Azərbaycanda nurçuların aşkarlanması: proses bitdimi?
05.04.2014 - 13:27
Azərbaycanda nurçuların aşkarlanması: proses bitdimi?

Mart Azərbaycanda nurçular mövzusunu ön plana çıxardı. KİV-də Prezident Administrasiyası, hökumət, dövlət şirkətlərində yüksək vəzifələrdə çalışan, Azərbaycanda nurçuların maraqlarının həyata keçirilməsində şübhəli bilinən şəxslərin ifşası baş verdi.
Belə məmurlar sırasında AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, ARDNŞ prezidenti Rövnəq Abdullayev, Prezident Administrasiyası Siyasi analiz və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun adı çəkilirdi. Yalnız sonuncu 17 martda istefaya göndərildi, aprelin 2-də Türkiyədə bələdiyyə seçkilərində AKP qalib gələndən sonra isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində elmi potensial və investisiyalar şöbəsinə rəhbər təyin edildi.
Virtualaz.org bildirir ki, “Turan” Analitik Xidmətinin araşdırmasına görə, Türkiyədə kəskin siyasi mübarizə və Azərbaycanda nurçuların ifşası arasında əlaqə təsadüfi deyil: “Son illər AKP ilə Fətullah Gülənin rəhbərlik etdiyi nurçular arasında münasibətlərdə ciddi qarşıdurma olub. Xüsusən korrupsiya ittihamları Ərdoğanın mövqeyini sarsıdıb. Sonuncu təkcə Türkiyədə yox, başqa ölkələrdə, o cümlədən Azərbaycanda nurçuların mövqeyinin zəiflədilməsi üçün preventiv tədbirlər görməyə bilməzdi.
Bu kontekstdə KİV-də ifşa ediləcək nurçu məmurların siyahısının Ərdoğan tərəfindən rəsmi Bakıya təqdim edilməsi barədə məlumatlar gedirdi və bildirilirdi ki, onlar AKP hakimiyyətinə düşmən münasibət bəsləyir, güclü xarici təsir altındadırlar və Əliyev üçün də təhlükəlidirlər.
Nurçular mötədil islam camiəsi kimi tanınır, siyasi aktivlik göstərmir, mülayim dini görüşlər yayırlar. Camaatın geniş təhsil şəbəkəsi var, qabiliyyətli uşaqlara, elita övladlarına diqqət ayırır, onlara layiqli təhsil verir. Bu məktəblərin müdavimləri qarşılıqlı dəstəyi ilə seçilir. Təhsil və digər proqramlar vasitəsilə nurçular müxtəlif ölkələrdə hakimiyyət orqanlarının nümayəndələri, milli ictimai təşkilatların liderləri ilə sıx əlaqələr qurur, bu zaman liseylərdə oxuyan uşaqların valideynlərinin imkanlarından istifadə edirlər.
Azərbaycanda bu hərəkat özünü 1992-ci ildən sonra aktiv şəkildə göstərməyə başladı. O vaxtlar Bakıda əsas strukturu Türkiyədə olan liseylər, ali məktəblər, KİV-lər açıldı.
KİV-də artan siyasi və iqtisadi qərarların qəbuluna artan təsirləri ilə bağlı milli təhlükəsizliyə təhdid kimi göstərilən nurçuların tənqidi güclü effekt verdi. Türkiyə təşkilatlarını Azərbaycanda təmsil edən bir sıra şəxslər, eləcə də rəsmi strukturlar bu cərəyandan yaxasını qırağa çəkməyə başladı. Bu isə öz növbəsində təşkilatın inkişaf dinamikası və təsirinin artmasına mənfi təsir edəcək.
Rəsmi Bakı, daha dəqiq desək, prezident Əliyev nurçuların tənqidində Ərdoğandan az maraqlı deyil. Hakimiyyətin yüksək eşelonlarında daxili və xarici siyasətə həddən ziyadə xarici müdaxiləni sevmirlər. Əgər nurçuların rəsmi şəxslərlə əlaqəsini izləsək, belə nəticəyə gəlmək olar ki, onların dairəsi mətbuatın təsəvvür etdiyindən daha genişdir. Amma demək olmaz ki, nurçular birtərəfli qaydada öz maraqlarını həyata keçirmək üçün Azərbaycan məmurlarından istifadə ediblər. Etiraf etmək lazımdır ki, məhəbbət qarşılıqlı olub, yüksək səviyyədə bu əlaqələrdən Bakının maraqlarının nurçular hərəkatının beynəlxalq şəbəkəsi vasitəsilə həyata keçirilməsi üçün istifadə edilib.
Qarşılıqlı maraqların bu iki amilini nəzərə alsaq, gözləmək olar ki, təmas və qarşılıqlı hərəkətlər davam edəcək, amma bu, daha ehtiyatlı şəkildə və Azərbaycanın hakim qrupunun maraqları daha çox nəzərə alınmaqla baş verəcək. Maraqların çevrəsi cızılıb və tərəflər ondan kənara çıxmayacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=5627