Ərdoğanın Bakıya səfəri həbslərlə müşahidə olundu
Azərbaycan vətəndaşı Türkiyə bayrağına görə həbsə
atıldı
İcra başçısı
fermaya atdığı Rəsulzadənin büstünü tapan şəxsdən qisas alır
Türkiyənin baş naziri Ərdoğanın Bakıya səfəri ərfəsində
qəribə həbs olayı baş verib. Sabirabad rayon sakini, ictimai fəal Axundov Aslan
Fazil oğlu maşınına Azərbaycan və Türkiyə bayrağı vurduğuna görə həbs olunub. Məlumatı
“Yeni Cumhuriyyət” qəzetinə məhbusun yaxınları verib. Onların bildirdiyinə görə
Aslan Axundovun məhkəməsi qapalı keçirilib. Onun müdafiə hüququ təmin edilməyib.
Məhkəmədə ona dilindən iltizam verərək bir daha maşınına Azərbaycan Türkiyə
bayrağını vurmayacağı tədirdə azad olunacağı təklif olunsa da o bu təklifi qəbul
etməyib. Hakimin qərarı ilə o 25 sutka həbs cəzası alıb. Maraqlıdır ki, bu barədə
məhbusun yaxınlarına məlumat verilməyib, eyni zamanda məhkəmənin qərarı da nə
Aslan Axundova, nə də onun qohumlarına təqdim edilməyib. Polislər maşından
bayraqları zorla söküblər, nəqliyyat vasitəsini isə cərimə meydançasına
salıblar.
Axundovun ailə üzvləri qohumlarının qanunsuz həbsi
ilə bağlı dövlət başçısına müraciət ediblər. Müraciətdə dövlət başçısından
bayrağa sevgiyə görə insanların niyə görə həbs olunmasına aydnlıq gətirilməsi və
Aslan Axundovu qanunsuz cəzalandıranlar haqqında ölçü götürülməsi xahiş olunur.
“Yeni Cumhuriyyət” qəzetinin Sabirabadda özəl mənbələrdən
əldə etdiyi digər məlumatda qeyd olunur ki, Axundov Aslanın həbsi rayon icra
hakimiyyəti başçısı Nazim İsmayılovun və polis rəisi Mübariz Quliyevin göstərişi
ilə həyata keçirilib. Belə ki, adı çəkilən şəxslərin ictimai fəalla xeyli
vaxtdır ki, ədavəti var imiş. Belə ki, icra başçısının göstərişi ilə Azərbaycan
Xalq Cumhuriyyətinin qurucusu M. Ə. Rəsulzadənin Sabirabad rayon İcra Hakimiyyətinin
qarşısından götürülərək, gizlincə torbaya salınıb ucqar bir fermaya atıldığı
büstü Aslan Axundov gedib tapmış, şəkilini çəkib ictimailəşdirmişdi. Bununla da
o icra başçısı Nazim İsmayılovun büstün “yenidənqurma” adı ilə götürməsinə dair
iddiasını ifşa etmişdi.
Yeri gəlmişkən qeyd edək ki, “Yeni Cumhuriyyət” qəzetinin
1- 3 aprel sayında “Abad ola bilməyən Sabirabad” adlı yazı dərc olunub. Yazıda
rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovun qanunazidd hərəkətləri,
korrupsiya əməlləri və onun M. Ə. Rəsulzadənin
büstünü Sabirabad RİH qarşısından götürməsi kəskin tənqid olunub. Əldə
etdiyimiz digər məlumatlara görə rayonda geniş rezonans yaradan yazıdakı bəzi
faktların redaksiyaya “ayaq açması”-ndan narahat olan Nazim İsmayılov mənbənin
tapılması üçün bəzi prafilaktik tədbirlərə və cəza üsullarına əl atıb. Rəsulzadənin
büstü ilə bağlı mövzunun hələ bitmədiyindən əndişəyə düşən icra başçısı
Ərdoğanın Bakıya səfəri ərəfəsində “ictimai asayişin güclənməsi”- ni bəhanə edərək
çoxdan gözlədiyi fürsəti əldən verməyib- Aslan Axundovu həbs edib.
Xatırladaq ki, Aslan Axundovun siyasi mənsubiyyəti
olmasa da, sosial şəbəkələrdə aktiv fəaliyyət göstərir və Sabirabadda hamı onu
vətənpərvər, milli təssübkeş kimi tanıyır.
Mövzunu diqqətdə saxlayacayıq.
“Yeni
Cumhuriyyət” qəzeti
Short URL: http://www.cumhuriyyet.net/?p=5636