Ərdoğanın səfəri hakimiyyətdə aranı qatıb
06.04.2014 - 11:10

Daxili çəkişmələrdə “nurçu kartı”; Əliyev komandanın əl-ayağını yığa bilmir; Gülənin Bakıdakı əsas adamından etiraz
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Bakıya səfərindən sonra Azərbaycan iqtidarında ara qarışıb. Iqtidar mətbəxindən “Azadlıq”a sızan məlumatlara görə, rəqiblərini “vurmaq” üçün “nurçu kartı”ndan istifadə edən qruplaşmalar Ərdoğanın səfərindən sonra daha da fəallaşıblar. Bu da səbəbsiz deyil. Çünki Ərdoğanın Ilham Əliyevlə görüşündə nurçularla bağlı məsələ məxsusi olaraq müzakirə edilib.
Hətta Türkiyə baş nazirinin Əliyevə konkret siyahı təqdim etdiyi barədə məlumatlar yayılıb. Xəbəri iqtidara yaxın media quruluşlarından biri Ərdoğan-Əliyev görüşündən dərhal sonra ictimailəşdirib. Həmin media quruluşu fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxınlığı ilə seçilir. Hakimiyyətin, xüsusilə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun nəzarətində olan digər media orqanları da məlumatı həvəslə tirajlayıb və xəbər hələ ki, rəsmi şəkildə təkzib olunmayıb. Bu da məlumatın əsassız olmadığı qənaətini yaradır.
Bildirilir ki, hakimiyyətə yaxın media orqanlarının belə bir məlumatı yayması da iqtidar daxilindəki ziddiyyətlərlə bağlıdır. Yəni, nurçu ittihamı ilə üz-üzə gələn məmur və deputatlar rəqibləri tərəfindən hədəfə gətirilir. Azərbaycanda nurçularla əlaqədə neft şirkətinin prezidenti Rövnəq Abdullayevin, gənclər və idman naziri Azad Rəhimovun, deputatlar Qənirə Paşayeva, Ceyhun Osmanlı, Nizami Cəfərov, AzTV-nin rəhbəri Arif Alışanovun adı daha çox hallanır.
Bildirilir ki, yaxın günlərdə “nurçu savaşı” yenidən pik həddə çata bilər.
Məlumatlarda oda bildirilir ki, bu savaş başlayandan Ilham Əliyev də komandasına nəzarət edə bilmir. Artıq o nə nurçu ittihamı ilə üz-üzə qalan tərəfə, nə də əks qütbə təsir etmək iqtidarındadır. Elnur Aslanovla bağlı məsələni xatırlayanda deyilənlərin inandırıcı olduğuna şübhə yeri qalmır. Yada salaq ki, Ilham Əliyevin Elnur Aslanovun işdən çıxarılması barədə sərəncamı rəsmi qəzetlərdə verilmədi. Indiyə qədər belə hal baş verməyib. Az sonra isə Elnur Aslanov yeni vəzifəyə gətirildi.
Bu arada Fətullah Gülənin Bakıdakı əsas adamı sayılan “Çağ Öyrətim Işlətmələri”nin rəhbəri Ənvər Özərən Ərdoğanın Bakı səfərilə bağlı alovlu fikirlər səsləndirib. O, aktual.az-a açıqlamasında bildirib: “Türkiyədən kiminsə Azərbaycanın daxili işlərinə qarışması düzgün deyil. Türkiyədəki proseslərin içində Azərbaycanın adı heç bir vaxt çəkilməməlidir”.
Ənvər Özərən Fətullah Gülənin “Çağ Öyrətim”ə hər hansı bağlılığı haqda suala cavab olaraq deyib ki, Türkiyədən başlayan və dünyanın 160 ölkəsində açılmış məktəblərin fikir, ideya rəhbərliyini Fətullah Gülən həyata keçirir:
“Ideya rəhbərimiz Fətullah Gülən ötən əsrin 90-cı illərindən indiyə qədər qanlı 20 yanvar faciəsi zamanı, Dağlıq Qarabağ məsələsi və erməni terrorunun Azərbaycan xalqının başına gətirdiyi bəlalar haqqında Türkiyə ictimaiyyətini məlumatlandırmış və hər zaman Azərbaycan xalqının yanında olmuşdur. Onu da deyim ki, hər ölkədə açılan təhsil mərkəzləri, həmin ölkənin təhsil qanunlarına tabe olur və biznes şəbəkəsi kimi, o ölkələrdə fəaliyyət göstərir. Məhz bu şəkildə Fətullah Gülənin ideyası istiqamətində dünyadakı türk məktəbləri fəaliyətini həyata keçirir”.
Türkiyəli iş adamı bəzi Azərbaycan məmurlarının “Gülən camaatı” ilə adının hallanması sualına da aydınlıq gətirib: “Bu mövzunun bizə aidiyyəti yoxdur. Odur ki, sözügedən məsələ ilə əlaqədar mənə sualın verilməsi düzgün deyil. Çünki Azərbaycan ictimaiyyətində biz hamı ilə ünsiyyət qururuq. Məsələn, bəzi məmur valideynlər övldalarının təhsilinin keyfiyyətinin öyrənilməsi məqsədi ilə hətta bizim tədbirlərimizə gəlir. Onları başqa istiqamətə yozmaq doğru olmazdı”.
Short URL: http://www.cumhuriyyet.net/?p=5638