Əxlaqsızlıq yuvasına kim himayədarlıq edir?
05.04.2014 - 16:01
Əxlaqsızlıq yuvasına kim himayədarlıq edir?

Son günlər intim xidmət təklif edən və bu zaman fırıldağa, reketçiliyə qol qoyanlar barəsində yazılar artıb. Bir sıra saytlarda və sosial şəbəkələrdə aradüzəldənlik fəaliyyəti də artıb. “Odnoklassniki.ru” saytı da onlardan biridir. Bu sayt vasitəsilə fahişə qadınlar xidmət təklif edir və öz müştərilərini görüşə çağırır.
Aprelin 4-də bir həmkarımızın araşdırma aparmaq üçün üz tutduğu əxlaqsızlıq yuvasında saatlarla girov saxlanılması və bir müddət sonra onun jurnalist olduğunu anlayaraq sərbəst buraxılması, bir neçə mətbuat orqanında bu məkan haqqında gedən məlumatlar, bizi bu məsələyə diqqət yetirməyə məcbur etdi.
İnsanlara intim münasibətlər təklif edən “xanımlar”ın görüş məkanı, S.Vurğun Parkından bulvara gedən istiqamətdə yerləşən “Anadolu” adlı restoranın tam qarşısındadır. Məkan binanın zirzəmisində yerləşir və heç bir adı yoxdur.
“İşbazlar” öz qurbanlarını sosial şəbəkə vasitəsi ilə seçirlər. Onlar öz qurbanlarını “Odnoklassniki” sosial şəbəkəsi vasitəsi ilə seçirlər. Həmin sosial şəbəkədə orada çalışan qızlar özlərinə profil açırlar. Həmin profillərdə açıq-saçıq və ya tamamilə çılpaq şəkillər qoyurlar və nömrələrini yazırlar. Bundan da əlavə, öz müştərilərinə xidmət qarşılığında alacaqları pulun miqdarını yazırlar. Kişilər həmin qadın profilindəki nömrələrə zəng edir, telefona cavab verən qadınlar onlara zəng edən qurbanlarına görüşmək üçün Səməd Vurğun parkının yaxınlığında yerləşəm “Anadolu” adlı restoranın yanına gəlməyi bildirirlər. Buraya da gəldikdən sonra “Anadolu” restoranı ilə üzbəüz, yolun əks tərəfində yerləşən gül-çiçək dükanının sağ tərəfində yerləşən zirzəminin çıxışında dayanan və telefonla öz müştərisi ilə danışan qadın kişini zirzəmiyə dəvət edir. Bütün məsələ də bundan sonra başlayır.
Müştərisini zirzəmiyə gətirən qadın onunla masada əyləşir. Sonradan daha bir neçə qadın da onların masasına əyləşir. Müştəri bu dəqiqələrə qədər heç bir şey anlamır. Müəyyən bir vaxt şirin söhbət və bahalı içkilərdən sonra hesab gətirilir. Hesabı görən müştəri anlayır ki, onu aldadıblar. Müştəri böyük miqdarda olan hesabı ödəməyə məcbur edilir. Əgər hesabı normal şəkildə ödəyərsə intim münasibət təklif edilir.
Məsələ ilə bağlı adı çəkilən məkana baş çəkdik. Yaxınlıqda yaşayan sakinlərin dediklərinə görə, məkan günorta 15:00-17:00 arası vaxtlarda fəaliyyətə başlayır və gecə saatlarına qədər davam edir.
“Sözsüz ki, bunların “krışası” var”
Adını deməkdən çəkinən Bakı sakininin dediklərinə görə, qadınlar öz müştərilərini bayırda qarşılayıb zirzəmiyə aparırlar: “Günorta saat 3-5-dən sonra gəlirlər. 3-4 nəfər qadın əllərində telefonla dayanırlar zirzəminin qabağında. Kimləsə danışırlar. Sonra danışdıqları şəxsi qarşılayıb aparırlar zirzəmiyə. Çox vaxt zirzəmidən çıxanlar əsəbi halda söyüş söyə-söyə çıxırlar. Neçə vaxtdır ki, bu əxlaqsızlıq yuvası fəaliyyət göstərir. Amma heç kim bunlara gözünün üstündə qaşın var demir. Polislər hər gün burdan keçirlər, onlar guya görmürlər ki, burada nə baş verir?! Sözsüz ki, bunların “krışası” var. Olmasa bunlar şəhərin mərkəzində, günorta vaxtı, hamının gözü qarşısında belə işlər görə bilməzlər”.
“Utanmadan qadın satmaqla pul qazanırlar”
Adı çəkilən məkanın yaxınlığında obyekt sahibi olan Bakı sakini deyir ki, onun da bu məkandan xəbəri var: “Uzun zamandır ki, bu yuva burada fəaliyyət göstərir. Hamı bilir ki, onlar nə işlə məşğuldurlar. Mən də bilirəm. Amma əlimizdən heç nə gəlmir. Şikayət edərdim, amma qorxuram. Bunlardan nə desən, gözləmək olar. Yaşlı adamam, mənim onlara gücüm çatmaz. Qadınlar öz müştərilərini qəbul edən zaman yanlarında bir neçə hündürboy kişilər də dayanır. Vallah, onlara kişi sözünü yaraşdırmıram. Utanmadan qadın satmaqla pul qazanırlar. O pulları necə yeyirlər?”
Adı çəkilən məkan hələ də öz fəaliyyətini davam etdirir. Məkan bağlanana qədər mövzunu davam etdirəcəyik. (musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=5634