa imkan verən hansısa aralıq status lazımdır. Bu status elə olmalıdır ki, Rusiyanın Dağlıq Qarabağı Azərbaycandan aldığı konstatasiya olunmasın. Bundan sonra Kreml Azərbaycanla danışıqlar aparacaq, ondan istədiyinin hamısını alacaq, Bakıya nə lazımdır, ona nə lazımdır – müzakirə edəcək…
Dəqiq deyə bilmərəm, ancaq mən uzun müddət danışıqlarda iştirak etmişəm, sonra 15 il ərzində bu problemi araşdırmışam və mənə elə gəlir ki, bir məsələ tamamilə aydındır: Rusiya əraziləri qaytaracaq, bununla belə Laçın rayonunu özünə götürəcək və ondan isti su kranı kimi istifadə edəcək” – deyə Libaredyan bildirib.
Qeyd edək ki, Laçın rayonunun statusu Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların bütün mərhələlərində ən kritik məsələlərdən biri olub. Vaxtilə tərəflər razılaşmaya yaxın olanda Laçın rayonunun kəndlərinin bir neçəsinin Azərbaycanın nəzarətinə qaytarılması, Laçın şəhərinin və ona bitişik ərazilərin isə Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhliz kimi qalması variantı müzakirə edilirdi.
Lakin Laçın dəhlizində beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi şərti mövcud idi. Əslində isə söhbət Rusiya sülhməramlı qüvvələrindən gedirdi. Görünür, Ermənistan prezidentinin keçmiş müşaviri Rusiyanın Laçın dəhlizinə nəzarəti əldə saxlamağa necə can atdığını danışıqlarda iştirakı zamanı bilavasitə görüb.
J.Libaredyan “168 saat” qəzetinə müsahibəsinin əvvəlki hissəsində 1998-ci ildə Qarabağ münaqişəsinin mərhələli həll variantına razılıq verən prezident Levon Ter-Petrosyanın ABŞ tərəfindən istefaya məcbur edildiyini, Robert Köçəryanın Amerikanın dəstəyi ilə hakimiyyətə gəldiyini demişdi.
Keçmiş müşavir bildirmişdi ki, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya işləri üzrə indiki köməkçisi Viktoriya Nuland bu proseslərdə fəal iştirak edirdi.
“Ter-Petrosyan istefa verəndən və Köçəryan hakimiyyətə gələndən sonra mən ABŞ-da konfransda iştirak edirdim. Viktoriya Nuland da həmin konfransda çıxış edirdi. Ona dedim ki, deyəsən, Ter-Petrosyanın istefasından sevinirsiniz. Nuland bundan məmnun olduğunu gizlətməyərək bildirdi ki, Ter-Peteosyan ağıllı adamdır, lakin zəifdir və sülhü qəbul etdirə bilməz. Robert Köçəryan isə müharibəni udub, güclü adamdır və sülhü o qəbul etdirə bilər. Mən isə dedim ki, Köçəryan minimum 10 il hakimiyyətdə olacaq, əgər bu müddət ərzində Qarabağ məsələsinin həllində bir addım da olsun irəliləyiş olsa, sizə zəng edib üzr istəyəcəm. Çünki Köçəryan bunu istəmir. Əks halda siz mənə zəng etməli və deməlisiniz ki, ABŞ-ın siyasəti səhv idi” – deyə Libaredyan bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=5584