Etibar Hüseynovun deputat mandatının ləğvi tələb olunur

05.04.2014 - 10:25

Etibar Hüseynovun deputat mandatının ləğvi tələb olunur

Xəbər verdiyimiz kimi, martın 30-da ANS telekanalında deputat Etibar Hüseynovun qarabağlılar və qaçqınlarla bağlı səsləndirdiyi fikirlər məcburi köçkünlərin ciddi narazılığına səbəb olub. Bununla bağlı sosial şəbəkələrdə aksiya təyin edilib. Məcburi köçkünlər aprelin 5-i və 8-də Milli Məclisin qarşısında aksiya keçirəcəklərini bildiriblər.
Milli Məclisin dünən keçirilən iclasında da bu məsələ geniş müzakirə olunub. Çıxış edən E. Hüseynov qarabağlılardan üzr istəyib.
Amma buna baxmayaraq, deputatın üzr istəməsi məcburi köçkünlərin narazılığını səngitməyib. Onlar deputatın mandatının əlindən alınmasını tələb edirlər. Sosial şəbəkələrdə aksiya ilə bağlı event yaradılıb. 8 apreldə keçiriləcək aksiya ilə əlaqədar artıq dünən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb.
Sosial şəbəkələrdə yaradılan “Millət vəkili Etibar  Hüseynov məcburi köçkünlərdən və qarabağlılardan üzr istəsin!” eventinin yaradıcısı, Qubadlı köçkünü Ağaşirin Tanrıverdioğlu aksiyanı keçirməkdə israrlı olduqlarını bildirdi: “Aksiyanı keçirmək üçün meriyaya rəsmi müraciət etdik. Biz  aksiyanı keçirməkdə israrlıyıq. Onun üzr istəməsi ilə məsələ bitmir. O, qarabağlıları, məcburi köçkünləri, bütün Azərbaycan xalqını təhqir edib. Buna görə də birbaşa mandatından məhrum edilməlidir. Əxlaqdan xəbəri olmayan bir adamın bütün xalqı təhqir etməsini biz bağışlamayacağıq. Onun mətbuata verdiyi açıqlamada “mən qarabağlılardan üzr istəməyəcəyəm” deməsi bütün qarabağlıların hiddətinə səbəb olub. Bölgələrdən bizə zənglər gəlir. Hər kəs çox qəzəblidir. O, canlı yayımda Azərbaycan xalqından üzr istəməlidir. Çünki milyonlarla insanın qarşısında bu sözləri deyib”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qarabağlılar haqqında səsləndirilən bu fikirlərin heç bir əxlaqa sığmadığını söylədi: “Mən başa düşə bilmirəm ki, qaçqınlara qarşı bu aqressiya hardandır? Bir dəfə də buna bənzər hal yaşanmışdı. Heç bir çərçivəyə sığmayan fikirlərdir. Bu qaçqınlar öz kefləri ilə başqa yerdən gəlməyiblər. Təbii ki, bir şəhərə başqa yerdən insanlar gələndə o şəhərin mühiti dəyişir. Amma bu o demək deyil ki, məcburi köçkünlərin Bakıya gəlməsi şəhərin mədəniyyətinə təsir edib. Sadəcə, bu fikirləri səsləndirmək heç bir əxlaqa söykənmir.  Belə insanların millətin vəkili olması rüsvayçılıqdır. Etibar Hüseynovun hansı formada deputat seçilməsi hər kəsə bəllidir. Onu ” Lider” telekanalından tanıyanlar hansı əxlaqa malik olduğunu yaxşı bilirlər. Düşünürəm ki, dövlət bu barədə təcili tədbirlər görməli, o, mandatından dərhal məhrum edilməlidir”.
“Qarabağ Qaziləri” İçtimai Birliyinin sədri Etimad Əsədov deputatın səsləndirdiyi fikirlərdən təəssüfləndiyini bildirdi: “Çox təəssüf edirəm ki, parlamentdə təmsil olunan bir insan bu cür fikirlər səsləndirir. Rusların, ermənilərin mədəniyyətindən danışır. Nəzərə almır ki, özümüz dünyanın ən mədəni, əxlaqı, mənəvi dəyərləri olan xalqlarından biriyik. Görünür ki, Etibar Hüseynov özü ilə Azərbaycan xalqını səhv salıb. Üzrxahlıq etmək heç nəyi dəyişmir. Ümumiyyətlə, o insan haqqında cəmiyyətimizdə hər zaman mənfi fikir olub. Kimdən soruşsan, onun haqqında mənfi fikir söyləyər. Bu insan düşmən dəyirmanına su tökür. İnsanları təhrik edərək, silahlı birləşmələr yaratmağa səsləyir və birbaşa prezidentin iradəsinə qarşı çıxır. Məncə, bu işlə hüquq-mühafizə orqanları məşğul olmalıdır. Təmsil etdiyi dairədən insanlar onu geri çağırmalı və mandatı əlindən alınmalıdır”. (musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5615

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930