Köçəryan Ermənistanda baş naziri devirib yerinə keçir

04.04.2014 - 10:17

Köçəryan Ermənistanda baş naziri devirib yerinə keçir

Ermənistanın baş naziri, neçə vaxtdır keçmiş prezident Robert Köçəruyan və onun oliqarx müttəfiqi Qaqik Tsarukyanın klanının güclü təzyiqlərinə məruz qalan Tiqran Sərkisyan nəhayət istefa verib.
Virtualaz.org saytı xəbər verir ki, Sərkisyanın istefası Ermənistanda gözlənilməz hadisə kimi qarşılanmayıb və hökumət rəhbərinin mövqelərinin çoxdan laxladığı hamıya məlum idi.
T.Sərkisyan və hökuməti vaxtaşırı olaraq Ermənistan iqtisadiyyatının acınacaqlı vəziyyəti və korrupsiya ilə bağlı tənqidlərə məruz qalırdı. Lakin baş nazirə ən sarsıdıcı zərbəni keçmiş prezident, Ermənistan siyasətinə güclü təsir rıçaqlarını əlində saxlayan Robert Köçəryanın şəxsən ona hücuma keçməsi oldu. Ötən ilin dekabrında R.Köçəryan baş naziri hökumətin pensiya islahatları planı ilə bağlı mətbuatda kəskin tənqid etdi. Tiqran Sərkisyanı səriştəsizlikdə və bacarıqsızlıqda günahlandıran Köçəryan onu istefaya çağırdı.
T.Sərkisyan keçmiş prezidentə açıq cavab verməyə cəsarət etmədi və siyasi analitiklər dərhal belə qənaətə gəldilər ki, R.Köçəryanın baş nazirə şəxsən hücuma keçməsi onun yenidən hakimiyyətə qayıtmaq planlarının işə düşdüyünü göstərir. Əslində R.Köçəryan hökumətin qismində həm də prezident və keçmiş silah yoldaşı Serj Sərkisyanın da iqtisadi siyasətini tənqid etmiş olurdu. Köçəryanın Sərkisyanla münasibətlərinin son illər xeyli soyuduğu sirr deyil və Ermənistanda bunu bilməyən yoxdur.
Baş nazir T.Sərkisyan həmçinin Firəvan Ermənistan Partiyasının lideri, oliqarx Qaqik Tsarukyanın tənqidləri altında idi. Tsarukyanın parlament fraksiyası dəfələrlə baş naziri və hökuməti yarıtmaz iqtisadi siyasətə görə tənqid edib. Hakim Respublika partiyası isə belə görünür ki, baş naziri bu hücumlardan qorumaqda elə də maraqlı deyildi.
İndi T.Sərkisyanın istefasından sonra Ermənistanda yeni hökuməti kimin formalaşdıracağına dair müxtəlif fərziyyələr yayılır. Siyasi müşahidəçilər Robert Köçəryanın yenidən hakimiyyət başına qayıtmaq planlarını xatırladaraq qeyd edirlər ki, baş nazir postunu məhz o tuta bilər. Köçəryan baş nazir olmaq istəsə Sərkisyanın ona müqavimət göstərməsini gözləmək olmazdı.
Baş nazir postu Köçəryanın növbəti prezident seçkilərində hakimiyyəti asanlıqla geri qaytarması yolunda tramplin olmalıdır. Əsas məsələ Ermənistanın asılı olduğu Rusiyanın bu siyasi gedişə necə reaksiya verəcəyidir. Ermənistan mətbuatında dolaşan xəbərlərə görə R.Köçəryan bu günlərdə Moskvada olub və prezident Vladimir Putinlə görüşüb. Bundan əvvəlki prezident seçkilərində Rusiya nə Köçəryanın, nə onun oliqarx müttəfiqinin hakimiyyəti Sərkisyandan almasına müsbət münasibət bildirmədi. Ancaq növbəti seçkilərdə Köçəryanın yenidən hakimiyyəti ələ almaq planları ciddidir.
Doğrudur, bəzi müşahidəçilərə görə, o, Qaqik Tsarukyanın baş nazir postuna namizədliyini verə bilər. Lakin bu, Köçəryanın hakimiyyətə qayıtmaq planlarına təsir etməyəcək. Hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Eduard Şarmazanov deyib ki, yeni baş nazirin namizədliyi bütün parlament fraksiyaları ilə müzakirələrdən sonra müəyyən ediləcək. Şarmazanova görə, istisna deyil ki, yeni baş nazir hakim partiyanın üzvü olmasın.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5593

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930